Haqlı tənqid və iradlar inkişafa zəmin
yaradır
Milli efir məkanı mənəvi dəyərlərimizin
keşiyində dayanmalıdır
Ümummilli liderimiz istənilən tənqidi fikrə
böyük maraq və diqqətlə yanaşır, kimliyindən
asılı olmayaraq fəaliyyətində zamanın tələblərinə
cavab verməyən hallar olan hər kəsi açıq şəkildə
tənqid edirdi. Bu gün müstəqil respublikamızda
sağlam tənqid inkişafa xidmət edən amillərdən
biridir.
Nazirlər Kabinetinin ənənəvi
toplantılarından birində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Bakıda və Abşeron yarımadasında
yaşıllıqların şəxsi maraqlar əsasında məhv
edilməsi barədə söylədiyi tənqidi fikirlər
ölkə ictimaiyyəti tərəfindən böyük
maraq və məmnunluqla qəbul edilmiş, çoxsaylı tədbirlər
həyata keçirilmişdi. Paytaxtın 70-80 ildən bəri
pozulmuş ekoloji tarazlığının qorunması məsələsində
mühüm addım olan bu tənqidi fikirləri ölkə
ictimaiyyəti çox vacib bir sənəd kimi qəbul
etmiş, nəinki vəzifə sahiblərinin, eləcə də
bütün vətəndaşların bu sahədəki fəallığı
artmışdır. Oktyabrın 2-də “Azərbaycan” qəzetində
verilmiş bir tənqidi material da cəmiyyətdə məhz
həmin effekti vermişdir. Ancaq burada söhbət ekoloji
tarazlığın deyil, bir qədər də ciddi olan “efir
tarazlığının” pozulmasından gedirdi. Hər iki tənqid
milli mənafe baxımından misilsiz əhəmiyyətə
malik olduğuna görə əhalinin bütün zümrələri
tərəfindən geniş və uzunmüddətli
müzakirələrə səbəb olmuşdur.
Azərbaycan Respublikası
Prezident Administrasiyasının rəhbəri, fəlsəfə
elmləri doktoru, akademik Ramiz Mehdiyevin qeyd etdiyimiz tarixdə “Azərbaycan”
qəzetində verilmiş “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” adlı geniş analitik
materialı ilk növbədə vətəndaşlıq
mövqeyindən qələmə alınmışdır.
Çünki söhbət tarazlığı pozulmuş efir
məkanımızın hansısa zümrələrə və
ya qruplara deyil, məhz bütövlükdə ölkə vətəndaşlarının
hamısına xidmət etməsi üçün
çağırış kimi səslənirdi: “Bu gün Azərbaycanın
aparıcı kanalları maraqsız, bayağı, mənasız
verilişləri nəinki ölkənin daxilində, həmçinin
peyk vasitəsiylə dünyanın ayrı-ayrı bölgələrində
yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan
soydaşlarımızda, xaricilərdə ölkəmiz
haqqında hansı təsəvvür yaradırıq? Biz
onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni
proseslər haqqında hansı məlumatı veririk? Teleradio
qurumlarının rəhbərləri unutmalı deyillər
ki, televiziya və radio təkcə daxili ictimai rəyi
formalaşdırmır, həm də ölkənin
simasını nümayiş etdirir, onun haqqında təsəvvür
yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan
teleməkanında “meyxana” və “ulduz” yarışmalarına
meyillənmə intellektual təbəqənin yerli telekanallara
marağının azalmasına gətirib
çıxarır”. Məhz bu amil — ölkənin intellektual təbəqəsinin
yerli telekanallara marağının azalması məsələsi
oktyabrın 2-dən sonra başlanan müzakirələr
zamanı daha tez-tez gündəliyə gətirilir. Yeri gəlmişkən,
“Yeni Azərbaycan” qəzetinin bu mövzuda keçirdiyi dəyirmi
masada partiyamızın bir neçə rayon təşkilatının
rəhbərləri iştirak edirdi. Çıxış edənlərin
hamısı eyni narahatlığı nəzərə
çatdırırdı ki, ölkə əhalisinin
intellektual təbəqəsinin milli televiziyalardan uzaq
düşməsinin qarşısı mütləq, təxirə
salınmadan alınmalıdır. Biz bu məsələnin
üzərində xüsusilə dayandıq.
Mən bir məsələni də
qeyd edim. Akademik Ramiz Mehdiyevin adı çəkilən məqaləsi
qəzetdə veriləndən sonra bu məsələyə ilk
reaksiya verənlər arasında YAP rəhbərliyi də var
idi. Yarandığı gündən etibarən məhz
xalqın partiyası kimi fəaliyyət göstərən təşkilatımız
milli-mənəvi dəyərlərimizin qorunmasına ona
görə cani-dildən xidmət edir ki, bu partiyanın
beşiyi başında milli tariximizin ən görkəmli
simalarından olan Heydər Əliyev dayanmışdır. Elə
Azərbaycan jurnalistikasının indiki səviyyəyə
qalxmasının yeganə himayədarı da məhz ulu
öndərimiz olmuşdur. Akademik Ramiz Mehdiyevin məqaləsində
ifadə olunan narahatlıqlardan biri də məhz bu
qayğı nəticəsində inkişaf etmiş
kanalların bəzən öz yolundan sapmasıdır.
“Ümummilli lider Heydər Əliyev söz və məlumat
azadlığını, kütləvi informasiya vasitələrinin
müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib
şərti hesab edirdi. İstər Azərbaycana rəhbərliyinin
sovet dövründə, istərsə də müstəqil
dövlətimizə başçılıq etdiyi illərdə
Heydər Əliyev jurnalistikanın inkişafına, KİV-lərin
maddi texniki bazasının, yaradıcılıq
imkanlarının genişlənməsinə xüsusi diqqət
və qayğı göstərmiş, dövlət quruculuğunda,
ölkəmizdə gedən ictimai-siyasi proseslərdə azərbaycançılıq
ideyalarının, milli mənəvi dəyərlərin təbliğində
medianın roluna böyük əhəmiyyət vermişdir”.
Ancaq çox təəssüf ki, həm ulu öndərin
ölkəyə rəhbərlik etdiyi dövrdə, həm də
2003-cü ilin oktyabrından sonra dövlətin və dövlət
başçısının böyük
qayğısını görmüş, inkişafın yeni mərhələsinə
çatmış bir çox mətbuat vasitələrində
söz azadlığını, fikir azadlığını
olduğu kimi qiymətləndirə bilmirlər. Bir tərəfdən
dövlət ölkədə insan hüquqlarının daha mükəmməl
şəkildə qorunmasına çalışır, digər
tərəfdən isə fəaliyyət sərbəstliyini
özbaşınalıq kimi qəbul edən televiziya məsulları
insanların televiziya tamaşaçısı olmaq hüququnu
əlindən alırlar. Bəli, bu bir həqiqətdir. Azərbaycan
ziyalısı ölkə ərazisində yayımlanan milli
telekanalların fəal tamaşaçısı olmaq, əksər
hallarda telekanalların fəaliyyətində iştirak etmək,
verilişlərin hazırlanmasına öz töhfələrini
vermək istəyirlər. Necə ki, qonşu ölkələrdə
bu təcrübə vardır. Ancaq ziyalı
soydaşımız ekranda “Çal-çağır-şou”,
“Yağ kimi”, “Kim kimdir?” “Maşın şou”, “Miksşou”,
“Toylar kraliçası” kimi şou proqramları görəndə
nəinki telekanalların fəaliyyətində iştirak etmək
fikrindən daşınır, üstəlik, qonşu ölkələrin
teleproqramlarının tamaşaçısına
çevrilir. Yəni insan öz ölkəsində, ana dilində
televiziya verilişlərinə baxmaq istəmir. Əminəm
ki, Ramiz Mehdiyevin adı çəkilən məqaləsi bu əcaib
və eybəcər tendensiyanın aradan
qaldırılmasında mühüm rol oynayacaqdır.
Bu məqamda xüsusilə qeyd
edilməli bir məsələ də yada düşür: Son
zamanlar ölkədə fəaliyyət göstərən
yazılı və elektron kütləvi informasiya vasitələrində
bu məqalənin əks-sədası ilə bağlı
çoxsaylı xəbər, reportaj, müsahibə və
şərhlərin şahidi oluruq: “Dövlət Teleradio
Verilişləri Şirkətində “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” məqaləsi
müzakirə edilmişdir”, “İctimai televiziyada akademik Ramiz
Mehdiyevin tənqidi məqaləsi əsasında geniş
toplantı keçirilmişdir”, “ATV tənqiddən nəticə
çıxarır” və sair xəbərlər qeyd edilən
məqalənin təkcə tamaşaçılar tərəfindən
deyil, telekanallar tərəfindən də maraq və məsuliyyətlə
qarşılandığını göstərir. Hətta bir
çox ekspertlər təşəbbüslə
çıxış edirlər ki, cənab Ramiz Mehdiyevin məqaləsində
qeyd olunan tənqidi fikirlər yazılı mətbuat vasitələrinə
də şamil edilsin. Ədalət naminə desək, bu təşəbbüs
də dəstəklənməlidir.
Yazının əvvəlində
qeyd etdik ki, akademik Ramiz Mehdiyevin milli efir məkanımıza həsr
olunmuş, daha doğrusu həmin məkandakı neqativ
halları açıb göstərən məqaləsi bu sahənin
inkişafını sürətləndirəcəkdir. Məqalədə
proqramların mahiyyəti, məzmunu, ictimai-siyasi əhəmiyyəti,
milli-mənəvi dəyərlərimizlə nə dərəcədə
üst-üstə düşməsi zərgər dəqiqliyi
ilə qiymətləndirilir. Eləcə də verilişlərin
hazırlanması, hazır materialın tamaşaçıya
və dinləyiciyə təqdim edilməsi,
aparıcıların səviyyəsi, qeyri-peşəkar
insanların aparıcı kimi fəaliyyət göstərmək
istəyi, dublyaj problemi, mövzuların səriştəsiz
insanlar tərəfindən seçilməsi, bəzi xarici
telekanallardakı analoji teleproqramların zəif variantda təkrar
edilməsi və bir çox başqa məqamlar ciddi tənqid
edilir. Bəs çıxış yolu nədədir? Milli efir
məkanımızın milli dövlətimizin inkişaf səviyyəsi
ilə ayaqlaşması üçün nə etmək olar?
Adı çəkilən məqalədə bu sualların
cavabını aydın şəkildə görürük:
“Televiziya kanalları öz fəaliyyətlərində ciddi
dönüş etməli və tamaşaçının, cəmiyyətin
maraqlarına xidmət edən efir siyasəti həyata
keçirməlidirlər. İlk növbədə televiziya
kanallarının konsepsiyası, strateji hədəfləri,
onların siması müəyyənləşməli,
bir-birini təkrarlamaq meyillərindən imtina
olunmalıdır... İxtisaslı kadr seçimi,
yaradıcılığın səviyyəsinin yüksəldilməsi,
xarici dilləri bilən professional jurnalistlərin
hazırlanması, kadrların peşəkarlığının
artırılması istiqamətində müvafiq tədbirlər
həyata keçirilməlidir... Dünyanın aparıcı
televiziya kanallarının təcrübəsi göstərir
ki, təqdim olunan proqramların böyük əksəriyyəti
müxtəlif şirkətlər (prodakşnlar) tərəfindən
hazırlanır. Həmin şirkətlər televiziya
kanallarının sifarişlərini yerinə yetirir, həm də
hazır məhsulları onlara satırlar...” və sair. Yəni
bizim telekanallarımız beynəlxalq aləmdəki müsbət
təcrübədən bəhrələnməlidir, şit,
bayağı şou-proqramlardan yox. Belə olarsa, Azərbaycanın
efir məkanı problemlərdən xilas ola bilər.
... Ötən əsrin
ortalarında Avropa sosioloqları televiziyanı ailədə
uşaqların üçüncü valideyni
adlandırırdılar. Bizim üçün,
torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan
çox qaçqın və köçkünün problemlərinin
yaşandığı ölkənin vətəndaşları
üçün isə televiziyanın əhəmiyyətini
ifadə edə biləcək söz tapmaq çətindir. Yəni
televiziya bizim üçün başqa xalqlar və ölkələr
üçün olduğundan qat-qat əhəmiyyətli bir
vasitə olmalıdır... Əminik ki, bu belə də
olacaqdır. Əminik ki, cənab Ramiz Mehdiyevin tənqidi və
analitik materialı bu sahənin inkişafını sürətləndirəcəkdir.
Nəbi XƏLİLOV,
YAP Binəqədi rayon təşkilatının
sədri
Xalq qəzeti.- 2009.- 21 oktyabr.- S. 5.