Hacıqabul: sosial-iqtisadi
inkişaf davam edir
Dövlət başçısı İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclasında cari
ilin ötən 9 ayının sosial-iqtisadi inkişaf
dinamikası təhlil olundu, qarşıda duran mühüm məsələlər
müzakirə edildi. Hacıqabul rayonunda da 2009-cu ilin 9
ayının nəticələrinə həsr olunmuş tədbir
keçirildi. Rayon icra hakimiyyətinin başçısı Əhməd
Muxtarov iştirakçıların diqqətinə
çatdırdı ki, möhtərəm Prezidentimiz İlham Əliyevin
zamanı qabaqlayan addımlar atması nəticəsində Azərbaycan
Respublikası son illərdə olduğu kimi “böhran ili” kimi
tarixə yazılan 2009-un 9 ayını da nailiyyətlərlə
başa vurdu. O dedi:
— Hesabat dövrünə
təsadüf edən sentyabr ayının 3-ü heç vaxt
hacıqabulluların xatirəsindən silinməyəcək əlamətdar
bir gün kimi tarixə yazılmışdır. Belə ki, həmin
gün ölkə Prezidenti cənab İlham Əliyev rayonumuza
ikinci dəfə səfər edərək ulu öndərin
abidəsi önünə gül dəstəsi qoymuş, Heydər
Əliyev muzeyinə baş çəkib xatirə kitabına
ürək sözlərini yazmışdır.
Cənab Prezident 2006-cı
ilin 23 avqustunda təməlini qoyduğu Hacıqabul Uşaq
Tibb Mərkəzinin açılışında iştirak
etmiş, Mədəniyyət evinə baxış
keçirmiş və rayonun Atbulaq kəndində müasir
standartlara cavab verən kərpic zavodunun
açılışında iştirak etmişdir.
Ə.Muxtarov əlavə
etdi: “Hacıqabul rayonunun təsərrüfatlarında bu ilin 9
ayında kənd təsərrüfatı məhsullarının
istehsalında bütün göstəricilər üzrə
artım qeydə alınmışdır. 2009-cu ildə
taxıl istehsalı 37160 ton olmuşdur ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 7550 ton
çoxdur. Bitkiçilik üzrə digər məhsulların
da nəticələri ürəkaçandır. Tərəvəz
istehsalı 18826 ton və ya ötən ilin müvafiq
dövrünə nisbətən 54 ton çox, bostan məhsulları
istehsalı 23548 ton və ya ötən ilin müvafiq
dövrü ilə müqayisədə 42 ton çox, meyvə
istehsalı 5552 ton və ya ötən ilin müvafiq
dövrü ilə müqayisədə 2 ton çox
olmuşdur. Günəbaxan, qarğıdalı istehsalında
da artım qeydə alınmışdır.
Bu il 50 hektar əraziyə
pambıq əkilmiş və 52 ton məhsul
yığılmışdır.
“Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi”
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23
yanvar tarixli sərəncamına əsasən əkin sahəsinin
becərilməsində istifadə etdikləri yanacaq və
mühərrik yağlarına görə 2749 nəfər
598.542,80 manat dövlət yardımı almışdır.
Bundan əlavə, torpaq mülkiyyətçilərinə
güzəştli qiymətlərlə mineral gübrələrin
verilməsi kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyinin bariz
nümunəsidir. Rayonun fermerlərinə və torpaq
mülkiyyətçilərinə 2009-cu ildə 100 ton azot
gübrəsi güzəştli qiymətlərlə
satılmışdır.
Hazırda Dövlət Proqramı
çərçivəsində rayonumuzda aqrar sektorun
inkişafına xidmət göstərəcək bir sıra
mühüm əhəmiyyətli obyektlərin tikintisi
aparılır. Bunlardan Padar, Qarasu kəndlərinə və
Muğan qəsəbəsinə Ağsu rayonu ərazisindən
çəkilən uzunluğu 55 kilometr olan Baş Şirvan
kanalını və Pirsaat çayı üzərindəki
su anbarının lildən təmizlənərək, yenidən
qurulmasını göstərmək olar. Bu iki nəhəng
tikinti istifadəyə verildikdən sonra rayonda 15 min hektara
yaxın torpaq sahəsi əkin dövriyyəsinə
qatılacaqdır ki, bu da kənd təsərrüfatı məhsullarının
həcminin 2 dəfə artması deməkdir. Bu tədbirlərin
həyata keçirilməsi ilə rayonda minlərlə yeni
iş yerləri açılmış olacaqdır.
Natiq vurğuladı ki, şəhərin
H.Həmidov küçəsinə 5 santimetr qalınlığında
350 metr, S.Vurğun küçəsinə 5 santimetr
qalınlığında 670 metr, M.Ə.Rəsulzadə
küçəsinə 5 santimetr qalınlığında 290
metr məsafəyə asfalt-beton örtüyü döşənmiş,
S.Vurğun, M.Ə.Rəsulzadə küçələrinə
ümumilikdə 300 ton asfalt-beton örtüyündən
hamarlayıcı qat verilmiş, çalalar təmir
olunmuşdur. Bakı, D.Ağamalıyev, Nizami, M.Ə.Rəsulzadə
küçələrində 2350 metr qum-çınqıl
qarışığından əsas qoyulmuşdur. Bakı,
Nizami, M.Əsədov küçələri ilə kəsişmələrə
6 santimetr qalınlığında asfalt-beton örtüyü
vurulmuşdur. İ.Qayıbov, M.Əsədov, S.Vurğun
küçələrinə giriş yolları üzrə
qalınlığı 4 santimetr olan 6111 kvadratmetr, Bakı
küçəsinə 6 santimetr qalınlığında
2237 kvadratmetr sahəyə xırda dənəli asfalt-beton
örtüyü döşənmiş, İ.Qayıbov
küçəsində 60 kubmetr qum-çınqıl
tökülərək səkiyə hamarlayıcı qat
verilmişdir.
Heydər Əliyev, M.Əsədov,
İ.Qayıbov küçələrində, xəstəxanaya
gedən yolda, dağüstü massivdə mişar
daşından 470 paqonometr bardür hörülmüş, 350
kvadratmetr bardür sement məhsulu ilə
suvanmışdır. Mişar daşından 20 santimetr
qalınlığında 319 kvadratmetr divar
hörülmüş, 260 kvadratmetr divar ağlay daşı
ilə üzlənmişdir. Hasar divarın 2120 kvadratmetrinə
emusiya çəkilmiş, 590 kvadratmetr bardür yağlı
boya ilə rənglənmişdir. 240 kvadratmetr divar qaya
daşı ilə üzlənmiş, 270 paqonometr surahi
qurulmuşdur, 214 kvadratmetr surahi sement məhlulu ilə suvanaraq
100 kvadratmetrə emulsiya çəkilmişdir. 150 kvadratmetr
sahə isə tamet tavalarla döşənmişdir. Mişar
daşından 40 santimetr qalınlığında 200
kvadratmetr divar, 40x40 santimetr ölçüdə 64 metr
uzunluğunda sütunlar hörülmüşdür.
Dağüstü massivdə milli rəmzli
1,79 ton çəkidə metal dayaqları
quraşdırılmış, 360 kvadratmetr metal konstruksiya rənglənmiş,
63 kvadratmetri alkaponla üzlənmiş, üçbucaq şəkilli
sahəyə torpaq daşınaraq ətrafına bardür
düzülüb, abadlıq və yaşıllaşdırma
işləri tamamlanmışdır. 18 kvadratmetr
ölçüdə metal hissələrdən təşviqat
stendi quraşdırılmış, 54 kvadratmetr sahə fanera
ilə üzlənmişdir. 200 metr elektrik kabeli borudan
keçməklə çəkilmişdir, 14,5 kubmetr beton
bünövrə, 0,9 ton metal sədd
quraşdırılmış, 18,6 kubmetr sütunlar mərmər
tavanla üzlənmişdir, 12 dəst işıq dayaqları
quraşdırılmışdır.
Şəhərdə sərnişinlərin
rahatlığı üçün 3 ədəd avtomobil
dayanacağı quraşdırılaraq istifadəyə
verilmişdir. 50 kommersiya ticarət mağazasının fasad
hissəsi rənglənmiş və 1500 kvadratmetr sahə
sahibkarların hesabına
asfaltlaşdırılmışdır.
Atbulaq kəndində 600, Meyniman kəndində
500, Kolanı kəndində 550, Qarasu kəndində 300 metr,
Muğan qəsəbəsində 480 metr, Navahı kəndində
4000, Qubalıbaloğlan kəndində 600 metr, Udullu kəndarası
avtomobil yollarına 10 kilometr, Talış kəndinin 500 metr
avtomobil yoluna qum-çınqıl
qarışığından əsas qoyulmuşdur.
Meyniman kəndində 800 metr
uzunluğunda 1,5 metr eni və 2 metr dərinliyi olan arx
qazılmışdır.
12 kilometr uzunluğunda, 4 metr enində
Ağacanlı Bürvənd kənd yolundan Şirvan şəhərinə
çıxış yolu qreyderlə hamarlanmış,
Muğan qəsəbəsində R.Hüseynov və
Ş.Qurbanov küçələrində 350 metr
uzunluğunda kanalizasiya sistemi təmizlənmiş,
T.İsmayılov küçəsində 170 metr məsafədə
yolun çala hissəsi təmir olunmuşdur. Rəncbər kəndində
kəndarası yolun 200 metri qum-çınqılla
hamarlanmışdır. Padar qəsəbəsində 120 metr
yola 15 santimetr qalınlığında qum-çınqıl
qarışığından əsas qoyulmuşdur. Atbulaq kəndində
eni 80 metr, uzunluğu 130 metr olan idman meydançası və
idman qurğuları, EATS-nin inzibati binası tikilmişdir.
Ötən dövrdə rayonda ümumi
sahəsi 6067 kvadratmetr yaşayış sahəsi olan fərdi
yaşayış evləri tikilmişdir. İşlərin
davamı olaraq rayon təhsil şöbəsinin, Dövlət
Sosial Müdafiə Fondu rayon şöbəsinin, Xüsusi
Dövlət Mühafizə Xidməti İdarəsinin əməkdaşları
üçün yataqxana binasının, rayon Prokurorluğunun
inzibati binasının, Atbulaq kəndində “R-Turan” MMC tərəfindən
inşa edilmiş kərpic zavodunun tikinti işləri başa
çatmışdır. Həmçinin Tava kəndində
260 şagird yerlik orta məktəb binası istismara qəbul
olunmuşdur”.
İcra başçısı
xüsusi vurğuladı ki, Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın “Hərəmiz bir ağac əkək”
çağırışına həvəslə qoşulan
hacıqabullular bu mövsümdə 10,8 min ağac və 8,5
min gül kolu əkmişlər. Təkcə şəhərdə
5,6 minə yaxın ağac və 5,2 min ədəd gül kolu
əkilmişdir. Yaşıllığın salınması və
ona qulluq bu gün də davam etdirilir.
2009-cu ilin 9 ayı ərzində
Hacıqabul şəhəri üzrə ayrı-ayrı məhəllələrdə,
magistral su xətlərində və məhəllədaxili
küçələrdə bir sıra təmir-bərpa
işləri aparılmışdır. Muğan qəsəbəsində
əhalinin içməli suya tələbatını
yaxşılaşdırmaq məqsədilə köhnə
boru yenisi ilə əvəz olunmuşdur. Bundan başqa, 2 ədəd
magistral su xətti üzərindəki diametri 200 millimetr olan
siyirtmə təmir edilmişdir. Xilə magistral su xəttində
diametri 219 millimetrlik dəmir borunun müəyyən hissəsi
və xətt üzərindəki siyirtmə təmir
edilmişdir.
Hacıqabul şəhərinin giriş
hissəsindəki yaşıllaşma zolağına diametri 50
millimetrlik 770 metr uzunluğunda su xətti çəkilib
istifadəyə verilmişdir.
Rayonda təhsilin qazandığı nəticələrə
toxunan Ə.Muxtarov məlumat verdi ki, 2009-cu ildə ümumtəhsil
məktəblərini 544 şagird bitirmiş, onlardan 277-si
müxtəlif ali məktəblərə sənəd
vermişdir. Sənəd verənlərdən 104-ü ali məktəblərə
daxil olmuşdur ki, bu da ötən ildəkindən 50 faiz
çoxdur. Orta ixtisas məktəblərinə bu il 99 nəfər
qəbul olmuşdur ki, bu da ötən illə müqayisədə
20 nəfər artıqdır.
Şəhər 5 saylı orta məktəbin
məzunu Əlheydər Heydərli 604 bal, Muğan qəsəbə
orta məktəbinin məzunu Vüqar Aslanzadə 645 bal, Rəncbər
kənd orta məktəbin məzunu Günay Məmmədova
665 bal toplayaraq ali məktəblərə qəbul olmuşlar.
Rayonun tarixində ilk dəfə olaraq
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
Rəncbər kənd orta məktəbinin məzunu Günay Məmmədova
Prezident təqaüdünə layiq
görülmüşdür.
2009-cu ilin sentyabrın 3-də
Hacıqabul Uşaq Tibb Mərkəzinin
açılışı səhiyyə işçilərinə
böyük töhfə olmuşdur. Müasir tibb
avadanlığı ilə təchiz olunmuş Hacıqabul
Uşaq Tibb Mərkəzinin istifadəyə verilməsi rayonun
körpə sakinlərinə göstərilən tibbi xidmətin
keyfiyyətini xeyli artırmışdır.
2009-cu ilin 9 ayı ərzində
Hacıqabulda görülmüş işlərin respublikada
aparılan genişmiqyaslı abadlıq-quruculuq prosesinin tərkib
hissəsi olduğunu deyən Əhməd Muxtarov rayonun bundan
sonra da sosial-iqtisadi inkişaf yolunda olacağını
xüsusi vurğuladı.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 27 oktyabr.- S. 4.