Azərbaycan – İsveçrə əməkdaşlığı
tərəflərin maraqlarına
uyğun inkişaf edir
Hər iki ölkə
siyasi və iqtisadi sahələrdə müstəqillik və
sabitlik uğrunda mübarizə aparır. Bunları nəzərə
alaraq, biz sıx təmaslar qurmuşuq. Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra həmin əlaqələri
möhkəmləndirməyə başlamışıq...
ölkələrimiz arasında problem yoxdur.
Hans-Rudolf MERTS,
İsveçrə Prezidenti,
Bern şəhəri,
19 oktyabr, 2009-cu il
Mən Azərbaycan Prezidentinin İsveçrəyə ilk rəsmi səfərini ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış mühüm addım hesab edirəm. Münasibətlərimiz çox uğurla inkişaf edir. Bu gün...biz dialoqumuzu davam etdiririk.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti,
Bern şəhəri,
19 oktyabr, 2009-cu il
Müstəqil Azərbaycanın
beynəlxalq aləmə
inteqrasiyası həm
zamanın tələbləri,
həm də dövlətimizin öz maraqları baxımından
gündən-günə genişlənir.
Dünyada gedən ictimai-siyasi proseslərə
çevik reaksiya vermək, milli maraqların təmin olunması üçün
lazımi məqamda gərəkli addımlar atmaq isə dövlət siyasətimizin
mühüm tərkib
hissələrindən biri
kimi öz müsbət nəticələrini
verir. Beynəlxalq aləmdə daha mühüm əhəmiyyət
kəsb edən enerji təhlükəsizliyinin
təmin edilməsi, qlobal problemlərə qarşı birgə mübarizə, eləcə
də iqtisadi münasibətlərə yenidən
— müasir standartlar əsasında baxılması
dövlətlərin və
dövlət başçılarının
əsas qayğılarına
çevrilir. Bu baxımdan
Azərbaycanın öz
tərəfdaşları ilə
qurduğu münasibətlər
region və dünya ölkələri tərəfindən
maraqla qarşılanır.
Bu gün respublikamızın
xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa
xüsusi önəm verilir. Çünki Avropa ölkələri
Xəzərin Azərbaycan sektorundan çıxarılan
karbohidrogen ehtiyatları üçün potensial bazar olmaqla
yanaşı, həm də ölkəmizin əsas və yeganə
problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində aparılan müzakirələrdə əhəmiyyətli
mövqe nümayiş etdirirlər. Azərbaycan —
İsveçrə münasibətləri də məhz bu
prinsiplər üzərində inkişaf etdirilir. Ötən
il dost ölkənin Prezidenti Hans-Rudolf Mertsin Bakıya rəsmi
səfəri, bu il oktyabrın 19-da isə Prezident İlham Əliyevin
İsveçrəyə ilk rəsmi səfəri tərəflər
arasında çoxdan bəri təşəkkül
tapmış dostluq və əməkdaşlıq münasibətlərinin
yeni müstəvidə inkişafına özünəməxsus
stimul vermişdir.
Dövlət
başçımızın İsveçrədə
keçirdiyi ilk rəsmi görüşdə —
İsveçrə Kantonlar Şurasının sədri Alain
Berset ilə söhbət zamanı maraqlı bir məqamla
rastlaşdıq. Cənab Alain Berset dedi ki, biz Azərbaycanla
dostluq münasibətlərini yaratmaq və inkişaf etdirmək
üçün əvvəlcə öz parlamentimizdə Azərbaycan
parlamenti ilə dostluq qrupu yaratdıq. Bu qrupun fəaliyyəti
əlaqələrin intensivləşdirilməsinə zəmin
yaratdıqdan sonra isə hökumətlərarası və
dövlətlərarası münasibətlərin
inkişafına imkan yarandı. Sırf Avropa nümunəsi,
daha çox isə İsveçrənin beynəlxalq aləmdə
tutduğu mövqeyə uyğun addımdır — ölkələrarası
münasibətlər əvvəlcə qanunverici orqan vasitəsilə
tənzimlənir. Cənab Bersetlə görüşdə
Prezident İlham Əliyevin söylədiyi “Son illərdə
münasibətlərimizin inkişafında sürətli
dinamika vardır ki, bu da hər iki tərəfin maraqlarına
cavab verir” — ifadəsi də məhz əməkdaşlığın
möhkəm təməl üzərində qurulmasının
nəticəsi kimi səslənirdi.
İsveçrə
Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts ilə Azərbaycan
Prezidenti İlham Əliyevin nümayəndə heyətlərinin
iştirakı ilə keçirilən görüşündə
əməkdaşlığımızın əhatə etdiyi
sahələr də konkret olaraq göstərildi. Cənab Merts
məmnunluqla söylədi: “Energetika sahəsində əməkdaşlığımız
genişlənir, qeyri-enerji sektorunda da layihələrimiz
vardır, alternativ enerji sahəsində əməkdaşlığımızın
inkişafı əhəmiyyətlidir, ölkələrimiz
arasında ticarət dövriyyəsi artır, İsveçrədə
Azərbaycan mədəniyyət günlərinin keçirilməsi
hadisəsi əməkdaşlığın intensivləşdirilməsi
baxımından əlamətdardır”. Bu fikirlərə
münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyevin
söylədikləri isə qarşı tərəfdə
daha böyük maraqla qarşılandı: “Enerji sahəsində
əməkdaşlığımız uğurla gedir,
qeyri-enerji sahəsində yaxşı imkanlar vardır və
bunu inkişaf etdirmək lazımdır”. Yəni Prezident
İlham Əliyev Avropa rəsmilərini daha
genişmiqyaslı layihələrin işlənməsinə və
icrasına çağırırdı. Təbii ki,
avropalılar növbəti layihələri maraqla, diqqətlə
gözləyirlər. Üstəlik, onlar yaxşı bilirlər
ki, Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll edilməsinə nail olmaqdan ibarətdir.
İstehsal olunmuş neft-qazın dünya bazarına
çıxarılmasına gəlincə isə, təkcə
İsveçrədə deyil, Avropanın bütün ölkələrində
yaxşı bilirlər ki, bu məqsədlə rəsmi
Bakının qapısını döyənlər gündən-günə
çoxalır. Azərbaycan dövləti isə öz təbii
sərvətlərindən xalqın və dövlətin ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin ədalətli şəkildə həll
edilməsi üçün istifadə edir. Bu baxımdan
Prezident İlham Əliyevin İsveçrə səfəri də
digər səfərlər kimi əlamətdar idi və
özünəməxsus əhəmiyyət kəsb edirdi.
Dövlət
başçılarının oktyabrın 19-da Bern şəhərində
keçirilən mətbuat konfransında verdikləri bəyanatlar
və sualları cavablandırmaları Prezidentin bu Avropa
ölkəsinə səfərinin əhəmiyyətindən
xəbər verirdi. Dost ölkənin Prezidenti Hans-Rudolf Merts
söylədi ki, ölkələrimiz arasında problem yoxdur:
“Bizim aramızda dostluq vardır. Biz bu gün səhər
görüşlərimizi bu ruhda keçirdik və ölkələrimiz
arasında əlaqələrimizi eyni tərzdə inkişaf
etdirmək əzmindəyik”. Azərbaycan Prezidenti isə
özünün isveçrəli həmkarı ilə
söhbətinin digər məqamlarından da söz
açdı: “Bu gün biz regional inkişafın mühüm
məsələlərini, həmçinin Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasını müzakirə etdik. Mən cənab
Prezidentə danışıqlar prosesində baş verən
son hadisələr haqqında məlumat verdim”.
Mühüm məsələdir
ki, “son hadisələr” dedikdə Ermənistanın getdikcə
daha çox qeyri-konstruktiv mövqe nümayiş etdirməsi,
hətta, Robert Koçaryan dövründə
razılaşdırılmış bəzi məsələlərin
yenidən gündəliyə gətirilməsi kimi heç bir
əndazəyə sığmayan diplomatik
anlaşılmazlıq nümunəsi ortaya qoyması nəzərdə
tutulur. Təbii ki, bu da rəsmi Yerevanın məhz
İsveçrədə, Sürixdə imzalanmış məlum
protokollardan sonra yaranmış
arxayınçılığının nəticəsidir.
Ancaq bu protokollar nəticəsində iqtisadi böhranın
girdabından çıxacağını, dirçəliş
üçün nəfəs tapacağnı düşünən
Yerevan xeyli tələsir. Sevinmək hələ tezdir.
Çünki Azərbaycan dövləti ulu öndər Heydər
Əliyevin müdrik xarici siyasətini yeridir. Prezident İlham Əliyevin
İsveçrə səfəri də həmin siyasətin
uğurla davam etdirilməsidir. Odur ki, Ermənistan rəhbərliyi
öz diplomatik məğlubiyyətini kompensasiya etdiyini
düşünərkən sadəcə özünü
aldatmış olur.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 1.