Sumqayıtda pedaqoji kadr hazırlığına böyük diqqət yetirilir

 

Müəllim peşəsi dünyada ən şərəfli peşələrdən sayılır. Azərbaycanda müəllimlərə hər zaman böyük ehtiram göstərilir. Maraqlıdır ki, hörmət qazanan, uca tutulan ən müxtəlif peşə sahiblərinə belə müraciət formasında “müəllim” deyirik. Ulu öndər Heydər Əliyev müəllim əməyini həmişə yüksək qiymətləndirmiş, verdikləri bilik və tərbiyə ilə hər kəsin gözünü açan, zəkasını nurlandıran, həyatında misilsiz rol oynayan müəllimlərə, milli təhsilimizin inkişafına qayğı göstərmişdir. Prezident İlham Əliyevin varislik ənənələrini layiqincə davam etdirməsinin bir əsas göstəricisi də elə fəaliyyətində təhsilə, təhsil işçilərinə yüksək prioritet verməsi, bu sahənin problemlərinə daim qayğı ilə yanaşmasıdır.

 

Dövlət başçısının “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı (2007—2010-cu illər)” və təhsillə bağlı imzaladığı 15-ə qədər digər mühüm proqramların icrası sahənin dinamik inkişafını təmin etməkdədir.

Müəllim hazırlığı məsələsi ölkəmizdə heç vaxt aktuallığını itirmir. Elə bölgələrdə pedaqoji yönlü təhsil mərkəzləri şəbəkəsinin genişləndirilməsi, ixtisasların artırılması və yenidən hazırlanması sistemi üçün dayaq məntəqələri kimi istifadə olunması son 10 ildə həyata keçirilən səmərəli tədbirlərin unikal bir modeli kimi diqqətəlayiqdir. Azərbaycan Müəllimlər İnstitutunun və bölgələrdə fəaliyyət göstərən 12 filialın bu sahədə əvəzsiz rolu xüsusi qeyd edilməlidir. Layiqli kadr şəbəkəsi, zəngin maddi-texniki bazası və təhsildə nəzərəçarpacaq nailiyyətləri olan belə bir filial 9 il öncə Sumqayıt şəhərində də yaradılmışdır.

Filiala gəlişimiz əlamətdar bir vaxta — Sumqayıtın 60 illik yubileyi ərəfəsinə təsadüf etmişdi. Məlum olduğu kimi, Prezident İlham Əliyev bu yubileyin hərtərəfli qeyd edilməsi ilə bağlı xüsusi sərəncam imzalamışdır. Sumqayıtın inkişafında bu gənc ali təhsil ocağının da xidmətlərinin olması şübhəsizdir.

Dünya şöhrətli siyasətçi, müasir Azərbaycan dövlətinin yaradıcısı öz uzaqgörənliyi ilə pedaqoji kadr hazırlığını yüksəltmək məqsədilə Müəllimlər İnstitutunun Sumqayıt filialını da yaratmış, bununla da daha bir sönməyən məşəl yandırmışdır. Bu filial ümummilli liderimizin sumqayıtlılara diqqəti və sədaqətinin təzahürü kimi pərvəriş tapmış, Prezident İlham Əliyevin tükənməz qayğısı sayəsində inkişaf edərək nümunəvi bir səviyyəyə çatmışdır. Filialın direktoru da elə yubilyar şəhərin öz yetirməsidir.

Direktor Raya Nəcəfova Sumqayıtda tanınmış ziyalı ailələrindən birinin nümayəndəsidir. Atası Əli müəllim uzun illər Politexnik Texnikumunda dərs demiş və bir müddət bu təhsil ocağının direktoru olmuşdur. Səksən altı yaşlı ağsaqqal ziyalı hazırda Sumqayıt Dövlət Texniki Kollecində pedaqoji fəaliyyətini davam etdirir. Nəcəfovlar ailəsinin digər üzvləri də gənclik şəhərində hörmət-izzət sahibləridir.

Raya Nəcəfova Sumqayıtda anadan olub, burada orta təhsil alıb. Altmış yaşı tamam olan bu gözəl şəhərin uğurlarına hər zaman sevinir, problemlərinə də bələddir və öz sahəsində onların həllindən ötrü bilik və bacarığını əsirgəmir. O, 2001-ci ilin fevral ayından filialın direktoru təyin edilib. Həmin dövrü belə xatırlayır:

— Azərbaycan xalqının ümummilli lideri, unudulmaz böyük şəxsiyyət Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun 12 filialı yaradıldı. Bu addımın ən böyük önəmi həm tələbələrin, həm də pedaqoji kadrların bölgələrdən paytaxta intensiv axınını bir qədər azaltmaq idi. Cəmi 92 tələbə ilə ilkin fəaliyyətə başlayan Sumqayıt filialı məlum fərmanda göstərildiyi kimi, Politexnik Texnikumunun binasında yerləşir. Texnikumun direktoruna həm də filialın direktoru vəzifəsi tapşırılmışdı. Çətinliklər ondan ibarət idi ki, əvvəla 19 məcburi köçkün ailəsi auditoriyalarda pərakəndə halda məskunlaşmışdı (bu, tədris prosesinə ciddi maneçilik törədirdi), üstəlik filialın formalaşması və tədris çox yarıtmaz təşkil edilmişdi. Buna görə də nazir Misir Mərdanovun əmri ilə təhsil ocağının rəhbərliyi dəyişdirildi.

Biz həm pedaqoji heyəti formalaşdırmalı, həm növbəti tələbə qəbuluna hazırlıq görməli, həm də digər fəaliyyət sahələri olan pedaqoji kadrların diplomdansonrakı təhsillərində ixtisasartırma, ixtisasdəyişmə və təkmilləşdirmə funksiyalarını qurmalı idik. Hələlik yalnız iki ixtisas (məktəbəqədər və ibtidai təhsilin pedaqogika və metodikası) üzrə bakalavr hazırlığı həyata keçirilirdi. İlk öncə qaçqın ailələrini tədrisə mane olmamaq şərtilə ayrıca bir korpusda yerləşdirmək və lazımi məişət şəraiti yaratmaq, binanın nəinki tədrisə, ən adi tələblərə belə cavab verməyən auditoriyalarını, iş otaqlarını əsaslı təmir etdirmək vacib idi. O vaxt təhsil nazirliyi bizə hər cür köməklik göstərsə də, şəhər icra hakimiyyəti tamamilə seyrçi mövqe nümayiş etdirirdi. Buna baxmayaraq, istəyimizə nail ola bildik.

Yeni dərs ilinə həm filialın təmiri, həm yeni tələbə qəbulu, həm tələb olunan elmi dərəcəli, yüksək bilikli, təcrübəli professor-müəllim heyətinin cəlb edilməsi və sair zəruri təşkilati-texniki işlərin yerinə yetirilməsi ilə başladıq. Baza sayılan Politexnik Texnikumu texniki yönümlü olduğu üçün pedaqoji yönümlü ali təhsil müəssisəsinin elmi-pedaqoji potensialını yaratmaq da çətinlik törədirdi. Üstəlik, Prezidentin eyni fərmanı ilə Sumqayıt Dövlət Universiteti də yaradıldığından müəllimlərin cəlb edilməsi məqsədilə paytaxtın müxtəlif ali məktəbləri, Milli Elmlər Akademiyasının institutları ilə işgüzar əlaqələr yaratmaq hesabına filialın kadr təminatını həyata keçirə bildik...

Rəhbərliyin yorulmaz səylərinin nəticəsi olaraq formalaşma və komplektləşdirmə tədricən qaydaya düşdükdən sonra yeni pedaqoji ixtisaslara tələbatın olduğu nəzərə alınaraq filialda “riyaziyyat-informatika”, “tarix-coğrafiya” kimi Qərb ölkələrində dəbdə olan qoşa ixtisaslar üzrə bakalavr pilləsinə tələbə qəbulu təşkil edildi. Hazırda beş ixtisas üzrə bakalavr hazırlığı aparılır. Bunlar ana dili və ədəbiyyat, ibtidai təhsilin pedaqogikası və metodikası, məktəbəqədər təhsilin pedaqogikası və metodikası, həmçinin riyaziyyat-informatika və tarix-coğrafiya ixtisaslarıdır.

İnstitutun Sumqayıt filialında 853 tələbə təhsil alır. Artıq beş dəfə məzun buraxılışı olmuşdur. Onlarla tələbə institutu fərqlənmə diplomu ilə bitirmiş, magistraturaya daxil olmuşdur. Hazırdı filialda tədris prosesi altı kafedra və iki fakültə vasitəsilə uğurla həyata keçirilir. Professor-müəllim heyəti 80 nəfərdən ibarətdir. Onlardan 7 nəfəri elmlər doktoru, 27 nəfəri elmlər namizədi — dosent vəzifələrində çalışır. Filialın fəaliyyət sahələri bakalavr təhsil pilləsini və pedaqoji kadrların ixtisasartırma və ixtisasdəyişməsini əhatə edir. Bütün bu işlərin tələblər səviyyəsində görülməsi üçün 185 nəfər əməkdaş 12 bölmədə, 2 fakültədə, 6 kafedrada və 3 kabinetdə səmərəli fəaliyyət göstərir. İxtisasartırma və yenidənhazırlanma sahəsi “əlavə təhsil” adlanır, bu sahədə əlavə olaraq bir fakültə yaradılmışdır.

Yeri gəlmişkən, əlavə təhsil sahəsi geniş əhatəli və mürəkkəb sahədir. Onun dislokasiyası Sumqayıt şəhərinin 50 məktəb və 38 məktəbəqədər təhsil müəssisəsini, həmçinin Qubadlının 26, Xızının 14, Siyəzənin 26, Abşeronun 48 məktəbini əhatə edir. Hər il 1000 nəfərə qədər müəllim burada ixtisasartırma kursu keçir, 100-120 müəllim isə ixtisasını dəyişir.

Sumqayıt filialının səmimi, mehriban, işgüzar pedaqoji kollektivi var. Bütün gücünü möhkəm intizam və yüksək müvəffəqiyyət uğrunda mübarizəyə yönəldən professor-müəllim heyəti daim öz təcrübəsini təkmilləşdirir, gələcək müəllimlərə — bugünkü tələbələrə şəxsi nümunə, örnək olmağa çalışır. Filialın müəllimləri Azərbaycan Müəllimlər İnstitutu və respublikanın təhsil ocaqları ilə müntəzəm əlaqə saxlayır. Təlimin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəni öyrənir və öz işlərində tətbiq edirlər.

Artıq Sumqayıt filialının öz ənənələri də formalaşmışdır. Məsələn, hər ilin aprel-may aylarında ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar tələbə-elmi cəmiyyətinin sanballı elmi-praktik konfransları keçirilir. Respublikada yalnız Sumqayıt filialında ibtidai siniflər üzrə olimpiada təşkil edilir, qaliblərə mükafatlar verilir. Müntəzəm olaraq ümumşəhər spartakiadalarında iştirak edəcək ən güclü idmançılar arasında filialdaxili yarışlar keçirilir, dama, şahmat, futbol və voleybol üzrə turnirlər böyük maraq doğurur.

Filialın kitabxanası yenidən qurulub. Prezident İlham Əliyevin sərəncamı ilə yeni — latın əlifbası ilə nəşr edilmiş nəfis tərtibatlı kitablarla komplektləşdirilib. Tələbə və müəllimlərin istifadəsində iki kompyuter mərkəzi və internet şəbəkəsi mövcuddur. Müasir idman salonu, tələbə yeməkxanası fəaliyyət göstərir.

On il öncə Prezident sərəncamı ilə təsdiq edilmiş təhsil islahatı proqramından irəli gələn məsələlərin həlli, təhsilin idarə olunmasında yeni prinsiplərin bərqərar edilməsi, təhsil prosesinin dünya standartlarına uyğunlaşdırılması, onun məzmununda köklü keyfiyyət dəyişikliklərinə nail olunması, ölkəmizin hər yerində olduğu kimi, 60 yaşlı Sumqayıtda və Azərbaycan Müəllimlər İnstitutunun yerli filialında da təhsilin təkmilləşdirilməsi vəzifəsinin uğurlu həllinə güclü təkan vermişdir. İndi pedaqoji kadrların müasir səviyyədə hazırlanmasını həyata keçirən Sumqayıt filialı onu yaradıb-quranların fədakar səyləri , nazirliyin və şəhər rəhbərliyinin daimi dəstəyi sayəsində ölkənin qabaqcıl təhsil ocaqlarından birinə çevrilmiş, uğurları davamlı xarakter almışdır. İnanırıq ki, təhsil qanununun ardıcıl tətbiqi bu uğurları daha da artıracaqdır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 27 oktyabr.- S. 6.