“Bakıelektrikşəbəkə”
istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin
edilməsi üçün mühüm tədbirlər həyata
keçirir
Azərbaycanın energetika sisteminin dönüş mərhələsi,
iritutumlu yarımstansiyaların, ötürücü xətlərin,
istehsal obyektlərinin tikintisi ötən əsrin 70-ci illərindən
etibarən geniş vüsət aldı. Həmin dövrdə
görülən bu işlərin təşəbbüskarı
respublikaya yeni rəhbər təyin edilmiş Heydər Əliyev
idi. Hakimiyyətə ikinci
qayıdışından sonra ümummilli liderimiz Heydər Əliyev
70-80-ci illərdə energetika sahəsində
gördüyü işlər haqda demişdir: “Hər dəfə
elektrik stansiyası tikilməsi haqqında (SSRİ rəhbərliyi
qarşısında — red.) məsələ qoyarkən mənə
deyirdilər ki, sənin nəyinə lazımdır? Bizdə
— SSRİ-də vahid elektrik enerjisi sistemi var... Bütün
SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər
elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim, yox,
istəyirəm bizim özümüzünkü olsun. Niyə
özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən
sahələrdə biz asılı olmayaq. Bu gün mən
iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik
enerjisi sahəsində asılı deyildir. Özü həmin
elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.
Ümummilli liderimiz Heydər
Əliyev istər 70-80-ci illərdə, istərsə də
1993-cü ildə hakimiyyətə qayıdışından
sonra ölkənin energetika sahəsinə, o cümlədən,
Bakı şəhərinin elektrik təchizatı işinə
xüsusi diqqət və qayğı göstərmişdir.
20 oktyabr 2000-ci ildə 1 nömrəli
Bakı-İstilik Mərkəzinin birinci növbəsinin
istifadəyə verilməsi mərasimində ümummilli
liderimiz bildirmişdir: “Bizim bugünkü toplantımız və
bu nəhəng istilik-elektrik mərkəzinin
açılışı tarixi bir hadisədir. Burada — həmin
bu yerdə əsrin əvvəlində — 1902-ci ildə, bax,
orada gördüyünüz, artıq köhnəlmiş,
çürümüş, qaralmış istilik elektrik mərkəzi
tikilmişdir. Təbiidir ki, o zaman üçün bu,
böyük hadisə idi. O vaxt Azərbaycanda neft sənayesi
xarici şirkətlərin iştirakı ilə güclü
inkişaf edirdi, neftayırma zavodları yaranmışdı,
burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var
idi. Təbiidir ki, o vaxta görə onun, həmin stansiyanın
öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir.
Ona görə də mən deyirəm ki, bu, bizim həyatımızda
tarixi hadisədir. Demək, XXI əsrə biz, bax, belə
gözəl, müasir texnologiyalı müəssisələrlə
gedirik. Onlardan biri də budur”.
“Bakelektrikşəbəkə”
indiyədək hansı qurumun tərkibində və hansı
statusda olmasından asılı olmayaraq, öz
missiyasını — istehlakçıları dayanıqlı,
fasiləsiz elektrik enerjisi ilə təmin etməyi şərəflə
yerinə yetirib. Öz iş ənənəsini, öz
simasını qoruyub-saxlayıb. Müəyyən fasilədən
sonra fəaliyyəti bərpa edilmiş “Bakıelektrikşəbəkə”
ASC- nin bugünkü missiyası şəbəkənin
keçmiş şərəfini, keçmiş adını
özünə qaytarmaq və Azərbaycanda gedən
sosial-iqtisadi quruculuq prosesinə öz töhfəsini verməkdir.
“Bakıelektrikşəbəkə”
ASC-nin başlıca vəzifəsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 14
fevral 2005-ci il tarixli, 635 saylı sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji
kompleksinin inkişafı (2005—2015-ci illər) üzrə
Dövlət Proqramı”na uyğun olaraq
istehlakçıları fasiləsiz və dayanıqlı
elektrik enerjisi ilə təmin etməkdən, yeni güc mərkəzlərini
inşa etməkdən, enerji itkilərininin və
israfçılığın, habelə elektrik enerjisinin talan
olunması hallarının qarşısını almaqdan,
enerji haqlarının yığımının daha səmərəli
təşkilini təmin etməkdən və bütün bu vəzifələri
yerinə yetirmək üçün cəmiyyət üzrə
struktur dəyişikliyi, düzgün kadr siyasəti aparmaqdan
ibarət olmuşdur.
Bakı şəhərinin
elektrik şəbəkələrinin yenidən qurulması barədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
göstərişlərinin icrası ilə əlaqədar
“Bakıelektrikşəbəkə” ASC tərəfindən
müvafiq tədbirlər həyata keçirilmiş, Bakı
şəhərini elektrik enerjisi ilə təmin edən ən
vacib 110 kV-luq hava xətlərində əsaslı təmir
işləri aparılmışdır. “Xırdalan” — 203,
“Müşfiq” — “Bayıl”, “Müşfiq” — “Dağlıq” və
“Müşfiq” — “Yasamal-1” 110 kV-luq ikidövrəli hava xətlərində
dayaqlar əsaslı təmir olunmuş, istismara yararsız
naqillər yeni naqillərlə əvəz edilmişdir.
Bütövlükdə 30 kilometrdən çox 110 kV-luq ikidövrəli
hava xətləri tamamilə yenidən qurulmuşdur.
“Bakıelektrikşəbəkə”
ASC-nin fəaliyyəti dövründə müasir elektrik
avadanlıqları ilə təchiz edilmiş 9 ədəd 110
kV-luq yarımstansiya tikilib istismara verilmişdir. Əzizbəyov
rayonunda “Buzovna”, Nərimanov rayonunda 203 saylı, 215 saylı, Səbail
rayonunda “Şıx” və “İçərişəhər”,
Əzizbəyov rayonunda “Hava limanı” yarımstansiyaları
tikilib istismara verilmişdir. Bu yarımstansiyaları
qidalandırmaq üçün ümumi uzunluğu 50 kilometrə
yaxın ikidövrəli 110 kV-luq hava xətləri çəkilmişdir.
Şəhərin böyük bir hissəsini elektrik enerjisi ilə
təmin edən “Dağlıq” yarımstansiyasına hər
birinin uzunluğu 3,2 kilometr olan 6 ədəd 110 kV-luq kabel xətləri
çəkilmişdir.
Ötən dövr ərzində
18 yarımstansiya tikilib istismara verilmiş (“Savalan”,
“Sabunçu”, “Xaşa-Xuna”, Zirə bağlar", “Bilgəh”,
“Amburan”, 430, 200, 431, 407, 226, 119 saylı, “Sahil”, “Nərimanov”),
110 kV-luq “Yasamal-1”, 35 kV-luq 117 və 99 saylı
yarımstansiyalarda yenidənqurma işləri
aparılmışdır. Yeni inşa edilmiş 35 kV-luq
yarımstansiyaların qidalanması üçün 100
kilometrə yaxın 35 kV-luq kabel xətti, 40 kilometrdən
çox 35 kV-luq hava xətləri
quraşdırılmışdır.
Hazırda 110 kV-luq “Liman”, “Xocasən”,
35 kV-luq “Şağan” və “Türkan-1”
yarımstansiyalarının tikintisi, 110 kV-luq 227 saylı və
35 kV-luq 116 saylı yarımstansiyalarda yenidənqurma işləri
aparılır.
Ötən dövr ərzində
“Bakıelektrikşəbəkə” ASC tərəfindən 78 ədəd
transformator məntəqəsi inşa edilmiş, 277 ədəd
TM isə əsaslı təmir olunmuşdur. Əhalinin elektrik
təchizatının yaxşılaşdırılması
üçün 10-6/0,4 kV-luq 800 ədəd yeni transformator
quraşdırılmış və ya daha güclüsü
ilə əvəz edilmişdir.
“Bakıelektrikşəbəkə”
ASC öz fəaliyyətini bərpa etdikdən sonra elektrik təchizatının
fəaliyyətsizliyinin və dayanıqlığının təmin
edilməsi üçün İnvestisiya Proqramına uyğun
olaraq perspektiv tələbləri ödəyəcək dairəvi
110 kV-luq elektrik şəbəkəsinin tikintisinə
başlanmışdır. Bakı şəhəri kimi
böyük meqapolislər üçün 110 kV-luq dairəvi
elektrik təchizatı sxemi, sözsüz ki, ən etibarlı
sxemdir.
Səbail rayonu ərazisində
yerləşən, 1946-cı ildə inşa edilmiş 20/6
kV-luq 119 saylı yarımstansiya yeniləşdirilmişdir.
Yarımstansiyada 20/6 kV-luq, hər birinin gücü 10 MVA olan
iki ədəd transformator quraşdırılmış, 20 və
6 kV-luq qapalı paylayıcı qurğular tikilmişdir.
Ərazinin məhdudluğunu nəzərə
alaraq, 110/35/10 kV-luq “İçərişəhər”
yarımstansiyası qapalı tipli qəbul edilmişdir.
Obyektin tikintisi üçün Almaniyanın “Siemens”
firması ilə müqavilə bağlanmış və
işə başlanmışdır. Yarımstansiyanın
kompakt olmasına 110 kV-luq eleqaz açarlardan istifadə ilə
nail olunmuşdur. “İçərişəhər”
yarımstansiyası Bakı şəhərində 110 kV eleqaz
açarlarla təchiz olunmuş ilk qapalıtipli
yarımstansiyadır.
Əhalini keyfiyyətli elektrik
enerjisi ilə təchiz etmək, elektrik enerjisi haqlarının
maksimum yığımına nail olmaq məqsədilə
“Bakıelektrikşəbəkə” ASC tərəfindən 0,4
kV-luq elektrik şəbəkələrinin yenidən
qurulması üçün özünüdaşıyan
izolyasiyalı naqillər istifadə etməklə 1671 kilometr
magistral, 1539 kilometr abonent xətləri, 41 mindən artıq
dayaq quraşdırılıb istifadəyə verilmişdir.
Yeni qurulan 0,4 kV-luq şəbəkələrdən elektrik
enerjisi ilə təmin olunan tələbatçılarda 74,6
min elektron sayğacı quraşdırılmışdır.
Bu işlər Səbail, Yasamal, Nərimanov, Suraxanı,
Qaradağ, Əzizbəyov, Binəqədi, Sabunçu
rayonlarında, habelə şəhərətrafı kənd və
qəsəbələrdə aparılmış, həmin tədbirlər
bu gün də davam etdirilir.
Paylayıcı şəbəkədə
aparılmış əsaslı yenidənqurma, təmir-tikinti
işləri nəticəsində xüsusilə
istehlakçılarla elektrik enerjisinin uçotunun aparılmasında
müasir texnologiyaların tətbiqi sayəsində
israfçılığın qarşısı
alınmış, elektrik enerjisinin realizə olunmasında, az
itki ilə istehlakçılara çatdırılmasında,
satılan elektrik enerjisinin dəyərinin ödənilməsində,
o cümlədən alınan elektrik enerjisinin müqabilində
“Azərenerji” ASC-yə ödənişin səviyyəsində
əsaslı irəliləyişlərə nail olunmuşdur.
Elektrik enerjisi itkilərinin
azaldılması elektrik şəbəkələrinin
ötürücü qabiliyyətinin və
dayanıqlığının artırılması, yəni
kapital qoyuluşu tələb edən tədbirlərin həyata
keçirilməsi nəticəsində əldə
olunmuşdur.
Görülmüş tədbirlər nəticəsində “Bakıelektrikşəbəkə” ASC üzrə texniki itkilərin səviyyəsi 2007-ci ildə 14,73 faiz olduğu halda, 2008-ci il üzrə bu göstərici 13,58 faiz təşkil etmişdir. Bundan əlavə, istifadə olunan müasir tipli elektrik avadanlıqlarının — vakuum və eleqaz tipli açarların, epoksid izolyasiyalı ölçü transformatorlarının, elektrotipli rele və sayğacların, XLPE markalı kabellərin və s. şəbəkədə itkilərin səviyyəsinin xeyli azaldılmasında və şəhərin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsində çox böyük təsiri olmuşdur.
***
“Bakıelektrikşəbəkə”
ASC Azərbaycan Respublikasının energetiklərini Energetiklər
Günü münasibətilə səmimi-qəlbdən təbrik
edir, ölkəmizin iqtisadi qüdrətinin artması naminə
onlara yeni uğurlar arzulayır.
Qoy müstəqil Azərbaycanda hər
bir ailənin işığı daha gur yansın!
Xalq qəzeti.- 2009.- 20 oktyabr.- S. 7.