Küveyt dövlətinin
aparıcı ingilisdilli
qəzetlərində Azərbaycanın
Dövlət Müstəqilliyi
Günü münasibətilə
geniş məqalə
dərc edilmişdir
Azərbaycanın Küveyt dövlətindəki səfirliyindən
bildirmişlər ki, Körfəz regionu və Yaxın Şərqin
aparıcı gündəlik ingilisdilli qəzetləri olan
“Arab Times” və “Kuwait Times” qəzetlərində Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
günü münasibətilə səfir Şahin Abdullayevin
geniş məqaləsi dərc edilmişdir.
“Azərbaycanın milli
müstəqilliyi: Milli dirçəliş və inkişafda
ümummilli lider Heydər Əliyevin rolu” sərlövhəli
məqalədə səfir Ş.Abdullayev 1991-ci il oktyabrın
18-də “Azərbaycan Respublikasının Müstəqilliyi
haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi və
milli müstəqillik haqqında 1991-ci il dekabrın 29-da
keçirilmiş referendum barədə oxuculara ətraflı
məlumat vermişdir.
Məqalədə Azərbaycan
Respublikasının 1918-1920-ci illərdə cəmi 23 ay
ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin
varisi olaraq, beynəlxalq münasibətlər sisteminə
inteqrasiyası və milli quruculuq işləri haqqında məlumat
verən səfir, Azərbaycanın 1992-ci il martın 2-də
BMT-yə və 1992-ci il iyulun 8-də ATƏM-ə (hazırda
ATƏT) üzv qəbul edildiyini diqqətə çəkmişdir.
Habelə, tarixən tərkib hissəsi olduğu və birgə
irsi bölüşdüyü İslam dünyası ilə əlaqələrin
bərpa edildiyi və Azərbaycanın 1991-ci ildə İslam
Konfransı Təşkilatına üzv qəbul olunduğu
vurğulanmışdır.
Ş.Abdullayev Azərbaycan
Xalq Cümhuriyyətinin süqutuna səbəb olmuş
problemlərin yeni Azərbaycan Respublikasının da
qarşısına çıxdığını qeyd
etmiş, Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü və terror əməliyyatları, dərin
iqtisadi böhran və ölkədaxili siyasi ziddiyyətlərin
fonunda yenicə əldə edilmiş milli müstəqilliyin təhlükə
altına düşdüyünü nəzərə
çarpdırmışdır.
Məqalədə belə
bir çətin və kəşməkəşli zamanda Azərbaycan
xalqının təkidli tələbi ilə ümummilli lider
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıtdığı və məhz onun uzaqgörən siyasəti,
müdrikliyi və bacarığı sayəsində Azərbaycanın
qısa müddətdə problemləri arxada qoyaraq, davamlı
inkişaf mərhələsinə çıxdığı
bildirilmişdir.
Ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti və əvəzsiz xidmətinin
nəticələri olaraq, mərkəzi hakimiyyətin gücləndiyi,
çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi,
demokratikləşmə prosesinin başlandığı, “Əsrin
müqaviləsi”nin imzalandığı, Azərbaycanın
yeni neft strategiyasının əsasının qoyulduğu və
tarixi İpək Yolunun bərpa olunduğu müəllif tərəfindən
oxucuların diqqətinə
çatdırılmışdır.
Səfir Ş.Abdullayev
ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalan və
ümummilli liderin yolunu uğurla davam etdirən Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
dinamik inkişaf edən ölkə olduğunu diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
siyasi, iqtisadi islahatların, fəal və şəffaf xarici
siyasətin nəticəsi olaraq, Azərbaycan regionda lider
dövlətə çevrilmiş və beynəlxalq aləmdə
etibarlı tərəfdaş kimi qəbul olunmuşdur.
Neft və qaz ixrac kəmərləri
şəbəkəsi vasitəsilə Azərbaycanın Şərq-Qərb
enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində
aparıcı rol oynadığını vurğulayan müəllif
bildirmişdir ki, Azərbaycanın qaz hasilat və ixrac
potensialı olmasaydı, bu gün Nabukko layihəsi ətrafında
ciddi müzakirələr aparıla bilməzdi.
Neft və qaz sektoru ilə
bərabər, ölkə rəhbərliyi tərəfindən
qeyri-neft sektorunun inkişafı istiqamətində
görülən ardıcıl tədbirlərə toxunan səfir
Ş.Abdullayev, Azərbaycanda avtomobil və dəmir yolları,
hava və dəniz limanları olmaqla, nəqliyyat
infrastrukturunun inkişafı, biznes mühitinin daha da
yaxşılaşdırılması və Azərbaycanın
Dünya Bankının “Doing Business” kateqoriyası üzrə
lider olması, informasiya və kompyuter texnologiyalarının
inkişafı sahəsində regional mərkəzə
çevrilməsi haqqında ətraflı məlumat
vermişdir. Müstəqilliyinin bərpasının ilk illərində
xaricdən donor və humanitar yardımlar alan Azərbaycanın
bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara
töhfə verən dövlət olduğu da diqqətə
çatdırılmışdır.
Məqaləni
ümummilli lider Heydər Əliyevin məşhur kəlamı
ilə bitirən səfir Ş.Abdullayev Azərbaycanın
müstəqilliyinin “Dönməz, daimi və əbədi”
olduğunu vurğulamışdır.
Xalq qəzeti.-2009.- 20 oktyabr.- S. 5.