Azərbaycanın alternativ enerji mənbələri hərəkətə
gətirilir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin
təşəbbüsü ilə 1981-ci il oktyabrın 20-də
Azərbaycan İstilik Elektrik Stansiyasının birinci blokunun
istismara verilməsi ilə müstəqil respublikamızın energetika
təhlükəsizliyinin əsası qoyulmuşdur. Ötən
illər ərzində Azərbaycanda dayanıqlı elektrik
energetikası sistemi yaradılmış, energetika sahəsinin
inkişafına xüsusi qayğı və diqqət göstərilmişdir.
Prezident İlham Əliyev Azərbaycan energetiklərinin ölkə
iqtisadiyyatının inkişafındakı xidmətlərini
nəzərə alaraq hər il oktyabr ayının 20-sinin
“Energetiklər Günü” peşə bayramı kimi qeyd
olunması ilə bağlı 2004-cü il oktyabrın 13-də
xüsusi sərəncam imzalamışdır. Azərbaycanın
iqtisadi həyatına mühüm töhfələr verən
ölkə energetikləri, hər il olduğu kimi, bu dəfə
də peşə bayramlarını yüksək nailiyyətlərlə,
xoş ovqatla qeyd edirlər.
Dünən “Azərenerji”
Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar
Pirverdiyev Energetika Günü ilə əlaqədar kütləvi
informasiya vasitələrinin nümayəndələri
üçün mətbuat konfransı keçirdi. Ölkəmizin
elektroenergetika sisteminin yaxın keçmişi, bu günü
və gələcəyi ilə bağlı jurnalistlərə
məlumat verən E.Pirverdiyev bildirdi ki, dünyanı
bürüyən maliyyə böhranına baxmayaraq, cari ilin
doqquz ayında Azərbaycanın elektrik energetikası sistemində
bir sıra vacib işlər görülmüş,
mühüm layihələr həyata keçirilmişdir. Qeyd
olundu ki, 2008-ci ilin sonlarında 300 meqavatlıq Səngəçal
elektrik stansiyası istifadəyə verildikdən sonra bu ilin
ötən dövründə 105 meqavatlıq “Şahdağ”
elektrik stansiyası istismara buraxılmış, sistem əhəmiyyətli
elektrik verilişi xətləri çəkilmiş,
yarımstansiyalar inşa edilmişdir. Prezident İlham Əliyevin
uzaqgörən siyasəti nəticəsində son illər
ölkənin generasiya güclərinin davamlı şəkildə
artdığını diqqətə çatdıran
E.Pirverdiyev bildirdi ki, hazırda elektroenergetika sisteminin
qoyuluş güclərinin həcmi 6 min meqavata
çatdırılmışdır. Gələn ay isə
ölkənin elektroenergetika sahəsinin ən mühüm
infrastruktur obyektlərindən sayılan 520 meqavatlıq
Sumqayıt Elektrik Stansiyasının istismara
buraxılacağını bildirən natiq qeyd etdi ki, indi
ölkəmiz özünü elektrik enerjisi ilə tam təmin
etməklə yanaşı, böyük ixrac potensialı da
yaratmışdır. Hazırda elektrik enerjisinin ixrac edilməsi
üçün infrastruktur imkanları artırılır.
Bununla belə, “Azərenerji” sistemində kəmiyyətdən
çox keyfiyyətə fikir verildiyindən elektrik
stansiyalarında şərti yanacaq sərfinin
azaldılması, elektroenergetika sisteminin
dayanıqlığının təmin edilməsi istiqamətində
mühüm işlər görülür. Belə ki,
hazırda ölkənin sistem əhəmiyyətli elektrik xətlərinin,
paylayıcı şəbəkələrin yenidən
qurulması məqsədilə Asiya İnkişaf Bankından
uzunmüddətli kredit vəsaitləri cəlb olunub. Bundan əlavə,
yaxın illərdə bütün elektrik
ötürücü xətlərinin yeniləşdirilməsi
nəzərdə tutulur.
E.Pirverdiyev onu da qeyd etdi
ki, ölkə Prezidenti İlham Əliyevin
tapşırığına əsasən alternativ enerji mənbələrindən
istifadə etmək məqsədilə mövcud potensialın
öyrənilməsi və onun hərəkətə gətirilməsi
istiqamətində “Azərenerji” ASC-də konkret işlərə
başlanılıb.
“Azərenerji” ASC-nin
prezidenti qeyd etdi ki, ölkənin qərb regionunda indiyədək
160 min kart tipli sayğac quraşdırılıb ki, bu da
elektrik enerjisinə qənaətlə yanaşı,
yığımın səviyyəsinin də xeyli artmasına
səbəb olub. Ölkə regionları üzrə
yığım səviyyəsinin 90 faizə
çatdığını diqqətə çatdıran
E.Pirverdiyev bildirdi ki, hazırda əhali qrupundan olan abunəçilərlə
bu sahədə heç bir problem yoxdur. Bununla belə, bir
sıra dövlət təşkilatlarında da
yığımın səviyyəsinin artması
müşahidə olunur.
Növbəti
payız-qış mövsümünə hazırlıqla
bağlı görülmüş işlərdən bəhs
edən “Azərenerji” ASC-nin prezidenti bildirdi ki, bu il ölkə
əhalisinin elektrik enerjisi ilə təminatında heç bir
problem olmayacaq. Regionlarda tikilmiş modul tipli elektrik
stansiyaları bölgələrin elektrik enerjisi ilə tam təminatına
imkan yaradır.
Sonra “Azərenerji”
ASC-nin prezidenti E.Pirverdiyev kütləvi informasiya vasitələri
nümayəndələrinin çoxsaylı suallarına ətraflı
cavab verdi.
Axırda 2009-2010-cu tədris
ilində ali məktəblərin energetika ixtisaslarını
seçən və 500-dən yuxarı bal toplayan gənclərə,
eləcə də elektrik energetika mövzusunu daha yaxşı
işıqlandıran mətbuat orqanları və jurnalistlərə
mükafatlar verildi.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 21 oktyabr.- S. 7.