2009-cu ilin doqquz ayında ümumi daxili məhsul
istehsalı 6,1 faiz artmışdır
Artıq bir ildən çoxdur ki, dünyada maliyyə
və iqtisadi böhran hökm sürür. Demək olar ki,
bütün ölkələrə bu böhran çox
böyük mənfi təsir göstərir, dünyanın
aparıcı dövlətlərinin əksəriyyətində
iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan
iqtisadiyyatı isə bu müddətdə öz
inkişafını davam etdirmişdir. Oktyabrın 16-da Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər
Kabinetinin 2009-cu ilin doqquz ayının yekunlarına həsr
olunmuş iclasını açarkən iftixarla demişdir ki,
biz öz iqtisadi siyasətimizi apararkən ancaq daxili
resurslarımıza əsaslanırıq və bununla bərabər,
heç vaxt heç bir müqayisə aparmamışıq.
Biz öz səylərimizi
daxili məsələlər ətrafında qoyuruq. Buna görə
də cari ilin doqquz ayında ümumi daxili məhsul
istehsalı 6,1 faiz artmışdır. Bu, çox yüksək
nailiyyətdir, böyük uğurdur və onu göstərir
ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir,
hansısa bir sektorun inkişafından asılı deyildir.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev doqquz ayın yekunlarını geniş təhlil etmiş, iqtisadi, sosial sahələrdə əldə olunan nailiyyətlərdən qürur hissi keçirdiyini bildirmişdir. Fərəhli cəhət burasındadır ki, iqtisadiyyat inkişaf etdirilməklə yanaşı əhalinin sosial problemləri də sürətlə aradan qaldırılır. Sevindirici haldır ki, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Doqquz ayda inflyasiya cəmi 2,1 faiz təşkil etmişdir. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, istehlak qiymətləri sabitdir və belə olan halda böhranın insanların həyatına təsiri minimum səviyyədədir. Böhranlı dünyada yaşadığımıza görə, müqayisə aparılanda görürük ki, bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm milli valyutanın məzənnəsi aşağı düşür, milli valyuta dəyərini itirir, eyni zamanda, inflyasiya qalxır. Azərbaycanda isə tam əksinədir - iqtisadiyyat artır, manat sabitdir, inflyasiya isə çox aşağı səviyyədədir. Bununla bərabər, onu da böyük məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, doqquz ayda əhalinin pul gəlirləri təxminən 10 faiz artıbdır. Bu onu göstərir ki, Azərbaycan vətəndaşlarının güzəranının səviyyəsi getdikcə yüksəlir. Əhalinin 10 faiz artan pul gəlirləri, əlbəttə ki, cəmiyyətin bütün təbəqələrində bərabər şəkildə bölünməyib. Bu da təbiidir. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Amma yenə də çox gözəl göstəricidir. Əhalinin 10 faiz artan pul gəlirləri, 2 faizlik inflyasiya - deməli, real artım tempi 8 faizdir. Böhranlı il üçün bu, dünya miqyasında nadir bir göstəricidir. Əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu, ilk növbədə onu göstərir ki, əhalidə artıq pul kütləsi yaranır. Yəni, daha da çox gəlirlər əldə edilir. Digər tərəfdən, onu göstərir ki, banklara olan inam və etibar çox yüksək səviyyədədir. Bu da öz növbəsində bank sektorunun inkişafına xidmət göstərir. Mərkəzi Bankın səyləri nəticəsində manatın məzənnəsinin sabit vəziyyətdə saxlanılması bu vəziyyəti şərtləndiribdir. Əgər biz başqa ölkələr kimi milli valyutanı devalvasiyaya uğratsaydıq, o zaman manata inam azalardı, banklara qoyulan əmanətlər azalardı və beləliklə, həm inam, həm də ki, bankların maliyyə resursları azalardı. Düzgün siyasətimiz nəticəsində, baxmayaraq ki, bölgədə yerləşən bütün ölkələrdə milli valyuta devalvasiya edilib, biz manatı sabit saxladıq. Bu siyasət nəticəsində əhalinin banklara qoyduğu əmanətin həcmi 11 faiz artıb və beləliklə, bir çox məsələ öz həllini tapıb. Bütün bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın ortaya qoyur ki, Azərbaycan indi böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir. Bunun başlıca səbəbi vaxtında aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir və müstəqil siyasətdir. Dövlət başçısı qeyd etdi ki, bu siyasət ölkə üçün lazımdır, onu da edirik. Biz əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə də yaxşı əməkdaşlıq edirik və məsləhətləşmələr aparılır, ancaq öz bildiyimizi edirik. Çünki tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət edir və bunun ən gözəl göstəriciləri də doqquz ayın sosial-iqtisadi yekunlarıdır.
Azərbaycanın böyük təbii resursları - neft-qaz resurslarımız vardır. Ancaq son bir il ərzində neftin qiyməti 140 dollardan 37 dollara düşmüşdür. Bizim dövlət büdcəmizdə bu il neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Ancaq indi neftin qiyməti 70 dollara yaxınlaşıb, onun ətrafındadır. Amma buna baxmayaraq, bizim iqtisadiyyatımız inkişaf edir. Məhz ona görə ki, biz neftdən gələn gəlirləri vaxtlı-vaxtında insan kapitalına, infrastruktur layihələrinə yönəltdik. Sahibkarlığın inkişafına, kreditlərin verilməsinə, infrastruktura və texnikanın alınmasına yönəltdik. Ona görə iqtisadiyyatımız neft amilindən asılılığını artıq böyük dərəcədə aşağı endirə bilmişdir.
Bu gün
Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollar səviyyəsindədir
və bu sahədə də gözəl inkişaf, artım
vardır. Bu da ölkə üçün çox böyük
bir maliyyə qarantıdır. Bütün sosial proqramlar icra
edilir. Bu ilin doqquz ayında orta əmək haqqı 15 faiz
artıbdır. Bu gün Azərbaycanda orta əmək
haqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial
yardım proqramı uğurla icra edilir və hazırda 150 min
ailəyə ünvanlı sosial yardım göstərilir.
Ümumiyyətlə, bu proqram 700 min nəfəri əhatə
edir və hər bir ailəyə verilən yardım orta
hesabla haradasa, 140 dollar səviyyəsindədir. Bu da ən
imkansız insanlara Azərbaycan dövləti tərəfindən
praktiki dəstəkdir. Əlbəttə ki, görülən
bütün tədbirlər nəticəsində Azərbaycanda
yoxsulluğun səviyyəsi daha da aşağı
düşməlidir. Azərbaycan reallıqları onu göstərir
ki, yoxsulların sayı getdikcə aşağı
düşür.
Bölgələrdə
infrastruktur layihələri uğurla davam etdirilir. 2003-cü
ildən bu günə qədər Azərbaycanda 824 min yeni
iş yerləri açılmışdır. Bu da bölgələrin
inkişafı və regionlarda iş yerlərinin, yeni müəssisələrin
yaradılması üçün də çox vacib amildir.
Bu il, gələn il və ondan sonrakı illərdə
bölgələrdəki mövcud problemlərin həlli
üçün daha da böyük işlər görüləcəkdir.
Gələn ilin dövlət büdcəsində bütün
bu məsələlər öz əksini tapıbdır.
Doqquz ayın yekunları ilə əlaqədar
iqtisadi inkişaf naziri Şahin Mustafayev iclas
iştirakçılarının nəzərinə
çatdırdı ki, əhalinin gəlirlərinin, həyat
səviyyəsinin, istehlakın strukturunun və keyfiyyətinin
artması ilə əlaqədar minimum istehlak səbətinin tərkibinə
yenidən baxılmış və ona daxil olan ərzaq məhsullarının
tərkibinin adambaşına enerji miqdarı 2420 kilokaloriyə
çatdırılmışdır ki, bu da MDB məkanında
ən yüksək göstəricilərdən biridir.
Məlumat üçün bildirək
ki, əldə olunmuş uğurlar nəticəsində,
Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək
bazarının səmərəliliyi, dövlət idarəetməsinin,
infrastrukturun və maliyyə bazarının mükəmməllik
səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında
2009-2010-cu illər üçün hazırladığı
“Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə
irəliləyərək, 133 ölkə arasında 51-ci yerə,
MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir.
Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci,
Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan
90-cı yerdədir.
Təhsil naziri Misir Mərdanov isə
çıxışında bildirir ki, ümummilli lider Heydər
Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində ölkədə
yaranmış siyasi sabitlik və dinamik iqtisadi yüksəliş
təhsil sahəsinə əlverişli şərait
yaratmışdır. Bu sahəyə ayrılan vəsait
2003-cü illə müqayisədə 5 dəfədən
çox artaraq 1,3 milyard manata çatmış, investisiya
qoyuluşları isə 5,8 milyon manatdan 220 milyon manata yüksəlmişdir.
Ölkə
başçısı möhtərəm İlham Əliyev
iclasdakı yekun nitqində ilin sonunadək və gələn
ildə sosial-iqtisadi inkişafın istiqamətləri,
qarşıda duran vəzifələr barədə
danışmış, mövcud problemlərin həlli yolunda
görüləcək işlərlə bağlı
tapşırıq və tövsiyələr vermiş, ictimai
maraq kəsb edən məsələlərə münasibət
bildirmişdir. Qeyd etmişdir ki, gələn ilin dövlət
büdcəsi hazırlanıb, bu yaxınlarda Milli Məclis tərəfindən
müzakirə olunacaqdır. Hesab edirəm ki, dövlət
büdcəsi balanslaşdırılmış əsasda tərtib
edilibdir. Neftin bir barrelinin qiyməti 45 dollar
hesablanıbdır. Hesab edirəm ki, bu, düzgün
yanaşmadır. Ola bilər ki, bir qədər konservativ
yanaşmadır. Ancaq hətta 45 dollar olmaqla, Azərbaycanın
qarşısında duran bütün sosial, iqtisadi və
infrastruktur layihələrini icra etmək üçün
imkanlar vardır. Əgər neftin qiyməti bundan artıq
olsa, əlbəttə ki, biz bundan ancaq fayda götürəcəyik,
bizim valyuta resurslarımız daha da çoxalacaqdır. Amma hətta
bir barreli 45 dollar olmaqla biz hesab edirik ki, Azərbaycanın
valyuta ehtiyatları gələn il artmalıdır. Elə etməliyik
ki, həm Dövlət Neft Fondunda cəmləşən vəsait,
Mərkəzi Bankın ehtiyatları və Maliyyə
Nazirliyinin resursları artsın. Bu gün əgər bizim
valyuta ehtiyatlarımız 19 milyarddırsa, gələcəkdə
bu daha da artmalıdır. Biz bunu 50 milyarda da, ondan böyük
rəqəmə də çatdırmalıyıq ki, gələcəkdə
bu vəsaitin idarə olunmasından əldə ediləcək
gəlirlər sosial məsələlərin həllinə
xidmət göstərsin. Böyük məbləğ
yaradılmalıdır ki, idarəolunmadan əldə olunacaq
faizdən biz dövlət büdcəsinin yükünü
daha da azaltmaq üçün istifadə edək.
Gələn il müxtəlif sahələrdə
islahatların davam etdirilməsi gözlənilir. Bu islahatlar həm
bizim iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq,
eyni zamanda, əhalinin sosial məsələlərinin həllinə
də xidmət göstərəcəkdir.
Apardığımız iqtisadi siyasətin xüsusiyyəti
ondan ibarətdir ki, hətta ən ciddi islahatları biz elə
aparırıq ki, insanlar bu islahatlardan əziyyət çəkməsinlər.
Çünki sirr deyil ki, keçid dövrünü
yaşayan ölkələrdə, adətən, ciddi islahatlar
insanların müflisləşməsinə gətirib
çıxarır. Ancaq Azərbaycanda ciddi sosial siyasət
aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq
edilir və Azərbaycan büdcəsi də bax, bu siyasətin
təzahürüdür. Büdcə həm sosial
yönümlüdür, həm investisiya
yönümlüdür, həm də vacib infrastruktur layihələrinin
icrası nəzərdə tutulur. İnvestisiya xərcləri,
haradasa 5 milyard dollar ətrafında olacaq, eyni zamanda,
bütün sosial proqramlar, ünvanlı sosial yardım, əmək
haqları, pensiyalar, digər müavinətlər nəzərdə
tutulur və o yardımların səviyyəsi tədricən
artırılır.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 4.