Xatırlama
“Ögey ana” çox ailələri
doğmalaşdırdı
Nəcibə xanımı xatırlamaq və
xatırlatmaq istəyirəm. Ən azı ona görə ki,
bizə Dilarə xanım kimi, Aygün kimi gözəl ekran qəhrəmanları
bəxş edib. Nəcibə xanım teatr və kino sənətimizin
sayılıb-seçilən aktrisalarından idi. Onun
yaratdığı rolların sənət tariximizdə
çox önəmli yeri var.
İlk əvvəl kino
aktrisası kimi şöhrətlənmiş,
yaradıcılığının əsas qolu teatr sənəti
ilə bağlı olan Nəcibə Haşım qızı Məlikova
25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində
doğulub. İlk təhsilini kənddə və Bakıda
alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin
sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə
Dövlət Dram Teatrında işləməyə gedib. Burada
bir neçə tamaşada çıxış edərək
Bakıya gəlib və təzəcə təşkil olunmuş
Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə
ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə
Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan
aktrisa 1952-ci ildən (kinolara çəkilişlə
bağlı kiçik fasilələrlə) yenə bu teatrda
işləyib.
Nəcibə Məlikova
klassik və çağdaş Azərbaycan
dramaturqlarının, dünya ədiblərinin, əsasən,
dram əsərlərində və bir qədər də
komediyalarında rollar oynayıb. “Şeyx Sənan”da (Xumar), “Səyavuş”da
(Firəngiz), “Pəri cadu”da (Şamama), “Aydın”da (Böyükxanım),
“1905-ci ildə” pyesində (Sona), “Sevil” (Edilya), “Həyat”da
(Atlas), “Kəndçi qızı”nda (Ayxanım), “Büllur
sarayda” əsərində (Qönçə), “Qəribə
oğlan”da (Məlahət), “Əks-səda”da (Zərifə),
“Mirzə Şəfi Vazeh”də (Zübeydə), “Vaqif”də
(Xuraman), “Kərgədan buynuzu”nda (Diləfruz), Sabit Rəhman “Əliqulu
evlənir”də (Yasəmən), “Küləklər”də
(Firuzə) və başqa əsərlərdə yaddaqalan
rollar yaradıb.
Həbib
İsmayılovun 1958-ci ildə böyük istedadla
yaratdığı “Ögey ana” filmi bu gün hər birimiz
üçün əziz və doğmadır. Azərbaycanın
gözəl guşəsində - İsmayıllı rayonunda
çəkilən bu film öz aktyor ansamblı və
onların yüksək ifaçılıq məharəti ilə
bizləri 50 ildən artıqdır ki, heyran edir,
düşündürür, kövrəldir...
Dünya kino korifeylərinin
ifasından heç də geri qalmayan, nəcib, ülvi hisslərlə
yaradılan Ana obrazı Azərbaycan və dünya kino
ekranlarında yaradılan möhtəşəm ana obrazı
ifaçıları üçün bir meyar kimi qiymətləndirilməyə
layiqdir. Nəcibə xanım gözəlliyi, cazibədarlığı,
uca qaməti, işıqlı gözləri,
baxışları və təbəssümü ilə
insanı heyran edən bir Azərbaycan xanımı idi. Onun ailəsinin
böyük hörmət və ehtiram bəslədiyi, ailənin
bir üzvü kimi qiymətləndirdikləri görkəmli sənətkarımız
Adil İsgəndərov hələ o vaxtlar Həbib
İsmayılova “Ögey ana” filmində məhz Nəcibə
xanımın çəkilməsini tövsiyə etmişdi.
Dilarənin
iztirabları ona çox yaxın idi. Nəcibə xanım bu
filmdə öz taleyini yaradırdı, həyatda
gördüyü, keçirdiyi, bütün əziyyətlərə
qatlaşaraq, qətiyyən sınmadığı çətin,
mənalı və müdrik bir ana obrazını
yaradırdı.
Filmin sonunda Dilarənin
İsmayılın gözlərini açaraq ona bütün
film boyu həsrətlə gözlədiyi və eşitmək
istədiyi “Ana, anacan” deməsindən sonra “Can ana!” cavabı,
bu an onun bir doğma ana məhəbbəti, məğrurluğu
ilə keçirdiyi hisslər və nəhayət, ögeylikdən
doğmalığa keçən bu andan ötrü xoşbəxtlik
sevincindən axıtdığı göz yaşları
tamaşaçını həqiqətən kövrəldir...
Filmdəki gözəl
ifası ilə tamaşaçıya nəcib və ülvi
hisslər bəxş edən, onu düşündürən,
kövrəldən, sevindirən səhnəmizin gözəl
xanım-xatını Nəcibə Məlikova həyatda da qalib
çıxdı, ögey ola bilmədi, həyatı qədər
sevdiyi övladlarını doğmalaşdırdı.
“Aygün” filmini rejissor
Kamil Rüstəmbəyov çəkmişdi. Bu filmdə o
yenə də baş qəhrəman idi. Öz ailəsini, sənətini,
övladını sevən bir Azərbaycan qadınının
obrazını yaratmışdı. Onun buradakı ifa tərzi
əslində böyük Səməd Vurğun
yaradıcılığından gələn poetik mühiti
bir növ tamamlayırdı. Aktrisa Aygünü sevərək
oynamışdı, onu sevmişdi və bu sevgi əslində
sənət adamının öz peşəsinə olan dərin
duyğularından bəhrələnmişdi.
Poemanı oxuyanlar
yaxşı bilir ki, onu birnəfəsə tamamlamamaq
qeyri-mümkündür. Əsər o qədər axıcı, o qədər poetik
stildə yazılmışdı ki, oxucu ondan ayrıla
bilmirdi. Aktyor Həsənağa Salayev (Əmirxan) öz oyunu
ilə Nəcibə xanımın ifasını tamamlayır.
Başqa bir filmdə isə biz Nəcibə
xanımı Xala (“Arşın mal alan”, II variant) rolunda
gördük. Bu rolu I variantda Münəvvər xanım Kələntərli
ifa etmişdi. Həm də obraz olduqca səviyyəli şəkildə
tamaşaçılara təqdim olunmuşdu. Əsgərin
xalası bu dəfə Nəcibə xanım olmuşdu və
o da bu rolu çox məharətlə ifa etmişdi.
Ümumiyyətlə, Nəcibə
xanım kinoda o qədər də çox çəkilməyib.
Amma onun yaratdığı rollar milli-mənəvi dəyərlərimizin
daşıyıcısı olduqları üçün xalq tərəfindən
sevilib, kinoaktrisa kimi ona böyük şöhrət
qazandırıb.
Nəcibə xanımın kinodakı
rolları arasında Nərgiz xalanı xüsusi olaraq qeyd etmək
lazımdır. Dramatik rolların mahir ifaçısı olan
bu aktrisa “Əhməd haradadır?” filmində çox istedadla
Nərgiz xalanı yaratmışdı. Bu xanım-xatın Azərbaycan
qadını filmdə əsas qəhrəmanlardan biridir, həm
də filmin uğurlu alınmasında bu rolun
ifaçısının xidmətləri böyükdür.
Nəcibə Məlikova 10 iyul
1959-cu ildə Azərbaycan respublikasının əməkdar
artisti, 1 iyun 1974-cü ildə isə xalq artisti fəxri
adlarına layiq görülüb. O, 6 iyul 1992-ci ildə isə
Bakıda dünyasını dəyişmiş, ikinci Fəxri
Xiyabanda dəfn olunmuşdur.
Bu gün xalqımızın
çox sevdiyi bu aktrisa aramızda olmasa da biz Nəcibə
xanımı böyük hörmət və məhəbbətlə
yad edirik. Onun işıqlı xatirəsi heç zaman
unudulmayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 8.