Səbail: Dinamik inkişaf davam edir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, 2009-cu ilin doqquz ayı ərzində respublikada ümumi daxili məhsul 6,1 faiz, sənaye istehsalı 5 faiz artmış, kənd təsərrüfatında 3 faizlik irəliləyiş olmuşdur. Bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin parlaq nəticəsidir.

 

2009-cu ilin doqquz ayı ərzində respublikada görülmüş işlər barədə danışan A.Əsgərov qeyd etmişdir ki, həmin dövr ərzində Səbail rayonunun sənaye müəssisələri üzrə 271,6 milyon manatlıq məhsul istehsal edilmiş, istehlakçılara 272,9 milyon manatlıq məhsul göndərilmiş və xidmətlər göstərilmişdir.

Rayonda iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 269,9 milyon manat olmuş, rabitə müəssisələri tərəfindən birinci yarımillikdə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 503,9 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.

2009-cu ilin yanvar-oktyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1272,9 milyon manat, tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 322,4 milyon manat olmuşdur.

Sosial sahə üzrə fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin həcmi 142,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. İstehlak bazarında əhaliyə 337 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmiş, pərakəndə əmtəə dövriyyəsinin həcmi 22,5 faiz artmışdır.

9 ay ərzində Səbail rayonunda çalışan işçilərin sayı 87123 nəfər, orta aylıq əmək haqqının məbləği isə 645,4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 manat və ya 3,5 faiz çoxdur. 9 ay ərzində Səbail rayonunda 1592 daimi iş yeri açılmışdır. Ümumiyyətlə isə 2003-cü ilin noyabrından 2009-cu ilin sentyabrına kimi rayonda açılmış 31166 iş yerinin 30298-i daimidir. Son beş il ərzində Bakı şəhərində açılmış daimi iş yerlərinin 18,3 faizi Səbail rayonunun payına düşür və rayon Bakı şəhəri üzrə birincilər sırasındadır.

Cari ilin əvvəlində əsaslı təmir və bərpa işlərindən sonra təhvil verilmiş obyektlərin siyahısına son 3 ay ərzində Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Dövlət İncəsənət Muzeyinin binası, Milli Məclisin yeni korpusu, “Filarmoniya bağı” da əlavə olunmuşdur. Ü.Hacıbəyov, Puşkin, Z.Əliyeva, M.Hüseyn küçələri, Parlament prospekti təmir olunaraq bura yeni müasir asfalt örtüyü çəkilmişdir. Həmin obyektlərin açılışında ölkə başçısı cənab İlham Əliyevin iştirakı respublikamızda mədəniyyət və mənəviyyat məsələlərinə, milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət və qayğının səviyyəsini aydın göstərir.

Hazırda “Xaqani” bağında əsaslı təmir işləri başa çatmaq üzrədir. “Fəvvarələr bağı”nda və Nizami küçəsində əsaslı təmir və yenidənqurma işləri, həmçinin Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə uzanan yeni magistral yolun çəkilişi, şəhərin qocaman təhsil müəssisələrindən olan Beynəlxalq Təhsil Kompleksi və 132 saylı orta məktəbin binalarının təmiri davam etdirilir.

Rayon Veteran Təşkilatları Şurasının qərargahı əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təmin olunmuş, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərargahında əsaslı təmirə başlanmışdır. 20-ci sahədə şəhid Yüzbəy Mürsəlovun xatirə guşəsi yenidən qurulmuşdur. Bibiheybət qəsəbə qəbiristanlığına gedən yol təmir olunaraq asfaltlanmış, mədəniyyət evi və xeyir-şər yeri lazımi inventar və avadanlıqlarla təmin edilmişdir.

Rayonda ekoloji problemlərin həlli daim diqqət mərkəzindədir. Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən Bibiheybət buxtasında neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsi çərçivəsində artıq 174 hektardan çox sahə təmizlənmiş və burada ağaclar əkilmişdir.

Rayon sakinlərinin içməli su ilə təminatında mövcud çətinliklərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. “Azərsu” SC tərəfindən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində Oğuz-Qəbələ su kəməri üçün nəzərdə tutulan 4 su anbarının tikintisi işləri davam etdirilir.

Avqust ayında Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış “Abad həyət” layihəsinin icrasına başlanmış, artıq Badamdar qəsəbəsində 3 ünvanda yerləşən həyətlərdə əsaslı təmir-abadlıq işləri başa çatdırılmışdır. Həyətlərdə yeni mini futbol stadionları, istirahət guşələri, uşaqlar üçün yelləncəklər quraşdırılmış, asfalt örtüyü çəkilmişdir. Bu işlər digər həyətlərdə də davam etdiriləcəkdir.

Şəhərin mərkəzində abadlaşdırılması və asfaltlaşdırılması nəzərdə tutulan 80-ə yaxın həyət müəyyənləşdirilmiş, təmir zamanı həyətdəki kommunikasiya xətlərinin bərpa olunması, iri həyətlərdə kölgəliklərin və oturacaqların quraşdırılması da nəzərdə tutulmuşdur. Qısa müddət ərzində artıq 9 həyətdə işlər başa çatdırılmışdır. Hazırda digər həyətlərin təmiri ilə bağlı hazırlıq işləri aparılır.

Səbail Rayon İcra Hakimiyyəti başçısının rayonun yaşayış sahələrində keçirdiyi açıq qəbullar zamanı sakinlər tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınaraq RİH tərəfindən bir neçə sosial yönümlü layihə hazırlanıb və həyata keçirilən abadlıq işləri planına salınmışdır. Artıq rayonun 20-ci yaşayış sahəsindəki veteranlar parkında və nəqliyyat dairəsində əsaslı təmir-abadlıq işlərinə, Badamdar qəsəbəsi, Neftçilər küçəsindəki boş sahədə yeni istirahət guşəsinin yaradılmasına, qəsəbədə “xeyir-şər” yerinin tikintisinə başlanmışdır. Yaxın günlərdə YAP Səbail rayon təşkilatının yeni binasının təməlqoyma mərasimi keçiriləcək.

Doqquz ayda rayonun təsərrüfat xidmətləri tərəfindən əhalinin içməli su, elektrik enerjisi, təbii qaz, istilik təminatı ilə bağlı problemlərinin həlli istiqamətində də xeyli iş görülmüşdür.

Hesabat dövründə rayon icra hakimiyyəti tərəfindən əlamətdar günlərə, dövlət bayramlarına həsr olunmuş tədbirlərlə yanaşı, bir sıra yaddaqalan görüşlər də keçirilmişdir. 2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı iyul ayında rayon icra hakimiyyətinin layihəsi əsasında aztəminatlı ailələrdən olan şagirdlər üçün kompyuter və xarici dil kursları təşkil olunmuş, bu kurslara 90 nəfər şagird cəlb olunmuşdur.

Avqust ayında isə rayonun 150 nəfərə yaxın məktəblisinin Quba rayonunun Qımıl-Qazma kəndində yaradılmış “Şahinlər” yay istirahət düşərgəsində pulsuz istirahəti təşkil olunmuşdur. Sentyabr ayında Yerevanda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak etmiş Azərbaycan komandasının üzvləri və məşqçiləri ilə RİH-də görüş keçirilmişdir.

Bu il rayonun orta məktəblərini bitirmiş şagirdlərdən 852 nəfəri tələbə adını qazınmış, 176 nəfəri 500-dən çox, 33 nəfəri 600-dən çox, onlardan 5 nəfəri isə 650-dən çox bal toplamış, 2 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” respublika müsabiqəsində Səbail rayonunun “İstedad” Beynəlxalq Təhsil Kompleksi, 2 saylı texniki-humanitar elmlər liseyi, 190 və 239 saylı orta məktəbləri, həmçinin rayonun orta məktəblərinin 5 müəllimi qaliblər arasında olmuş, 5 Oktyabr - Beynəlxalq Müəllim Günü ərəfəsində isə ölkə başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 4 nəfəri “Əməkdar müəllim”, 1 nəfəri isə “Tərəqqi” medalına layiq görülmüşdür.

Ramazan bayramı ilə əlaqədar rayonun təsərrüfat xidmətlərinin 450 nəfər işçisinə ərzaq bağlaması paylanmış, Badamdar və Bibiheybət qəsəbələrində iftar süfrələri açılmış, oktyabrın 2-də RİH tərəfindən Badamdar qəsəbəsindəki, “İbrahim” şadlıq evində Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Həmin tədbirdə 200 ahıla bayram sovqatı verilmişdir.

Hazırda rayonda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri gedir. Qısa müddətdə bələdiyyə seçkiləri ilə bağlı seçici siyahıları dəqiqləşdirilmiş, məntəqələrin formalaşdırılması, texniki təminatı və s. məsələlər həll edilmişdir. 2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasda bütün bunlar barədə ətraflı söhbət açılmışdır. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında həyata keçirilən sosial-iqtisadi inkişaf proqramını dəstəklədiklərini, əhalinin güzəranının yaxşılaşdırılması, paytaxtımızın gözəlləşdirilməsi istiqamətində aparılan işlərdə əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan tikinti- abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görüləsi işlər müzakirə olunmuşdur.

 

 

Ə.BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 6.