Su aydınlığına qovuşan qəsəbə

 

Gələn ay 60 yaşı qeyd ediləcək Sumqayıt şəhərinin inzibati tabeçiliyində iki qəsəbə var: Hacı Zeynalabdin və Corat qəsəbələri. Yubileyinə hazırlaşan gənclik şəhərində son illərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, ən müasir şəhər kimi Sumqayıtın simasına yeni, gözəl naxışlar vurulur. Qəsəbələr də diqqətdən kənarda qalmır, gözəlliyi ilə göz oxşayır. Hacı Zeynalabdin qəsəbəsində bu yöndə həyata keçirilən tədbirlər diqqətəlayiqdir.

 

Hər dəfə Sumqayıtdan şimal bölgələrinə yollananda bu qəsəbədən keçir, qəlbimdə bu yerə qəribə bir doğmalıq duyuram. Qayıdanbaş elə ki, gənclik şəhərindən 8 kilometr aralıda yerləşən Hacı Zeynalabdin qəsəbəsi görünür, elə bilirəm, artıq öz evimə çatmışam. Şair dostlarım Zirəddin Qafarlı və Gülbala Mehdi bu qəsəbədə yaşayıb-yaradırlar. Bir tərəfi dənizlə, digər bir tərəfi Sumqayıtın sənaye müəssisələri ilə əhatə olunmuş bu qəsəbənin qalan iki tərəfi genişliyə qovuşur. Buradan dövlət əhəmiyyətli avtomobil yolu, Rusiyaya gedib-çıxan dəmir yolu keçir. Yaşıllıqları çoxdur, sakinləri zəhmətkeş, vətənpərvər, dostcanlı adamlardır.

Arxitektura gözəlliyi ilə seçilən qəsəbənin yaranma tarixi 1911-ci ilə təsadüf edir. Bakı — Quba yolunun 40-cı kilometrində Sumqayıtçay ilə Yaşma stansiyası arasındakı “Təkəqumu” adlanan bu yerdə Bakı qəzası Pirəküşkül kəndinin ağsaqqalı Hacıəli Hacı Molla Məhəmməd oğlu tərəfindən salınan Kiçik Pirəküşkül obası yerləşirdi.

Əvvəllər “Təkəqumu”, “Qızılqum”, “Hacı Xalıqın yeri” adlanan bu ərazilərdə məskunlaşma yeni qəsəbənin salınması ilə başlayıb. Qəsəbənin yaradılması isə “Şollar — Bakı” su kəmərinin çəkilməsi ilə bağlıdır. Texniki baxımdan əlverişli sayılan bu yerdə suötürücü nasos qurğuları qoyulub və sonralar qəsəbəyə “Nasosnaya” adı verilib. Uzunluğu 190 kilometr olan su kəmərinin qəsəbəyə qədərki 141 kilometrlik hissəsi qapalı beton kəmərlə çəkilib. Və su bu məsafəni heç bir qurğunun köməyi olmadan öz təbii axarı ilə qət edir. O dövrdə analoqu olmayan bu su kəmərini Azərbaycan xalqının böyük xeyriyyəçi və mesenat oğlu Hacı Zeynalabdin Tağıyev çəkdirib. Onun sifarişi və şəxsi vəsaiti hesabına Almaniyanın Frankfurt-Mayn şəhərindən çağrılmış mühəndis Vilyam Lendleyn kəməri inşa eləyib. Bundan ötrü qəsəbəyə Moskva — Bakı dəmir yolundan ayrıca dəmiryol xətti çəkilib. İlk növbədə şərq memarlıq üslubu ilə nasos stansiyası inşa olunub və 1917-ci il mart ayının 18-də işə salınıb. Sonra qəsəbədə alman və ingilis memarlıq üslubu ilə seçilən geniş, hər şəraitə malik olan yaşayış binaları və inzibati binalar tikilib. Ətraf yaşıllaşdırılıb.

Artıq bir əsrə yaxındır ki, buradan Bakıya və Sumqayıta göz yaşı kimi duru, təmiz Şollar suyu verilir. Su aydınlığından yaranan qəsəbə ötən müddətdə böyüyüb, gözəlləşib, müasir yaşayış məntəqəsinə çevrilib. Ötən il qəsəbədən Sumqayıta gələn 10 kilometr uzunluğunda istismara yararsız su xəttinə ikinci həyat verilib. Bu sudan istifadə edənlər xeyirxah işi görən Hacı Zeynalabdin Tağıyevə və varislərinə hədsiz minnətdarlıq edirlər.

İllər keçdikcə qəsəbənin infrastrukturu genişlənib, sosial obyektlər tikilib. 1924-cü ildə qəsəbədə üçmərtəbəli böyük xəstəxana, hamam, mağazalar və yeni yaşayış binaları tikilib. Ətraf kəndlərin əhalisinin sağlamlığı üçün gözəl şərait yaranıb. 1936-cı ildə qəsəbədə yeni və böyük məktəb binası istifadəyə verilib. Buraya ətraf kəndlərdən böyük işçi qüvvəsi cəlb olunub və qəsəbə sürətlə inkişaf etməyə başlayıb. Sovetlər dönəminin 30-cu illərində qəsəbənin ətrafında böyük hərbi obyektlər salınıb və aviasiya təmiri zavodu tikilib.

Keçmiş SSRİ-nin hər yerindən bu obyektlərə mütəxəssislərə cəlb olunub. Yerli əhali də bu müəssisələrdə çalışıb, ali təhsil alanların sayı artıb. Burada balıqçılıq da sakinlərin sevimli məşğuliyyətlərindən sayılıb.

Qəsəbənin icra nümayəndəsi Nasir Rzayevdir. İdarəetmə və təsərrüfat sahələrində zəngin təcrübəsi var. Sumqayıtın tanınmış idmançılarından olub, məsul vəzifələrdə çalışıb. Bir neçə ildir ki, doğma qəsəbəyə rəhbərlik edir.

— 1989-cu ilə qədər qəsəbəmiz Nasoslu adlanıb, — deyə Nasir müəllim bildirdi: — Həmin il başda Mirzəbala Rzayev olmaqla qəsəbə ağsaqqallarının təşəbbüsü ilə müvafiq orqanlara müraciət edildi və bu yerləri su aydınlığına qovuşduran xalqımızın təəssübkeş oğlu Hacı Zeynalabdin Tağıyevin xatirəsinə qəsəbəyə onun adı verildi. Artıq 20 ildir ki, Hacı Zeynalabdin qəsəbəsi bu layiqli adı daşıyır. Qəsəbədə məşhur xeyriyyəçinin böyük abidəsi, onun adına bulaq kompleksi yaradılıb. Qədirbilən sakinlər tarixi yaxşılığı heç vaxt unutmur, hacını hər zaman ehtiramla yad edirlər.

İkinci dünya müharibəsi zamanı qəsəbənin yüzlərlə əli silah tutan oğlu cəbhəyə gedib. Onların tən yarısı müharibədən qayıtmayıb. Qəsəbədə müharibədə həlak olanların xatirəsini əbədiləşdirən abidə kompleksi inşa edilib. Burada, eləcə də yaxınlıqdakı “20 yanvar” və “Qarabağ müharibəsi şəhidləri” abidələrinin önündə tez-tez gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi baxımından böyük önəm daşıyan maraqlı tədbirlər keçirilir.

Altmış il öncə Sumqayıt şəhər statusu alanda Hacı Zeynalabdin qəsəbəsi də bu şəhərin inzibati tabeçiliyinə verilib. Sumqayıtın qurulması və inkişında bu qəsəbənin, eləcə də ətrafdakı Pirəküşkül və Xızı kəndlərinin camaatı da yaxından iştirak edib. Hacı Zeynalabdin qəsəbəsi hər zaman öz təmizliyi, gözəlliyi ilə, həmçinin əhalisinin maarifpərvərliyi ilə ətraf kəndlər üçün örnək rolu oynayıb. İki nəfər 20 yanvar hadisələri zamanı, 22 gənc isə Qarabağ uğrunda döyüşlərdə mərdliklə həlak olub, el-obanın başını uca ediblər. Bu gün onların xatirəsinə salınmış xiyaban gözəlliyi ilə seçilir.

Qəsəbənin abadlığı Sumqayıt şəhər rəhbərliyinin daim diqqət mərkəzində olur. Hacı Zeynalabdin adına bulağın ətrafında salınan park ilk baxışdan nəzəri cəlb edir. Yerə döşənmiş naxışlı plitələr, oturacaqlar üçün guşələr, yeni yaşıllıqlar işlərin zövqlə görülməsindən xəbər verir. Nakam şairimiz Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi ilə əlaqədar qəsəbədə onun adını daşıyan küçədə xatirə kompleksi ucaldılıb. Bu ilin əvvəlindən qəsəbənin əsas parkında təmir və abadlıq işləri aparılıb. 500 kvadratmetrədək hasar yenidən qurulub, minlərlə ağac əkilib. Giriş qapısı, su hovuzu cari, “Heydər Əliyev” bulağı, “Dədə Qorqud” və “20 Yanvar” abidələri əsaslı təmir edilib. “Şirvan” yaşayış massivində, 1-ci məhəllədə, K.Pişəküşkül, Gənclik, Dənizçi, Azadlıq küçələrində yollara 13 min kvadratmetr asfalt döşənib, 2525 kvadratmetrlik ərazidə yeni park salınıb.

Cari ildə qəsəbədəki 3 saylı uşaq bağçası və 19 nömrəli məktəbdə istilik sistemi təmir edilib, 58 saylı uşaq bağçasında, 40 nömrəli məktəbdə həmin sistemlər yenidən qurulub, bütün tərbiyə müəssisələrində su və kanalizasiya xətləri dəyişdirilib, sanitariya qovşaqları yeniləri ilə əvəz edilib. Mərkəzi ocaqxana təmir olunub, sosial obyektlərə gedən 350 poqonometr istilik xətti dəyişdirilib. 32 nömrəli məktəbdə idman zalı olmadığı üçün tikintisi yarımçıq qalmış otaqlardan arakəsmələr götürülməklə zal kimi uyğunlaşdırılıb və idman avadanlığı ilə təmin edilib, kommunikasiya qurulub. Qəsəbədəki 6 nömrəli məktəbdə əsaslı təmir aparılıb, 41 pəncərə dəyişdirilib. Təhsil ocaqlarına kompyuterlər verilib, dəmir qapılar qoyulub. 19 nömrəli məktəb üçün 720 yerlik əlavə korpus inşa edilib. Bütün məktəb və uşaq bağçaları bərk və yumşaq inventarla, televizor, soyuducu və videomaqnitofonla təmin olunub.

Qəsəbənin binalarında tələb edilən yerlərdə dam örtükləri əsaslı və cari təmir olunub, 25 min kvadratmetrə yaxın örtük vurulub. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının köməyi ilə Bakı — Quba yolunun qəsəbədən keçən hissəsinin ətrafında abadlıq işləri aparılıb, imkansız ailələrin evlərinin ətrafına 1043 kvadratmetr şəbəkəli hasar çəkilib. Bundan əlavə, 6 min kvadrametrə yaxın suvaq və rəngləmə işləri görülüb.

Hacı Zeynalabdin qəsəbəsində bu ilin 9 ayında 1-ci məhəlləyə, M.Müşfiq, C.Cabbarlı, Ə.Vahid küçələrinə və dəmiryol stansiyasına kanalizasiya xətləri çəkilib, “Şirvan” yaşayış massivi və bir sıra küçədə yararsız hala düşmüş su boruları dəyişdirilib. Ümumilikdə ərazilərə 8 kilometrə yaxın kanalizasiya xətləri çəkilib. Ə.Vahid küçəsində yaşayan əhalini fasiləsiz su ilə təmin etmək üçün zəruri tədbirlər həyata keçirilib, K.Kərimov küçəsinə də su xətti çəkilib. Su çatışmazlığını tam aradan qaldırmaq üçün iki nasosxana arasında birləşdirici xətt çəkilib, 2 minə qədər su sayğacı quraşdırılıb.

Payız-qış mövsümünə hazırlıq məqsədilə elektrik təchizatı sistemində xeyli iş görülüb, güc transformatorları təmir edilib, sıradan çıxmış kabel xətləri yenisi ilə əvəz olunub. 1-ci məhəllə, “Xətai”, “Dəvəçi”, Hacıbəyov, M.Müşfiq, K.Kərimov küçələrində yeni dayaqlar basdırılıb. SİP kabelləri çəkilərək 545 ədəd sayğac quraşdırılıb. Ümumiyyətlə, qəsəbədə 5596 ədəd işıq sayğacı qoyulub.

Qaz təchizatı sahəsində də işlər aparılıb, yeni xətlər çəkilib. Cari ildə 100 ədəd qaz sayğacı quraşdırılıb. Bu sayğacların da ümumi sayı 5596-dır.

Qəsəbənin F.Qayıbov, Fətəli Xan, Sahil, Ç.Qurbanov, S.Vurğun, S.Bəhlulzadə, Xətai və sair küçələrinin işıqlandırma sistemi bərpa edilib.

Rabitə sahəsində də xeyli iş görülüb. Zədələnmiş kabellər dəyişdirilib. “Bakcell” abunəçilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə xüsusi konteyner qoyulub, 4 ötürücü anten quraşdırılıb. Hərbi hissə adlanan ərazidə 2 ədəd kartlı taksofon, M.Müşfiq küçəsində avtomat telefon quraşdırılıb.

Nasir Rzayev doğma qəsəbənin uğurlarından böyük həvəslə danışaraq dedi ki, Əhməd Bakıxanov adına İncəsənət məktəbinin şagirdləri qəsəbənin bütün mədəni-kütləvi tədbirlərində yaxından iştirak edirlər. Məktəbin şagirdi Elnur Şirinov “Yaddan çıxmaz Qarabağ” adlı asfalt üzərində rəsm müsabiqəsində 1-ci yerə layiq görülüb. Qəsəbədə dəfələrlə şagirdlərin əl işlərinin sərgisi keçirilib.

Qəsəbənin gəncləri idman yarışlarında daim fərqlənir, parlaq qələbələr qazanırlar. Məsələn, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş taekvondo turnirində qəsəbə idmançılarından 13-ü mükafata layiq yer tutub. Sambo üzrə Avropa birinciliyində Səfər Həşimov qalib gəlib, İslam Sabarov isə 3-cü yeri tutub. Boks üzrə şəhər birinciliyində qəsəbənin üç təmsilçisi mükafat əldə edib. Bir qayda olaraq yarışlardan qələbə ilə qayıdan idmançılar qəsəbə icra nümayəndəliyində qəbul edilir, onlara qiymətli hədiyyələr verilir. Beləcə, qəsəbədə Hacı Zeynalabdin Tağıyevin adına layiq yeni ənənələr formalaşır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 20 oktyabr.- S. 7.