Sənaye istehsalının dinamik inkişafı davam edir

 

Dövlət Statistika Komitəsi cari ilin 9 ayı ərzində ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Açıqlamadan məlum olur ki, cari ilin yanvar-sentyabr ayları ərzində keçən ilin müvafiq dövrünə nisbətən Azərbaycanda 6,1 faiz çox və ya faktiki qiymətlərlə 23,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib.

Bu dövrdə adambaşına ÜDM istehsalı 4,7 faiz artaraq 2657,7 manata (3305,6 ABŞ dollarına) çatıb. Doqquz ayda sənaye sahələrində 11,7 milyard (ÜDM-in 49,9 faizi qədər), kənd təsərrüfatında 1,5 milyard (6,5 faiz), tikinti kompleksində 1,8 milyard (7,6 faiz), nəqliyyatda 1,5 milyard (6,3 faiz), ticarət və ictimai iaşədə 1,9 milyard (8,2 faiz), rabitədə 502 milyon (2,2 faiz), digər sahələrdə 2,8 milyard manatlıq (11,9 faiz) əlavə dəyər yaradılıb.

Ölkədə ilin əvvəlindən keçən müddət ərzində 15,6 milyard manatlıq, yaxud ötən ilin müvafiq dövründəkindən 5 faiz çox sənaye məhsulu istehsal olunub. Bu aylarda neft hasilatı 8,5 faiz artaraq 37,8 milyon ton, qaz hasilatı isə 3,7 faiz çoxalaraq 12,2 milyard kubmetr təşkil edib. Eyni zamanda, emal bölməsində, sellüloz-kağız, nəşriyyat işi, tikinti materialları sənayesi, nəqliyyat vasitələri və avadanlıqları istehsalı sahələrində də artım qeydə alınıb.

Statistiklərin verdikləri məlumata əsasən, 9 ay ərzində bütün maliyyə mənbələrindən tikinti kompleksində 5,2 milyard manat investisiyadan istifadə olunub və onun 3,7 milyard manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Yatırılmış ümumi investisiyanın 82,4 faizi daxili sərmayələrdir. Bu vəsait hesabına 9 ay ərzində ümumi sahəsi 837,5 min kvadratmetr olan yaşayış evləri, 8 min yerliyə yaxın ümumtəhsil məktəb binaları, növbədə 240 nəfərə xidmət göstərən ambulatoriya-poliklinika, 175 çarpayılıq xəstəxana, Bakıda Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Tennis Akademiyası, Beynəlxalq Avtovağzal Kompleksi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Şərurda Olimpiya idman və avtovağzal kompleksləri, “Gəmiqaya” Mineral Sular və Asfalt-Beton zavodları, Bərdədə Müalicə-Diaqnostika Mərkəzi, Gədəbəydə Qızıl-Mis Emalı Zavodu, Hacıqabulda kərpic istehsal edən müəssisə, Qubada “Şahdağ” Elektrik Stansiyası, Müalicə-Diaqnostika Mərkəzi və s. obyektlər istifadəyə verilib.

Ölkənin dinamik inkişafının davamı həmişə olduğu kimi, əhalinin pul gəlirlərinin artımı ilə müşahidə olunur. Belə ki, hesabat dövründə əhalinin hər nəfərinə düşən pul gəlirləri keçən ilin analoji aylarına nisbətən 8,4 faiz artaraq 1824,5 manata çatıb. Əməkhaqqına gəldikdə isə yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq maaşları 15,5 faiz çoxalaraq 296,6 manat olub. Bunun nəticəsi olaraq ilin əvvəlindən ötən vaxt ərzində ölkə üzrə əmtəə dövriyyəsi və pullu xidmətlərin həcmi də artıb. Ötən vaxt ərzində əhaliyə 11,3 milyard manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Bu da o deməkdir ki, pərakəndə əmtəə dövriyyəsi 8,5, pullu xidmətlərin həcmi isə 12,5 faiz çoxalıb. Yenə də əhali öz vəsaitlərinin çox hissəsini (65,1 faizini) ərzaq məhsullarının alınmasına sərf edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrda avqust ayı ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşıb. Xidmət tarifləri də bir o qədər qalxsa da, qeyri-ərzaq məhsullarının qiymətlərinin artımı cüzi - 0,1 faiz olub. İlin əvvəlindən isə 2008-ci ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflərin dəyişməsi bu cür olub: qeyri-ərzaq malları 4,3, xidmət tarifləri 6,4 faiz bahalaşsa da, ərzaq 0,4 faiz ucuzlaşıb.

 

 

Vaqif Bayramov

 

Xalq qəzeti.- 2009.- 24 oktyabr.- S. 1.