Efir məkanı milli-əxlaqi dəyərlərin
qorunduğu yerə çevrilməlidir
Son
illər cəmiyyətdə narahatlıq doğuran bir məsələ-telekanalların
fəaliyyətində nəzərə çarpan qüsurlar,
çatışmazlıqlar barədə ara-sıra mətbuat səhifələrində
yazılar verilib. Bu məqalələrdə ölkənin mövcüd
televiziyalarının hazırladıqları verilişlərin səviyyəsi
narahatlıqla qarşılanır, tamaşaçıların zövqünə mənfi təsir göstərən,
ikrah hissi doğuran “maqazin” proqramları tənqid olunur, şou-proqramlarda
aparıcılıq edən müəlliflərin qeyri-peşəkarlığı təəssüflə
diqqətə çatdırılır. Etiraf edim ki, həmin yazılarda efir məkanındakı
vəziyyətin təhlili bir növ tamaşaçı rəyindən
(narahatlığından), necə deyərlər, o tərəfə
keçmirdi. Amma bu günlərdə Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan”
qəzetində işıq üzü görmüş “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” məqaləsi həm
televiziyaların problemlərini, üstün və qüsurlu cəhətlərini
açıb göstərmiş, mövzunun aktuallığı, peşəkar və obyektiv yanaşma
tərzi, analitik təhlili ilə diqqəti cəlb etmiş, həm
də ictimaiyyətdə böyük əks-səda doğurmuşdur.
Akademik
məqalədə efir məkanında hamını-cəmiyyətin bütün təbəqələrini
ciddi narahat edən neqativ təzahürlərə kəskin iradını
bildirmişdir. Müəllif sözügedən yazısında ölkə televiziyalarının
milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət
kəsb edən məsələlərin, vətənpərvərlik,
uşaqların və yeniyetmələrin intellektual inkişafı ilə bağlı
verilişlərini təqdir etməklə yanaşı, aşağı səviyyəli,
keyfiyyətsiz əyləncə, şou-biznes verilişlərinin çəkisinin
artmasını haqlı olaraq ictimai narahatlıq doğuran məsələ kimi səciyyələndirir.
Məqalədə bu neqativ prosesi doğuran obyektiv və subyektiv səbəblər
də təhlil süzgəcindən keçirilmiş, yaranmış vəziyyətin
dolğun mənzərəsi verilmişdir. Müəllif yazır: “Son illər
dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram
siyasətinə ciddi təsir göstərir.
Şou-biznes
sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya
kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət
aparırlar. Bu, aktyor və müğənnilərin, şou-biznes nümayəndələrinin
də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə,
daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq
şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə
şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri
ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən
və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və
onların bir qismi müxtəlif vasitələrlə istəklərinə
nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər
daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini
tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü
qabarıq şəkildə büruzə verən problemlərdən biridir.
Nəticə etibarilə efirdə ictimai tələbat olmayan
keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır”.
Mütəxəssis
araşdırmalarına əsasən narahatlıq doğuran bir məqama xüsusi
toxunmaq istəyirəm. Kütləvi informasiya vasitələri
arasında televiziyalar insanların əxlaqına, dünyagörüşünə, məişət
tərzinə daha çox nüfuz edir. Bu, məktəb yaşlı uşaqlarda,
ali təhsil ocaqlarında oxuyan tələbələrdə özünü
açıq-aydın göstərir. Yeniyetmələrin bir çoxu danışıq tərzlərində,
geyimlərində, hərəkətlərində televiziya
kanallarında “məskən salan” şou-biznes nümayəndələrinə
oxşamağa çalışırlar...
Aparıcıların
mədəni-intellektual səviyyələrinin aşağı olmaları da
ciddi narahatçılıq doğurur. Onlar sözləri düzgün tələffüz etmir,
yad, əcnəbi, heç kimin mənasını anlamayan terminləri
gen-bol işlədir, milli-mənəvi dəyərləri
ucuzlaşdırmağa yönələn hərəkətlərə şərait
yaradırlar. Etiraf olunmalıdır ki, araşdırma aparılarsa, həmin
aparıcıların təhsil, savad göstəricilərin də aşağı olması
aşkarlanar. Ona görə də belələrinin maarifləndirici, hərbi
vətənpərvərlik mövzularına dırnaqarası baxmalarının səbəbi
də aydındır. Digər tərəfdən, televiziya işçilərinin
əksəriyyətində peşəkarlıq nəzərə
çarpmır, yaradıcılıq axtarışlarına meyl yoxdur, ən başlıcası isə
milli-mənəvi dəyərlərdən xəbərsizdilər.
Ən dəhşətlisi isə odur ki, bu kanalların rəhbərlərində
belə acınacaqlı vəziyyətə laqeydlik, biganəlik var. Onlar
sanki ekranda, efirdə heç nə baş vermir kimi susur, bir qədər
də sərt desək, əxlaqsızlığa meydan açan şoumenlərin
“hücumunun” qarşısını almırlar. Akademik Ramiz Mehdiyevin məqaləsində
də bu məqam təəssüflə ifadə olunur. Müəllif
yazır: “Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir
ki, maarifləndirici və əyləncə funksiyaları arasında
ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi,
milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər
teleradio rəhbərlərini o qədər də
maraqlandırmır”.
Yeri
gəlmişkən, milli-mənəvi irsimizin qorunması, yaşadılması və
təbliği ilə bağlı telekanalların üzərinə düşən vəzifə
barədə də qısaca fikrimi bildirmək istərdim. Hamı
yaxşı bilir ki, televiziyanın auditoriyası olduqca genişdir. Verilişləri
milyonlarla tamaşaçı izləyir. Azərbaycanın televiziya kanallarına
dünyanın bir çox ölkələrində baxılır. Verilişlər baxımlı
olanda—mən burada ən çox milli-mənəvi dəyərlərimizlə
bağlı proqramları nəzərdə tuturam—bu, təkcə tamaşaçı
zövqünü oxşamır, eyni zamanda insanların keçmiş haqqında biliklərini, təsəvvürlərini
zənginləşdirir, genişləndirir, gənc nəslin ədəbi-mədəni
irsə bağlılığını gücləndirir. Özü də belə verilişlər
ölkəmizdən kənarda seyr ediləndə daha səmərəli,
daha faydalı olur. Bir də ki, etiraf etməliyik ki, qürbətdə
yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərlə
bağlı hazırlanan proqramlara daha çox ehtiyacları var!.. Bunu deyirəm və
Azərbaycan Televiziyası ilə yayımlanan, son dərəcə
böyük rəğbət qazanan, dünyanın hər yerində maraqla izlənən
muğam müsabiqələrini xatırlayıram. Belə
verilişlərin gücünü, siqlətini, təsirini
kim inkar edə bilər?!.
Yaxud başqa bir
mühüm məsələ. Radio-televiziya
verilişlərinin aparıcıları dilimizə qarşı həssaslıq nümayiş etdirməlidirlər. Dilimizin
qorunması, yad, əcnəbi
təsirlərə məruz qalmaması
hamımızın, o cümlədən
tele-radio aparıcılarının müqəddəs borcudur. Amma tele-radio kanallarında buna necə əməl olunur? Açığı bu
sahədə vəziyyət acınacaqlıdır. Aparıcıların bir çoxu doğma
ana dilində çətinliklə danışır, sözləri düzgün tələffüz etmir. Hələ mən televiziya,
radio verlişlərində
müğənni, aktyor, aktrisa
və digər qeyri-peşəkar aparıcıların öz nitqlərində tez-tez jarqonlara, ara sözlərinə gen-bol yer vermələrini
demirəm. Telekanallarda yayımlanan
verilişlərdə ölkəmizdə və dünyada baş verən
hadisələrin məzmununu əks etdirən titrlərdə
isə dilimiz lap bərbad hala salınıb. Elə
cümlə olmur ki, orada hansısa bir kobud səhv, qrammatik yanlışlıq nəzərə
çarpmasın. Reklam materiallarından
danışmağa dəyməz... Belə də
fikirləşirsən: görəsən televiziya
rəhbərləri bu
kanalları seyr edir? Seyr edirsə, bu vəziyyəti niyə görmür? Bəlkə savad, təcrübə, qeyri-peşəkarlıq görməyə
imkan vermir... Bəli,
fikrimcə, bu “bəlkə”
ətrafında daha çox düşünməyə dəyər...
Mən bir faktı xatırlatmağa
məcburam. Müstəqillik bizə bir çox maddi-mənəvi
azadlıqlar bəxş edib—söz,
fikir azadlığı, maddi-mənəvi irsimizə sahib çıxmaq, onları qorumaq, yad təsirlərdən xilas etmək... Radio və
televiziya kanalları açmaq, bu yöndə
fəaliyyət sahələrini genişdəndirmək
sərbəstliyi də müstəqillik dövrünün
tələbi, Azərbaycanın demokratik dəyərlərə geniş
imkanlar yaratmasının bariz nümunəsidir. Amma bizdə bu nümunələrdən
necə bəhrələnilir? Onun qədir-qiyməti bilinirmi?..
Bu yerdə bir
həqiqəti də unutmayaq. Sovet rejimi dövründə söz, fikir azadlıqlarının
məhdudlaşdırıldığı bir vaxtda
Azərbaycanın efir məkanında hansı vəziyyət
hökm sürürdü? Doğma dilimizdə iki radio—Azərbaycan radiosunun I və II proqramları və Azərbaycan
televiziyasının da eynilə
iki proqramı dinləyici və tamaşaçıların
ixtiyarına verilmişdi. Vəssalam. Amma indi... İndi nə qədər radio, televiziya kanalı var. Bölgələrdə
də eləcə. O zaman dilimizə, mədəniyyətimizə
teleradio sistemində belə hörmətsizlik edilmirdi. Dilimizin saflığı, zənginliyi aparıcılar tərəfindən
qorunurdu, bu prinsipi pozmağa heç kəsə haqq verilmirdi. Bəs bu gün...
Akademik Ramiz Mehdiyev adı çəkilən məqaləsində
haqlı olaraq yazır: “Azərbaycanda
kütləvi informasiya vasitələrinin,
xüsusilə televiziya və
radio kanallarının inkişaf tarixi göstərir ki, onlar Azərbaycan
ədəbi dilinin yaranması
və inkişafında, xalqımızın maariflənməsində,
mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin
təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi
ideyalarının yayılmasında əvəzsiz rol
oynamışdır. Bundan başqa, ölkədə
gedən ictimai-siyasi, iqtisadi və mədəni
quruculuq prosesləri dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin
müzakirəsi, günün nəbzinə
uyğun verilişlər hazırlanması da televiziya və
radio üçün daim prioritet istiqamətlər olmuşdur”.
Azərbaycan
teleməkanında yuxarıda qeyd etdiyim
kimi, keyfiyyətsiz şou-proqramlar,
necə deyərlər, ayaq
açıb yeriyir. Amma cəmiyyətin, xüsusilə gənc nəslin
maariflənməsinə, intellektual-mənəvi yüksəlişinə
xidmət edən proqramların hazırlanmasına dırnaqarası yanaşılır. Son illər respublikamızın qazandığı uğurların, qlobal
enerji-kommunikasiya layihələrinin
reallaşdırılmasına yönələn işlərin ictimaiyyətin diqqətinə
çatdırılmasına, bununla əlaqədar
sənədli filmlərin hazırlanmasına fikir verilmir.
Ümumiyyətlə, bu və
ya digər problemlər barədə hörmətli
akademik Ramiz Mehdiyevin sözügedən məqaləsində ətraflı
bəhs edilmişdir. İnanıram
ki, teleefir məkanında rəhbərlik
edən səlahiyyətli şəxslər bundan
nəticə çıxaracaq, qısa zaman
kəsiyində kollektivlərin
yaradıcılıq axtarışlarını gücləndirəcək, bununla da keyfiyyətli
mənəvi-əxlaqi dəyərləri olan,
ictimai əhəmiyyət
daşıyan verilişlərlə tamaşaçıların görüşünə gələcəklər.
Bütün bunlarla yanaşı, bir gerçəkliyi də diqqətdən qaçırmaq olmaz
ki, teleefirin, evimizin daimi qonağı olan televiziyaların
bizə, uşaqlarımıza, nəhayət cəmiyyətimizə hansı dəyərləri
təqdim etdiyinə vaxtında reaksiya verək.
Gözləməyək ki, yenə
bir gün Azərbaycanın
dövlət rəsmiləri bu
məsələyə müdaxilə
etmək məcburiyyətində qalsınlar və yalnız bundan sonra biz
narahat fikir və düşüncələrimizi dilə gətirək.
Bu mənim özümə də, deputat həmkarlarıma da aiddir. Axı bizim
hər birimiz, hətta
hər bir vətəndaş belə, milli,
əxlaqi, mənəvi dəyərlərimizə xələl
gətirən hərəkətə qarşı çıxmağa və onları qorumağa borcluyuq. Gəlin bu vətəndaşlıq
borcuna sədaqət göstərək və
“keçmiş gələcəyin
peyğəmbəridir” deyimindən çıxış edib, bir zaman
keçmişə çevriləcək bu günümüzü gələcəyin
yağdıracağı lənətdən qoruyaq!
Miri Qəmbərov
Xalq qəzeti.- 2009.- 24 oktyabr.- S. 7.