Düzgün iqtisadi strategiya Azərbaycanı regionda lider dövlətə çevirmişdir

 

(əvvəli qəzetimizin 16 oktyabr tarixli sayında)

 

Bazar iqtisadiyyatı infrastrukturlarının inkişafında son illər dövlətin gördüyü işlər hər birimizin gözü qarşısında baş vermişdir. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının strateji xətti, onun reallaşma istiqamətləri ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Xalqımızın ümummilli lideri 10 il ərzində iqtisadi idarəetmənin bu və ya başqa sahələrinin inkişafı və tənzimlənməsi üzrə yüzlərlə qanun imzalamış, onlarla fərman və sərəncam vermişdir. Əlbəttə, başlıca məsələ onların kəmiyyətində yox, ölkənin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətindədir. Həmin sənədlərin ölkənin sosial-iqtisadi vəziyyətinə təsiri üçün əsas meyar ümumi daxili məhsulun (ÜDM) dinamikası ola bilər. Heydər Əliyevin başladığı işlərin uğurlu davamçısı Prezident İlham Əliyev ölkədə görüləsi işləri yeni keyfiyyət halına gətirdi. Dünya proseslərinin təhlili əsasında iqtisadi inkişafa yeni dinamika verdi.

 

Dünyanı iqtisadi böhranın bürüdüyü 2009-cu ildə ÜDM istehsalı tənəzzülə uğradığı,ipoteka və qimətli kağızlar sistemi bir-birinin ardınca müflisləşdiyi halda Azərbaycanda ÜDM-in artımı 4,1 faiz, qeyri-neft sektorunda isə 14 faiz olmuşdur. 2009-cu ilin birinci rübündə ixracın artımı 20 faiz, orta aylıq əmək haqqı 20 faiz artmışdır. Uğurların səbəbini təkcə neft və qaz istehsalında axtarmaq düzgün olmazdı. Başlıcası uğurlu iqtisadi siyasət yeridilməsindədir. Aparılan struktur və idarəetmə islahatlarına görə Azərbaycan dünyada öncül yerdədir. Dünyanın maliyyə institutları Dünya Bankı, BVF Azərbaycanı bir nömrəli islahatçı dövlət hesab edirlər.Uğurlar iqtisadi, siyasi islahatlarda, sosial-siyasi stabilliyin qorunub saxlanılması və daha da möhkəmlənməsində olmuşdur. Əlverişli investisiya mühitinin yaradılması, investisiya qoyuluşunun səmərəli təşviqi xarici investisiyaların Azərbaycana axımının artmasına səbəb olmuşdur. 2009-cu ildə dəyəri 300 milyon avrodan çox yeni sement zavodunun təməlqoyma mərasimi olmuşdur. Sosial infrastruktur sahələri daha sürətlə inkişaf etmişdir. Yolların salınması, Heydər Əliyev Fondunun birbaşa köməyi ilə 2 mindən çox məktəb, yüzlərlə xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqları, turizm obyektləri tikilib istifadəyə verilmişdir. Dünya iqtisadiyyatını tənəzzülün bürüdüyü dövrdə yeni körpülərin, elektrik stansiyalarının tikilməsi, alternativ enerji mənbələrindən istifadə edilməsi, qeyri-neft sektorunun üstün inkişafı nəticəsində 1996-2003-cü illərdə Azərbaycanda ÜDM istehsalının orta artım tempi müntəzəm olaraq yüksəlməkdə davam etmişdir.

Rabitə və informasiya texnologiyaları sisteminə investisiyaların cəlb olunması sahəsində daha aktiv fəaliyyət göstərilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Mingəçevirdə müasir elektron avadanlıqları istehsal edən “KÜR” MMC yaradılmış, universal telekommunikasiya xidmətlərinin təşkili üçün məqsədyönlü işlər görülmüşdür. 2008-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində 544 yaşayış məntəqəsinin tam telefonlaşdırılması başa çatdırılmış, onların 136-sı simsiz rabitə xidməti dairəsinə daxil edilmiş, 318-i peyk rabitəsi avadanlıqları vasitəsi ilə telefonlaşdırılmış, 19-da elektron ATS-lər quraşdırılaraq istifadəyə verilmiş, 14-ü radiotelefonlarla, 57-si yaxın ATS-lərdən fiziki xətlər vasitəsilə telefonlaşdırılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə yardım məqsədilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında qrant sazişi imzalanmış, nazirliyin sturukturunun təkmilləşdirilməsi və müstəqil tənzimləyici qurumun formalaşması üzrə təkliflərin hazırlanması üçün ekspert şirkəti seçilmiş və müvafiq işlərə başlanmışdır.

Azərbaycanda XX1 əsrin tələblərinə cavab verən müasir informasiya və kommunikasiya infrastrukturunun yaradılması dövlət qurumları, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yaradılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramı çərçivəsində görülən işlər nəticəsində respublikanın ümumi telefon şəbəkəsi rəqəmləşdirilmişdir. 2008-ci ildə 43 ATS rekonstruksiya olunaraq müasir elektron ATS-lərlə yeniləşdirilmişdir. Beləliklə, respublikanın ATS-lərinin, elektron ATS-lərlə əvəzlənməsi 80 faiz təmin edilmişdir. Bunlardan əlavə, Siyəzən (Azərbaycan), Aktau (Qazaxıstan) istiqamətində Trans-Avropa-Asiya magistralının tikintisi üzrə Hökumətlərarası Əməkdaşlıq Protokolu imzalanmışdır. Eyni zamanda, alternativ istiqamətdə Bakı-Türkmənbaşı optik dənizaltı kabel xəttinin tikintisi üçün hazırlıq işlərinə başlanmışdır.

Azərbaycan internet xəttindən istifadəyə görə Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur kimi ölkələrlə bir səviyyəyə yaxınlaşmaqdadır. Blokada şəraitində yaşayan Naxcıvan MR ərazisində yüksək sürətli internet sisteminin işə salınması üçün tədbirlər görülmüşdür. Dövlət özəl televiziya verilişlərinin peyk vasitəsi ilə verilməsini təmin etmişdir. Hazırda Azərbaycanın regionun informasiya mərkəzinə çevrilməsi üzrə gərgin iş gedir.

İKT Azərbaycanın iqtisadiyyatı, istehsalı, ticarəti, pul dövriyyəsi, səhiyyə sisteminə, elmin-təhsilin inkişafına geniş tətbiq olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında “Elektron Azərbaycan” Dövlət Proqramı inamla həyata keçirilir.

Respublikamızda bazar münasibətləri ardıcıl olaraq genişlənir. Azərbaycan iqtisadiyyatında struktur dəyişiklikləri aparılır və iqtisadi artım baş verir. İqtisadi inkişafın bu mərhələsində dövlət təkmil struktur, investisiya siyasəti yeritməklə iqtisadi inkişafa fəal təsir edir. Dünya təcrübəsi göstərir ki, bu mərhələdə dövlət əsaslı vəsait qoyuluşunun həcmi ən azı ÜDM-in 3 faizi nisbətinə çatdırılmalıdır. (Azərbaycan Respublikasının 1997-ci il büdcəsində dövlət investisiya xərcləri 108 milyon manat təsdiq edilmişdir. O, 1997-ci ildə ÜDM-in cəmi 0,6 faizini təşkil edirdi.) 2008-ci ildə əsaslı vəsait qoyuluşlarının dövlət büdcəsi xərclərinə nisbəti 43,4 faiz müəyyən edilmişdir. Bu, investisiya xərclərinin 2007-ci ilə nisbətən bir milyard 40,7 milyon manat və ya 39,3 faiz artımı deməkdir.

2008-ci ildə dövlət büdcəsindən aparılan investisiya xərclərinin ÜDM-ə nisbəti 27,2 faizdən çox olmuşdur. Xarici investisiya qoyuluşlarını da nəzərə alsaq 2009-cu ildə ölkə iqtisadiyyatına bütün mənbələr hesabına investisiya qoyuluşlarının səviyyəsi indiyə kimi görünməmiş səviyyəyə yüksəlmişdir.

Xatırladırıq ki, sürətli iqtisadi tərəqqi üçün bütün mənbələr hesabına iqtisadiyyata investisiya qoyuluşunun ÜDM-ə nisbəti beynəlxalq təcrübənin göstərdiyi kimi, 30-35 faiz olmalıdır. Bazar münasibətlərinə keçidin birdən-birə ümumi tarazlıq və iqtisadiyyatda yüksək səmərəlilik yaratması mümkün deyil. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində belə həm ümumi disproporsionallıq, həm də aşağı səmərəlilik mümkündür. Dünya təcrübəsi bunu təstiq edir. Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatına keçid dövrünü yaşadığından burada Qərbi Avropa ölkələrinə nisbətən iqtisadiyyatın dövlət tənzimlənməsinə daha çox zərurət vardır.

Bir neçə ilin islahatçılıq təcrübəsi göstərir ki, bazar əgər belə demək mümkünsə hər şeyi öz qaydasına qoymaq xassəsinə qadir deyil. Təcrübənin göstərdiyi kimi bu mexanizmlər kortəbii surətdə yarana bilməzdi. Onu cəmiyyət şüurlu surətdə, dövlətin fəal iştirakı ilə yaradır. Öz-özünə “ilkin kapital yığımı” nəticəsində feodalizmdən kapitalizmin yaranması mümkündür. Qalan proseslərin formalaşmasında dövlət xüsusi rol oynamalıdır. Burada, ilk növbədə, nəyi və necə tənzimləmək, habelə orada prioritetləri necə müəyyən etmək və diqqəti onların nizamlanmasına nə cür yönəltmək məsələləri həll edilməlidir. Bu suallara düzgün cavab vermək üçün əvvəl iqtisadiyyatın mövcud vəziyyəti müəyyən edilməli, sonra məqsədyönlü iqtisadi artıma nail olmaq yolları formalaşdırılmalıdır.

Bu gün pul-kredit siyasəti inflyasiya yaranmasına imkan vermədən istehsalı stimullaşdırmağa yönəldilməlidir. Tədavüldəki pul kütləsini eləcə də dövlətin xərclərini azaltmaq hesabına maliyyə sabitliyi yaratmaq səmərəli deyil. Dünya elmi və təcrübəsi 30-cu illərdə bu fikrin yanlış olduğunu sübut etmişdir. ABŞ prezidenti Q. Quverin dövlət xərclərini inadla azaltmaq siyasəti 30-cu illər böhranı ərəfəsində ölkə iqtisadiyyatını uçurum həddinə çatdırdı. ABŞ-ın sonrakı prezidentləri bu acı təcrübədən düzgün nəticə çıxardılar. Monetarist siyasətin tərəfdarları ilə əhatə olunmuş R. Reyqan 1980-1981-ci il böhranında dövlət xərclərini artırmaq və vergiləri optimal həddə endirmək siyasəti yeritdi. Həmin vaxt yaranan büdcə kəsiri sanki Amerikanı partlatmaq həddinə çatmışdı. Lakin bunun əksinə olaraq 80-ci illərdə ABŞ iqtisadiyyatının uzun müddətli yüksəlişi baş verdi. İnflyasiya isə əhəmiyyətli dərəcədə azaldı.

Büdcəni fəallaşdırmaq siyasətinin qaydaları çox da mürəkkəb deyil. Məlumdur ki, dövlət xərclərinin artımı (və ya vergilərin optimal həddə endirilməsi) ÜDM-in stabil artımına xidmət edir, yəni müəssisələrin və əhalinin pula tələbatının artması üçün zəncirvari reaksiya yaradır. Bunun inflyasiya yaranmasına təsir edəcəyi nəzərə alınmalıdır. Lakin aşağıdakı şərtlərə əməl edildiyi şəraitdə inflyasiya baş verməsinin qarşısı tamamilə alına bilər.

Birincisi, əmtəə kütləsini artırmaq üçün hazır ehtiyatlar kifayət qədər olmadığı şəraitdə dövlət xərclərinin sıçrayışlı artımına yol verilməməlidir.

İkincisi, hər cür dövlət xərclərini artırmaq deyil, yalnız o xərcləri artırmaq məqsədəuyğun olardı ki, o istehsalın multiplikativ (dəfələrlə) artımına şərait yaratsın. Üçüncüsü, malların alınmasına, xərclərin artımına adekvat məhsul istehsalının artımına şərait yaradılmalıdır. O da öz növbəsində istehsalın artımına, müəssisənin mənfəətinə, işcilərin əmək haqqı səviyyəsinə, bir sözlə, bütün iqtisadi göstəricilər sisteminə səmərəli təsir edə bilər. Bu Avropa ölkələrinin təcrübəsində geniş istifadə olunan metoddur.

C.M.Keynsin əsərlərində “az inflyasiyalı stimullaşdırma” metoduna geniş yer verilir. Bu gün Qərbdə V.Leontyevin təklifləri ilə “xərclər və məhsul buraxılışı artımı” metodunun istehsala ən səmərəli tətbiqini həyata keçirmək üçün fəal iş aparılır. Bu metodun Azərbaycanda tətbiqi üçün geniş imkanlar olduğu unudulmamalıdır. İnfrastruktur sahələrində görülən işlər respublikada iqtisadi fəallığı artırmaq üçün nə qədər gərgin iş görüldüyünə sübutdur. Bu nöqteyi-nəzərdən dövlətin infrastruktur sahələrinin inkişafına əsaslı vəsait qoyuluşlarını artırması ümumi iqtisadi inkişafa xidmət edir. Elə Azərbaycanın öz təsərrüfatçılıq təcrübəsində də buna sübutlar çoxdur. Xərclərin dəfələrlə artımı məhsul istehsalının adekvat artımı ilə nəticələnərsə, o gəlirlərin dəfələrlə artımına, vergi bazasının genişlənməsinə, dövlət büdcəsinə daxilolmaların artımına təsir edir. Bu şəraitdə dövlət xərclərinin artımı büdcə kəsirinin qısa müddətli artımına, iqtisadi yükslişin sürətlənməsinə təsir edər.

Əgər söhbət makroiqtisadi inkişafa dərhal təsirdən gedirsə, onda investisiya layihəsi seçilməsinə tamamilə başqa münasibət lazım olacaqdır. Bu cür kapital qoyuluşunda tezliklə nəticə verən müəssisələr əsas götürülməlidir. Buna rəqabət qabiliyyətli, ixrac yönümlü məhsullar istehsalını sürətlə artıran (neft və qeyri-neft məhsulları və s.) və tələbat çox olan istehlak şeyləri istehsalına aid emal müəssisələri yaradılmasına vəsait xərci misal ola bilər.

Əhali istehlak şeylərini nağd pulla aldıqları üçün kütləvi istehlak malları istehsalını artırmağa vəsait qoyluşu (həm ərzaq, həm də qeyri-ərzaq malları) tezliklə kassa ödənişi verir. Büdcə vəsaitinin uzunmüddətli və qısamüddətli istiqamətlərə sərfi isə artıq təsərrüfatçılıq vəzifəsidir.

Bu məqsədlər üçün büdcə vəsaiti sərfi, həmçinin milli istehsalçıları qorumaq zərurətindən irəli gəlir. Dövlət vəsaitini xarici avadanlıqlar almağa yönəltmək əmtəə və qiymətlərin artmasının qarşısını almağa təsir etməklə yanaşı, öz resurslarını investisiyaya yönəldilməsi imkanlarını məhdudlaşdırmamalıdır. Milli iqtisadiyyata himayədarlıq siyasəti nəzəri cəhətdən sərbəst bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Lakin unudulmamalıdır ki, ölkənin bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün həmişə və xüsusilə, keçid dövründə düşünülmüş milli iqtisadiyyatın inkişafına himayədarlıq siyasəti yeridilə bilər. Dünya təcrübəsi buna sübutdur. Məşhur şüar, “ Amerika məhsulları alın” şüarını 30-cu illərdə irəli sürən ölkə sonralar sərbəst beynəlxalq ticarət hərəkatına başcılıq etmişdir.

Milli iqtisadiyyata himayədarlıq siyasəti yeritmədən Yaponiyanın İkinci Dünya müharibəsində dağılmış sənayesini bərpa etmək və sonradan onu dünyanın sənaye cəhətdən ən inkişaf etmiş ölkələrdən birinə çevrilməsini (dünyanın 2-ci sənaye dövləti olması) təmin etmək mümkün olmazdı.

Xaricdən alınan maliyyə kreditlərinin “qeyri inflyasiya xarakterli” olmasını inadkarlıqla sübut etməyə cəhd göstərməyin reallıqdan uzaq olduğu unudulmamalıdır. DQK-nın satışı, BVF-nin kreditləri dövriyyəyə yeni pul nişanları buraxılışına baza rolunu oynayır. Onlar inflyasiyaya, büdcə kəsirini Milli Bankın aşağı faizli kreditləri hesabına örtülməsinə nisbətən heç də az “biganə” deyillər. Hamıya məlumdur ki, xaricdən hər cür valyuta idxalı və onun ölkə daxilində xərclənməsi dövlətin Milli Bank vasitəsilə nağd pul emissiyası və bank krediti pul təklifini artırır. Xarici kreditlər yalnız investisiya məqsədlərinə yönəldildikdə qeyri-inflyasiya xarakterli olur. Dövlətin prioritet vəzifəsi - əmtəə istehsalının artımını, o cümlədən fiskal və kredit metodları ilə stimullaşdırmaq və artan pul kütləsinin əmtəə dövriyyəsinə xidmət etməsini təmin etməkdir. Həm də ona görə ölkədə bank islahatı aparılmalı, hər şeydən əvvəl müəssisə və təşkilatlar, bütövlükdə hüquqi və fiziki şəxslərə kredit faizinin dərəcəsi, hesablaşmalara xidmət xərcləri tənzimlənməlidir. Bazar iqtisadiyyatına keçid şəraitində sahibkarlıq fəaliyyətinin makroiqtisadi tənzimlənməsi təkcə islahatlaşdırmada, sahibkarlıqda radikal addımlar atmaqda deyil, habelə bütövlükdə iqtisadiyyatın yeni prinsiplər əsasında inkişafına, ölkədə iqtisadi və siyasi stabilliyə nail olmağın vacib şərtidir.

Dövlət milli iqtisadi təhlükəsizlik strategiyasını müəyyənləşdirməklə, fiskal və monetar siyasət yeritməklə, habelə birbaşa təsiretmə alətləri və mexanizmlərindən istifadə etməklə sahibkarlıq fəaliyyətinin makroiqtisadi tənzimlənməsini təmin edə bilər. Bu, ilk növbədə, ölkədə maliyyə stabilliyi yaradan, inflyasiya tempini normal həddə salan, iqtisadiyyatda pul “aclığı” yaranmasının qarşısını alan, ÜDM-in fiziki komponentlərinin dövranı və dövriyyəsi üçün zəruri olan pul kütləsinin dövriyyədə olmasını təmin edən siyasət yeritməklə tənzimlənə bilər. XX1 əsrdə respublikamızın sosial-iqtisadi vəziyyəti xeyli dərəcədə bu siyasətin arqumentliliyi, onun reallaşması üçün zəruri vasitələr və alətlərdən istifadənin səmərəliliyi ilə müəyyən olunacaqdır.

Beynəlxalq təşkilatların analitik təhlili qarşıdakı əsrdə işsizliyin artımının iqtisadi inkişafı üstələyəcəyini göstərir. Xüsusilə, gənclər və qadınlar arasında işsizliyin artması, bütövlükdə məşğulluq məsələsi XX1 əsrin ən mühüm problemlərindən birinə çevirə bilər. Əmək qabiliyyətli əhalinin hər 5 nəfərindən biri işsiz olan ABŞ, Yaponiya, Fransa, Kanada kimi inkişaf etmiş ölkələrdə işsizlərin artmaqda davam etməsi dünya ekspertlərinin fikirlərini təsdiq edir.

Beynəlxalq təşkilatların və dünyanın ən nüfuzlu mütəxəssilərinin fikrincə, XX1 əsrdə işsizlik problemi dövlət himayəsinə əsaslanan kiçik və orta müəssisələrin inkişafı ilə həll edilə bilər. Yeni əsrdə iqtisadi möcüzələrə nail olunacağı ehtimal olunan Asiya-Sakit okean regionunda — Yaponiyada, Çin Xalq Respublikasında, Sinqapurda, Cənubi Koreyada, Tayvanda və s. investisiyaların iri istehsala qoyuluşu ilə kiçik sahibkarlığın inkişafına istiqamətləndirilməsi arasında balans yaradılmasına böyük əhəmiyyət verilir.

Kiçik sahibkarlıqda bir iş yerinin dəyəri iri sənaye müəssisələrinə nisbətən 10 dəfə az, elmi-texniki yeniliklərdən istifadəyə həssaslıq isə dəfələrlə yüksəkdir. Mobil struktura əsaslanan iqtisadi fəaliyyətin bu sahəsi külli miqdarda mərkəzləşdirilmiş maliyyə vəsaiti tələb etmədən ölkənin potensial imkanlarını təsərrüfatçılıq dövriyyəsinə cəlb etməyə, minlərlə yeni iş yerləri yaratmağa, milli məhsullar istehsalını artırmağa, sağlam rəqabətin inkişafına, qiymətlərin aşağı düşməsinə və deməli, xalqın güzəranının yaxşılaşmasına xidmət edə bilər.

Birləşmiş Millətlər Təşkilatı ekspertlərinin məlumatına görə, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində əhalinin 50 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onlar ümumi daxili məhsulun 60 faizini istehsal edirlər.

1996-cı ildə Azərbaycanda məhsul istehsalının 40-45 faizi iqtisadiyyatın qeyri - dövlət bölməsində yaradılmışdır. 2008-ci ildə Azərbaycan iqtisadiyyatında qeyri-dövlət sektorununun payı 80 faizə çatmış, 2009-cu ildə isə 84-85 faizə çatacaqdır. Elmi-texniki nailiyyətlərin formalaşması, sınaqdan çıxarılması və tətbiqi üçün özünəməxsus meydan olan kiçik müəssisələrin inkişafı bir sıra problemlərin, ilk növbədə, maliyyə probleminin həllini tələb edir. O, həm büdcə vəsaiti, məqsədli kreditlər, kommersiya banklarının uzunmüddətli kreditləri və s. hesabına, həmçinin sahibkarların daxili imkanları - mənfəəti, amortizasiya ayırmaları, pul yığımları və s. hesabına həll edilə bilər. 1997-ci ilin dövlət büdcəsində kiçik sahibkarlığa güzəştli şərtlərlə kredit verilməsi üçün bir milyon manat ekvivalentində vəsait ayrılmışdısa, 2007-ci ildən sonra hər il 80 milyon manatdan çox vəsait ayrılır.

Azərbaycanda sahibkarlığı stimullaşdırmaq siyasəti daha da gücləndirilir, taxıl əkən fermer təsərrüfatlarına hər hektar üçün 80 manat vəsit verilir. Beynəlxalq maliyyə institutlarının sahibkarlığı stimullaşdırmaq məqsədilə ayırdıqları vəsaitlərdən maksimum səmərəli istifadə edilməsi üçün daha səmərəli nəzarət mexanizmləri tətbiq olunur.

İnkişaf etmiş dünya dövlətlərində məşğuliyyət formasından asılı olaraq sahibkarlıq fəaliyyətinə vergilərin differensiallığı təmin olunur. Məcmu vergilər vasitəçilik kommersiya strukturlarına nisbətən istehsal sahələrinə ən aşağı səviyyədə müəyyən olunur. Bu kapitalın tədavül dairəsindən istehsal sahələrinə axınını stimullaşdırmaq məqsdi daşıyır.

Respublikada kreditlərə faiz dərəcəsinin və vergi dərəcələrinin müəyyən edilməsində istehsal və tədavül sferaları arasında differensiallığın olmaması, neqativ nəticələrə səbəb ola bilər. Azərbaycanda mənfəət vergisinin dərəcəsi istehsalçıya da, kommersiyaçıya da 22 faizdir. Bu, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əksəriyyətinin tədavül dairəsinə axınına, pul vəsaitinin vasitəçi, kommersiyaçı strukturlarda cəmləşməsinə səbəb olur. Pul tədavül dairəsindən çıxmır və yeni inflyasiya burulğanı yaradan vasitəyə çevrilir. Antiinflyasiya tədbirlərinin həyata keçirilməsində bu amilin roluna kifayət qədər qiymət verilməsi iqtisadi artıma, inflyasiyanın qarşısını almağa təsir edərdi.

Vergi siyasətində differensiallıq təmin olunmalı, mənfəətdən vergi, əmlak vergisi və s. sahəsində yeridilən siyasət sahibkarlığın inkişafını stimullaşdırmağa daha fəal istiqamətləndirilməlidir.

Milli sahibkarlığın inkişafında prioritet istiqamətlərin müəyyən edilməsi, əsaslandırılmış perspektivli layihələrin dövlət büdcəsindən məqsədli maliyyələşməsinin təmin edilməsi, sahibkarlığın inkişafına hüquqi baza yaradılması, respublikada sahibkarlıq subyektlərində işlərin fəallaşmasına, iqtisadi artımın daha da sürətlənməsinə təsir edə bilər.

Dövlətin iqtisadi funksiyasını reallaşdırmasında büdcə siyasəti xüsusi rol oynayır. Konstitusiyaya əsasən Nazirlər Kabineti həm “Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayır”, həm də “dövlət büdcəsinin icrasını təmin edir”. Dövlət büdcəsinin tətbiq edilməsi haqqında, ölkə Prezidentinin fərmanlarında büdcə xərclərinin bölüşdürülməsinin əsas hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilir. Təbii ki, bu bölgünün səmərəliliyindən dövlət büdcəsinin iqtisadi inkişafa, iqtisadi artıma stimullaşdırıcı təsiri, habelə xalqın rifahı üçün zəruri sosial tədbirlərin həyata keçirilməsi çox asılıdır.

Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən Nazirlər Kabineti maliyyə-kredit və pul siyasətinin reallaşmasını, dövlətin iqtisadi proqramlarının həyata keçirilməsini və s. təmin edir. Bir sözlə, iqtisadiyyatın cari vəziyyəti və operativ idarə edilməsinin ən güclü rıçaqları Nazirlər Kabinetinin səlahiyyətidir.

Təcrübə göstərir ki, dövlət investisiyasının Nazirlər Kabineti tərəfindən aparılan bölgüsü və maliyyələşdirilməsində əsassız ləngimələrə yol verilməməlidir. Büdcədən maliyyələşdirilən obyektlərin siyahısı və onlara ayrılan vəsaitlərin bölgüsü yeni maliyyə ilinə kimi aparılmalı, həmin obyektlər üzrə dəqiqləşdirmə isə ilin birinci rübündə, ən geci ikinci rübdə təsdiq edilməlidir. Onsuz ləngimələrin qarşısını almaq, yarımçıq qalmış zəruri obyektlərin inşasını başa çatdırmaq mümkün deyil.

Nazirlər Kabinetinin və digər icra strukturlarının operativ fəaliyyət göstərməsini təmin etməklə həmin problemi operativ həll etmək üçün fəal tədbirlər görülür.

Radikal struktur və idarəetmə islahatları aparmadan, lüzumsuz idarəçilik və paralel strukturları aradan qaldırmadan dövlət büdcəsinin formalaşması, bölgüsü və istifadəsində əsaslı dəyişiklik aparmaq, idarəetmə xərclərini optimal həddə endirmək mümkün deyil.

İxracın strukturunda istehsal təyinatlı yanacaq - xammal 90 faiz təşkil edir. “Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında (1996-cı ildə) barter əməliyyatlarının məhdudlaşdırılması mqsədəuyğun hesab edilmiş, yalnız zəruri hallarda Nazirlər Kabinetinin icazəsi ilə onun aparılmasına icazə verilmişdir.

Həm də 1996-cı ildə respublikadan 200 milyon dollarlıq barterlə ixrac olunmuş malların əvəzinə, respublikaya cəmi 120 milyon məhsul gətirilmişdir. Barterlə ixrac edilmiş 80 milyon dollarlıq məhsul respublikaya qayıtmamışdır. Bu, respublikamızda həmin dövrdə bir ayda istehsal edilmiş ümumi daxili məhsula bərabər idi. Xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş valyuta sərvətləri şəklində gəlirlərin gizlədilməsi, onların Azərbaycan Respublikası hüdudlarından kənara qanunsuz olaraq çıxarılması Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq cəzalandırılır. Hələ bu idxalın səbəbləri araşdırılmamış, təqsirkarlar müəyyən edilməmiş və məsuliyyətə cəlb olunmamışlar.

Büdcə dövlətin sadəcə olaraq gəlir və xərclərin uçotu, hesabatı deyil, dövlətin iqtisadi siyasətini reallaşdırmağın ən güclü alətidir. Bütün dünya ölkələrində belədir, mülkiyyətinin 80 faizi özəl olan ölkələrdə də. Bu ən mühüm, qlobal proqramların dövlətin birbaşa və ya dolayı iştirakı ilə həll edildiyi, dünya təcrübəsində təsdiqlənən faktdır.

Başlıcası, əlbəttə, büdcə mədaxilini formalaşdırmaqdır. Məlum olduğu kimi, mədaxilsiz bölgü mümkün deyil. Bölünən olmadan bölmək, yenidən bölmək və istifadə etmək mümkün olmadığı kimi.

Dünyanın əksər ölkələrində büdcə mədaxilində iştirak hər kəsin vətəndaşlıq borcudur. Bu borca əməl etməyənlərə, qanunla qadağan olunmamış hər hansı fəaliyyətdən yaranan, əldə olunan qazancdan büdcə qarşısında öhdəliklərini yerinə yetirməyənlərə, vəzifəsindən, ictimai mənsubiyyətindən asılı olmadan ən sərt qanunlar tətbiq edilir. Nəticədə, ABŞ konqresmenlərinin dedikləri kimi “bir ölümdən, bir də vergidən yayınmaq, heç kəsə müyəssər olmur”. Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi iqtisadi siyasət strategiyası və onun sistemlə reallaşdırılması büdcə mədaxilinin son illər 3 dəfəyə qədər artımı ilə nəticələnmişdir.

“İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” (17 iyul 1996-cı il), “İqtisadiyyatda qarşılıqlı hesablaşmalarda yaranmış vəziyyətin aradan qaldırılması və maliyyə intizamının möhkəmləndirilməsi tədbirləri haqqında” (24 sentyabr 1996-cı il) və digər fərmanları, sərəncamları ölkənin sosial-iqtisadi inkişafında dönüşün əsasını qoydu.

Bu sənədlərdə dövlətin iqtisadi strategiyasını reallaşdırmağın hüquqi bazası, onların icrasının alətləri və mexanizmləri öz əksini tapdı. O, dövlətin iqtisadi funksiyalarının qanunlar, normativ aktlarla reallaşdırmağın, bütün imkanları xalqın rifahına yönəltməyin bariz ifadəsi oldu.

Dövlət başçısının sistem xarakterli daxili və xarici siyasəti, iqtisadi əməkdaşlığa, investisiya qoyuluşlarına qarant olması, respublikanın sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyəti olan müqavilələrin bağlanması ilə nəticələndi. İqtisadi, sosial və siyasi əhəmiyyətini bir çoxlarının vaxtında anlaya bilmədiyi və ya anlamaq istəmədiyi bu uzaqgörən siyasət artıq öz konkret nəticələrini verməkdədir.

Heç bir mübaliğəsiz deyirik ki, ulu öndərimizin təşəbbüsü ilə vaxtında bu müqavilələr bağlanmasaydı, indi onların bəzisini reallaşdırmaq qeyri-mümkün olardı. Ölkə Prezidenti uzaqgörən siyasət yeritməklə hadisələrin və proseslərin sonrakı gedişini əhəmiyyətli dərəcədə qabaqladı, bir sıra ölkələri fakt qarşısında qoydu, Azərbaycan Respublikasının qanuni mənafelərinin reallaşmasını təmin etdi. Göstərilən müqavilələr bağlanması Xəzər dənizinin Azərbaycan sektorunda təbii ehtiyatları təsərrüfatçılıq dövriyyəsinə cəlb etmək və onları xalqımızın mənafeyinə xidmət etməyə yönəltməklə uzunmüddətli problemlərin həllinə zəmin yaratdı. Bu cənab Prezidentin strateji məqsədləri özündə ifadə edən iqtisadi siyasət yeritməsinə əyani misaldır. Belə misalları çox misal gətirmək olar.

İqtisadiyyatda mütərəqqi meyllərin baş verdiyi real faktdır. Onun başlıca faktoru bövlət başcısının gərgin səyi ilə respublikada ictimai-siyasi sabitliyin təmin olunmasıdır. Onu pozmaq üçün müxtəlif təxribatlara əl atanlar olsa da, məhz ölkə Prezidentinin müdrik siyasətilə respublikada qorunub saxlanılan və möhkəmlənən siyasi stabillik, eləcə də icra sturuktrları qarşısında dövlət başcısının proqram xarakterli vəzifələr qoyması iqtisadi fəaliyyətin digər sahələrində işlərin canlanmasına təsir etmişdir.

Dövrün tələbindən irəli gələn fəal iqtisadi siyasət yeridilməsi və onun reallaşması üçün sistem xarakterli tədbirlər görülməsi nəticəsində 1996-cı ildə sənaye istehsalında gerləməni dayndırmaq mümkün olmuş, kənd təsərrüfatı məhsulları istehsalında isə 3 faiz artıma nail olunmuşdur. O, büdcə mədaxilinin formalaşmasında da irəliləyişlərin əsasını təşkil etmişdir.

Büdcə mədaxili kəmiyyətinin ölkənin real imkanlarına uyğunluğu üçün meyar onun ümumi daxili məhsula nisbətidir. 1996-cı ildə Azərbaycanda büdcə mədaxilinin ÜDM-ə nisbəti 17,5 faiz proqnozlaşdırıldığı halda, 14,8 faiz icra olunmuşdur. Yığılmış vergilərin ÜDM-ə nisbəti isə 14 faiz proqnozlaşdırıldığı halda, 12 faiz icra edilmişdir. Bu, inkişaf etmiş dünya ölkələrinin göstəricilərindən 2-3 dəfə aşağıdır.

1993-1994-cü illərdə büdcə mədaxilinin ÜDM-ə nisbəti Bolqarıstanda 30, Polşada 33, Macarıstanda, Çexiyada və Slovakiyada 43-44 faiz olmuşdur. Bu nisbətin inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində - İsveçdə, Danimarkada, İrlandiyada 50-55 faiz, İngiltərədə, İtaliyada, Fransada, Hollandiyada, Belçikada 50 faiz, ABŞ-da, Türkiyədə, Yaponiyada 30-35 faiz olmuşdur. Bu ölkələrdə məcmu vergilərin hesablanmasında fərqlər olduğu, əlbəttə, nəzərə alınmalıdır.

Bir-biri ilə bağlı olan iqtisadi islahatların radikallaşdırılmasını və pul-kredit sferasının tənzimlənməsini paralel aparmadan dinamik sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyil. Bunun üçün pul-kredit, büdcə-vergi sferalarının koordinasiya olunmuş inkişafı təmin olunmalıdır. Onsuz iqtisadiyyatın pul-kredit və real sferalarının inkişafında disproporsionallıqları aradan qaldırmaq mümkün deyil.

Milli iqtisadiyyatın inkişafı, ÜDM-in fiziki komponentlərinin dövranı və dövriyyəsini təmin edən nisbətdə nağd və qeyri-nağd ( M 2) pul kütləsi olmalıdır. Həm də pula olan tələb ÜDM-ə düz mütənasib olaraq dəyişilməlidir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, M 2 aqreqatının ÜDM-ə nisbəti 50-70 faiz olduqda real iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsir edə bilir. Bu nisbətlər Avropa ölkələrində 70-80 faizdir. ABŞ-da isə (o dünya pulu rolunu oynadığı, dövlətlərin ehtiyat valyutası olduğu üçün belədir) 100-120 faiz təşkil edir.

Respublikamızda illik inflyasiya tempi 1993-1994-cü illərdə 1600 -1800 faiz idi. 1997-ci ilin birinci yarısında respublikamızda aylıq orta inflyasiya 0,5-0,6 faizə enmişdir. Bu, Azərbaycanda inflyasiyanı boğmaq siyasəti ilə təmin olunmuşdur. ÜDM-in azaldığı, istehsalın tənəzzülü şəraitdə inflyasiya tempinin aşağı salınması deyilənlərə sübutdur.

 

 

Səttar SƏFƏROV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

professoru, iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 3.