Müstəqillik Günü münasibətilə Nyu-Yorkda Azərbaycanın dövlət bayrağı qaldırılmışdır

 

Oktyabrın 17- Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) ölkəmizin müstəqilliyinin 18-ci ildönümünün qeyd edilməsi məqsədilə Nyu-York şəhərinin mərkəzində Azərbaycan bayrağının qaldırılması mərasimini keçirmişdir. ABŞ Azərbaycan dövlət himnləri səsləndirilmiş hər iki ölkənin bayraqları məşhur Uoll Strit küçəsində birlikdə dalğalandırılmışdır.

 

Mərasimə AAC-nin prezidenti Tomris Azəri, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulunun müavini Başar Şən, Nyu-York və Nyu-Cersi ştatında yaşayan soydaşlarımız, Amerikanın türkdilli və yəhudi icmalarının nümayəndələri, eləcə də ölkəmizin dostları qatılmışdılar.

Aqşin Mehdiyev bayram tədbirində Azərbaycanın 18 illik müstəqillik dövründə inkişaf tarixinə nəzər salmış, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, eləcə də regional qüvvəyə çevrilməsindən danışmışdır. O, Amerikada yaşayan Azərbaycan diasporunun müstəqil respublikamızın uğurlarında özünəməxsus payı olduğunu qeyd etmişdir. Tomris Azəri ilk dəfə 2004-cü ildə keçirilən bu mərasimin artıq ənənə halını aldığını fəxrlə diqqətə çatdırmışdır. Onun sözlərinə görə, Azərbaycanın Dövlət Müstəqilliyi Günündə Manhettenin mərkəzi Uoll Strit küçəsində ölkəmizin bayrağını ABŞ bayrağı ilə birgə dalğalandıran AAC üzvləri bunu iki xalq arasında dostluq əlaqələri və birgə dəyərlərin paylaşmasının rəmzi hesab edirlər.

Bayram mərasimi Nyu-Yorkda fəaliyyət göstərən “Qafqaz” Gənclər Mərkəzinin üzvlərinin ifasında Azərbaycan milli rəqsləri ilə basa çatmışdır.

 

 

Şəfəq AKİFQİZİ

Vaşinqton

 

Xalq qəzeti.- 2009.- 20 oktyabr.- S. 4.