Sənət adamlarımız
İkicə kəlmə: Mənsum
İbrahimov
Nadanlıqla silahlananları tərksilah eləmək
lazımdı, ağlıma gələn birinci cümlənin
sonunda nöqtə qoymağa yer tapmıram, nöqtənin bəlkə
də yeri yoxdu, amma cümlənin yeri var; o, güc
orqanında işləmir, müstəqil dedektiv də deyil,
amma hücum eləməyi əla bacarır,
qarşısındakı nadandısa...
O - öyrədəndi...
Balaca uşaq kimi, kitab-dəftər
əlindən düşmür, üst-başına mürəkkəb
tökülsə heyrətlənmərəm, heç bir
çəkilişə məşqsiz getmir, dərs dediyi
akademiya - gimnaziya - orta məktəbdə ən səliqəli
tələbə - şagird o özüdü, səsdən
söz, sözdən səs almağın yolunu bilir, bəlkə
kiməsə adi görünər, dünyada ən çətin
iş kimləsə, nəyləsə nəfəs almaqdı,
o kimlə, nəylə nəfəs almağın yolunu bilir.
O - öyrənəndi...
Adı olmayanda da utancağıydı. Xalq artistidir, yenə özünü dartmaz.
Opera və Balet Teatrında heç kim işləməyəndə o, səhnədən düşmürdü. İndi hamı teatral olub, o yenə sakitcə Məcnunun məşqlərinə tələsir.
Otuzunda səsinin başını yığmaq olmurdu, gələn il yaşı yarım əsri haqlayacaq, nə olsun, zilinin təqvimdən xəbəri yoxdu.
Vaxtıyla öyrəndiyi insanlardan indi çox bilir, amma hələ də onları “ustad” deyə öyməyində.
Sənət evinə gətirdiyi yeniliklər də bünövrənin üstündə dayanıb.
O - dəyişməyəndi... Toyda elə oxuyur, deyirsən, Respublika sarayında dövlət konsertidi. Ona görə kimsə cibinə pul qoymağa cürət eləməz.
İlahi, o, yüz kərə Məcnun olub! Adam bir yol özünü Məcnuna oxşadanda (Məcnun olanda yox ha, oxşadanda!) ağlı başından oynayır, evini, eşiyini atıb çöllərə düşmək istəyir - yoxsa yüz kərə! Leylini ona düz eləyib vermirlər, o, Leylinin yox, Məcnunun məcnunudu.
Hər dəfə adımı onun dilindən eşidəndə sevinirəm. Elə bilirəm, məni Məcnunun özü çağırır. Axı, Füzulinin yazdığına görə, Məcnunun da gözəl səsi olub. Poema yadınızdadı:
Avazı idi bəsi mülayim,
Üslubi dürüst, üsuli qaim.
Təhrir ilə hər çəkəndə avaz,
Quşlara tutardı rah-i pərvaz.
Gahi qəzəlü gahi qəsidə
İnşa qılıb ol sitəmrəsidə.
Suz ilə oxurdu gahü bigah,
Bir neçə əziz onunla həmrah.
O - Məcnundu...
Muğam çölləri onun müridləriylə doludu. Azərbaycan muğam müsabiqəsində birinci yer - onun şagirdinin, Beynəlxalq muğam müsabiqəsinin qalibi - onun boğazından sənət körfəzinə yan alıb, ən balaca muğam ustası Elməddin İbrahimov və bu günlərdə əməkdar artist adına layiq görülmüş ən gənc xanəndə Təyyar Bayramovun adlarını çəkmək bəsdi. Tələbələri təkcə oxumağı yox, nitq mədəniyyətini də ondan əxz eləyiblər. Onun məktəbi həm də “Vətən eşqi məktəbi”di (M.Şəhriyar). Onun səsi Qarabağın səsiylə açılır, sözü Qarabağın sözüylə bitir. Dost kimi hələ bir kəsi xəcil eləməyib. Elçi gedib, dava yatırıb, sülh imzaladıb, adamı həmişə özünə çəkib, özündən itələməyib. Ata kimi də xoşbəxtdi, oğul kimi də, ər kimi də, sənətçi kimi də. Allah onu sübh çağı - şər dağılanda xəlq eləyib.
O - məsumdu...
O - Mənsumdu...
Qulu AĞSƏS
Xalq qəzeti.- 2009.- 21 oktyabr.- S. 7.