Xətai rayonu ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr vermişdir

 

Azərbaycanın sosial-iqtisadi tərəqqisi 2009-cu ilin ötən doqquz ayında da davam etmiş, ölkə həyatının bütün sahələrində yüksək nailiyyətlər əldə olunmuşdur. Məlum olduğu kimi, oktyabrın 16-da dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında ötən dövr ərzində görülmüş işlərə yekun vurulmuş, ölkənin sosial-iqtisadi mənzərəsi geniş təhlil olunmuş, qazanılmış uğurlarla yanaşı, həlli vacib məsələlərə toxunulmuş, onların aradan qaldırılması yolları müəyyənləşdirilmişdir.

Ölkə üzrə cari ilin ötən doqquz ayında əldə olunmuş uğurlardan paytaxtın Xətai rayonuna da xüsusi pay düşür. Bu barədə dünən 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilmiş yığıncaqda geniş söhbət açıldı.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq oktyabrın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsində dövlət başçısının proqram xarakterli nitqinin bəzi məqamları üzərində geniş dayandı. Qeyd olundu ki, əldə edilmiş bütün uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan düzgün siyasətin nəticəsidir. Həmin siyasətin isə əsas məqsədi ölkənin neft amilindən asılılığını azaltmaq, qeyri-neft sektorunu, o cümlədən kənd təsərrüfatını inkişaf etdirmək, enerji təhlükəsizliyini möhkəmləndirmək, eləcə də əhalinin rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Başçı cari ilin doqquz ayının Xətai rayonu üçün də uğurlu olduğunu və bu müddətdə mühüm nailiyyətlərin əldə edildiyini bildirdi.

Hesabat dövründə rayonun iqtisadi həyatında, təhsil, səhiyyə, mədəniyyət sahəsində, eləcə də abadlıq və quruculuq işlərində bir sıra nailiyyətlərin əldə olunduğu diqqətə çatdırıldı. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında ekoloji problemlərdən, abadlıq-quruculuq işlərindən danışarkən Xətai rayonundakı “Qara şəhər” adlandırılan sahənin abadlaşdırılması, burada park və yeni yolların salınması barədə fikrinə toxunan məruzəçi ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərinin əvvəllərində böyük uzaqgörənliklə söylədiyi “Vaxt gələcək ”Qara şəhər" Azərbaycanın gözəl bir guşəsinə çevriləcək" kəlamının bu gün artıq tam həyata keçdiyini xüsusi vurğuladı. Ulu öndərin ideyalarını, Prezident İlham Əliyevin respublikamızın gözəlləşdirilməsi, abadlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini rəhbər tutaraq bu ərazidə, eləcə də rayonun digər sahələrində işlərin davam etdirildiyini diqqətə çatdırdı.

Məruzəçi bildirdi ki, 2009-cu ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafını və bununla bərabər sosial məsələlərin uğurla həll edildiyini göstərir. Xətai rayonunun cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarından bəhs edən natiq dedi ki, yanvar-sentyabr aylarında rayonda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə fiziki həcm indeksinə əsasən 112,8 faizlik sənaye məhsulu istehsal edilmiş, rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, eləcə də əhaliyə ötən ilin eyni dövründəkindən 39,1 faiz çox rabitə xidməti göstərilmişdir. Yanvar-sentyabr aylarında metallurgiya sənayesində mühüm növ məhsulların istehsalı 116,6 faiz olmuş, boruların izolyasiyası isə 2,3 dəfə çoxalmışdır. Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 149 milyon 225,2 min manatlıq investisiyadan istifadə edilmiş, bunun da 91,9 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf olunmuşdur. İlin əvvəlindən əhaliyə 707 milyon 366,6 min manatlıq istehsal malları satılmış və pullu xidmətlər göstərilmiş, pərakəndə əmtəə dövriyyəsi 15,2 faiz, pullu xidmətlərin həcmi isə 1,8 faiz artmışdır. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövründəkindən 10,7 faiz çoxalaraq 389,6 manat, sənaye müəssisələrində çalışanların orta aylıq maaşları 308,1 manat, tikinti kompleksində isə 482,7 manat təşkil etmişdir.

Natiq onu da bildirdi ki, ilin əvvəlindən rayonda yeni iş yerlərinin açılması istiqamətində tədbirlər davam etdirilmiş, 1933 yeni iş yeri yaradılmışdır ki, bunun da 284-ü yeni açılmış müəssisələrdə, 1072-si mövcud müəssisə və təşkilatlarda, 73-ü fəaliyyətini bərpa etmiş müəssisələrdə, 466-sı isə fiziki şəxslər tərəfindən yaradılmışdır.

Məruzəçi daha sonra rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin ödənilməsi ilə bağlı ilin ötən dövrü ərzində görülmüş işlərdən bəhs etdi, rayonun iqtisadi göstəricilərinin artması, əhaliyə göstərilən pullu xidmətlərin genişləndirilməsi və həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, abadlıq, quruculuq işlərinin aparılması və sakinlərin üzləşdikləri problemlərin vaxtında aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açdı. Bundan əlavə, həmçinin sakinlərin elektrik enerjisi, qaz, içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülmüş işlər diqqətə çatdırıldı, habelə rayon təsərrüfatının 2009- 2010-cu illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar həyata keçirilmiş tədbirlərə nəzər salındı. Xətai rayonunun təhsil və səhiyyə müəssisələrinin fəaliyyəti və adı çəkilən sahələrdə əldə olunmuş uğurlardan geniş söhbət açıldı. Məruzəçi sonda vətəndaşların ərizə və müraciətlərinə baxılması sahəsində cari ilin ötən dövründə görülmüş işləri diqqətə çatdırdı.

R.Məmmədov 2009-cu il dekabr ayının 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı Xətai rayonunda həyata keçirilən hazırlıq işləri barədə də müşavirə iştirakçılarına məlumat verdi. Qeyd olundu ki, rayon ərazisindəki 4 dairə seçki komissiyası üzrə yaradılmış 123 məntəqədə 170 minə yaxın seçici səs verəcək, onlar Xətai bələdiyyəsinə 19 nəfər, Əhmədli bələdiyyəsinə isə 11 nəfərə etimad göstərəcəklər. Bununla belə, adı çəkilən bələdiyyələrin hazırkı fəaliyyətində bəzi nöqsanların olduğu da diqqətə çatdırıldı.

Məruzə ətrafında çıxış edən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov, “Azneftyağ” Neft Emalı Zavodunun direktor müavini Azər Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin müdiri Ehtiram Əliyev və 95 saylı orta məktəbin direktoru Tahir Süleymanov rəhbərlik etdikləri qurumların hesabat dövrü üzrə fəaliyyətlərindən bəhs etdilər, ölkə başçısının hökumətin məlum iclasında verdiyi göstəriş və tövsiyələrinin yerinə yetirilməsi üçün daha böyük səylə çalışacaqlarını bildirdilər.

Sonda Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxış edərək ilin əvvəlindən ötən dövr ərzində ölkəmizdə baş verən sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatların nəticəsi kimi dəyərləndirdi. Xətai rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Tədbirə yekun vuran Xətai Rayon İcra Hakimiyyətinin başçısı R. Məmmədov Nazirlər Kabinetinin məlum iclasında Prezident İlham Əliyevin yekun nitqində səsləndirdiyi tövsiyələrin, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunacağını bildirdi, bununla bağlı əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

 

Mirbağır Yaqubzadə

 

Xalq qəzeti.- 2009.- 24 oktyabr.- S. 5.