Sağlığında əfsanəyə çevrilmiş insan...

 

Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabları haqqında qeydlər

 

...Bu kitabları həm də roman adlandıranlar qətiyyən səhv etmirlər. “Qranitdən yonulmuş abidə” adlandırdığımız “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitablarının müəllifi, yazıçı, millət vəkili Elmira Axundova böyük bir insanın, demək olar, bütün həyatını “səhifələməyə” cəhd göstərir. Hörmətli oxucular, birinci və ikinci kitab haqqında qeydlərimizi “Xalq qəzeti”nin 24,25 sentyabr 2009-cu il tarixli saylarında yəqin ki, oxumuşlar. Müəllifin üçüncü kitabı da olduqca möhtəşəmdir. Bu kitabın da “xəmiri” sonsuz axtarışlardan, titanik zəhmətdən və əlbəttə ki, böyük istedaddan “yoğrulub”.

“Müəllifdən” adlı giriş yazısında qeyd olunur ki, “Romanın üçüncü kitabında Heydər Əliyevin həyatı və taleyi ötən əsrin 80-ci illərində Sovet İttifaqında, beynəlxalq aləmdə cərəyan edən qlobal proseslərlə sıx bağlıdır. Başlıca məqsədimiz Siyasi Büro üzvünün, SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin gərgin gündəlik qayğılarını mümkün qədər dərindən və obyektiv əks etdirmək, eyni zamanda, mətbuatda və siyasi memuaristikada hələ də səhifədən-səhifəyə adlayan bir sıra stereotipləri puç etməkdir..

Bu həm də ona görə vacibdir ki, Heydər Əliyevin bioqrafiyasının Moskva mərhələsi karyerasının ən yüksək zirvəsi Əliyevşünaslıqda zəif əks olunmuşdur. ...Üstəlik bu materiallarda Heydər Əliyevin SSRİ rəhbərliyindəki fəaliyyəti dövründə verdiyi böyük töhfələr tarixi baxımdan heç də həmişə düzgün və dolğun qiymətləndirilmir...”

E.Axundova qeyd edir ki, o, Meksikada Heydər Əliyevin “Kreml beşilliyi” dövründə Siyasi Büro üzvlərindən tutmuş köməkçi referent və texniki işçilərə qədər onunla yaxın olmuş adamlarla təxminən yarım il söhbət etmişdir ki, bu, kilometrlərlə maqnitofon yazıları deməkdir. Müəllif Heydər Əliyevin şəxsi arxivində işləyərək, demək olar ulu öndərə aid bütün sənədlərlə tanış olub. Beləliklə, Heydər Əliyevin həyatının 1982-1990-cı illər dövrünə həsr olunmuş, çox güman, ən irihəcmli və əhatəli “Kreml beşilliyi” kitabı yaranıb. Bu illər böyük yüksəliş, məsuliyyət, şöhrət və nüfuz, eyni zamanda, ümidlərin boşa çıxması, acı itkilər və idealların iflası dövrü idi...

Kitabın birinci fəsli “Yeni ümidlər” adlanır. Burada Yuri Andropovun keçdiyi həyat yolu və onun irsi, Kremldə hakimiyyət uğrunda mübarizə haqqında çoxumuzun bilmədiyimiz məlumatları oxuyuruq. Məlum olur ki, Brejnevin vəfatından sonra Yuri Andropov Sov.İKP MK-nın birinci katibi seçilir və Sov.İKP MK-nın 1982-ci il noyabrın 12-də səhər keçirilmiş prenumu səhhəti ilə bağlı A.Kirilenkonu Siyasi Büro üzvlüyündən azad edir, onun yerinə isə Siyasi Büroya Heydər Əliyev daxil edilir. Lakin o, aparatda Kirilenkonun yerini tutmur, SSRİ Nazirlər Soveti sədrinin ən geniş səlahiyyətlərlə birinci müavini seçilir.

Müəllif Yuri Andropovun hakimiyyət başına gəlməsi ilə əlaqədar Con Koqan, Erik Amfiteatrov, Coanna Mak Qri, V.Vorotnikov, V.Medvedev, A.Yakovlev, Ş.Minçayev, V.Legostayev və G.Züqanovun düşüncələrini oxuculara çatdırır.

“Heydər Əliyev və Yuri Andropov” adlı yazıda MK katibi Kirilenkonun xəstəliyi ilə əlaqədar vəzifədən necə getməsi, Heydər Əliyevin onun əvəzinə Siyasi Büro üzvü seçilməsi faktları açıqlanır. M.Qorbaçov yazır ki, “Mən sonradan Yuri Vladimiroviçdən soruşanda ki, niyə bu namizədin üstündə dayanıb, Yuri Vladimiroviç könülsüz və ikibaşlı cavab verdi ki, məsələ Brejnev tərəfindən həll olunmuşdu və o, bu qərarı dəyişmək istəməyib”.

Daha sonra M.Qorbaçov öz fərziyyəsini irəli sürür: “Məsələ heç də Brejnevə verilən sözdə deyildi. Əliyev uzun müddət DTK-da işləyib. Ona görə də Əliyevin Siyasi Büroya gəlməsi Yuri Vladimiroviçin mövqelərini möhkəmləndirdi. Vəssalam”.

Elmira xanım qeyd edir ki, “O ki, qaldı Heydər Əliyevin Moskvada işə keçməsinə, əlbəttə ki, Andropov bu addımı mərhum Baş katibin xatirəsinə olan hörmətin müqabilində atmamışdı. Aşağıda mən Yuri Vladimiroviçin həqiqətən Heydər Əliyevin məsləhət və köməyinə ehtiyacı olduğunu subuta yetirən çoxsaylı faktlar gətirirəm. Y.Andropovun Sovet İttifaqı miqyasında reallaşdırmağa cəhd göstərdiyi ideya və təşəbbüsləri hələ çox əvvəl Heydər Əliyev öz respublikasında həyata keçirmişdi”...

Yazıda Y.Soloduxinlə söhbət diqqəti cəlb edir. Soloduxin deyir ki, “Heydər Əliyev məni söhbət etmək üçün dəvət etməyi xoşlayırdı. ...Onun təşəbbüsü ilə müxtəlif mövzularda söhbətlərirmiz başlayırdı: ölkədəki iqtisadi, sosial vəziyyət haqqında, ziyalılar arasında gedən cərəyanlar, ideya-tərbiyə işləri, mənəvi tərbiyənin əhəmiyyəti haqqında. Artıq müəyyən müddətdən sonra məndə qəti fikir yarandı ki, bu, Heydər Əliyev üçün SSRİ Nazirlər Sovetində məşğul olduğu sahədən daha maraqlıdır, daha mühüm əhəmiyyət kəsb edir”.

Kitabda yazılanlardan açıq-aydın görünür ki, insanlar Heydər Əliyevi SSRİ Nazirlər Solveti sədri postunda, hətta Sov.İKP MK-nın Baş katibi vəzifəsinə ən ehtimal olunan namizəd kimi görürlərmiş.

Aleksandra Biryukovanın fikrincə “...Heydər Əliyev sözsüz ki, Nazirlər Sovetinin sədri olacaqdı. Buna heç bir şübhə yoxdu. Andropovun ona münasibəti çox yaxşı idi. Elə Moskvaya da onu Andropov gətirmişdi”.

Professor İlya Zemtsovun sözlərinə görə, “öz karyerası üçün Əliyev Andropova borcludur”. Sonra o, sensasiyalı, lakin heç nə ilə təsdiq olunmayan fikir söyləyir: “Əliyev də öz növbəsində Andropova borclu qalmamışdı. Brejnevin ölümündən sonra Andropovun Baş katib seçilməsində Əliyevin rolu son dərəcə böyükdür. Təsadüfi deyil ki, Andropov Baş katib vəzifəsinə keçəndən sonra Əliyev Siyasi Büro üzvlüyünə seçilmiş, həmçinin ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı medalı ilə təltif olunmuşdur”.

“Heydər Əliyev və Yuri Andropov” yazısında Andropovun şəxsi keyfiyyətlərindən, onun iş prinsiplərindən, xarakterindən və s. xüsusiyyətlərindən də söhbət açılır, Heydər Əliyevin iş üslubundan, həyat və yaşayış tərzindən ətraflı danışılır.

“Siyasi Büroda çox sərt mühit var idi”. Bu yazıdan hər şey aydın olur. Heydər Əliyev deyirdi: “...Siyasi Büroda heç kim heç kəsə ürəyini açmırdı. Mən Moskvada 5 il işlədim, Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü oldum, amma heç kimlə açıq söhbət edə bilmədim. Görürdüm ki, o birilər də o cürdür. Siyasi Büroda yığışırıq, hansısa çatışmazlıqlardan nə isə deyirik, amma öz səmimi fikirlərini kiməsə söyləyəsən — bu mümkün deyil”.

Yazıdan məlum olur ki, Heydər Əliyev və onun ailəsi daim nəzarət altında yaşayıblar.

Vitali Vorotnikovla söhbətdən: “1987-ci il mayın 11-də Heydər Əliyevi infarkt vurdu. Bu barədə mənə həkimim xəbər verdi. Məsələ ondadır ki, belə bir ənənə mövcud idi: Siyasi Büro üzvünün xəstəliyi dəryaya atılmış sirr olmalı idi”...

Heydər Əliyev isə belə deyir:

“...1987-ci ilin mayında Kremldə, kabinetimdə özümü qəflətən pis hiss etdim, xəstəxanaya aparıb hansı iynələrisə vurdular, iki gün özümdə olmadım. Sonra mənə dedilər ki, ciddi infarkt olmuşam, hətta iki günü xəstəxana dəhlizlərində keçirən övladlarıma demişdilər ki, sağ qalmağıma ümid azdır.

Sonra artıq Qorbaçov yanıma adam göndərməyə başladı. Xəstə halımda çalışırdılar ki, işləyə bilmədiyimi və elə xəstəxanada ikən məni vəzifədən azad etmələrini söyləyim. Bu cür qeyri-insani münasibət! Məndə Siyasi Büroya ikrah hissi yaradan neçə-neçə belə misal çəkə bilərəm! 1976-cı ilin fevralında məni Siyasi Büro üzvlüyünə namizəd seçəndə bunu xoşbəxtlik sayırdım, sonra isə hər şeydən iyrəndim.

Yeri gəlmişkən, iki ay yarım xəstəxanada yatmışam, Siyasi Buronun bir üzvü belə telefonla zəng vurmayıb!...”

E.Axundova yazır: “Qəhrəmanım bu cür ağır, zəif ab-hava şəraitində, ona gəlmə, yabançı kimi baxan, biganə, soyuqqanlı, bədxah insanlar arasında beş il işləməli və məyusluğun, ümidsizliyin acısını udmalı olacaq. Buna baxmayaraq, o yenə də əvvəlki kimi üzərinə düşən vəzifələri fədakarlıqla yerinə yetirdi”.

“Andropov islahatlar mövqeyində dayanmışdı” başlıqlı yazıda Y.V.Andropovun ölümündən illər keçməsinə baxmayaraq, insanların onun şəxsiyyətini unutmamaları, onun vəzifə başında ikən həyata keçirdiyi islahatlar diqqətə çatdırılır, Heydər Əliyevin ümumittifaq miqyasında gördüyü böyük işlərdən bəhs olunur. Bu yazıda Vladimir Uxovun, İvan Laptevin, L.İvaşovun, N. Rıjkovun söhbətləri də maraq doğurur.

“XII beşilliyi nəqliyyat beşilliyi etməli!” Y. Andropov Sov.İKP MK noyabr (1982-ci il) plenumundakı proqram nitqində partiya qarşısında üç vəzifə qoydu... Birinci, XII beşilliyin tapşırıqları sözsüz yerinə yetirilməli; ikinci, partiya nizamı və ölkədə qayda-qanun gücləndirilməli idi. Üçüncü isə, nəqliyyat problemi idi.

“Çoxlarının axıra qədər başa düşə bilmədikləri” belə mühüm bir iş üçün də (nəqliyyat məsələləri üçün — X.Q.) Heydər Əliyeviç lazım olmuşdu”. (Nikolay Konarevlə söhbətdən).

Yazıda Heydər Əliyevin Moskvada işlədiyi ilk ayların xronikası “vərəqlənir”, onun onsuz da sıx iş qrafikində nəqliyyat məsələlərinə necə böyük yer ayırdığına əmin olursan. Andropov Heydər Əliyevə dəniz, çay, aviasiya, avtomobil, dəmiryol təsərrüfatını tapşırmışdı. Özü də təkcə bu yox. Andropov ona meşəni tapşırmışdı, bütün meşə təsərrüfatını, həmçinin rabitəni, sosial sahəni, ticarəti və s. Çox böyük səlahiyyətlərdir. Nikolay Konarevin xatirələrində belə deyilir. Aleksandra Biryukova isə xatırlayır ki, “Onun iş yükü həddindən artıq çox idi”.

Andropovun ölümündən bir gün əvvəl sovet qəzetləri Əliyevin o vaxt SSRİ-nin Yaxın Şərqdə əsas forpostu sayılan Suriyaya gözlənilən səfəri haqqında xəbər verirdilər. “Təkcə Yaxın Şərq yox, Əliyev üstəlik Latın Amerikası ilə də məşğul olmağa başladı (Kuba, Nikaraqua və Salvadorla xüsusi diqqətlə)...

“Bu, Heydər Əliyevin zəfəri idi”. Həsən Həsənovun sözləridir. 1983-cü il mayın 10-da 60 yaşı münasibətilə Heydər Əliyevin ikinci Qızıl Ulduz alması münasibətilə təəssüratını danışarkən demişdir. Elmira xanımın bu yazısında həm də Heydər Əliyevin doğulduğu Naxçıvanda büstünün qoyulması haqqında geniş söhbət gedir.

“O çox sürətlə irəli çəkilirdi” yazısında müəllif Heydər Əliyevin Siyasi Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi vaxtlarda onunla sıx təmasda olmuş insanların xatirələrini toplayıb. Müxtəlif yönlü bu xatirələr ciddi, bəzən hətta sərt, eyni zamanda mərhəmətli, ətrafındakılara qarşı diqqətli olan bir rəhbərin — Heydər Əliyevin şəxsi keyfiyyətləri barədə insanda əhatəli və dolğun təsəvvür yaradır.

“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının üçüncü cildinin ikinci fəsli “Durğunluq” (K.Çernenkodan M. Qorbaçova qədər — fevral 1984 — mart 1985) adlanır və fəsil “Kral öldü... Yaşasın kral!” yazısı ilə başlanır. Bu yazıda Y. Andropovun fəaliyyəti və ölümü ilə əlaqədar faktlar yer tutur. Y. Andropovun işlərinə müxtəlif prizmalardan yanaşılır, onun əsasən partiya və xalq üçün yaşayıb-yaratdığı diqqətə çatdırılır.

Elmira Axundova yazır: “Hər necə olsa, Yuri Vladimiroviç Andropov Heydər Əliyevin sözləri ilə desək, “irimiqyaslı şəxsiyyət idi” və onun vaxtsız ölümü qəhrəmanım tərəfindən şəxsi itki kimi qəbul edilirdi”.

Sonra müəllif yeni Baş katibin — Konstantin Çernenkonun hakimiyyətin başına necə keçməsini təsvir edir.

Yeri gəlmişkən, rəy yazan müəllif kimi mən öz şəxsi fikirlərimi də hörmətli oxuculara çatdırmaq istəyirəm. Kremldə hakimiyyətin “bölüşdürülməsi” məsələsinə diqqətlə yanaşdığımdan kitabı oxuya-oxuya insan xislətinə təəccüb edirəm. Biri ölən kimi o biri onun yerinə getmək haqqında fikirləşir, yaxud da öz gələcək postu haqqında düşünür. Həm də məsələləri özləri öz aralarında həll edirlər. Bəs, “xalq”, “xalq” dediyiniz, nə oldu?! Bax, bu suala heç zaman cavab tapa bilmirəm. Beləmi olmalıdır? Axı, xalqın içindən daha layiqlərini tapmaq olar! 72 yaşlı Çernenkonun Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi seçilməsi təəccüblü deyilmi? Görün, onun arxasında kimlər dururdu: 75 yaşlı müdafiə naziri Dmitri Ustinov, 74 yaşlı xarici işlər naziri Andrey Qromıko və 78 yaşlı baş nazir Nikolay Tixonov... Subyektiv fikir olsa da, mən bir yazıçı kimi Sovetlər İttifaqının dağılmasının minlərlə səbəblərindən biri kimi bunu görürəm:

“Konstantin Çernenkonun Heydər Əliyevin enerji və işgüzarlığına ehtiyacı var idi, ona görə də hakimiyyət olimpindəki dəyişikliklər onun mövqeyini sarsıtmadı.

“SSRİ-də məktəb təhsili islahatı” yazısında bu çox mühüm partiya sənədini əsas işləyib hazırlayan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini H. Əliyevin olduğu bildirilir. 1984-cü il aprelin 12-də 11-ci çağırış SSRİ Ali Sovetinin birinci sessiyasında da ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətlərinə dair nəticə ilə Heydər Əliyev çıxış etdi.

“Heydər Əliyev Sovet İttifaqının dağılmasında iştirak edibmi?” yazısında tanınmış insanların onun haqqında xatirələrindən məlum olur ki, Sovet İttifaqının dağılmasında Heydər Əliyev “günahkarların” sırasında deyildi. “O, dövlət arenasını təmiz vicdanla, özü haqqında irimiqyaslı və namuslu rəhbər xatirəsi qoyub tərk etdi”.

“Heydər Əliyev xarici mətbuatın diqqət mərkəzində” başlıqlı yazıda mətbuatla ünsiyyət qurmağı sevməyən və bunu bacarmayan əksər partiya rəhbərlərindən fərqli olaraq Heydər Əliyevin KİV nümayəndələri ilə münasibətinin həmişə qarşılıqlı şəkildə xoş olmasından danışılır, ayrı-ayrı xarici ölkələrin mətbuatının Heydər Əliyev haqqında məqalələri diqqətə çatdırılır. Deməliyik ki, həmin məqalələrdə Heydər Əliyev haqqında fikirlər olduqca böyük maraq doğurur. “Müsəlman” Sovet Siyasi Bürosunda (“Tribun de Jenev”, 23 noyabr 1982-ci il), “Əfqan əlaqəsi”, “Hakimiyyətin dinamikası”, “Misilsiz bakılı siyasətçi” (“Taym”, N6, 1982), “Andropovun müsəlman ölkələrinin problemləri üzrə eksperti Əliyevin işi çoxdur” (“İnterneşnl Herald Tribun”, 30 noyabr 1982-ci il), “Kremlin xoşbəxt döyüşçüsü (“Newsweek” jurnalı, 9 iyul 1984-cü il), “Qalibi tapın” (The Economist” Febriaru 16, 1985), “O Siyasi Büroda Şərqin nümayəndəsi idi” .... kimi məqalələr kitabda dərc olunmuşdur.

“l7 N-li dövlət bağ evinin hasarları arxasında” adlı yazıda Heydər Əliyevin və onun ailəsinin Moskvada necə yaşadıqları oxucuların nəzərinə çatdırılır.

“Ziyalılar onun ətrafına yığışırdılar” başlıqlı yazıda müəllif Heydər Əliyevin ziyalılara, yaradıcı insanlara münasibətindən bəhs edir, çoxlu misallar gətirir.

“Heydər Əliyev - şəxsiyyət və zaman” romanının üçüncü cildinin üçüncü fəsli “İki il yarım Qorbaçovun komandasında” adlanır və əvvəlcə belə bir sual qoyulur: “Qorbaçovu hakimiyyətə kim gətirdi?”. Məlum olur ki, onun namizədliyini Andrey Qromıko irəli sürmüş, Siyasi Büro üzvləri isə yekdilliklə dəstəkləmişlər. Heydər Əliyev isə iki il yarım Qorbaçovun komandasında işləmişdir.

“O, sonadək öz iztirablarını gizli saxladı...” yazısında Zərifə xanım haqqında, onun xəstələnməsi barədə çox ağrılı söhbətlər, xatirələr var. Aşağıdakı cümlələri oxucuların nəzərinə çatdırmaq istəyirəm: “... Zərifə xanım Heydər Əliyevin yalnız istəkli ömür yoldaşı, balalarının anası deyil, bu sözlər nə qədər adi səslənsə də, ona arxa idi, dayaq idi, vəfadar idi... O, nəfəs aldığın, lakin gözə görünməyən, nəzərə çarpmayan hava, oksigen misalında idi. Və birdən, qəfildən yoxluğa, əbədiyyətə qovuşanda, Heydər Əliyev havasının çatışmadığını, nəfəsinin daraldığını hiss etdi”.

“Ölkədə onun böyük nüfuzu vardı” yazısında E.Axundova M. Qorbaçov dövründə də Heydər Əliyevin ölkədə böyük nüfuz sahibi olmasını təkzibedilməz faktlarla sübut edir, oxucuda Heydər Əliyevə olan məhəbbəti daha da gücləndirir.Yazıda Heydər Əliyevin SSRİ-nin ayrı-ayrı respublikalarına səfərləri maraqlı faktlarla ”müşayiət” olunur.

“Cümə axşamları, saat 11:00-da” yazısında Siyasi Büronun nə demək olduğu, onun bütün dünyaya təsir göstərə bilən nüfuzu haqqında məlumat verilir. İ.Laptevin söylədiyinə görə “bir neçə nəfərin iradəsilə nəhəng bir ölkənin taleyinin həll edildiyini təsəvvürə gətirmək indi belə çətindir. Özü də tək bizim ölkənin yox, Şərqi Avropa, Monqolustan, Şimali Koreyadan olan “sinfi qardaşlar”, hətta Çin də bu və ya digər şəkildə “Kreml qocaları”nın mövqeyi və rəylərini nəzərə almalıydılar”... Siyasi Büroda Heydər Əliyevin xüsusi “çəkisi” çox böyük idi...

“Heydər Əliyev və sovet səhiyyəsi” başlığı altında verilən yazıda H.Əliyevin kuratoru olduğu sahələrdən biri olan səhiyyə sahəsində həyata keçirdiyi misilsiz işlərdən söhbət gedir.

“Beynəlxalq gənclər ili” yazısında müəllif Heydər Əliyevin ömrü boyu gənclərə bağlılığını, onlara qayğı və diqqətini ön plana çəkir.

“Admiral Naximov”un faciəsi” sərlövhəli yazıda müxtəlif faciələrlə dolu dövrdə hökumət komissiyasının sədri kimi Heydər Əliyevin fəaliyyəti işıqlandırılır.

“... Admiral Naximov” gəmisi Qara dənizin dibinə qərq olur. Volqa çayında bir körpünün gəmi keçilməz “qanadı” altından keçməyə cəhd edən “Aleksandr Suvorov” sərnişin gəmisinin üst göyərtələri körpüyə çırpılır... Ufa yaxınlığında qarşı-qarşıya gələn iki sərnişin qatarı alışan qaz məşəlində yanırlar... Arzamas ətrafında partlayıcı maddə daşıyan vaqonlar alt-üst olur, od püskürüb ətrafda hər şeyi külə çevirir... Çernobıl fəlakəti onilliklər, bəlkə də əsrlər boyu dirçələ bilməyəcək ölü torpaq zonası törədir... Dövlət sərhədini maneəsiz uçub keçən hava dələduzu M.Pustun təyyarəsi gəlib Qızıl Meydana qonur... “Kosmomolets” adlı sualtı gəmi batır... Ermənistanda baş vermiş dəhşətli zəlzələ Spitak şəhərini, ətrafdakı qəsəbələri yerlə-yeksan edir... Şaxtalarda dalbadal baş verən qəzalar... Bütün bunlar və bu kimi hadisələrin nəticələri Heydər Əliyevin başçılıq etdiyi Dövlət komissiyasının səyi ilə “yüngülləşirdi”...

“Qorbaçov və kadr siyasəti” adlı yazıda müəllif göstərir ki, M.Qorbaçov Siyasi Büroda “favoritizm” ənənəsinin əsasını qoydu... Yazıda M.Qorbaçovun vəzifə təyinatları və xoşu gəlməyən şəxslərin işdən uzaqlaşdırılması barədə çoxlu faktlar var.

“O, qulaq asmağı əsla bacarmırdı...” Bu yazıda M.Qorbaçovun xarakterinə xas xüsusiyyətlər və onun ətrafındakılara münasibəti açıqlanır.

Oxucuların xüsusi marağına səbəb olan yazılardan biri “Heydər Əliyev və Mixail Qorbaçov”dur. Onların şəxsi tanışlıqları 1970-ci ilin oktyabr ayında, Sovet Azərbaycanının 50 illiyi bayram ediləndə olmuşdur. Qorbaçov Baş katib seçiləndən sonra onun Əliyevlə münasibətləri pisləşməyə doğru getmişdir. Bu işdə bir sıra şəxslərin rolu olmuşdur. Ümumiyyətlə, Qorbaçovun Andropovun kadrlarına münasibəti getdikcə pisləşirdi, o cümlədən o, Heydər Əliyevə qarşı fikirlər söyləməyə başlayırdı. Əliyev Siyasi Bürodakılara yad idi... Axı, o, həm də Brejnevin “adamı” idi... Bütün bunlara görə Heydər Əliyevi kənarlaşdırmaqla əlaqədar altdan-altdan işlər aparılırdı. “Heydər Əliyevi necə kənarlaşdırdılar” yazısında həmin “işlərdən” söhbət gedir.

“Qəribə infarkt” yazısında Heydər Əliyevin xəstələnməsi şübhələr yaratdığı insanların fikirləri ilə bir daha təsdiq olunur. Yazıda belə bir sual qoyulur: “...Yevgeni Çazovun, hələ ağrı şokundan özünə gəlməmiş Əliyevi istefa haqqında ərizə yazmağa təhrik etməyi, dilə tutmağı... — bu yersiz canfəşanlıq təəccübdən çox şübhə doğurmurdumu?..” Yazıda o da xüsusi diqqətə çatdırılır ki, Kremldə kimi istəmirdilərsə onu “xəstələndirə”, hətta, yox edə bilirdilər... Nə isə... Bu yazını hörmətli oxucularımızın daha diqqətlə oxumalarını arzu edərdik.

“Onun xəstəliyi yalnız bəhanə idi” yazısında Heydər Əliyevin xəstəxanadan çıxandan sonra iş başında cəmi 1 ay 20 gün qaldığından, Kreml “məsləkdaşlarının” soyuqluğu, laqeydliyi, açıq-aşkar kin-küdurətiylə qarşılaşdığından, nəhayət öz vəzifəsindən istefa verdiyindən, istefa qabağı nələr baş verdiyindən bəhs edilir.

Sevil Əliyeva ilə E.Axundovanın söhbətindən: “Qorbaçov ondan istefaya çıxmasını tələb edəndə, atam bizimlə məsləhətləşməyi qərara aldı. “Mən neyləyim? İndi səhhətimin vəziyyətinə görə mən onlardan asılı qalmışam”. Atam o vaxt həm də həkimlərdən asılı olduğuna görə xoşluqla çıxmağı üstün tutdu. Bizə söyləyirdi: “Mən Qorbaçova ərizəmi gətirəndə elə sevindi ki! Məni qucaqlayıb öpdü, “spasibo” da dedi!”.

Süleyman Tatlıyev isə xatirələrində söyləyir: “Mən əminəm ki, Qarabağ problemi ermənilərin təhrikiylə Qorbaçov tərəfindən körükləndirilmişdir. Amma bunun üçün Əliyev aradan götürülməliydi”.

“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının üçüncü cildinin dördüncü fəsli “Süqut” (oktyabr 1987 — iyul 1990) adlanır.

“Ona qarşı haqsızlıq etmişdilər...” başlıqlı yazıda o zamanın tanınmış şəxsiyyətlərinin, Kremldəki iş yoldaşlarının Heydər Əliyevin vəzifəsindən uzaqlaşadırılmasının ədalətsiz olduğunu təsdiqləyən çoxlu fikirləri var. Qorbaçov nəinki Heydər Əliyevi, sadəcə olaraq bütün köhnə Siyasi Büronu dəyişdirdi...

“Heydər Əliyevin həyatında son partiya plenumu” yazısında MK üzvlərinin Mərkəzi Komitənin tərkibindən çıxarıldığı plenumda olanlardan söhbət açılır. Həmin plenumda Heydər Əliyev çıxış etmək istəyirdi, lakin Qorbaçov ona söz vermirdi. Təkcə hirslə “Mən sizi görürəm, yoldaş Əliyev” demişdi. Lakin Heydər Əliyev onun icazəsi olmadan tribunaya qalxaraq çıxış etmişdi və demişdi: “Siz bizi hesabdan tez silirsiniz”. Yazıda plenumun gedişi haqqında geniş məlumat verilir.

Sonra “DQMV ətrafında münaqişənin başlanması” oxucuların diqqətinə yönəldilir. Yazıda göstərilir ki, Heydər Əliyev Kremldə olarkən qranit divar kimi ermənilərin qarşısını kəsirdi...

“Daha belə yaşaya bilmirəm!..” sözləri Heydər Əliyevə məxsusdur. 20 Yanvar hadisələri ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxışından sonra sovet mətbuatında ona qarşı hücumlardan sonra bu qərara gəlmişdi: “Mən gedirəm Vətənə, daha belə yaşaya bilmirəm”.

Sonralar Heydər Əliyev deyirdi: “Xanbabayevi öldürdülər ki, məni qorxutsunlar, Azərbaycana gəlməyimə mane olsunlar”. Lakin Heydər Əliyevi qorxutmaq mümkün deyildi. O, Bakıya gəldi və Ə.Xanbabayevin qətlindən üç il sonra dövlət başçısı seçildi.

“Heydər Əliyev - şəxsiyyət və zaman” kitabının üçüncü cildi “Sonda bir neçə kəlmə” ilə bitir. Elmira Axundova bu yazısında Heydər Əliyevin “Kreml həyatı”na bir daha qısa nəzər salır və fikirlərini aşağıdakı cümlələrlə bitirir:

“Qəhrəmanımızla vidalaşmırıq. Bir neçə vaxtdan sonra Heydər Əliyev ömrünün enişli-yoxuşlu, dramatik yolları və Zaman haqqında söhbəti davam etdirmək üçün yenidən görüşəcəyik. Bir sözlə, ardı var”.

Mən də Elmira xanımın kitablarına rəy yazan müəllif kimi möhtərəm oxuculara bildirmək istəyirəm ki, onun kitabları haqqında qeydlərimin ardı var. Ümumiyyətlə, Heydər Əliyevin bir insan ömrünə sığmayan həyat və fəaliyyətini “vərəqləmək” üçün bir insan ömrü çatmır...

 

 

Xeyrəddin Qoca

 

Xalq qəzeti.- 2009.- 24 oktyabr.- S. 3.