Layiqli kadrları ilə tanınan kollecin yubileyi

 

Kimyaçılar şəhəri sayılan Sumqayıtın istehsal qurğularının idarə olunması üçün ötən əsrin ortalarında burada ixtisaslı kadrlara böyük tələbat vardı. Buna görə də 1959-cu ildə 10 yaşlı Sumqayıtda Kimya-Texnologiya Texnikumunun — indiki Dövlət Texniki Kollecinin əsası qoyulub. Bu gün Sumqayıt özünün 60 illik yubileyinə hazırlaşdığı əlamətdar bir vaxtda kollecin də yarıməsrlik yubileyi qeyd olunur.

 

Əlli il öncə qapılarını tələbələrinin üzünə açan bu orta ixtisas təhsili müəssisəsi böyük inkişaf yolu keçib. Texnikumun məzunları arasında adlı-sanlı zəhmət adamları, iki Sosialist Əməyi Qəhrəmanı, neçə-neçə ünlü kimyaçı-alim var. Kimya kompleksi üçün kadrlar hazırlayan önəmli bir baza kimi bu təhsil ocağında 15 ixtisas öyrədilmiş, Bakı Şin Zavodunda filialı olmuş, tədris kabinetləri və laboratoriyalar, emalatxanalar müasir tələblər səviyyəsində qurulmuş, əyani, axşam və qiyabi şöbələr fəaliyyət göstərmişdir. Hazırda Sumqayıt Dövlət Texniki Kolleci təkcə kimya sənayesi üçün deyil, bir çox digər sahələr üçün də kadrlar hazırlayır.

Yubiley tədbirinin iştirakçıları — kollecin kollektivi və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Sumqayıtdakı möhtəşəm abidəsini ziyarət etdilər, unudulmaz böyük şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Mərasimi kollecin direktoru, kimya elmləri namizədi Mətanət Pirquliyeva açaraq təhsil ocağının keçdiyi yarıməsrlik şərəfli yol barəsində məruzə etdi. Tarixi kino-xronika ilə müşayiət olunan məruzə böyük maraqla qarşılandı.

Mətanət Pirquliyeva bildirdi ki, Sumqayıtın sənaye müəssisələrində çalışan texniklərin, mühəndislərin və ixtisaslı fəhlələrin 30-35 faizini bu təhsil ocağının məzunları təşkil edir. Ölkəmizin təhsil sahəsində aparılan islahat proqramına əsasən, Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli qərarı ilə Sumqayıt Texnologiya Texnikumu Sumqayıt Dövlət Texniki Kollecinə çevrilmiş və özünün yeni həyatına başlamışdır. Kollecdə müasir dövrün tələblərinə cavab verən maddi-texniki baza və ixtisaslı müəllim heyəti formalaşmışdır. İndi burada 12 ixtisas üzrə 1141 tələbə təhsil alır. Onların 774-ü əyani təhsil üzrə 46 qrupda, 367-si isə qiyabi şöbənin 18 qrupunda seçdikləri ixtisasa yiyələnirlər. Kollecdə gömrük ekspertizası, mühasibat uçotu və audit, istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi, kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət, əmək təlimi, gömrükxana işi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili, yol hərəkətinin təşkili, dövlət yol polisində inzibati hüquq fəaliyyəti, laboratoriya diaqnostikası, bələdiyyə təsərrüfatının təşkili və idarə edilməsi, elektrik kimi ixtisaslı mütəxəssislər hazırlanır. 146 müəllimin çalışdığı kollecdə tədris müasir səviyyədə qurulub, cəmiyyətimiz üçün layiqli mütəxəssislərin yetişməsi üçün mütərəqqi metodlardan istifadə edilir, yeni-yeni uğurlar qazanılır.

Məruzəçi kollecin uğurlu fəaliyyətinə daim hərtərəfli köməklik göstərən Təhsil Nazirliyinin və Sumqayıt ŞİH-nin rəhbərliyinə kollektivin dərin minnətdarlıqlarını çatdırdı.

Tanınmış təhsil müəssisəsinin ilk məzunlarından biri olan kimyaçı-yazıçı Famil Süleymanov sonradan xarici ölkələrdə təhsilini davam etdirməsində, “Azərikimya” Dövlət Şirkətinin vitse-prezidenti vəzifəsinədək yüksəlməsində, məhz bu kollecdə aldığı biliklərin əsas rol oynadığını vurğuladı.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev yubileyi qeyd olunan kollec kollektivinə ən xoş arzularını bildirdi və bir qrup müəllimə fəxri fərmanlar təqdim etdi.

Təhsil naziri Misir Mərdanov ölkə iqtisadiyyatının inkişafında bu təhsil ocağının mühüm rolunu yüksək dəyərləndirdi. Kollecin uğurlarında zəhməti olan müəllimlərə nazirliyin mükafatları və “Qabaqcıl təhsil işçisi” döş nişanları verildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 7.