Sumqayıt: qarşıda duran vəzifələr müəyyənləşmişdir
Cari ildə ölkə miqyasında əldə olunmuş
sosial-iqtisadi nailiyyətlərdə Sumqayıtın da
özünəməxsus rolu olmuşdur. Prezident İlham Əliyevin
imzaladığı sərəncama əsasən geniş qeyd
olunan Sumqayıtın 60 illik yubileyi yalnız ictimai-mədəni
hadisələrlə məhdudlaşmamış, şəhər
iqtisadiyyatının gücləndirilməsi, əhalinin rifah
halının yaxşılaşdırılması tədbirləri
də ardıcıl həyata keçirilmişdir.
Doqquz ay ərzində
Sumqayıt şəhərində ümumi məhsul
buraxılışının həcmi 250 milyon manat təşkil
etmiş, məhsul istehsalında qeyri-dövlət sektorunun
payı 81,2 faizə çatmışdır. Son 6 ildə
ümumilikdə şəhər üzrə məhsul
buraxılışı və sənaye xarakterli xidmətlərin
həcmi 2 milyard 300 milyon manatdan çox olmuşdur.
Bütün sahələrdə
çalışan işçilərin orta aylıq əmək
haqqı 250 manat həddini ötmüş, son 6 il ərzində
bu göstərici şəhər üzrə 3,6 dəfə
artmışdır. Əhalinin sosial təminatının
gücləndirilməsi məqsədilə cari ildə daha
beş min ailəyə ünvanlı sosial yardım təyin
edilmişdir.
Doqquz ayda qeyri-dövlət
sektoruna aid sənaye müəssisələrinin məhsul
buraxılışında 101 faizlik artıma nail olunmuşdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə “Azərbaycan
Məişət Malları”, “Uretan LTD”, “Seyfulla və Kövsər”,
“Ağac Emalı” və “Kiş San Parket LTD” müəssisələrində
məhsul istehsalının həcmi xeyli artmışdır.
Bununla yanaşı, iri diametrli
şüşə liftli boru istehsalı zavodu “Azkompozit” MMC-də,
biskvit-makaron, “Bismak” Qida Sənayesi Kompleksində və qənnadı
məmulatları istehsal edən “Elitar” MMC-də yeni məhsul
çeşidləri mənimsənilmiş, istehsal həcmi
artmışdır.
Vaqif Əliyev sonra qeyd etdi ki,
enerji təhlükəsizliyinin təmin olunmasında
mühüm yer tutan 517 meqavat gücündə Sumqayıt
Elektrik Stansiyasında tikinti-quraşdırma və
avadanlıqların tənzimləmə işləri tam
başa çatdırılmışdır, ərazi
abadlaşdırılır. Cari ilin üçüncü
rübündə stansiyada 250 milyon kilovat-saatdan çox
elektrik enerjisi istehsal edilmişdir.
Digər iri infrastruktur layihəsi
— gücü sutkada 200 min kubmetr olan təmizləyici
qurğunun inşası həlledici mərhələyə
çatmış, inzibati binanın tikintisi başa
çatmaq üzrədir.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi
və əlverişli biznes mühitinin yaradılması nəticəsində
yeni ticarət, xidmət və iaşə obyektləri fəaliyyətə
başlamışdır. Hazırda şəhər ərazisində
2000-ə yaxın hüquqi və 8400 nəfərdən
çox fiziki şəxs fəal sahibkarlıq fəaliyyəti
ilə məşğul olur. Cari ildə Sumqayıt şəhərində
2000-dən çox iş yeri açılmışdır.
Ümumilikdə, son 6 ildə şəhər üzrə 38480
iş yeri yaradılmışdır ki, bunun da yarıdan
çoxu daimidir.
Prezident İlham Əliyev tərəfindən
1 oktyabr 2009-cu il tarixdə Sumqayıt şəhərində
abadlıq işlərinin sürətləndirilməsi
haqqında imzalanmış sərəncam bu sahədə
görülən tədbirlərin gücləndirilməsi
üçün əlavə stimul yaratmışdır.
Sumqayıt sakinləri uzun illər
payız-qış mövsümündə dam örtüklərinin
yararsız vəziyyətdə olmasından əziyyət
çəkmişlər. 2003-cü ildən etibarən bu
problemin həllində kəskin dönüş
yaradılmış, 750-dən çox yaşayış
binasının dam örtüyü təmir edilmişdir. Cari
ilin 9 ayı ərzində daha 226 mənzildə dam örtüyünün
təmiri başa çatdırılmışdır. Prezident
sərəncamı ilə Sumqayıt şəhərinə
ayrılmış vəsait hesabına hazırda Heydər Əliyev
prospekti və Sülh küçəsi boyunca
yaşayış binalarının dam örtüklərinin
şiferlə yenidən qurulması işləri
aparılır.
Hesabat dövründə 12
yaşayış binasında aşağı şəbəkə
üzrə içməli su və kanalizasiya xətləri təmir
edilmiş, daha 16 binada zirzəmilər qurudulmuşdur.
Ötən müddətdə
daha 50 yaşayış binasının fasad divarları əsaslı
təmir edilərək rənglənmişdir. Son illər
260-dan çox binanın xüsusi layihəyə əsasən
zövqoxşayan rənglərlə boyanması şəhərin
memarlıq görkəminə yaraşıq gətirmişdir.
Doqquz ayda şəhərin məhəllə,
mikrorayon və küçələrində 100 min kvadratmetrədək
yeni asfalt örtüyü qoyulmuşdur.
Şəhərin küçələrində
yağıntı sularını axıdan 550 paqonometr
uzunluğunda yeni xətlərin çəkilməsi
qarlı-yağışlı hava şəraitində sakinlərin
maneəsiz hərəkəti və asfalt
örtüyünün davamlılığının təmin
edilməsi baxımdan vacib addımlardandır.
Son illər əhalinin sıx məskunlaşdığı
yaşayış massivlərində, xüsusilə
mikrorayonlarda salınmış 14 yeni park və
abadlaşdırılmış xiyabanlar sakinlərin rahat
istirahətinə şərait yaratmışdır. 13-cü
mikrorayonda Babək küçəsi boyu, 10-cu mikrorayonda
Qarabağ kinoteatrının yanında, 47-ci məhəllə
ərazisində istirahət guşələri yenidən
qurulmuş, 17 və 21-ci mikrorayonlarda yeni parkların
salınması üzrə hazırlıq işlərinə
başlanılmışdır.
Yaxın müddətdə N.Nərimanov
küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində
yerləşən sahədə istirahət guşəsinin
salınması üzrə əsaslı təmir işləri
başa çatdırılacaq, fəvvarə
quraşdırılacaq. Hacı Zeynalabdin qəsəbəsinin
girişində yeni park salınmış, müasir
işıqlandırma sistemi quraşdırılmış,
oturacaqlar qoyulmuş, hazırda son tamamlama işləri
aparılmaqdadır. Şəhərin girişindəki Tərəqqi
parkının bərpası yekunlaşmışdır.
Son 6 ildə 100 minə yaxın
ağac əkilmişdir. Hazırda Sumqayıtda
adambaşına düşən yaşıllıq sahəsi
26 kvadratmetr təşkil edir ki, bu da respublika şəhərlərinin
orta göstəricisindən yüksəkdir. Nazirlər
Kabinetinin geniş iclasında Prezident tərəfindən gələn
ilin “Ekologiya ili” elan olunması təşəbbüsünü
əsas götürərək, şəhər ərazisində
yaşıllıq sahələrinin artırılması və
onlara qulluq göstərilməsi ilə bağlı tədbirlər
planı yenidən nəzərdən keçiriləcək.
İlin əvvəlindən fəaliyyətə
başlayan Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən
şəhərin əhalinin sıx məskunlaşdığı
mərkəzi hissəsində 220 stasionar məntəqə, fərdi
yaşayış evlərinin üstünlük təşkil
etdiyi ərazilərdə isə siqnal sistemi vasitəsilə
xidmət şəbəkəsi qurulmuşdur.
Nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə əsas tədbirlərdən biri şəhərdə
yeni avtobus dayanacaqlarının
quraşdırılmasıdır. Cari ilin sonuna kimi 65 belə
dayanacağın qoyulması nəzərdə tutulub ki, bu həm
nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsinə,
həm də sərnişinlərin rahatlığına xidmət
edəcək.
Müşavirədəki
çıxışlarda görülən işlərdən
konkret faktlarla ətraflı bəhs edilmiş və ili
uğurla başa vurmaq üçün qarşıda duran vəzifələr
müəyyənləşmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 25 oktyabr.- S. 3.