Musiqili Komediya Teatrı- 100

 

Yeni sevgi dastanı yaradanlar

 

Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz–deyib şair. Doğrudanda eşq elə bir ilahi duyğudur ki, gözlənilmədən insanın qəlbinə dolur, bir andaca onu dünyanın ən xoşbəxt, bəxtiyar varlığına çevirir, sevən kar, kor olur, deyiləni duymur, göstəriləni görmür. Sevdiyi kəs yaxşıların ən yaxşısı, gözəllərin ən seçməsi, tanıdıqlarının ən güclüsü, ən yaraşıqlısı olur. Əgər ulu Tanrı bu qisməti yazıbsa, o gənclər bütün maneələrə rəğmən bir-birinə qovuşur və bu olur sevginin təntənəsi, məhəbbətin bayramı...

 

Bir vaxtlar qəlbində ilk məhəbbət duyğuları baş qaldıran Üzeyir bəy də zəmanəsinin yazılmamış qanunları çərçivəsində yaşamaq məcburiyyətindəydi. Yəni o da bütün yaşıdları kimi müsəlman Şərqinin ədəb-ərkan qanunlarından kənara çıxmağın necə böyük risk tələb etdiyini yaxşı bilirdi və günlərin bir günü bu mənəviyyat buxovlarından xilas olmaq, minlərlə gənc sevda yolçusunun arzusunu dilə gətirmək üçün “Arşın mal alan”ı yazdı. Onda , gələcəyin dahi bəstəkarı, Azərbaycanda professional musiqi sənətinin banisi hələ tələbəydi, gündəlik ehtiyac və tələbatlarının girdabında çabalayırdı. Ancaq ürəyinə dolan o İlahi vəhyin qüdrətinə güvənib Əsgərlərin, Gülçöhrələrin qaranlıq aləmində bir ümid çırağı alovlandırdı. İlk dəfə bir Şərq kişisinə “mən görmədən, sevmədən evlənmərəm”-dedirtdi. Bir əsr əvvəl bu sözləri valideyninə söyləyən hər hansı bir cavan öz gələcəyinin (əgər varlı-hallıdırsa, sərvət və dövlətinin) üstündən xətt çəkmiş olurdu. O illərin cavanları üçün artıq sonu faciə ilə tamamlanan Leyli və Məcnun görkü vardı. Ancaq Üzeyir bəy sövq-təbii bir fəhmlə hiss eləyirdi ki, millətinə məhz gülüşlə, zarafatla dünyanın bir yerdə dayanmadığını deməyin vaxtı çatıb və “Arşın mal alan” operettası belə bir zərurətdən yarandı. İlk dəfə demək olar ki, heç bir peşəkar təhsil görməyən dostlarının yaxından köməyi və bilavasitə iştirakı ilə tamaşaya qoyulan bu əsər 96 il əvvəlin ictimai mühitində yaddaqalan hadisəyə çevrildi və qadın rollarının kişilər tərəfindən ifası isə əsl “bomba” təsiri bağışladı.

O vaxtdan çox sular axıb, bir zamanlar telinin ucunu belə kişilərin görməsi yasaq sayılan, səsi həmişə içində boğulan, arzusu gözündə qalan Gülçöhrələrin, Asyaların, Cahan xalaların, Tellilərin nəvə-nəticələri və iticələri bu gün küçələrdə hamının gözü qarşısında oğlanlarla sarmaş-dolaş gəzməkdən, bağ və parklarda ötənlərin tənəli baxışlarına məhəl qoymadan öpüşməkdən belə çəkinmirlər. Bax, budur illərin sürətli inkişaf axınında bir çox əhəmiyyətli və qlobal nailiyyətlərlə bərabər qazandıqlarımız, bir qədər dəqiq olsam, “sivil toplumlardan” öyrənib acgözlüklə mənimsədiklərimiz. Nə isə, bu başqa bir söhbətin mövzusudur...qayıdaq “Arşın mal alan”a. Yaradıldığı gündən bəri bu əsər dönə-dönə tamaşaya qoyulub. Hətta Üzeyir bəyin öz qeydlərinə əsaslanıb deyə bilərəm ki, əsər macar, çex, gürcü, rus, bolqar... dillərinə tərcümə edilib, səhnələşdirilib. Azərbaycan teatrının tarixində də zaman-zaman rejissorlar Üzeyir bəyin qəhramanlarının səhnə taleyini yazmağa çalışıblar və təbii ki, hər kəsin öz dəst-xətti, öz yanaşma tərzi, öz ifadə manerası olub. Nəhayət, 21-ci əsrin ilk onilliyində Musiqili Komediya Teatrının səhnəsi yenə Hacıbəyli musiqisinin təntənəsinə büründü, heç vaxt təravətini itirməyən ziyası ilə nurlandı. Həmişə bizimlə olan, hər kəlməsi, hər sözü el dilində əzbərə çevrilən, mahnıları ürəklərdə əbədiyaşar zümzüməyə dönən “Arşın mal alan” təkrar səhnəyə qayıtdı. Ancaq bu dəfə daha müasir, daha mütəhərrik, daha dinamik...və bir çoxlarının ilk baxışdan “süngü” ilə qarşıladıqları təmrinlərlə...(Bu “resenziyaları” oxuyandan sonra təkrarən 1913-cü ilə, əsərin ilk dəfə oynanıldığı dövrə qayıtdım və düşündüm ki, onda da yaradıcı heyətin işi məhz bu cür təpki və təhdidlərlə qarşılanmış, ciddi “tənqidlə” üzləşmişdi. Ancaq əlahəzrət Zaman sübut etdi ki, ən düzgün qiyməti yalnız o verməyə qadirdir). Yeni quruluşun bütün yaradıcıları gənclərdir. Elə Əsğərin, Süleymanın, Gülçöhrənin, Asyanın, Tellinin və Vəlinin yaşıdları... Yəni qəhrəmanların duyğu və düşüncələrini daha yaxından hiss edən, ömürlərinin sevib-sevilən çağlarını yaşayanlar. Onlar bilirlər ki, bayaq dediyim kimi, qəfil gələn sevgi insanı göyün yeddici qatına qaldırmağa qadirdir və ona görə də ilk məhəbbətin şərbətini dadan sevgililər məhz səhnədə hamıdan yüksəkdə, xüsusi kanatlarla yuxarı qalxdıqları o tərtəmiz göylərdən bu çirklənmiş, dedi-qodulardan bezmiş dünyaya sevgi nəğməsi oxuyurlar, sevgi çələngi səpirlər. Burada qıcıqlanacaq nə var axı. Teatrın həm Azərbaycan, həm də rus bölmələrində çox böyük ugurla oynanılan tamaşanın quruluşunu gənc rejissor Elvin Mirzəyev verib. Bu onun professional dövlət teatrında ilk işidir. İxtisasca pianoçu və dram rejissoru olan Elvin 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqında Qurban Səidin “Əli və Nino” əsərinin rejissoru kimi teatr ictimaiyyətinə təqdim edilib. Musiqili Komediya Teatrına isə onu teatrın yeni rəhbəri Əliqismət Lalayev dəvət etdi və çoxdan bəri arzusunda olduğu ideyanı məhz bu gənc rejissorun köməyi ilə gerçəkləşdirmək fikrində olduğunu bildirdi.

Axtarışlar başlandı, gərgin məşqlərə qədər əsas iş–Uzeyir bəyin yaratdığı obrazları yeni ampluada təqdim etməyə qadir ifaçılar tapılmalı, paralel olaraq səhnə tərtibatı, geyim eskizləri, səhnə dekorları hazırlanmalı idi. Yaradıcı heyyət Əməkdar incəsənət xadimi sənətşünaslıq namizədi Əliqismət Lalayevin rəhbərliyi ilə bu tamaşanı qeyri-adi rakurslarda, məkanlarda vermək, qəhrəmanların yaşantısını, daxili aləmini daha bariz açmağa yardım edə biləcək mühit yaratmaq istəyirdi.

Mükəmməl musiqi savadı olan, səhnəni yaxşı bilən, aktyorların imkanlarından yetərincə xəbərdar olan reissorun verdiyi quruluş sözün yaxşı mənasında əsl hadisə kimi hələ çox danışılacaq. Aktyorların böyük ilham maraqla yaratdıqları obrazlar: Əsgər- Fərid Əiyev (rus bölməsində əməkdar artist Anar Şuşalı), Gülçöhrə- Nəgiz Kərimova (Yulya Sidorova), Süleyman- əməkdar artist Əkbər Əlizadə (Firuz Məmmədov), Asya-Mehriban Zalıyeva (Ülkər Əliyeva), Telli -Ülviyyə Əliyeva (Marina Litviyenko), Vəli-Səmədzadə Xasıyev (Əliməmməd Novruzov), Cahan xala- əməkdar artist Xanım Qafarova (Svetlana Bulax) Soltan-əməkdar artist Boris Qrafkin (Əzizaga Əzizov) öz milli koloritləri, ilhamlı oyun tərzləri ilə yadda qaldılar. Hər vəziyyətə uyğun bir göz qırpımındaca dəyişən, bəzən Soltan bəyin qoca-fəndi həyətinə, bəzən tacir Əsgərin dəbdəbəli evinə çevrilən dekorasiyalar, bəzən Xəzərin mavi sularının çırpıntısını xatırladan mənzərələrin işıq-kölgə effekti çox gözəl inandırıcı görünür. Tamaşaçılar təkcə aktyorları deyil, həm səhnədə çalışan texniki işçiləri, işıqçıları da alqışlayırlar. Musiqi sədaları altında tez-tez dəyişən şəkillərdə aramsız hərəkətdə olan qapılardan girib-çıxmaq, tamaşanın daxili ritmini sona qədər saxlamağı bacaran ifaçıların səhnədəki gözəl oyununa yardım edən ən kiçik detal belə böyük bir yaradıcı heyətin əməyinin bəhrəsidir ki, onların sırasında rəssam Nabat Səmədovanın geyim eskizlərinin müəllifi Gülnara Xəlilolovanın zəhmətini xüsusi qeyd etmək lazımdır. Dirijorlar -Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov Əməkdar artist Ziya Bağırov (rus bölməsinin tamaşasında) hamıya tanış musiqini çox məharətlə ifa edən orkestrin yüksək səviyyəli sənətkarlardan ibarət olduğunu bir daha göz önündə sərgiləyilər. Baletmeystlər Zakir Yelena Ağayevaların quruluş verdiyi rəqslər tamaşanın ümumi əhval -ruhiyyəsinə bir şuxluq, əlvanlıq gətirir, ilk dəfə Azərbaycan teatr məkanında hava təmrinlərinə quruluş verən Əli Məmmədovun da əməyini qeyd etməyi vacib bilirik. Çünki teatr kollektiv sənətdir. Burada rejissordan tutmuş əlbəsəçiyə qədər hər kəs öz vəzifəsini dəqiq yerinə yetirməlidir. Mən ayrı-ayrı ifaçıların ifa sənətkarlığını təhlil etmək niyyətindən vaz keçib baxdığım hər iki tamaşanın (həm Azərbaycan, həm rus bölməsində) yaradıcı heyətinə minnətdarlıq hörmət duyğularımı dilə gətirirəm. Bəli, dogrudan da, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının cavanları özlərinin bir əsrlik tarixi yubileyləri qarşısında yeni bir sevgi dastanı yaratmağa nail oldular. Qoy dahi Üzeyir bəyin ruhu şad olsun, onun yaratdığı obrazlar isə uzun uğurlu səhnə ömürlərini zaman-zaman belə şövqlə təntənə ilə yaşasınlar.

 

 

Telli PƏNAHQIZI

 

 Xalq qəzeti.- 2009.- 25 oktyabr.- S. 6.