“Manas” dastanı Azərbaycan dilində
nəşr edilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan”
klubunda AMEA Folklor İnstitutunun böyük elmi
işçisi, şair, publisist, tədqiqatçı Adil Cəmilin
tərcüməsində Azərbaycan dilində çapdan
çıxan qırğız eposu “Manas”ın təqdimat mərasimi
keçirilib.
AYB-in katibi, xalq şairi
Fikrət Qoca, filologiya elmləri doktoru Şirindil
Alışanov, AYB-in katibi Arif Əmrahoğlu, şairlər
İlyas Tapdıq, Nahid Hacızadə, Oqtay Rza, Mahirə
Abdulla və başqaları türk xalqlarının təfəkkür
tarixində böyük əhəmiyyəti olan, türkün
soykökü, tarixi haqqında geniş məlumat verən
“Manas” eposundan, A.Cəmilin tərcüməsində təqdim
olunan kitabın böyük əhəmiyyətindən
danışıblar.
Bildirilib ki, A.Cəmil nəzm
formasında yazılmış “Manas” eposunu nəsr şəklində,
yığcam variantda tərcümə etmişdir. Kitabda
Manasın dünyaya gəlməsi, uşaqlığı,
yeniyetməlik dövrü, yurdunun azadlığı naminə
qanlı döyüşlərə atılmağı, qələbələri
və digər hadisələr yığcam, canlı şəkildə
öz əksini tapıb. Bu gün də təravətini itirməyən
əsərin ana dilimizdə nəşrinin son dərəcə
vacib olduğu bildirilib.
Məlumat
üçün bildirək ki, türk xalqlarından biri olan
qırğızların milli dastanı, dünya ədəbiyyatının
da şah əsərlərindən biri sayılan və iri həcmli
“Manas” dastanı, adını dastanın qəhrəmanının
adından götürüb. Bu dastanı oxuyub söyləyənlərə
də “manasçı” deyirlər. Manasçılıq, bir sənət
və peşə olaraq qəbul edilir.
“Manas” dastanında təsvir edilən
hadisələr bəzi araşdırmaçılar tərəfindən
Hun dövrünə bağlanır. Ancaq bu hadisələrin
zəminini 12-ci əsrlə bağlamaq daha doğru olar. 1120-ci
illərdə Orta Asiyanı zəbt edərək Qaraxanlı
ölkəsini ələ keçirən Moğol
Karahitayların, qırğızlar üzərinə
basqın etməsi və bu sırada yaşanan hadisələr
Manas dastanının mövzusunu təşkil edir.
Məşhur türkoloq V. Radlov
(1837-1918) “Manas” dastanıyla əlaqədar ilk
tapıntını, Qırğızıstanın Toxmaq şəhərinin
cənubundakı Sarı Bağış boyuna mənsub bir
manasçıdan 1869-cu ildə əldə edib. Radlovun
yığdığı yeddi hissəlik “Manas” dastanı cəmi
11 min 454 misradan ibarət idi. Lakin manasçıların
oxuduğu variant sətir sayının 16 min misra ətrafında
olduğu ifadə edilir.
Qırğız
türklərinin milli qəhrəmanı Manasın ətrafında
formalaşan “Manas” dastanının ilk hissəsindən etibarən
Manasın doğumu, hələ beşikdə ikən
danışmağa başlaması, kafirləri məğlub
edəcəyini söyləməsi, böyüyüb cavan
olunca çinliləri məğlub etməsi, müsəlman igid
Almanbetlə tanış olub, birliklə bir çox
döyüşlərə girmələri, Manasın evlənməsi,
düşmənləri tərəfindən iki dəfə
öldürülməsinə baxmayaraq, təkrar dirilməsi,
Məkkəni ziyarət və Kəbəni təvaf etməsi
lirik bir üslubla təsvir edilir.
Dastanda Manasın
üçüncü ölümü, geri
dönüşü olmayan bir ölümdür. Bundan sonra
Manasın oğlu Semetey və nəvəsi Seytekin
dastanları başlayır. “Manas” dastanı,
“Semetey” və “Seytek” dastanlarıyla güçlü bir zəncir
meydana gətirir. Üç nəslə uzanan dastanda Manas
ölkə rəhbərliyinin qurucusu vəzifəsini icra edərkən
oğulu Semetey iqtidarı təhlükəyə qoyur, nəvəsi
Seytek isə işləri yenidən nizama salır.
Ümumiyyətlə, dastan öz
tərbiyəvi əhəmiyyətinə görə bu gün
də aktuallığı ilə seçilir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 21 oktyabr.- S. 7.