Astara:göz görür, könül sevinir

 

Azərbaycanın cənub qapısı sayılan Astaranın təbii gözəllikləri ilbəil insan əlinin qüdrəti ilə daha da cilalanır, rayonun hər guşəsi bir naxış kimi göz-könül sevindirir. Baxırsan, fərəhlənirsən, qəlbindən bu gözəlliklər yurdunun hüsnünü vəsf eləmək keçir.

Elə mənimlə Astaraya gedən tələbə yoldaşım, yazıçı-publisist Nurəddin Ədiloğlu da heyranlığını buna bənzər bir şəkildə ifadə elədi: “Astara yağlı boya ilə işlənən bir tablo kimidir. Rəssamlar heç bir çətinlik çəkmədən bu mənzərələri olduğu kimi kətana köçürsələr, dünya şöhrəti qazanarlar”.

Mən öz növbəmdə qələm dostuma bu yerlərin tanınmış rəssam oğullarının da olduğunu xatırlatdım. Dedim ki, elə bu yay Moskvada keçirilmişƏnənə müasirlikadlı Beynəlxalq İncəsənət festivalında ölkəmizi təmsiz edən əməkdar rəssam Fərman Qulamov ən yüksək nominasiya üzrə mükafata layiq görülüb. “Rəngkarlıqda ənənələrin saxlanması”na görə fərqlənən Fərman müəllim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. 1945-ci ildə Astarada anadan olub, uşaq yaşlarından doğma yurdun rənglərini sevib, fırçasına sarılaraq bu təbii gözəllikləri təsvir edib. O, əvvəlcə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, bir sıra beynəlxalq sərgilərdə əsərləri uğurla nümayiş etdirilib. Fərman Qulamovun fərdi sərgiləri sənətsevərlərə unudulmaz təsir bağışlayıb, 1994-cü ildə oHumaymükafatına layiq görülüb. Doğrudan da, Astarada doğulub şair ya rəssam olmaq təccüblü deyil...

Ümummilli liderimiz Heydər Əliyev Astara rayonuna dörd dəfə səfər etmiş, bölgənin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev üç ül ərzində üç dəfə Astarada səfərdə olmuş, mühüm obyektlərin açılışında iştirak etmişdir. Dövlət başçısı Astarada turizmin başqa vacib sahələrin inkişaf etdirilməsi üçün əlverişli şərait olduğunu bildirmiş, bu məqsədlə müvafiq tapşırıqlarını vermişdir. Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevlə ayaqüstü görüşümüzdə mən ona konkret olaraq hansı mövzu ilə maraqlandığımı demədim. O isə: — Rayonu gəzin, baxın, görün, — dedi. — Hansı sahədən istəsəniz, yazarsınız. Hər sahədə uğurumuz var. Amma görəcəyimiz işlər də az deyil. Dövlət başçımız İlham Əliyevin qayğısı sayəsində hamısını inşallah, həyata keçirəcəyik.

Astarada regional inkişaf proqramları ardıcıl icra olunur. Sosial-iqtisadi inkişaf üzrə ötən beş ildə görülən işləri saymaqla qurtaran deyil. Beynəlxalq yük terminalı tikilib, respublikada ilk modul tipli elektrik stansiyası işə salınıb. Mərkəzi meydan genişləndirilərək yenidən qurulub, müasirŞindanoteli istifadəyə verilib, sərhədyanı rüsumsuz ticarət mərkəzi açılıb. Heydər Əliyev muzeyi, Şəhidlər xiyabanı, əlillər üçün yaşayış binaları, iki konserv zavodu, asfalt zavodu, Gənclər evi, Uşaq əyləncə mərkəzi və sair məhz son illərdə Astaranın hüsnünə vurulanəlvan” naxışlar, onun yeniportret cizgiləri”dir. Üç ildir ki, rayonda abadlıq, təmizlik işləri durmadan aparılır. Təzə obyektlərin hamısı zövqlə, fərqli layihələrlə tikilir, müasir şəhər elementləri çoxluq təşkil edir.

Rayonda son illərdə onlarca təhsil ocağı inşa edilib. EkspertlərinBeynəlxalq iqtisadi maliyyə böhranının ən az təsir göstərdiyi ölkə Azərbaycandır”, — fikrini təkcə o fakt da tam təsdiqləyir ki, ucqar Astarada bu dərs ilinin əvvəlində dörd yeni məktəb tikilərək istifadəyə verildi. Bunlar 480 yerlik Pensər kənd 2 saylı, 360 yerlik Rinə kənd, 220 yerlik Pəlikəş kənd 180 yerlik Qəcimardə kənd məktəbləridir. Kijabə qəsəbəsindəki 640 yerlik orta məktəbin binası isə ən yüksək səviyyədə əsaslı təmir edildikdən və müasir avadanlıqla təchiz olunduqdan sonra sentyabrın 15-də — “Bilik günü”ndə qapılarını şagirdlərin üzünə açdı. Bu sətirlərin müəllifi həmin gün cənub bölgəsinin başqa bir gözəl rayonunda — Masallıda da dörd yeni məktəb binasının açılış mərasimlərində iştirak etdiyinə görə Astaraya gələ bilmədi. Fikir verin, təkcə iki rayonda bir ildə səkkiz yeni məktəb istifadəyə verilir və jurnalistlər bu açılışların hamısında iştirak etməyə macal tapmırlar. Belə olduğu halda iqtisadi və maliyyə böhranının hansı fəsadlarından söhbət gedə bilər?!

Astaranın təhsil ocaqları ilə bağlı söhbəti davam etdirərək deyim ki, bu il orta məktəb məzunlarından 126 nəfəri müxtəlif ali məktəblərə qəbul olunub, 8 nəfər 500-dən yuxarı bal toplayıb. “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2002—2012-ci illər)” Astarada da uğurla tətbiq edilir: 51 məktəbdə 402 kompyuter, 14 noutbuk, 14 proyektor var, bir neçə məktəb internet şəbəkəsinə qoşulub. Son beş ildə 7 müəllimə fəxri ad verilib, 1 müəllim “Tərəqqi” medalı ilə təltif olunub.

Yazının əvvəlində qeyd etmişdim ki, Astarada doğulub şair və ya rəssam olmaq təəccüblü deyil. Bu da həmin fikrin təsdiqinə daha bir sübut: Kakalos kənd 2 saylı məktəbin 6-cı sinif şagirdi Sadıx Əhmədovun “Vətən eşqi” adlı yeni şeirlər kitabı ötən ay çapdan çıxıb. Rayonda “Uşaq ili” çərçivəsində sentyabrın 18-də keçirilən “Uşaq kitab-bilik bayramı”nda obrazlı təfəkkür məhsulu olan şeirlərini Sadıx elə gözəl təqdim edib ki, dinləyicilərin sürəkli alqışlarını qazanıb. Balaca şairin gələcəkdə məşhurlaşacağına indidən hökm vermək çətin olsa da, onun ömrü boyu gözəllikləri duyub-sevəcəyinə, qəlbində Azərbaycan boyda böyük sevgi, Astara qədər gözəl duyğular yaşadacağına əmin ola bilərik.

Astara rayonunun relyefi qərbdə dağlıq, şərqdə isə düzənlikdir. Dağlıq hissədə bəzi zirvələrin hündürlüyü 2 min metrə yaxındır. Mənbəyi dağlardan götürülən Astara, Ərçivan, Pensər və Qamışlı çayları Xəzərə qovuşur. Rayonda müalicə əhəmiyyətli mineral bulaqların — Ağ körpü, İstisu, Sım, Bi, Toradi, Şeyx Nəsrullah və sair bulaqların suyu can dərmanıdır. Rayon ərazisinin üçdə iki hissəsi sıx meşələrlə örtülüdür. Ormanlarda şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat, vələs, fıstıq, qızılgöz, cökə və s. bitir. Quşlardan qırqovul, vağ, qaz, ördək, kəklik, çöltoyuğu var. Ayı, bəbir, vaşaq, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, tülkü, canavara rast gəlmək mümkündür. Ərazidə 102 qədim daşınmaz tarix və mədəniyyət abidəsi rəsmi qeydiyyata götürülüb. Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Hirkan Milli Parkının 21,3 min hektar ərazisindən 18,3 min hektarı Astara rayonundadır.

Astarada bu il 5670 kvadratmetr tikinti işi aparılıb, bunun 3226 kvadratmetri sırf yaşayış sahəsi kimi istifadəyə verilib. Şəhərin Heydər Əliyev prospektində, Azərbaycan, Nizami və Mirzə Cəbiyev küçələrində ürəkaçan abadlıq işləri görülüb, bir neçə küçəyə asfalt çəkilib, ictimai yaşayış binaları əsaslı təmir edilib, yeni yaşıllıqlar salınıb. Bu işlər eyni vüsətlə davam etdirilir. Rayonda emal müəssisələrinin, sosial obyektlərin, 6 avtomobil körpüsünün tikintisi, 61 kilometr kəndlərarası, 28 kilometr şəhərdaxili yolların asfaltlaşdırılması, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və bərpası işlərinin görülməsi nəzərdə tutulub. Elə bu günlərdə 2 kilometrlik Astara-Seləkəran yolunun əsaslı təmiri reallaşdırılmağa başlayıb. Xəzər sahili və Astara çayı boyunca sahilbərkitmə işləri, Olimpiya-İdman Kompleksinin inşası, yeni turizm obyektlərinin yaradılması, səhiyyə, poçt və rabitənin inkişafı və sair rayonun işgüzar perspektivini müəyyənləşdirir. “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Astaraya aid 15 bəndin icrası müəyyənləşdirilib.

Rayonda çayçılıq, çəltikçilik, subtropik və sitrus meyvələrinin istehsalı kimi ənənəvi sahələr də inkişaf etdirilir. Ötən il 202 ton, bu il 251 ton çay istehsal olunub. Artupa, Suparibağ, Məscidməhəllə, Qapıçıməhəllə, Kakalos və Pensər kəndlərində çəltikçilik genişlənir, hektardan 50-60 sentner ətirli və dadlı düyü əldə edilir. Meyvə-tərəvəz, taxıl, kartof və sair istehsalı da rayonda ilbəil artır.

Görüşümüz zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin inamla “Hər sahədə uğurlarımız var” söyləməsi Astarada görüb eşitdiklərimizlə anbaan təsdiqini tapır, bu rayonda inkişafın dinamik getməsi ilə bağlı qənaətimizi gücləndirirdi.

Bizdən bir gün öncə Astarada payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunmuşdu. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, qaz istismarı sahəsində dairəvi sistemin həyata keçirilməsi, yaşayış binalarında dam örtüklərinin, zirzəmilərdə boruların təmiri, sıradan çıxmış su nasoslarının yeniləri ilə əvəz edilməsi, suvarma və ötürücü kanalların təmizlənməsi və baş verə biləcək təhlükənin yenilənməsi məqsədilə zəruri texnikanın hazır vəziyyətə gətirilməsi diqqətə çatdırılıb, görüləsi işlərə nəzarət gücləndirilib.

...Dünyada bir Xəzər dənizi, bir Astara çayı və iki Astara şəhəri var. Bu şəhərlərin hər ikisi Xəzərin sahilində, Astara çayının mənsəbində yerləşir. Biri müstəqil Azərbaycanın cənubunda Bakı-Astara yolunun son məntəqəsidir. Digəri İranın şimal-qərbində qədim şəhər və limandır. Astaralar Xəzərin aynasında əks olunan Aycamallı bir gözəlin iki yanağını xatırladır. Hər dəfə bu yerlərə gələndə könlümdən qəribə hisslər keçir. Vətən, onun böyüklüyü və gözəlliyi ilə bağlı düşüncələr məni duyğulandırır.

 

 

Əli Nəcəfxanlı

 

Xalq qəzeti.- 2009.- 24 oktyabr.- S. 6.