Qafqaz azərbaycanlılarının milli qəzeti

 

Xalq qəzeti”nin 90 yaşının tamam olması Azərbaycanın fəaliyyətdə olan bu ən yaşlı qəzetinin bütün oxucuları kimi, ölkəmizdən kənarda yaşamış və yaşayan soydaşlarımızı da sevindirir, onunla bağlı xoş xatirələri yada salır.

 

1960-cı ilin payızında qədim Ağababa elinin (Qərbi Azərbaycanın Amasiya rayonu) ucqar dağ kəndində müəllimlikdən “Kolxozçu tribunası” rayon qəzetinə işə dəvət olunduqdan sonra “Xalq qəzeti”nin sələfi olan “Kommunist” qəzeti mənim peşə dərsliyim, yaxın məsləhətçim oldu. Bakıdan gələn bu qəzeti mütaliə etdikcə diqqəti daha çox müəlliflərin hadisələrə münasibətinə, apardığı ümumiləşdirməyə, fakt və onun mənalandırılmasına yönəldirdim. Çox keçmədən mənim yazılarımın da səviyyəsi yüksəlməyə başladı.

Bəri başdan deyim ki, mətbuat aləmində işlədiyim 25 ildə qazandığım uğurlara görə “Kommunist” qəzetinə, onun istedadlı jurnalistlər ordusuna borcluyam. Bu qəzet anadilli jurnalistikada yeni qüvvələr üçün yaxşı məktəb, böyük məsləhətçi idi. Xüsusilə də respublikadan kənarda! Mövzu rəngarəngliyi, janr müxtəlifliyi, ana dilinin imkanlarından yerli-yerində istifadə “Kommunist”in hər səhifəsini oxunaqlı edirdi. Hər bir oxucu onun növbəti nömrəsini səbirsizliklə gözləyirdi.

1967-ci ilin əvvəllərində “Sovet Ermənistanı” qəzetində partiya həyatı şöbəsinin müdiri kimi işə başladıqdan sonra “Kommunist”lə əməkdaşlığım daha da möhkəmləndi. Yaxşı yadımdadır, 1968-ci ildə respublikalarda partiya hesabat-seçki konfransları keçirilirdi. “Kommunist”in növbəti nömrəsində “Bayraqdarlar” adlı dərin məzmunlu, oynaq dildə yazılmış hesabat dərc olunmuşdu. Hamımız onu böyük maraqla oxuduq. Yazı Beyləqan (Jdanov) rayon partiya təşkilatının konfransından hazırlanmışdı. Altında A.Səmədoğlu imzası dururdu.

Adətən, belə yazılarda fakt və rəqəmlər darıxdırıcı görünür. “Bayraqdarlar” isə ideya-siyasi işin fonunda insan zəhmətinin bədii tərənnümü, bu mövzuda yeni istiqamət idi. Etiraf edim ki, o vaxtadək hətta “Pravda” qəzetində oxuduğum yazılarda bu səpkidə materiala rast gəlməmişdim. Müəllifin şəxsiyyətini çox araşdırdıq, redaksiyaya zəng vurduq. Dedilər ki, müəllif redaktorumuz Ağababa Rzayevdir (Səmədoğlu). Bir qədər sonra qəzetdə A.Səmədoğlunun Mingəçevir şəhər partiya təşkilatının fəaliyyətinə həsr olunmuş “İşıq” yazısı getdi. Yenə həmin üslub, həmin dəst-xətt əksini tapmışdı.

Etiraf edim ki, bu iki yazı “Sovet Ermənistanı”nın səhifələrində hesabat-seçki konfranslarından bəhs edən yazıların məzmun və üslubunu tamamilə dəyişdi, bir növ “etalon” oldu.

Bax, bu idi “Kommunist”in öyrədici rolu, yoldaşlıq köməyi, bir də səfərbəredici gücü.

1969-cu ildə qəzet öz yarıməsrlik yubileyini qeyd etdi. Təntənəli tədbirdə bu yazının müəllifi də var idi. Yubiley Akademik Dövlət Dram Teatrında keçirildi. Hamının diqqəti səhnəyə yönəlmişdi. Ayyarım əvvəl Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyev tribunada görünəndə salon onu gurultulu alqışlarla qarşıladı. Heydər Əliyev MK-nın, Ali Sovet Rəyasət Heyətinin, Nazirlər Sovetinin “Kommunist” qəzetinin redaksiyasına ünvanlanmış təbrik məktubunu Azərbaycan dilində oxudu, nitq söylədi...

Düzü, böyük sevinc və fərəh hissi keçirirdim. Birinci, Ermənistanda yaşayan, işləyən ziyalıların arasında Heydər Əliyevi görmək, çıxışını dinləmək ən əvvəl mənə nəsib olmuşdu. İkincisi, o, onilliklərdən bəri respublikada yaranmış zərərli ənənəni pozaraq, xalq qarşısında onun ana dilində çıxış etmişdi... Həm də bu, ulu öndərin geniş auditoriyada, yubiley mərasimində etdiyi çıxışların başlanğıcı idi.

“Kommunist” qəzeti ilə bağlı təəssüratlarımı vərəqlədikcə məndə belə bir yəqinlik hasil olur ki, bu qəzet həmişə öndə gedib, liderlik mövqeyini saxlayıb. O, Bakıdan kənarda çalışan anadilli qəzet işçilərinin də dəyərli məsləhətçisinə çevrilib. Onun Azərbaycanda deyil, xaricdə də daimi abunəçiləri, çoxlu oxucuları olub, indi də var. Vaxtilə milli dildə nəşr olunan digər qəzetlər öz fəaliyyətini “Kommunist”in nümunəsi əsasında qurmağa çalışırdı.

“Kommunist” həmişə liderlik mövqeyini layiqincə yerinə yetirib. Bu ucalığın bir səbəbi də respublikanın tanınmış qələm sahiblərinin bu kollektivdə çalışması idi. Yaxşı və mütərəqqi cəhətlər qəzetdə təbliğ edilir, nöqsanlara qarşı kəskin mübarizə aparılırdı. Qəzetin çıxışından sonra nöqsan və çatışmazlıq çox vaxt həmin gün aradan qaldırıldı. Qəzet səhifələrində dərc olunan “Redaksiyaya cavab verirlər”, “Tədbir görülmüşdür”, “Biz yazandan sonra” və digər rubrikalarla verilən rəsmi cavablar görülmüş işləri əks etdirirdi.

Təbiət, onun gözəllikləri barədə Hidayət Zeynalovun, partiya həyatı mövzusunda Hüseynqulu Xanlarovun, təbliğat mövzusunda Telman Heydərovun, məktəb həyatı ilə bağlı Kazım Ələkbərovun, kənd təsərrüfatına dair Musa Əliyevin, hərbi vətənpərvərlik mövzusunda Məzahir Süleymanzadənin, teatr tamaşaları ilə bağlı İlham Rəhimlinin, ədəbi-bədii proseslərə dair Əfqan Əsgərovun, felyeton janrında əvvəllər Cahangir Gözəlovun, sonralar Rəfail Nağıyevin, Tofiq Həsənovun, Əli İldırımoğlunun tutarlı yazıları, vaxtaşırı hazırlanan tematik səhifələr, parlaq publisistika nümunələri həmişə maraqla oxunur, geniş əks-səda doğururdu.

Redaksiyanı bölgələrdə təmsil edən xüsusi müxbirlər — Əli İldırımoğlu, Sadıq Qarayev, Əhməd İsayev, Firudin Rəsulov, Telman Əliyev, Bariz Əsədov, Valeh Musayev, Ziyəddin Sultanov və başqalarının qaldırdıqları məsələlər oxucuları razı salırdı, əməli işlərlə nəticələnirdi.

Qəzet üçün önəmli bir cəhət də bütün kollektivin ana dilinin saflığı uğrunda dəyanət göstərməsi idi. Qəzet Azərbaycan dilinin saflığı, yeni sözlərin mətbuata yol açması üçün Respublika terminologiya komissiyası ilə bərabər fəaliyyət göstərmişdir.

Qəzet Azərbaycandan kənarda çıxan milli qəzetlərə hər cür əməli, texniki yardım da göstərirdi. Partiyanın 24-cü qurultayında (1971) tərcümə olunmuş qurultay materiallarını təyyarə ilə İrəvana çatdırmaq mənə tapşırılmışdı. “Kommunist” nəşriyyatı mətbəəsində iş başdan aşırdı. Bir tərəfdən, “Kommunist” üçün, arxasınca da milli qəzetlər üçün matrisa çıxarılırdı. Yadımdadır, MK-nın, Siyasi Büronun tərkibində seçilənlərin adamlarına və şəkillərinə redaktor müavini Adil Cavadlı xüsusi nəzarət edirdi.

Bu yolla sonrakı bütün qurultayların sənədləri İrəvanda “Bakı matrisası” əsasında çap olunmuşdu. “Kommunist” 1991-ci ilin avqustundan “Xalq qəzeti” adı ilə çıxır. Kollektivin ənənəsi, iş təcrübəsi isə yaşayır. Qəzet yeni demokratik cəmiyyətdə rolunu və yerini düzgün müəyyənləşdirib.

Ənənəyə sadiq qalan qəzet Azərbaycanımızda sosial, mədəni quruculuqda, təsərrüfat işlərində öz sözünü inamla deyir. Qəzetin ənənəsini davam etdirən jurnalistlər yazıların dövrün tələbləri ilə səsləşməsi üçün qüvvə və səylərini əsirgəmirlər.

Telman Heydərov, İttifaq Mirzəbəyli, Qüdrət Piriyev, Ruslan Rəfizadə, Tahir Rüstəmov, Mirbağır Yaqubzadə, Vaqif Bayramov... və başqaları qəzetin cəfakeşlərindəndir. Onlar öz imzalarını bu mətbu orqanda çoxdan təsdiq etmiş, oxucu hörməti qazanmışlar. Hazırda “Xalq qəzetin”də çalışan qocaman jurnalist Cahangir Əliyevlə tale bizi iki dəfə birgə işdə qarşılaşdırıb: rayon qəzetində və respublika mətbuatında. Ermənistanda anadilli qəzetin baş redaktoru olmuş bu insan 20 ilə yaxındır ki, “Xalq qəzeti”nin öz adını doğrultmasına hər cür köməyini əsirgəmir.

Məsəl var ki, deyərlər: redaktor qəzetin siması, döyünən ürəyidir. “Xalq qəzetinin” son 8 illik fəaliyyəti baş redaktor Həsən Həsənovun adı, işi ilə bağlıdır. Bu qəzetin tanınmış redaktorlarının estafeti etibarlı əllərdədir. Ənənə yaşayır, zənginləşir.

 

 

Əsgər ƏSGƏROV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 7.