Yasamal rayonu yeni inkişaf mərhələsində

 

Sosial-iqtisadi inkişafın yekunları bunu təsdiqləyir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 16-da keçirilmiş Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasda ölkəmizin iqtisadi, sosial və digər sahələr üzrə nailiyyətləri müzakirə olunmuş, gələcəkdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün tövsiyələr verilmişdir. İclasda bir daha qeyd olunmuşdur ki, dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüsə də Azərbaycanda iqtisadi tənəzzül müşahidə olunmamış, aparılan iqtisadi islahatlar öz bəhrəsini vermiş, iqtisadi artım 6,1 faiz təşkil etmişdir.

 

Hazırda respublikamızın ayrı-ayrı rayonlarında da 2009-cu ilin doqquz ayının sosial-iqtisadi yekunları müzakirə olunur, qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün tədbirlər planı hazırlanır. Bu günlərdə Yasamal Rayon İcra Hakimiyyətində keçirilən yığıncaq da bu məsələyə həsr olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, bu ilin doqquz ayı ərzində rayonda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55967,7 min manatlıq, 106,9 faizlik sənaye məhsulu istehsal edilmişdir. Əhaliyə göstərilən pullu xidmət 287274,9 min manat və ya 112,6 faiz təşkil etmişdir. Rayon üzrə orta aylıq əmək haqqı 372,3 manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 118,5 faiz olmuşdur. Hesabat dövründə rayonda 1412, 2003-cü ildən bu günə kimi isə 18.069 yeni iş yeri açılmışdır.

2009-cu ilin doqquz ayı ərzində rayon ərazisində aparılan abadlıq və yenidənqurma işlərinin həcmi daha da genişləndirilmişdir. Hesabat dövründə Füzuli meydanında abadlıq-quruculuq işləri aparılmış, Nəriman Nərimanov meydanı və ətraf ərazi, İzmir parkı, Mikayıl Müşfiqin büstü olan parkda və Elmlər Akademiyasını əhatə edən parkda müasir tələblərə cavab verən yüksək səviyyəli əsaslı təmir və yenidən qurma işləri başa çatdırılaraq şəhər sakinlərinin istifadəsinə verilmişdir. Bu parklarda görülmüş əsaslı təmir və yenidənqurma işləri möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı və bilavasitə xüsusi nəzarəti ilə həyata keçirilmişdir.

İ.Mehdiyev dedi ki, icra hakimiyyətinin daxili imkanları hesabına 19 yaşayış məhəlləsində nümunəvi həyətlər yaradılmışdır. Həmin məhəllələrdə genişmiqyaslı abadlıq işləri aparılmış, sakinlərin istirahəti, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, idmanla məşğul olmaları üçün hər cür şərait yaradılmışdır.

Ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə gəlməsinin 40 illiyi münasibətilə Süleyman Dadaşov küçəsi, 577-ci məhəllədə yerləşən 18 yaşayış binasının həyətində müasir standartlara cavab verən süni ot örtüklü mini futbol meydançası tikilib gənclərimizin istifadəsinə verilmişdir. Yasamal rayonunda idmanın inkişafı, yeniyetmə və gənclərimizin asudə vaxtlarının səmərəli təşkili məqsədilə inşa edilən məhəllə futbol meydançası sayca ikinci meydançadır. Bundan əvvəl rayonun Murtuza Muxtarov küçəsindəki məhəllədə də mini-futbol meydançası istifadəyə verilib. Həmin idman meydançaları ilə bərabər həm də məhəllələrdə yaşayan sakinlər üçün bütün lazımi şərait yaradılmaqla geniş abadlıq işləri aparılaraq nümunəvi məhəllələr yaradıldı.

Hesabat dövründə həcminə görə ən böyük abadlıq və yenidən qurma işlərinin aparıldığı məhəllə rayonun Şərifzadə küçəsi 174, 176, 180, 168"a" saylı yaşayış binalarını əhatə edən məhəllədir. Bir hektardan çox ərazini əhatə edən bu məhəllənin uzun müddət baxımsız qalması, ayrı-ayrı sakinlər tərəfindən müxtəlif ölçüdə qanunsuz inşa edilən yöndəmsiz tikililər, dəmir tora alınmış sahələr, yeniyetmə və gənclərin, xüsusilə də yaşlı sakinlərin haqlı narazılıqlarına səbəb olmuşdur. Cari il avqust ayının əvvəlində rayon icra başçısının həmin ünvanda keçirdiyi səyyar görüş zamanı məhəllə sakinlərinin müraciətinə əsasən xüsusi layihə əsasında nümunəvi məhəllənin salınması işlərinə başlanıldı. İlk öncə məhəllədə təyinatı məlum olmayan özbaşına inşa edilmiş tikililər, çoxlu sayda hasara və tora alınmış sahələr sökülmüş, ərazidən 100-ə yaxın böyük tutumlu yük maşınları vasitəsilə məişət və digər tullantılar daşınmışdır. Qısa müddət ərzində sakinlər üçün nümunəvi məhəllə yaradılmışdır. Əraziyə 3800 kvadratmetr asfalt örtüyü salınmış, 550 kvadratmetr döşəmə plitəsi, 500 poqonometr küçə bordürü, 600 poqonometr dekorativ bordür qoyulmuşdur. Məhəllənin yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmiş, 4100 kvadratmetr sahədə təzə çəmənlik salınmış, 100-dən çox ağaclar və gül kolları əkilmişdir. Sakinlərin istifadəsi üçün məhəllədə hər cür şərait yaradılmışdır.

Hesabat dövründə möhtərəm Prezidentimizin xüsusi tapşırığına əsasən Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ilin əvvəlindən yaşıllaşdırma işlərinə başlanılmış və bu məqsədlə rayon ərazisində magistral yol kənarlarında 5000 ədəd, məhəllə daxili ərazilərdə isə 4600 ədəd müxtəlif növ ağaclar əkilmiş, 7460 kvadratmetr çəmənliklər salınmışdır. Həmçinin rayon ərazisində qanunsuz olaraq ağac kəsilməsinə yol verilməmişdir. Məlumat üçün bildirirəm ki, əkilmiş ağacların hamısı xaricdən gətirilmişdir. Möhtərəm Prezidentimizin qısa müddət ərzində Bakı şəhərində və onun ətrafında 3 milyon ağacın əkilməsi, 2010-cu ilin “Ekologiya ili” elan edilməsi təşəbbüsünə qoşulan rayonumuz yaşıllaşdırma işlərini bundan sonra da davam etdirərək ağac əkini mövsümündə 10000 ədəd ağac əkilməsini nəzərdə tutmuşdur.

Mövcud yaşıllıqların qorunması və onlara göstərilən aqrotexniki qulluq daha da yaxşılaşdırılacaqdır. Fürsətdən istifadə edərək rayonumuzun bütün idarə və müəssisələrini “Ekologiya ili”ndə yaşıllıqların artırılması təşəbbüsünə qoşulmağa çağırıram.

Azərbaycan xalqının müasir tarixinin ən faciəli günü və qan yaddaşı olan “20 Yanvar” hadisəsinin olmasını diqqətə çatdıran İ.Mehdiyev dedi ki, 20-ci ildönümü tamam olacaq həmin qanlı hadisələr əsasən rayonumuzun ərazisində baş vermiş, onlarla günahsız insanlar vəhşicəsinə qətlə yetirilmişdir. Lakin çox təəssüf hissi ilə qeyd etməliyəm ki, bu qanlı hadisələrdən 20 il keçməsinə baxmayaraq, faciə qurbanlarının xatirəsinə və Azərbaycan xalqı üçün qan yaddaşı olan “20 Yanvar”la bağlı şəhərimizdə heç bir abidə ucaldılmamışdır. Yalnız “20 Yanvar” meydanında çox yöndəmsiz bir yerdə kiçik ölçüdə betondan xatirə lövhəsi qoyulmuşdur. Hazırda isə rayon icra hakimiyyətinin daxili imkanları hesabına “20 Yanvar” meydanında xüsusi layihə əsasında olduqca möhtəşəm abidə kompleksinin inşasına başlanılmışdır. Respublika rəhbərliyi ilə razılaşdırılmış abidə kompleksinin inşası “20 Yanvar” hadisələrinin 20-ci ildönümü gününədək başa çatdırılacaqdır. Rayonun öz gücü ilə həyata keçirilən bu möhtəşəm abidə kompleksi “20 Yanvar” hadisələrinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsində ən böyük töhfə olacaqdr.

Rayonun təsərrüfat sahələrinin işi, onların payız-qış mövsümünə hazırlığı rayon icra hakimiyyətinin daim nəzarətində olmuşdur. Bu məqsədlə rayon ərazisində yerləşən idarə və müəssisələrin mənzil fondunun, kommunal xidmət sahələrinin, təhsil, səhiyyə və digər təsərrüfatların 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı təsdiq edilmişdir. Hesabat dövründə görülmüş tədbirlər nəticəsində rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin mərkəzi istilik sisteminə qoşulmuş 316 yaşayış binasından 210-u “Azəristiliktəchizat” ASC, 5 yaşayış binası isə “Azərbaycan nəşriyyatı”nın istilik qazanxanaları vasitəsilə istiliklə təchiz ediləcəkdir. Ümumilikdə isə rayonun mərkəzi istilik şəbəkəsinə qoşulmuş 408 yaşayış binasının 298-i, eləcə də digər mənbələrdən istilik alması nəzərdə tutulan 130 yaşayış binasının 82-si istiliklə təchiz ediləcəkdir. Rayonun təhsil və səhiyyə müəssisələri də payız-qış mövsümündə tamamilə istiliklə təchiz ediləcəkdir.

Ötən dövr ərzində rayon əhalisinin xüsusi qayğıya ehtiyacı olan hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və ünvanlı sosial yardımların vaxtında ödənilməsi, onlara səhiyyə xidmətinin təşkili məsələləri də daim diqqət mərkəzində saxlanılıb. Həmişə olduğu kimi, ötən yarım ildə də şəhid ailələrinə, əlillərə, valideyn himayəsindən məhrum olmuş azyaşlılara, kimsəsiz, tənha ahıllara və digər aztəminatlı ailələrə mütəmadi olaraq maddi və ərzaq yardımları verilmişdir.

İ.Mehdiyev diqqətə çatdırdı ki, 23 dekabr 2009-cu ildə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcəkdir. Hazırda bu seçkilərə start verilmişdir. Rayonumuzda da bələdiyyə seçkilərinin mütəşəkkil surətdə keçirilməsinə ciddi hazırlıq işləri görülmüş, dairə və məntəqə seçki komissiyaları fəaliyyətə başlamışdır. Heç şübhə yoxdur ki, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də yüksək fəallıq nümayiş olunacaqdır. Rayonumuzun ən layiqli sakinləri bələdiyyə üzvü seçiləcəkdir.

Başçı çıxışının sonunda bir daha qeyd etdi ki, doqquz ayın sosial-iqtisadi yekunları istər rayon, istərsə də respublikamız üçün olduqca uğurludur. Bu bizim hamımızı sevindirir. Bu onu göstərir ki, bütün dünya ölkələrini bürüyən maliyyə-iqtisadi böhrana baxmayaraq Azərbaycan həmişə olduğu kimi irəliyə uğurla gedir, gələcəyə nikbinliklə baxır. İ.Mehdiyev həmçinin bildirdi ki, qarşımıza qoyulan vəzifələrin, verilən tapşırıqların layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.

Məruzə ətrafında çıxış edənlər bu ilin doqquz ayı ərzində qazanılmış nailiyyətlərdən söhbət açdılar.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 4.