Nərimanov rayonunda cari ilin doqquz
ayının yekunları müzakirə
olunmuşdur
Azərbaycanın
sosial-iqtisadi inkişaf sahəsində son illər əldə
olunmuş uğurlar, qazanılan nailiyyətlər 2009-cu ilin ötən doqquz
ayında da davam etmiş, ölkəmizdə ümumi daxili məhsul 6,1 faiz, sənaye
istehsalı isə 5 faiz artmışdır. Bütün bunlar barədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında ətraflı danışılmış, qazanılmış uğurlar yüksək qiymətləndirilmişdir.
İclasda bütün bunlarla yanaşı, qarşıda duran vəzifələrə də
toxunulmuş, onların həlli yolları müəyyənləşdirilmişdir.
Hazırda
ölkəmizin bütün şəhər və rayonlarında 2009-cu ilin
yanvar-sentyabr aylarının sosial-iqtisadi mənzərəsi geniş təhlil
olunur, Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısının
proqram xarakterli nitqindən irəli gələn məsələlərin
icrası istiqamətində konkret vəzifələr müəyyənləşdirilir.
Dünən
paytaxtın Nərimanov rayonunda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu
ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclasında irəli sürülmüş vəzifələrlə bağlı rayonun
sosial-iqtisadi inkişafının cari ilin yanvar-sentyabr aylarının yekunları və
qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq
keçirildi.
Tədbir
iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayon icra
hakimiyyəti binasının foyesindəki büstü önünə əklil və
gül dəstələri qoydular, ulu öndərin əziz xatirəsini
ehtiramla yad etdilər. Rayonun idarə, müəssisə və təşkilatlarının,
hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət
nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı
giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev açaraq 2009-cu ilin doqquz ayında ölkəmizin
sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlardan
bəhs etdi. Oktyabrın 16-da Nazirlər Kabinetinin cari ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət
başçısı İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına
toxundu. Qeyd olundu ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkə
üzrə yüksək nailiyyətlərin əldə olunmasında
paytaxtın Nərimanov rayonu da yaxından iştirak etmişdir.
Bütövlükdə
isə 2009-cu ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində
əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr Nərimanov
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun məruzəsində
öz geniş əksini tapmışdı. Cari ilin yanvar-sentyabr aylarında rayonun
sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən
bəhs edən Ş. İbadov bildirdi ki, hesabat dövründə rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik
inkişafı davam etdirilmiş, xidmətlər də daxil olmaqla 104,5
milyon manatlıq məhsul istehsal olunmuş və əvvəlki ilin
müvafiq dövrünə nisbətən artım sürəti 80,8 faiz təşkil
etmişdir. Bu dövrdə sənaye məhsulunun ümumi həcmində
qeyri-dövlət bölməsinin xüsusi çəkisi 85,8 faiz təşkil
etmiş, sənaye sahəsində çalışanların orta aylıq əmək
haqları 275 manatdan artıq olmuşdur. Qeyd olundu ki, ilin əvvəlindən
rayonda yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər
davam etdirilmiş, ötən müddətdə 1973 daimi iş yeri açılmışdır.
Hesabat
dövründə rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşunun
69,9 milyon manat təşkil etdiyini bildirən məruzəçi bu sahədə
34,9 faiz artım əldə olunduğunu diqqətə çatdırdı. Rayonun
tikinti sektorunda da yüksək nəticələr əldə
edildiyini vurğulayan natiq qeyd etdi ki, cari ilin doqquz ayında tikinti təşkilatları
öz gücləri ilə 273,7 milyon manatlıq iş görmüşlər.
Məruzəçi
cari ilin ötən dövründə əhalinin həyat səviyyəsini
xarakterizə edən əsas göstəricilərdən biri olan
pullu xidmətlərin və pərakəndə əmtəə
dövriyyəsinin həcminin də xeyli artdığını diqqətə
çatdırdı.
Natiq
qeyd etdi ki, hazırda ölkə Prezidentinin tapşırıq və göstərişləri
əsasında Nərimanov rayonunda dövlət əhəmiyyətli
iri layihələr həyata keçirilir. Rayon ərazisində ulu
öndər Heydər Əliyevin adını daşıyan mərkəzin inşası ilə
əlaqədar 244 ailənin köçürülməsi və onların daha rahat
və geniş mənzillərlə təminatı öz müsbət həllini
tapmışdır.
Rayonun
abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı sahəsində
cari ilin doqquz ayı ərzində görülmüş işlərə toxunan
Ş.İbadov daha sonra rayonun təsərrüfat həyatı ilə bağlı
görülən işlərdən bəhs etdi, ayrı-ayrı təsərrüfat
subyektləri tərəfindən həyata keçirilən işləri
sadaladı. Bütün bu işlərin rayon əhalisinin kommunal sahədə
üzləşdiyi problemlərin aradan qaldırılmasına səbəb olduğunu
diqqətə çatdırdı. Bundan əlavə, rayon sakinlərinin
işıq, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması sahəsində
mühüm işlərin də həyata keçirilməsi diqqətə
çatdırıldı.
2009-cu
ilin yanvar-sentyabr aylarında rayonun təhsil və səhiyyə müəssisələrinin
fəaliyyəti və bu sahədə həyata keçirilmiş mühüm
işlərdən bəhs edən natiq həmçinin əhalinin sosial
müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl və
təxirəsalınmaz tədbirlərin də görüldüyünü bildirdi.
Ölkəmizin
bütün bölgələrində olduğu kimi, Nərimanov rayonunda da cari
ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə
seçkilərində ciddi hazırlıq işlərinin görüldüyünü diqqətə
çatdıran məruzəçi bildirdi ki, hazırda rayondakı üç seçki dairəsi
üzrə 76 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki
praktikasının təkmilləşdirilməsi, eləcə də səsvermə
prosesinin şəffaf, demokratik və mütəşəkkilliyinin təmin
edilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən
dairə və məntəqə seçki komissiyaları üçün bütün
texniki təminat və lazımi şərait yaradılmışdır.
Məruzə
ətrafında çıxış edən digər natiqlər də cari ilin
doqquz ayında ölkə üzrə əldə olunmuş uğurları, Prezident
İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi
məqsədilə həyata keçirdiyi tədbirləri yüksək
qiymətləndirdilər.
Tədbirə
yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev
bütün uğurlarla yanaşı, rayon əhalisinin getdikcə artmaqda olan
maddi, mənəvi və digər tələbatının tam və
dolğun ödənilməsi istiqamətində qarşıda çox mühüm və
ciddi vəzifələrin dayandığını diqqətə çatdırdı. Bildirdi
ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin
yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək,
Nərimanov rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün
bütün zəruri tədbirlər həyata keçiriləcək.
Mirbağır Yaqubzadə
Xalq qəzeti.- 2009.- 23 oktyabr.- S. 5.