Binəqədi rayonunda cari ilin doqquz ayına yekun
vurulmuşdur
Binəqədi Rayon İcra Hakimiyyəti
başçısı yanında rayonun 2009-cu ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası keçirilmişdir.
Rayon icra hakimiyyətinin
başçısı Alı Qocayev iclası açaraq
oktyabrın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının
sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə
dövlət başçımızın proqram xarakterli
nitqinin bəzi məqamlarına toxundu. Natiq göstərdi ki,
ulu öndər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş sosial-iqtisadi islahatların İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində bu ilin doqquz
ayında müsbət göstəricilər əldə
edilmişdir. A.Qocayev ümumi inkişafı xarakterizə edən
göstəricilərin getdikcə
yaxşılaşdığını və bunun Azərbaycanın
regionun lider dövlətinə çevrilməsinə imkan
yaratdığını bildirdi.
İclasda rayon icra
hakimiyyəti başçısının müavini Vüsal
İsmayılov bu ilin doqquz ayı ərzində rayonun
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
geniş hesabat məruzəsi ilə çıxış
etdi. O, göstərdi ki, yanvar-sentyabr aylarında rayonda
bütün maliyyə mənbələri hesabına 16062,6 min
manat əsas fondlar istifadəyə verilmişdir. Hesabat
dövründə ümumi sahəsi 2355 kvadratmetr olan yeni
yaşayış evləri salınmışdır.
Cari ilin birinci yarısında
sosial və iqtisadi sahələrin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 60 milyon 74 min 900 manat məbləğində
investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin
müvafiq dövrünə nisbətən 48,7 faiz təşkil
etmişdir. İstehsal təyinatlı obyektlərin
inşasında 20 milyon 796 min 600 manatlıq (yəni əsas
kapitalın 34,6 faizi), qeyri-istehsal obyektlərin tikintisində
39 milyon 278 min 300 manatlıq (yəni 65,4 faizi) investisiyadan
istifadə olunmuşdur.
Natiq daha sonra dedi:
— Cənab Prezident İlham Əliyev
9 ayın sosial-iqtisadi yekunlarının müzakirəsində
qeyd etmişdir ki, bu dövr ərzində Azərbaycanda
ünvanlı sosial yardım alan insanların sayı 700 minə
çatmışdır. Bu insanların təxminən 0,5
faizi, yəni 3200 nəfərdən çoxu Binəqədi
rayonunun payına düşür. Bu da dünyanı
bürümüş qlobal böhran vəziyyətində
insanlarımızın vəziyyətinin
yaxşılaşması ilə bağlı mühüm bir
göstəricidir.
V.İsmayılov nitqində
kommunal xidmətlərlə bağlı vəziyyətə də
toxundu. Bildirdi ki, rayonda qaz xətlərində aparılan təmirlə
yanaşı, əlavə olaraq müxtəlif ünvanlarda
ümumi uzunluğu 2800 metr müxtəlif diametrli borularla yeni
qaz xətti çəkilmiş, 27 ədəd müxtəlif
diametrli siyirtmələr və 14 ədəd tənzimləyici
şkaf quraşdırılmışdır. Bütün
bunlarla yanaşı, rayon Qİİ-nin işində bu gün
də müəyyən nöqsanlar mövcuddur. Əhali tərəfindən
istifadə olunan təbii qazın dəyərinin
yığılması sayğaclı abonentlər üzrə
cəmi 38,2 faiz təşkil edir. Bu məsələni nəzarətə
götürmək lazımdır...
Rayon Su Kəməri istismarı və
İstehsalat Zonasının işi isə demək olar ki, qənaətbəxşdir,
lakin burada da bəzi nöqsanlar mövcuddur. Bunlardan ən
başlıcası su kəmərlərində baş
vermiş qəzaların aradan qaldırılması zamanı
müşahidə olunur. Doğrudur, qəzanın
miqyasından asılı olaraq onun aradan
qaldırılmasına müəyyən vaxt tələb
olunur. Bəzi məsul işçilərin laqeyd münasibəti
nəticəsində işlər xeyli yubadılır ki, bu da
insanların haqlı narazılığına səbəb
olur...
Rayon əhalisinin elektrik enerjisi ilə
təminatı barədə isə natiq onu dedi ki, 9 ay ərzində
elektrik transformatorları quraşdırılmış,
köhnə xətlər təmir olunmuş, hava xətləri
yeratlı kabellərlə əvəz olunmuş və Biləcəri
qəsəbəsində 5150 yeni tipli elektron sayğacı
abonentlər üçün
quraşdırılmışdır...
V.İsmayılov daha sonra demişdir:
— Respublikanın Prezidenti cənab İlham Əliyevin 9 ayın yekunlarına dair keçirilən iclasda ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı verdiyi tövsiyə və tapşırıqlarla əlaqədar bir neçə məqamı nəzərinizə çatdırmaq istərdim. İlk növbədə qeyd edim ki, möhtərəm Prezident 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsini təklif etdi. Bu isə Azərbaycanda yaşayan əhalinin sağlamlığının qorunmasının əməli təzahürüdür. Eyni zamanda cənab Prezident bu məsələ ilə bağlı Tədbirlər Planının hazırlanması barədə göstəriş verdi. Sonra yaşıllaşdırma ilə əlaqədar qeyd etdi ki, Bakı və Abşeron yarımadasında ağac əkilməsi çox böyük sürətlə həyata keçirilməyə başlandı, lakin bir müddətdən sonra bu iş dayandırıldı. Doğrudur, bu iş mövsümi bir işdir, amma kampaniya xarakteri daşımamalıdır.... mütəmadi davam etdirilməlidir. Bu məsələ ilə əlaqədar rayonumuzda xeyli iş görülmüşdür və bu işlər davam etdirilir.
Cari ilin 9 ayı ərzində rayon MKTB-nin xətti ilə 41420 kvadratmetr yeni asfalt örtüyü salınmış, 10612 kvadratmetr dam örtüyü təmir olunmuş, yaşayış binalarının zirzəmilərində 2441 metr müxtəlif diametrli kommunikasiya xətləri təmir edilmişdir. Ərazidən 102600 kubmetr məişət tullantısı daşınmışdır. MKİS-lərin xidməti ərazilərində yaşayış binalarının həyətləri abadlaşdırılmış, 185 ədəd oturacaq, 15 ədəd yelləncək quraşdırılmışdır.
Məruzə ətrafında çıxış edən digər natiqlər rəhbərlik etdikləri sahələrin doqquz ay ərzindəki fəaliyyəti ilə bağlı hesabat verdilər, ölkənin sosial-iqtisadi inkişafı yolunda bundan sonra da səylə çalışacaqlarını bildirdilər.
Yığıncağın sonunda iclasın qərar layihəsi oxundu, Azərbaycan Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 5.