Nizami rayonunda cari ilin doqquz
ayına yekun vurulmuşdur
Dünən Bakı şəhəri Nizami Rayon
İcra Hakimiyyətində 2009-cu ilin doqquz ayında rayonun
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncağı keçirildi. Rayonun sənaye,
təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin,
hüquq-mühafizə orqanlarının, eləcə də
ictimaiyyət nümayəndələrinin iştirak etdikləri
yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov açdı.
Natiq oktyabrın 16-da
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən
Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlət başçısının proqram
xarakterli nitqinin bəzi məqamları üzərində
geniş dayandı. Qeyd olundu ki, ölkə Prezidenti cənab
İlham Əliyev cari ilin ötən dövründə Nizami
rayonunda bir sıra yeni obyektlərin
açılışında və təməlqoyma mərasimlərində
iştirak etmiş, rayonun abadlaşdırılması ilə
bağlı göstəriş və tövsiyələrini
vermişdir.
Nizami Rayon İcra
Hakimiyyəti başçısının müavini
İldırım Mehdiyev 2009-cu ilin yanvar-sentyabr ayları ərzində
rayonun sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
geniş hesabat məruzəsi ilə çıxış
etdi. Natiq ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində cari ilin doqquz ayında ölkəmizdə
ümumi inkişafın davam etdiyini diqqətə
çatdırdı. Azərbaycanda sosial-iqtisadi sahələrdə
həyata keçirilən bütün islahatların əsas məqsədinin
vətəndaşların rifahının
yaxşılaşdırılmasına yönəldiyini
vurğulayan məruzəçi ümumi inkişafı
xarakterizə edən makroiqtisadi göstəricilərin getdikcə
yaxşılaşdığını və bunun Azərbaycanı
regionun lider dövlətinə çevrilməsinə imkan
yaratdığını bildirdi.
Cari ilin doqquz
ayının Azərbaycan Respublikası üçün kifayət
qədər uğurlu və yüksək nailiyyətlərlə
zəngin bir dövr olduğunu qeyd edən natiq dedi ki, oktyabr
ayının 16-da Prezident Sarayında dövlət
başçısı cənab İlham Əliyevin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin
yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında son illər ərzində
ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi
artımın hazırda da davam etməsi müsbət hal kimi
qiymətləndirilmişdir. Belə ki, Prezident İlham Əliyev
statistik göstəricilər əsasında Azərbaycanda
sosial vəziyyətin, sənaye istehsalının, özəl
bölmənin, neft-qaz sektorunun, qeyri-neft bölməsinin, o
cümlədən kənd təsərrüfatının və
digər bütün sahələr üzrə istehsalın
yüksəlməsini və inkişafını təhlil edərək
dünyada davam edən maliyyə böhranına baxmayaraq, cari
ilin 9 ayında ölkədə ümumi daxili məhsulun 6,1
faiz artdığını, sənayedə 5 faiz, kənd təsərrüfatında
isə 3 faizlik inkişafın baş verdiyini bildirmişdir. Dövlət
başçısı ölkədə sosial proqramların
uğurla icra olunduğunu vurğulayaraq ötən 9 ayda
ölkə üzrə inflyasiyanın 2,1 faiz təşkil
etdiyini, əhalinin pul gəlirlərinin 10 faiz, orta aylıq əmək
haqqının 15 faizdən çox artdığını, Azərbaycanda
2003-cü ildən bəri 824 min yeni iş yerinin
açıldığını bəyan etmişdir.
Son illər ölkəmizin
sosial-iqtisadi həyatında baş verən tərəqqi
paytaxtın Nizami rayonunda da aydın hiss olunur. Bu barədə
məlumat verən rayon icra hakimiyyəti
başçısının müavini İ.Mehdiyev bildirdi ki,
ölkə iqtisadiyyatında baş vermiş sürətli
inkişaf Nizami rayonunun sosial-iqtisadi həyatını daha da
canlandırmış, rayon sakinlərinin
qarşılaşdığı sosial problemlərin həlli
istiqamətində konkret addımlar atılmış, xidmət
sahələrinin fəaliyyəti yüksəlmiş,
çoxsaylı yeni iş yerləri
açılmışdır.
Natiq bildirdi ki, 2009-cu
ilin 9 ayında Nizami rayonunda sənaye sahəsi üzrə
istehsalın həcmi 1 milyard 158 milyon manat təşkil
etmişdir ki, bununda 34,7 faizi qeyri-dövlət sektorunun
payına düşmüşdür. Məhsul istehsalında
artım, əsasən, ət və ət məhsulları,
saflaşdırılmış günəbaxan yağı,
şərabçılıq, əczaçılıq məhsullarının
istehsalı, elektrik enerjisi, qaz, buxar istehsalı və
bölüşdürülməsi sahələrində qeydə
alınmışdır. Həmin dövrdə istehsal
olunmuş məhsulun 103 faizi istehlakçılara göndərilmişdir.
Məruzəçi qeyd etdi ki, rayon üzrə ümumi
inkişafın əldə olunmasında Heydər Əliyev
adına Bakı Neft Emalı Zavodunun, “Evropean Tobacco Baku”
ASC-nin, “Neftqaztikinti” trestinin, “NJT-2000" firmasının, ”Azərsun
Holdinq" şirkətinin, “Bakı Şərab-1" və
”Zəhmət — Ruzi" açıq səhmdar cəmiyyətlərinin
böyük xidmətləri olmuşdur.
2009-cu ilin doqquz
ayında rayonun nəqliyyat və rabitə müəssisələrinin
uğurlu fəaliyyətini qeyd edən natiq həmçinin
iqtisadiyyatın və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələri
hesabına əsas kapitala 63,9 milyon manat həcmində
investisiya yönəldildiyini, bunun da 57,9 milyon manatının
dövlət, 6 milyon manatının isə qeyri-dövlət
müəssisələrinin payına
düşdüyünü diqqətə çatdırdı.
Qeyd olundu ki, hesabat dövründə əsas kapitala yönəldilmiş
investisiyanın 37,8 milyon manatı, yəni 59,2 faizi istehsal təyinatlıdır.
Cari ilin doqquz ayında rayon üzrə pərakəndə əmtəə
dövriyyəsi və pullu xidmətlərin həcmi 5,2 faiz
artaraq 520,5 milyon manat olmuş, özəl müəssisələr
tərəfindən əhaliyə 502,6 milyon manatlıq istehlak
malları satılaraq pullu xidmətlər göstərilmişdir.
Həmçinin bildirildi ki, 9 ayın yekununa görə, rayon
üzrə işçilərin orta aylıq nominal əmək
haqları 13 faiz artaraq 283,7 manat olmuşdur. Orta aylıq əmək
haqqı sənayedə 18,8 faiz, nəqliyyat sahəsində
24,7 faiz, rabitədə 22,3 faiz, ticarətdə 7,6 faiz, tikintidə
isə 15,1 faiz artmışdır.
2009-cu ilin yanvar-sentyabr aylarında Nizami rayonunda 999 yeni iş yerinin açıldığını diqqətə çatdıran
məruzəçi bildirdi
ki, iş yerlərinin 58-i yeni yaradılmış müəssisələrin,
68-i mövcud müəssisələrin,
873-ü isə fiziki şəxslərin payına
düşmüşdür. Bütövlükdə
isə 2003-cü ilin oktyabr ayından 2009-cu ilin müvafiq ayının 1-dək rayonda 14668-i daimi olmaqla 14765 yeni iş yeri yaradılmışdır.
Cari ilin ötən dövründə rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində görülmüş
işlər barədə
məlumat verən natiq onu da
dedi ki, ölkə başçısı
tərəfindən imzalanmış
fərman və sərəncamların məhz
əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilməsinin
nəticəsidir ki, əvvəlki dövrlərlə
müqayisədə vətəndaşların
maddi-rifah halı getdikcə yaxşılaşır.
Məruzəçi cari
ilin dekabr ayının 23-də yerli özünüidarəetmə
orqanlarına keçiriləcək
seçkilərə hazırlıqla
bağlı görülən
işlərdən, eləcə
də 2009-2010-cu illərin
payız-qış mövsümü ilə əlaqədar həyata keçirilən tədbirlərdən söhbət açdı. Sakinlərin
işıq, qaz, istilik və içməli su ilə təminatının
yaxşılaşdırılması ilə bağlı görülən işlər
sadalandı. Bundan əlavə, rayonun səhiyyə və təhsil müəssisələrinin
işinin əsaslı
şəkildə yaxşılaşdırılması
məqsədilə
həyata keçirilən
tədbirlər cari ilin ötən dövründə də davam etmişdir.
Məruzə ətrafında
çıxış edən
digər natiqlər rəhbərlik etdikləri
sahələrin cari ilin doqquz ayı
ərzindəki fəaliyyəti
ilə bağlı hesabat verdilər, ölkənin sosial-iqştisadi
inkişafı yolunda bundan sonra da
səylə çalışacaqlarını
bildirdilər.
Hesabat yığıncağına
yekun vuran Nizami Rayon İcra
Hakimiyyətinin başçısı
Tahir Budaqov Nazirlər Kabinetinin 2009-cu
ilin doqquz ayının yekunlarına
həsr olunmuş iclasında ölkə prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin
icrası ilə bağlı görüləcək
işlərdən söhbət
açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə
konkret tapşırıqlar
verdi.
Yığıncağın sonunda iclasın qərar layihəsi oxundu, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 25 oktyabr.- S. 4.