Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun”
operası Özbəkistan səhnələrində
Elə
musiqi əsərləri var ki, onun bəstələnməsindən,
ilk dəfə ifa olunmasından 100 il keçsə də həmişə
dinlənilir və sevilir. Elə əsərlər də var
ki, dinlənilib sevilməklə yanaşı, dünya musiqi tarixində
yeni səhifə açır, musiqi mədəniyyətinə gətirdiyi
yeniliyi ilə bir dönüş nöqtəsi, inqilab yaradır. Görkəmli Azərbaycan
bəstəkarı Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun”
operası belə nadir sənət incilərindəndir.
İlk dəfə 1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin teatrında nümayiş olunan “Leyli və Məcnun”
müsəlman şərqində ilk opera oldu. İlk
tamaşalarda qadın rollarını
kişi xanəndələrin
ifa etməsi zamanı yaranan
söz-söhbətlərə, qadın ifaçıları ilk dəfə səhnəyə çıxanda müsəlman tamaşaçısının narazılığına baxmayaraq opera təkcə Azərbaycanda deyil,
bütün Yaxın və Orta Şərqdə, Orta Asiya, İran, Türkiyə, Türkmənistan,
Gürcüstan və başqa yerlərdə uğurla
oynanılırdı. Opera qonşu ölkələrə səyahət
etməklə bərabər, həm də
qardaş xalqların milli operasının yaranması və inkişafına böyük təsir göstərmiş oldu.
XX əsrin əvvəllərində “Leyli və Məcnun”un qastrola getdiyi
ölkələrdən biri
də Özbəkistan idi. 1915-ci il noyabrın 12-də
Daşkəndin “Apollo” teatrında
Sidqi Ruhullanın rəhbərlik etdiyi Azərbaycan aktyor truppası bir neçə teatr tamaşasından sonra “Leyli və
Məcnun” operasından 2 səhnəni oynadı. Səhnələrin tamaşaçılar tərəfindən
hərarətlə qarşılanması S.Ruhullanı sözün
əsl mənasında
ruhlandırdı. 1916-cı il dekabrın
30-u həm Özbəkistan, həm də Azərbaycan tarixinə əlamətdar
hadisənin baş verdiyi gün kimi yazıldı. Həmin gün özbək tamaşaçısı ilk dəfə öz vətənində
Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” operasına tamaşa edirdi. Rejissor və aktyor Sidqi Ruhullanın səhnələşdirdiyi
tamaşa Daşkənd şəhərində böyük əks-səda doğurmuşdu. Təkcə Özbəkistanda
deyil, Rusiya imperiyasının müxtəlif yerlərində tamaşa haqqında bir sıra mətbu orqanlarında yazılar dərc olundu. 6 hissədən ibarət
olan tamaşada 50 nəfər
iştirak edirdi, tamaşadakı
8 qadının əksəriyyəti özbək aktrisaları idi.
Leyli rolunda Duriya xanım, Məcnun rolunda
Sidqi Ruhulla, Leylinin atası rolunda isə tanınmış özbək publisist
və mütəfəkkiri
Abdulla Avloni çıxış etmişdi. Tamaşadan yığılan pullar isə xeyriyyə tədbiri olaraq
Daşkənd məktəblərinə
verilmişdir.
Hər bir həqiqi
sənət əsəri kimi “Leyli və Məcnun”
operası incəsənəti, gözəlliyi, sənətkarlığı və
peşəkarlığı təbliğ edir. Baxmayaraq ki, Üzeyir bəy
Hacıbəyov bu əsərini mükəmməl
musiqi əsəri hesab etmir, onu
hələ musiqi nəzəriyyəsinə bələd
olmadan, istər Azərbaycan,
istərsə də Avropa musiqi
janrlarının bir çox məqamlarını duymadan yazdığı əsər kimi qiymətləndirirdi.
“Leyli və Məcnun” ürəkləri riqqətə gətirən
musiqi və şeirin vəhdətidir. “Leyli
və Məcnun” sərhəd
tanımayan, incəsənəti milliyyətindən asılı olmayaraq insanların ürəklərinə çatdıran, onların ən nəcib
hisslərinə təsir edən əsərlərdəndir. Təsadüfi deyil ki,
bu operanın Özbəkistan səhnələrində
ifa olunması neçə-neçə insanın teatra üz tutmasına, bir neçə özbək
aktyorunun şöhrət tapmasına səbəb olmuşdur.
1916-cı ildə Daşkənddə
premyerada iştirak edən özbək aktrisalarından biri
sonralar özbək səhnəsinin
ulduzuna çevriləcək. Bu, xalq aristi Məhsumə
Kariyevadır. Özbəkistanın tanınmış incəsənət xadimi Mannon Uyqur
(Mannon Məcidov) xatirələrində Sidqi
Ruhullanın quruluşu ilə
1916-ci il tamaşasını yaxşı xatırladığını, tamaşadan sonra o, cəmiyyətdə
aktyor sənətinə
olan mənfi münasibətə baxmayaraq, gizli olaraq “Turan” teatrının truppasına yazıldığını qeyd etmişdir.Digər
məşhur özbək aktyoru
Abrar Hidayətov
tamaşanı belə xatırlayırdı: “Sidqi Ruhullanın ifası yadımda deyil, amma yaxşı
yadımdadır ki, gözlərimdən
acı yaşlar axırdı. Mən
özümü Məcnunun yerində təsəvvür edirdim.
Sidqi Ruhullanın bir neçə tamaşasında
Məcnunla birlikdə qıza olan sevgi mənim göz yaşlarımda boğuldu. O vaxtdan sonra qəti qərar verdim: aktyor olacağam, Ruhulla məni necə riqqətə
gətirirdisə, mən də öz hisslərimlə insanları
elə həyəcanlandıracağam”. Məgər bu səmimi sözlər peşəkar ifa ilə yanaşı sənət əsərinin
uğuru, tamaşanın sərhədləri aşması deyil?
7 il sonra – 1923-cü ildə
Özbəkistan teatrlarında səhnələşdirilən tamaşada Abrar Hidayətov artıq özü Məcnun rolunda çıxış edir.
Abrar Hidayətovdan başqa
aktyor Abid Cəlilov da 1916-cı ildə
“Leyli və Məcnun”da Sidqi Ruhullanın ifasına tamaşa edir, tamaşadan sonra isə o da teatr
truppasına yazılır. 1922-ci ildən etibarən Abid Cəlilov tamaşada Məcnunun atasını ifa
etməyə başlayır.
1916-cı ildən sonra 20-ci illərdə Azərbaycan
aktyorları Daşkənddə operanı iki dəfə də tamaşaya qoyurlar, yerli özfəaliyyət dərnəkləri də
öz növbəsində “Leyli və Məcnun”u pyes şəklində səhnələşdirirlər. Bu vaxta kimi opera
Özbəkistanda Azərbaycan
dilində səslənirdi. 1922-ci ildə isə görkəmli özbək
aktyor və dramaturqu Xurşid “Leyli və Məcnun”u özbək
dilinə tərcümə edir. 1924-cü ildə ilk dəfə
olaraq Xurşid Mannon Uyqur ilə birlikdə
özbək dilində operanı Y.Sverdlov adına teatrın səhnəsində
tamaşaya qoyurlar. Azərbaycandan dəvət olunmuş
musiqiçilərin müşayiəti
ilə Leyli rolunu Məhsumə Kariyeva, Məcnunu isə azərbaycanlı
aktyor Şəbüstərli
ifa edirdilər. Əgər 1924-cü ilin “Türküstan”, “Türküstan tamaşaçısı”, “Qızıl Özbəkistan” qəzetlərinin
səhifələrini vərəqləsək, bu tamaşa haqqında
müxtəlif xarakterli yazılara
rast gələrik.
1925-ci ildə bir qrup özbək
tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana
göndərilir. Tələbələrdən biri
gələcəkdə Özbəkistanın
məşhur opera müğənnisi, SSRİ xalq artisti olan
Həlimə Nəsirova idi. Aktrisa xatirələrində
yazırdı ki, onun bir opera müğənnisi
kimi formalaşmasında “Leyli
və Məcnun” operasının
böyük rolu olmuşdur. Həlimə Nəsirova Leyli rolunda çıxış
edən Azərbaycan müğənnisi Sürəyya Qacarı belə
xatırlayır: “Sürəyya Qacar səhnədədir.
Mən artıq gözlərimi ondan çəkə bilmirəm. O necə oynayır, necə
oxuyur! Onun necə də məlahətli və qıvraq səsi
var. O, ikinci aktda valehedici ariyanı ifa edəndə
mən həyəcandan ayağa
qalxdım və ariyanı
ayaqüstə dinlədim. Evə gələndən sonra qəti qərar verdim: mən oxumaq istəyirəm,
mən Sürəyya Qacar kimi
operada oxumaq istəyirəm”.
Həlimə Nəsirova yazırdı: “Mən bərəkətli Daşkənddə
doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı – gözəl Bakıda öyrənmişəm”.
Ecazkar Azərbaycan
musiqisinin, Üzeyir bəy Hacıbəyov
dühasının, “Leyli və Məcnun”undakı məftunedici
ifaların təsiri şübhəsiz idi. “Uluq Türküstan” qəzetinin
1925-ci il 31 dekabr nömrəsində
dərc olunan “Milli marş” adlı yazı Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun”
operasına həsr olunmuşdur. Müəllif
operanı Özbəkistanın opera
sənətinin inkişafına
təsirindən yazırdı.
Üzeyir bəy Hacıbəyov
yaradıcılığı Özbəkistanda həmişə böyük
rəğbətlə qarşılanıb. Özbəkistanın
xalq artisti, bəstəkar
Şərif Ramazanov yazırdı: “Özbəkistanın musiqi mədəniyyətinin
yaranması və inkişafında Üzeyir
bəy Hacıbəyovun rolu olduqca böyükdür. Böyük Azərbaycan bəstəkarının adı həm Azərbaycan, həm
də özbək xalqı üçün əzizdir. O,
1927-ci ildə bizim musiqi-etnoqrafik
incəsənət institutuna
kömək etmək üçün Səmərqəndə
gəlmişdi. “Rahat” xalq
mahnısı onun xoşuna gəldi. Hacıbəyov mahnını
nota yazdı və rəqs qrupu üçün uyğunlaşdırdı. Bu rəqs respublikamızın xoreoqrafiya kollektivlərinin
repertuarına daxil edildi, “Bahar” ansamblının proqramının əsl
bəzəyi oldu. Üzeyir
bəy Hacıbəyovun musiqisindən özbək
gəncliyi öyrənib və öyrənir”.
Özbəkistanın əməkdar
incəsənət xadimi, bəstəkar
Həmid Rəhimov Özbəkistanda Üzeyir bəy Hacıbəyova olan isti münasibət barəsində
deyirdi: “Ə.Nəvai
adına Akademik Opera və Balet
Teatrının səhnəsində
Hacıbəyovun “Koroğlu” operasının
premyerası Özbəkistanın mədəni həyatı
üçün böyük hadisə idi. Musiqiçilərə və
dinləyicilərə yaxşı tanış olan Azərbaycan bəstəkarının
təkcə adının çəkilməsi teatra çoxlu adam cəlb etmişdi”.
“Leyli və Məcnun”
Özbəkistanda yeni-yeni ürəklər
fəth edirdi, müxtəlif illərdə qoyulan tamaşalarla Azərbaycan musiqisini bütün gözəlliyi və incəliyi
ilə qardaş özbək xalqının hüzuruna gətirirdi.
1931-ci ilin yayında Daşkənddəki Sverdlov adına teatrda görkəmli Azərbaycan dirijoru və bəstəkarı, Azərbaycanın xalq artisti Əfrasiyab
Bədəlbəylinin rəhbərliyi ilə Azərbaycan Dövlət
Türk Operası “Leyli və Məcnun” operasını nümayiş
etdirdi. Əvvəlki aktyor
tərkibindən Məcnun
rolunda Hüseynqulu Sarabski və tarzən Qurban
Primov idi, digər aktyorlar isə gənclər idi, onların arasında
istedadlı müğənni, Azərbaycan səhnəsinin gələcək
ulduzu, Azərbaycanın xalq artisti Həqiqət
Rzayeva da var idi.
Üzeyir bəy Hacıbəyovun
“Leyli və Məcnun” operasının Özbəkistanda şöhrəti
1940-cı ildə burada eyni
adlı əsərin yaranmasına səbəb oldu. Əgər Üzeyir bəy Hacıbəyov öz
operasının süjetini Məhəmməd
Füzulinin ölməz poeması əsasında qurmuşdusa,
özbək bəstəkarları
özbək şairi Əlişir
Nəvainin ədəbi irsinə müraciət
etdilər. 1940-cı ildə R.Qlier və T.Sadıkov özbək xalq musiqisi əsasında
“Leyli və Məcnun” operasını yazırlar. Bu
hadisə Bakıda təhsil
almış Həlimə Nəsirovanın yaradıcılığında xüsusi
rol oynadı, o, 1942-ci ilin martında bu operada Leyli rolunun
ifasına görə SSRİ Dövlət
Mükafatına layiq görüldü.
100 il ərzində
Üzeyir bəy Hacıbəyovun “Leyli
və Məcnun”
operası təkcə şərq ölkələrində deyil, bir çox
qərb dövlətlərində də uğurla
nümayiş etdirilmişdir, opera sənətində yenilik olan, muğam-opera
janrının əsasını qoyan
“Leyli və Məcnun”
operası bu günə kimi xüsusi maraqla
qarşılanır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin opera haqqında dediyi fikirlər dahi bəstəkar və onun əsərinə verdiyi ən gözəl rəydir: “Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun”
əsərinin 1908-ci ildə birinci tamaşası milli musiqi mədəniyyəti
tarixində yeni dövr açmışdır. Muğamla Avropa operasının üzvi vəhdəti əsasında yaradılan “Leyli və Məcnun” Azərbaycan
musiqisinin həqiqi
ensiklopediyasıdır. Müsəlman Şərqində opera
janrının əsası da muğam operasının
bu ilk nümunəsi
ilə qoyulmuşdur”. Təsadüfi
deyil ki, YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə
“Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik yubileyinin qeyd olunması barədə
qərar qəbul etmişdir. Prezident İlham
Əliyevin “YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin qeyd
edilməsi proqramına Azərbaycanla
bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncamını əsas tutaraq ölkədə silsilə tədbirlər
həyata keçirilir.
Azərbaycan Respublikasının Özbəkistan
Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyi, Özbəkistan Respublikası Mədəniyyət
və İdman Nazirliyi və Ə.Nəvai adına Daşkənd Dövlət Akademik Böyük Teatrının yaxından iştirakı ilə Daşkənd şəhərində ölməz bəstəkarımız və
onun operasının 100 illiyinə
həsr olunmuş konsert
hazırlanır. Konsertdə Azərbaycan və Özbəkistanın opera mügənnilərinin, simfonik
və xalq çalğı orkestrlərinin iştirakı, Ü.Hacıbəyovun həyat
və fəaliyyətinə, “Leyli və Məcnun” operasının səhnə taleyinə həsr
olunmuş fotosərginin qurulması nəzərdə tutulmuşdur.
Pərzad Abdinova
Xalq qəzeti.- 2009.-23 oktyabr.- S. 8.