Astarada sosial-iqtisadi inkişaf sürətlənir

 

İlin 9 ayının sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə miqyasında rayonda qazanılmış uğurların ətraflı şərhini vermiş, sosial-iqtisadi inkişafın sürətləndirilməsini konkret faktlarla əsaslandırmışdır. Qeyd edilmişdir ki, ölkə iqtisadiyyatının inkişafında Astara rayonu da öz layiqli yerini tutur. 2009-cu ilin doqquz ayında ümumi məhsul buraxılışının həcmi 67 milyon 926,8 min manata çatmışdır.

 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 5, kənd təsərrüfatı məhsulları istehsalı 0,9, rabitə xidməti 10,3, əmtəə dövriyyəsi 14,7 , pullu xidmət 17,1 faiz artmış, əsas kapitala investisiya qoyuluşu 67 faiz azalmışdır. 2009-cu ilin doqquz ayı ərzində rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli iş görülmüşdür. İlin əvvəlindən ümumi sahəsi 5670 kvadratmetr olan yaşayış evləri istifadəyə verilmişdir. Şəhərin mərkəzi küçələrində abadlıq işləri görülmüş, səkilərə tamet düzülmüş, yol boyu divarlar hörülmüş, suvaq işləri və yolun asfaltlaşdırılması başa çatdırılmışdır. Yerli əhəmiyyətli avtomobil yolunda 8 metr uzunluğunda 2 körpü inşa edilmişdir. Eyni zamanda, şəhər mərkəzində FHN-nin Yanğın Təhlükəsizliyi Xidməti üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.Şəhərin Heydər Əliyev prospektindəki ictimai yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır.

Rayonda yaşıllıqların salınması, mühafizəsi, yeni ağacların əkini daim diqqət mərkəzindədir. Son dövrdə iməcilik yolu ilə müxtəlif yaşayış məntəqələrində, yol kənarlarında 6000 ağac əkilmişdir. Bu iş müntəzəm davam etdirilir.

Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsi doqquz ayda proqnoz planı 101,5 faiz icra etmişdir. Şöbədə 11 min 953 nəfər sığorta olunan qeydiyyata alınmışdır. Onlar hüquqi və fiziki şəxslər, torpaq mülkiyyətçiləridir. 13 minədək pensiyaçının müavinətləri tam ödənilmişdir.

Əhalinin sıx yaşadığı yerlərdə 6 ədəd bankomat quraşdırılmışdır ki, bu da əmək haqqı, pensiya və müavinətlərin ödənilməsini asanlaşdırmışdır.

Əhalinin Sosial Müdafiə Mərkəzində 1885 ailə ünvanlı sosial yardım alır. Ünvanlı sosial yardımın hər ailə üzrə orta aylıq məbləği 104 manat, hər ailə üzvünə düşən orta aylıq məbləğ 19 manat təşkil etmişdir.

Rayon Dövlət Sığorta Agentliyi doqquz ayda 20 min 251 manat tədiyyə toplayaraq planı 100 faiz icra etmişdir. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə şəhid olmuş əsgər ailələrinə və zərər çəkmiş əlillərə sığorta yardımı verilmişdir.

Rayon Məşğulluq Mərkəzində iş üçün müraciət edənlərin 270 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur, onların 89 nəfəri qadındır. Rayonda sosial müdafiəyə ehtiyacı olan vətəndaşlardan ötrü 11 müəssisədə 25 kvota yeri müəyyən edilmişdir. Ötən müddət ərzində həmin kvota yerlərində 19 nəfər işlə təmin olunmuşdur. “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncama uyğun olaraq istehsalçılara yardım göstərilməsi böyük razılıqla qarşılanmışdır. Rayonda 1117 nəfər fermer və fiziki şəxsə 82 min 850 manat dəyərində yardım verilmişdir. 320 nəfər çəltik istehsalçısına 6 min 533 manat əlavə yardımın verilməsi nəzərdə tutulmuşdur.

Doqquz ay ərzində 1158,5 hektar sahədə dənli və dənli paxlalılar, 299 hektar sahədə dən üçün qarğıdalı, 1283 hektarda kartof, 2734 hektarda tərəvəz əkilmişdir. Çayçılığı inkişaf etdirmək məqsədi ilə doqquz ayda 250 hektarda aqrotexniki qulluq işləri aparılmışdır. 250,5 ton yaşıl çay yarpağı yığılmışdır. Sitrus və meyvə bağlarında aqrotexniki qulluq işləri aparılmış, 350 hektar sahə təmizlənmişdir. Ziyanverici və xəstəliklərə qarşı profilaktik dərmanlama işləri aparılmış, 414,5 ton məhsul istehsal edilmişdir. Hazırda məhsul yığımı davam edir.

Doqquz ayda 42 min 126,7 ton faraş tərəvəz, 11min 293 ton kartof istehsal edilmişdir.

Taxılçılığı və çəltikçiliyi inkişaf etdirmək məqsədi ilə əkin sahələrinin sel sularından qorunması üçün suaparıcı kanallar lil və palçıqdan təmizlənmişdir. Doqquz ayda 2 min 229,2 ton dənli bitki istehsal edilmiş, 235,5 hektar sahədə çəltik əkini aparılmış, 1540,8 ton çəltik istehsal edilmişdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 1232 baş artaraq 44 min 859 başa, xırdabuynuzlu mal-qaranın sayı 339 baş artaraq 28 min 492 başa çatmışdır. Bu dövrdə diri çəkidə 2148,6 ton ət, 14 min 393,6 ton süd, 4 milyon 371 min ədəd yumurta, 19 ton yun istehsal edilmişdir.

Rabitə müəssisələri 514 min manatlıq xidmət göstərmiş, bu da keçən ilin müvafiq dövründən 10,3 faiz çoxdur.

Astara Qaz İstismarı İdarəsi 595 evin qazlaşdırılmasını həyata keçirmiş, qaz xətlərində təmir-bərpa işləri aparmış, 595 sayğac quraşdırmışdır. 23 qazpaylayıcı şkaf təmir edilərək işlək vəziyyətə gətirilmişdir. Lovayın yaşayış məntəqəsinə təbii qaz verilmiş, Siyəkü və Ojakəran kəndlərinə qazın verilməsi üçün hazırlıq işləri görülür.

Su kanalları işlək vəziyyətə gətirilmişdir. Astara çayında sahilbərkitmə işləri davam etdirilir.

Pensər kənd 2 saylı orta məktəbi üçün 480 yerlik, Rinə kənd orta məktəbi üçün 360 yerlik, Pəlikəş kənd orta məktəbi üçün 240 yerlik, Marzəsəy və Qəcimardə əsas məktəbləri üçün 180 yerlik, Vovada ibtidai məktəbi üçün 80 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. 620 yerlik Kijəbə qəsəbə orta məktəbinin əsaslı təmiri başa çatdırılmış, məktəb inventar və avadanlıqla təmin edilmişdir. Bu il ölkənin ali məktəblərinə 126 nəfər astaralı məzun qəbul olunmuşdur ki, bu da ötən illə müqaisədə 25 faiz çoxdur.

Rayon mərkəzi xəstəxanasının terapiya şöbəsinin 2-ci mərtəbəsində əsaslı təmir işləri başa çatdırılmış və ginekologiya şöbəsinin əsaslı təmirinə başlanılmışdır. Doğum şöbəsində və təcili yardım stansiyasında təmir işləri görülmüşdür.

Rayonun mədəniyyət müəssisələri maraqlı mədəni-kütləvi tədbirlər keçirmişlər. 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar Astara şəhərinin mərkəzində Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlamışdır. Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişafı üçün müəyyən işlər görmüşdür. “Cəsurlar” hərbi idman və turizm, “Şahin” hərbi idman oyunlarında uğurlar əldə edilmişdir.

Maraqla dinlənilən məruzə ətrafında müzakirələrdə təhsil şöbəsinin, ƏƏSM-nin və digər təşkilatların nümayəndələri iştirak etmiş, görülən işləri diqqətə çatdırmışlar. İlin uğurla başa çatdırılmasından ötrü qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 

 

Əli ƏLİYEV,

 “Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 27 oktyabr.- S. 6.