Prezident İlham Əliyev: Biz öz iqtisadi siyasətimizi
apararkən ancaq daxili resurslarımıza əsaslanırıq
Dövlət başçımız İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında ölkə Prezidenti giriş nitqində
Azərbaycanın uğurlu iqtisadi siyasətindən ətraflı
bəhs etmiş, diqqəti əldə olunan müsbət
göstəricilərə yönəltmiş, qarşıda
duran mühüm vəzifələrə toxunmuşdur. Prezident
İlham Əliyev demişdir: “Bu ilin doqquz ayında ümumi daxili
məhsul 6,1 faiz artmışdır. Bu, çox böyük
nailiyyətdir, böyük uğurdur və onu göstərir
ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli
iqtisadiyyatdır, iqtisadiyyatın hansısa bir sektorundan
asılı deyildir.
Son illər ərzində
aparılan köklü islahatlar, iqtisadiyyatımızın
şaxələndirilməsi istiqamətində atılan
praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirib.
Böhranlı ildə iqtisadiyyatın 6,1 faiz səviyyəsində
artması çox gözəl göstəricidir. Deyə bilərəm
ki, bölgədə yerləşən ölkələrdə
iqtisadi tənəzzül 10 faiz, 15 faiz, 18 faiz səviyyəsindədir.
Azərbaycanda isə biz bütün imkanları səfərbər
edib iqtisadiyyatımızı inkişaf etdiririk”.
Prezident İlham Əliyev
çıxışında sənaye, kənd təsərrüfatı
sahələrində nəzərə çarpan dinamik vəziyyəti
hərtərəfli təhlil etmiş, Azərbaycanda iqtisadi
şəraitin çox sabit olduğunu vurğulamış, əhalinin
həyat tərzinin getdikcə yaxşılaşmasını
sevindirici hal kimi dəyərləndirmişdir.
İclasda dünyada davam edən
iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin
iqtisadi vəziyyətinin pisləşdiyi, ÜDM-in həcminin
azaldığı, investisiya qoyuluşları və kreditlərin
cəlb edilməsi imkanlarının məhdudlaşdığı,
bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya
edildiyi, işsizlik səviyyəsinin artdığı
bildirilmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev
MDB ölkələrinin timsalında iqtisadi böhranın
ümumi mənzərəsini də təqdim edərək
demişdir:
- MDB ölkələrinin əksəriyyətində
iqtisadi vəziyyət pisləşmiş və ÜDM ilin əvvəlindən
ümumilikdə 9, sənaye məhsulu istehsalı 14, o cümlədən
Rusiyada 14, Qazaxıstanda 1,5, Belarusda 4,6,
Qırğızıstanda 12,7, Moldovada 24,6, Tacikistanda 11,4,
Ukraynada 29,6 faiz azalmışdır.
Nazir qeyd etmişdir ki, vaxtilə
ulu öndər Heydər Əliyevin yaratdığı və
bu gün Prezident İlham Əliyevin uğurla möhkəmləndirdiyi
siyasi sabitlik və iqtisadi potensial Azərbaycan
iqtisadiyyatını böhrana qarşı dayanıqlı
etmiş, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə
malik dövlətlərdən birinə çevirmişdir.
Şahin Mustafayev bunun ilin ötən
doqquz ayının makroiqtisadi göstəricilərində də
əksini tapdığını söyləmişdir. O,
ÜDM-in həcmi, sənaye və kənd təsərrüfatının
inkişaf templəri ilə yanaşı, digər göstəricilər
barədə də dövlətimizin başçısına
məlumat vermişdir:
— Artım rabitədə 10,4, nəqliyyatda
5,4 faiz olmuşdur. Cari ilin doqquz ayında inflyasiya 2,1 faiz
olmuş, strateji valyuta ehtiyatları ilin əvvəli ilə
müqayisədə 1 milyard dollar artaraq 19,1 milyard dollara
çatmışdır. Səkkiz ay ərzində xarici ticarət
dövriyyəsi 12,4 milyard, o cümlədən ixrac 8,6 milyard,
idxal 3,8 milyard dollar təşkil etmiş, 4,8 milyard dollar həcmində
müsbət saldo yaranmışdır. Ölkə
iqtisadiyyatında əldə olunmuş davamlı inkişaf, həm
də əhalinin rifahının yaxşılaşmasına, o
cümlədən gəlirlərin və əmək
haqqının artmasına öz müsbət təsirini
göstərmişdir. Belə ki, doqquz ay ərzində orta aylıq
əmək haqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8,
adambaşına düşən gəlirlər 8,4, pullu xidmətlər
isə 12,5 faiz artmışdır.
Əhalinin gəlirlərinin, həyat
səviyyəsinin, istehlakın strukturunun və keyfiyyətinin
artması ilə əlaqədar minimum istehlak səbətinin tərkibinə
yenidən baxılmış və ona daxil olan ərzaq məhsullarının
tərkibinin adambaşına enerji miqdarı 2420 kilokaloriyə
çatdırılmışdır ki, bu da MDB məkanında
ən yüksək göstəricilərdən biridir.
İclasda göstərilmişdir
ki, Prezident İlham Əliyevin göstərişləri əsasında
həyata keçirilmiş tədbirlər manatın sabitliyini
təmin etmiş və əhalinin banklara olan inamını
daha da artırmışdır. Nəticədə keçən
ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
banklardakı əmanətlərinin həcmi 11 faiz artaraq 2
milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6
milyard manata çatmışdır. Hesabat dövründə
dövlət büdcəsinin mədaxili 7 milyard 235 milyon manat
və ya 91,9 faiz yerinə yetirilmiş, xərcləri isə 6
milyard 457 milyon manat icra edilmişdir. Büdcə xərclərinin
30,1 faizi və ya 1 milyard 942 milyon manatı
sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü
ilə müqayisədə 426,5 milyon manat və ya 28,2 faiz
çox olmuşdur.
Təhsil xərclərinə
182,1 milyon manat və ya 30,3 faiz, sosial müdafiə və
sosial təminat xərclərinə 183,5 milyon manat və ya
29,7 faiz, səhiyyə xərclərinə 52,1 milyon manat və
ya 25,4 faiz çox vəsait yönəldilmişdir. Ölkə
iqtisadiyyatına bütün maliyyə mənbələri
hesabına 5,2 milyard manat, o cümlədən daxili mənbələr
hesabına 4,3 milyard manat investisiya qoyulmuşdur ki, bunun da 2,3
milyard manatı dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilmişdir.
İclasda o da
vurğulanmışdır ki, əldə olunmuş uğurlar
nəticəsində, Dünya İqtisadi Forumunun makroiqtisadi
sabitlik, əmək bazarının səmərəliliyi,
dövlət idarəetməsinin, infrastrukturun və maliyyə
bazarının mükəmməllik səviyyəsi və bu
kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il
üçün hazırladığı “Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək,
133 ölkə arasında 51-ci yerə, MDB ölkələri
arasında isə 1-ci yerə yüksəlmişdir. Bu hesabatda
qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya
63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan
90-cı yerdədir.
Ölkəmizin davamlı iqtisadi
inkişafında qəbul edilmiş dövlət
proqramlarının uğurla həyata keçirilməsinin
mühüm rolu olmuşdur. “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na və “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı”na əsasən, ölkə iqtisadiyyatının
şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli
inteqrasiyası, bölgələrdə infrastruktur və
kommunal xidmətlərlə təminat səviyyəsinin
yaxşılaşdırılması, xalqın rifah
halının daha da yüksəldilməsi, əhalinin
etibarlı ərzaq təminatının təmin edilməsi məqsədlərinə
nail olunması üçün makroiqtisadi sabitliyin
qorunması, investisiya mühitinin daha da
yaxşılaşdırılması, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
ixracyönümlü məhsul istehsalının artırılması
istiqamətində işlər davam etdirilir.
Sahibkarlığın
inkişafı və biznes mühitinin daha da
yaxşılaşdırılması məqsədilə
dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi,
sağlam rəqabətin təmin edilməsi, biznesə
başlama prosedurlarının sadələşdirilməsi,
sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin
təkmilləşdirilməsi, vergi yükünün
davamlı azaldılması, maarifləndirmə və digər
istiqamətlərdə tədbirlər davam etdirilmişdir.
İclasda bildirilmişdir ki, cari
ilin 9 ayı ərzində regionlarda sənaye, kənd təsərrüfatı
və xidmət sahələrinə aid 74 yeni müəssisənin
tikintisi başa çatdırılmış, hazırda 173
müəssisənin tikintisi isə davam etdirilir. Bununla
yanaşı, Bakı şəhərində bərk məişət
tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi
işlərinin müasir standartlara uyğun qurulmasını və
idarə edilməsini təmin etmək məqsədi ilə
yaradılmış “Təmiz Şəhər” Səhmdar Cəmiyyəti
artıq fəaliyyətə başlamışdır.
Cari ilin birinci yarısında
ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş Nazirlər Kabinetinin geniş iclasında kənd təsərrüfatı
məhsullarının yetişdirilməsi, tədarükü,
saxlanması, satışı və ixracı məqsədilə
beynəlxalq standartlara cavab verən texnologiyalar əsasında
istixanaların və logistika mərkəzlərinin
yaradılması, xüsusilə də taxıl
anbarlarının və soyuducu anbar komplekslərinin tikintisi
barədə Prezident İlham Əliyevin verdiyi
tapşırıqların icrası istiqamətində də
intensiv islər həyata keçirilir.
Bu layihələrin həyata
keçirilməsi ölkənin ərzaq təhlükəsizliyinin
və əhalinin il boyu keyfiyyətli kənd təsərrüfatı
məhsulları ilə təmin olunmasında, qiymətlərin
tənzimlənməsində, daxili bazarın qorunmasında və
ixrac imkanlarının genişləndirilməsində
mühüm rol oynayacaqdır. Ümumi tutumu 39 min ton olan 15
soyuducu anbarın və ümumi tutumu 205 min ton olan 21 taxıl
anbarı kompleksinin tikintisinə tələb olunan vəsaitdən
48 milyon manatı Sahibkarlığa Kömək Milli Fondunun
güzəştli kreditləri hesabına həyata
keçirilir. Artıq komplekslərin tikintisinə
başlanılmış və onların hamısı növbəti
mövsümədək istifadəyə veriləcəkdir.
Bütövlükdə, Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına 9 ay ərzində 1700
sahibkarlıq subyektinə 100 milyon manat güzəştli
kreditlər verilmişdir. Bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1,4 dəfə
çoxdur. Maliyyələşdirilmiş layihələrin 99
faizi regionların payına düşür. Bu kreditlər
hesabına 7 mindən çox yeni iş yeri açılacaq,
qeyri-neft sektorunun inkişafına önəmli təsiri olan 73
yeni istehsal, emal və xidmət müəssisəsi
yaradılacaqdır. Fondun fəaliyyətində şəffaflığın
təmin edilməsi məqsədilə ilk dəfə olaraq
beynəlxalq audit şirkəti tərəfindən maliyyə
hesabatlarının auditi keçirilmiş və müsbət
qiymətləndirilmişdir. İclasda
vurğulanmışdır ki, Prezidentin sərəncamı ilə
təsdiq edilmiş Sahibkarlığa Kömək Milli Fondunun
yeni əsasnaməsində kreditlərin verilməsinin sadələşdirilməsi
və faiz dərəcələrinin maksimum aşağı
salınması, güzəştli kreditlərin
artırılması özəl sektorun inkişafına yeni
stimul vermişdir. İclasda Azərbaycan İnvestisiya Fondunun fəaliyyəti
nəticəsində reallaşan layihələr barədə
də danışılmışdır.Bildirilmişdir ki,
dövlət başçımızın müəyyən
etdiyi siyasətin reallaşdırılması nəticəsində
əldə olunmuş uğurlar qarşıdakı illərdə
də iqtisadi inkişafın təmin olunmasına ciddi zəmin
yaratmışdır.
Bunu həm də beynəlxalq
maliyyə təşkilatlarının Azərbaycana dair
proqnozları təsdiq edir. Belə ki, 2009-cu il üzrə
ÜDM-in real artımı Beynəlxalq Valyuta Fondu tərəfindən
7,5 faiz, Asiya İnkişaf Bankı tərəfindən 8 faiz,
2010-cu il üzrə isə müvafiq olaraq 7,4 və 6,7 faiz
proqnozlaşdırılır. Qeyri-neft sektorunun dinamik
inkişafının davam edəcəyini qeyd edən Beynəlxalq
Valyuta Fondu bu sektorun gələn il 5 faiz, Asiya İnkişaf
Bankı isə 5-7 faiz artacağını bildirir.
Prezident İlham Əliyevin
sosial-iqtisadi siyasətinə uyğun olaraq 2010-cu və
sonrakı 3 il üçün hazırlanmış
sosial-iqtisadi inkişaf konsepsiyasında davamlı
inkişafın və Azərbaycan xalqının layiqli həyat
səviyyəsinin təmin olunması iqtisadi siyasətin ali məqsədləri
kimi müəyyən edilmişdir.
Prezident İlham Əliyev yekun
nitqində inflyasiyanın səviyyəsinin qənaətbəxş
olduğunu, sahibkarlığa göstərilən dəstəyin
dinamik xarakter daşıdığını, Azərbaycan
Dövlət İnvestisiya Şirkətinin fəaliyyətinə
mühüm önəm verildiyini bildirmişdir.
Dövlət
başçımız yekun nitqində ölkədə
infrastruktur layihələrinin də uğurla reallaşdırılmasını
göstərmişdir: “İnfrastruktur layihələrinə gəldikdə
deyə bilərəm ki, son illər ərzində bu sahəyə
qoyulan vəsait özünü doğrultdu... Əgər bu
infrastruktur layihələrini biz icra etməsəydik, bu gün
regional inkişafdan, ümumiyyətlə, söhbət gedə
bilməzdi. Bu infrastruktur sosial obyektlərin tikintisinə
yönəldilibdir... Bu proses davam etdirilməlidir və gələn
ilin büdcəsində bu məsələlər
üçün vəsait nəzərdə tutulur”.
Dövlət
başçımız yekun nitqində həmçinin
neft-qaz siyasətində önəmli əhəmiyyət daşıyan
məsələlərdən, eyni zamanda, yaxın gələcəkdə
bir sıra mühüm layihələrini
reallaşacağından bəhs etmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.-18 oktyabr.- S. 1.