21 oktyabrda - Xəlil Rza Ulutürkü xatırlarkən
Xəlil Rza Ulutürkün gündəliyində Söhrab
Tahir Azər-Azər səhifəsi
Görkəmli şair, ədəbiyyatşünas-alim, tərcüməçi,
publisist, milli ideal mücahidi və ictimai-siyasi xadim Xəlil
Rza Ulutürk dostu, xalq şairi Söhrab Tahir Azər-Azərin
şəxsiyyəti və ədəbi irsinə həmişə
yüksək qiymət vermişdir. O, S.Tahirin 60-90-cı illər
poeziyasından geniş bəhs etmiş, elmi-tarixi
memuarlarında onun canlı obrazını, portretini
yaratmışdır. Xəlil Rza və Söhrab Tahir o
taylı-bu taylı Azərbaycanın uçuş
qanadlarıdır.
Söhrab Tahir Azər-Azər
1926-cı ildə Astaraçayın cənubunda dünyaya gəlmişdir.
Atası Əbülfəz
kişi, anası Nəsibə xanımdır. “Qaradağda məşhur
bir nəsildəndir: Molla Məlik, Cəfər, Səfiyyə
nənə, Mirzə Tahir, Əbülfəz bu nəslin zəncirvari
davamçılarıdır. Ana tərəfi isə
Qaraçanaqlı Rəzzaq, Səttar nəslindəndir”.
1944-cü ildə atası və o, Cənubi Azərbaycan milli
azadlıq hərəkatına qoşulmuşdur. Onlar 21 Azər
(12 dekabr) 1945-ci il inqilabının fəal
iştirakçısı olmuşlar. S.C.Pişəvəri Əbülfəzi,
qardaşı Hidayəti yaxşı tanımışdır.
Onlar Tehranda Qəsri-Qacar zindanında tanış
olmuşdular. 21 Azər inqilabının qələbəsindən
sonra S.Tahir ADP İK-nə təlimatçı
götürülmüşdür.
Sonra partiyanın üzvü
olmuşdur. Ona zəmanət verənlərdən biri Təbrizdə
Milli Hökumətin baş prokuroru Firudin İbrahimi
olmuşdur. S.Tahir 1946-cı ilin aprelinə qədər
partiyanın təşkilat şöbəsində
çalışmış və 1946-cı ilin aprelindən
Baş nazir S.C.Pişəvərinin möhürdarı
(möhürün mühafizəçisi) olmuşdur. S.Tahir
1946-cı ildə S.C.Pişəvəri və F.İbrahimlinin
qərarı ilə Bakı Hərbi Piyadalar məktəbinə
oxumağa göndərilmişdir. 1946-cı ilin dekabrında vəziyyət
dəyişdiyindən Azərbaycan Milli Hökuməti
süqut etmiş, Bakıda hərbi təhsil alan cənubluların
geri qayıtması qadağan olunmuşdur. Beləcə, S.Tahir
taleyini Bakı ilə bağlamışdır.
Hazırda Azərbaycan MEA-nın
Şərqşünaslıq İnstitutunda aparıcı elmi
işçi vəzifəsində çalışan
Söhrab Tahirin ədəbi-bədii irsi çox zəngindir.
60 illik yaradıcılıq yolu keçən xalq şairinin
indiyədək 30 kitabı nəşr edilmişdir. O, 55
poemanın, 10 romanın, 11 povestin, 75 hekayənin, 800-dən
çox ədəbi-publisistik məqalənin müəllifidir.
X.Rza gündəliyində yazır: “S.Tahir 1950-ci ildə bədii
yaradıcılığa başlamış, istedadı, məramı
və tərcümeyi-halının zənginliyi ilə
poeziyanın ön cəbhəsinə, döyüş
sıralarına gəlib çıxmışdır.
S.Tahir məslək şairi olub,
onun böyük məsləki xalqın səadəti
uğrunda mübarizə məramına tabe tutulub, ”yalnız
insan səadətinə, bəşər tərəqqisinə
kömək edən məslək böyüklük adına
layiqdir. S.Tahirin dünyagörüşü səngər
başında, 1945-1946-cı illərdə Cənubi Azərbaycanın
və İranın daxili, xarici irticaya qarşı
apardığı mübarizə dövründə,
azadlıq, milli tərəqqi və istiqlal uğrunda gedən
döyüşlərdə formalaşmağa
başlamışdır. O, böyük bir aludəliklə
müşahidə etdiyi Firudin İbrahimli, Qulu Sübhi , Azad Vətən,
Qulamrza Cavid, Səriyyə kimi canlı mübarizlər ilə
həmməslək olmuşdur.
S.Tahirin şəxsində iki
şair birləşmişdir. O, sanki şeirinin bir qismini
Bakıda, digər hissəsini isə Təbrizdə yazır.
Təbriz şeiri hayqırır, dərd əlindən nifrət,
qəzəb qığılcımları saçır,
yumruğunu hiddətlə döyüb meydan oxuyur. Bakı
şeirləri isə gülümsəyir, səadət şərqiləri
ötür, qollarını geniş açıb Ankaranı,
Sibiri, Alagözlü Baykalı, bütün Vətən
torpağını bağrına basır". X.Rzanın
S.Tahirlə tanışlığı 1957-ci ilə aiddir. “Pəhləvan
cüssəli Söhrab Tahir mənim həyatıma həmişəlik
daxil olmuş nadir insanlardan biridir. Ülfət və
yoldaşlıq qaynaqlarını yada salıram, haralarda
görüşmüşük: Bakıda, Moskvada, Daşkənddə,
Salyanda, onun evində, bizim evdə, bəzilərinin “Vişnyovka”
adlandırdığı gilənar dayanacağında, onun
bağında, bizim Türkan cənnətində, Yazarlar
Birliyində, ədəbi yığıncaqlarda, dostumuz Firuz
Sadıq və Həmid Məmmədzadənin evində, yaz,
yay, payız vaxtı hər ikimizin vurulduğu Şıx
çimərliyində, Səbayel qayalarının dənizə
doğru uzanmış zirehli daşları üstündə".
X.Rza S.Tahirin poeziya və əqidəsini ürəkdən
sevmişdir. Yazır ki, “Söhrab şair
yoldaşımdır. İstər şairliyini, istərsə
də insaniyyətini sevirəm. Cənubludur.
Mən Cənubi Azərbaycanın
ətrini həmişə ondan alıram. “İki
qardaşın söhbəti” adlı poemam onun söhbətlərindən
aldığım təəssürat əsasında
yazılıb. Söhrab Tahirin “İki qardaşdan biri mənəm”
adlı şeiri sanki bu poemaya cavab olaraq
yazılmışdır. Söhrab uca boylu, enli kürəkli,
xoş üzlü bir cavandır. İdmançılara məxsus
şux qaməti, gur qara qaşları, zil qara gözləri yəqin
ki, ona baxan qızların-gəlinlərin ürəyində həmişə
xoş duyğular oyadır". Yenə də Xəlil
Rzanın öz sözüdür: “Söhrab çox məğrur
şairdir. Bu qürur qədər yüksəkdir ki, hətta,
bir an bunun bir azca azalmasını arzu edərdim.
Qoy Söhrab bir-iki pillə ensin. Mən öz cənublu qələm dostlarımın içində heç kimə şeir həsr etməmişəm. Ancaq Söhraba iki şeir yazmışam. Təki Söhrab o şeirlərdəki arzulara layiq olsun”. Cənub mövzusunu, parçalanmış Vətənin dərdləri mövzusunda, milli azadlıq uğrunda mübarizə mövzusunu qələmə alarkən Söhrab Tahir şeirindən çox şey əxz eləyiblər. Belə şairlərimizin içərisində Məmməd Araz, Xəlil Rza Ulutürk, Cabir Novruz, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı kimi tanınmış söz ustaları vardır... Oxucularla keçirilən görüşlərin birində Söhrab Tahir, Xəlil Rza, Ramiz Duyğun, mən və başqalarının da iştirak etdiyi görüşdə qüdrətli şairimiz Xəlil Rza camaat hələ yerbəyer olmamışdan, yeni görüşün başlanmasından əvvəl ayaq üstə durub ardı-ardınca beş-altı şeir söylədi.
Oxucular lərzəyə gəlib ayaq üstə xeyli müddət əl çaldılar. Bu zaman o, gülə-gülə ucadan dedi: “Əyləşin, əyləşin, bu şeirlər mənimkilər deyil, Söhrab Tahirindir. İndi isə qulaq asın, sizə öz şeirimi oxuyacağam və təzədən salonu alqış sədaları bürüdü. Xəlil Rza fenomeni öz işini gördü...“ Söhrab Tahir söyləyir ki, belə hallar tez-tez olur. Birlikdə görüşlərdə olarkən Xəlil bəzən heç mənə aman vermir ki, şeir oxuyum. Mənim şeirlərimin çoxunu özü sinədən oxuyur. Xəlil Rzanın Söhrab Tahirlə dostluğu ədəbiyyat, poeziya dostluğu, milli ideal qardaşlığı olmuşdur. Bu dostluq, bu qardaşlıq Azərbaycanın vahid milli idealına – bütövlük və müstəqillik amalına xidmət etmişdir.
Xəlil Rza memuarlarında
Söhrab Tahirlə bağlı həm görüşlərə,
xatiratlara, onunla keçirdiyi ikili günlərə, sevinc və
kədərə, arzu və istəklərə, xalqın həyəcanlarına,
iztirablarına geniş yer vermiş, həm də onun
yaradıcılığının: lirik şeirlərini,
poemalarını müxtəlif vaxtlarda ədəbiyyatşünas-tənqidçi
kimi təhlil etmiş, Söhrab Tahir
yaradıcılığının üslub fərdiyyətini
izah etməyə çalışmışdır.
X.Rzanın təhlilləri ciddi ədəbi tənqidçi
mövqeyi, Söhrab Tahir yaradıcılığına və
ümumən Azərbaycan poeziyasına verilən qiymətin
ifadəsidir. X.Rzanın S.Tahirlə görüşləri
şəxsi yox, ictimai-ədəbi məzmunlu, qayə və məramla
bağlı olmuşdur. Elə bu səbəbdəndir ki,
onların dostluğu həm də ədəbi proses, ədəbi
döyüşlər və sənət məsələlərinin
müzakirə və münaqişələr mərkəzinin
özündən keçən dostluqdur. Dövrün ən
böyük ədəbi şəxsiyyətlərinin
S.Vurğun, S.Rüstəm, Ə.Cəmil, B.Azəroğlu,
H.Bülluri, M.Gülgün, M.Araz, Z.Yaqub, H.Məmmədzadə,
Ş.Qurbanov, Ə.Kürçaylı, N.Rizvan, R.Duyğun ...
X.Rzanın xatirələr toplusunda yer tutması təbiidir.
Oxucular memuarda bu və ya digər fikirlə bağlı zəngin
qaynaqlarla tanış ola biləcəklər. Xatirə
yazılar 26 yanvar 1963-cü ildən 2 fevral 1986-cı il boyunca
davam edir.
Xəlil Rzanın Söhrab Tahirlə
ailəvi dostluğu isə şairin ömrünün sonunadək
davam etmişdir. Lakin Firəngiz xanım arxivdəki
materialları özümlü yanaşdığından daha
münasib bildiyi gündəlikləri çapa təqdim
etmişdir. Xəlil Rza Söhrab Tahirlə dostluğunun
detallarını gündəliklərinə (elmi-tarixi
memuarlarına) daxil etmiş və hər
görüşün sevincini, məmnunluğunu ifadəyə
xüsusi çalışmışdır. X.Rzanın arxivində
Söhrab Tahirə həsr olunmuş poema - “Qalx ayağa, Vətənim”
adlı lirik əsəri var. Mötərizədə belə
bir epiqraf verilmişdir: “Cənubi Azərbaycanın şairi
Söhrab Tahirə həsr olunmuş “İki qardaşın
söhbəti”. Bu poema 1961-1968-ci illərin ədəbi məhsuludur.
1983-cü ildə X.Rzanın “Hara
gedir bu dünya” kitabı nəşr olunmuşdur. Burada 12
poema: “Hara gedir bu dünya”, “İki qardaşın söhbəti”,
“Ağ günlərin qaraldımı”, “Çinar sınar, əyilməz”,
“Məni bir dərd yandırır”, “Qalx ayağa, Vətənim”,
“Məktublar gedər-gələr”, “O gün gələcək”,
“Vətən oğlu” və başqaları verilmişdir. Əsərin
nəşr ili göstərilməmişdir".
Belə qənaətə gəlmək
olar ki, X.Rza 60-cı illərdən sonra 80-cı illərə
qədər bu poemalarla məşğul olmuş, nəhayət,
onları müstəqil poemalar kimi təqdim etmişdir. Biz də
hər iki əsərin ideya-bədii tutumu və mükəmməlliyini
nəzərə alıb, kitabda çap olunmuş
materialların burada da nəşrinə üstünlük
verdik. Firəngiz xanım kitabın əlyazmalarını
X.Rzanın qoruyub saxladığı qovluqları içərisindən,
müxtəlif illərin tarixi-xronoloji saxlancı olan elmi-tarixi
memuarlar içərisindən seçib-ayırıb oxucuya təqdim
etmişdir.
Əlizadə ƏSGƏRLİ,
filologiya elmləri namizədi,
Xəlil Rza Ulutürk irsinin tədqiqatçısı
Xalq qəzeti.- 2009.- 21
oktyabr.- S. 7.