Moskvada dahi
Müslüm Maqomayevin
xatirəsinə həsr
olunmuş gecə keçirilmişdir
Bir il əvvəl görkəmli musiqiçi, əfsanəvi
müğənni, milyonların sevimlisi Müslüm Maqomayev
dünyasını dəyişmişdir... Maqomayevin təkrarolunmaz
bariton səsi və misilsiz artistlik bacarığı
milyonlarla dinləyicinin qəlbini fəth etmişdir. Onun səs diapazonu
o qədər geniş
idi ki, uzun
illər və elə indi də
Maqomayevin adı yüksək incəsənətin
rəmzinə çevrilmişdir.
Oktyabrın 25-də
Moskvanın “Crocus Citi Hall” salonunda dahi musiqiçinin xatirəsinə
həsr olunmuş gecə keçirilmişdir. Gecədə müğənninin
doğmaları, dostları
və parlaq istedadının pərəstişkarları
toplaşmışdılar.
Müslüm Maqomayevin
yaxın dostu, “Krokus” şirkətlər qrupunun rəhbəri Araz Ağalarovun təşkil etdiyi konsert əfsanəvi müğənninin şərəfinə
açılmış yeni
konsert salonunda ilk rəsmi tədbir olmuşdur. 6,2 min nəfərlik salonun girəcəyində
A.Ağalarovun “Böyük
müğənni və
mənim dostum Müslüm Maqomayevin xatirəsinə” sözləri
yazılmışdır.
Gecənin aparıcısı
Svetlana Morqunova demişdir: “Bir il əvvəl, ölkə saatların əqrəblərini geri çəkəndə Müslüm
Maqomayevin ürəyi
əbədi susmuşdu.
Böyük artistin və müğənninin
qayıdacağına və
bu möcüzənin
yenidən davam edəcəyinə ümidlərimiz
də sönmüşdü.
Yalnız itirəndən
sonra anladıq ki, Müslüm Maqomayev bizim hamımıza necə lazım idi. Mən onun səsinə
laqeyd qalan adam tanımıram. Maqomayevin gedişi ilə təkcə vaxt dəyişmədi, indiki şou biznesi o zamanlar
”incəsənət" adlandırılan
məfhumdan ayıran pərdə də yırtıldı. Kral taxt-tacını heç kimə vermədən, əsl kral kimi getdi.
Ona görə yox ki, bildiklərini
özündən sonrakı
nəslə ötürmək
istəmirdi, sadəcə
buna layiq olanı yox idi... Zamanı dayandırmaq mümkün
deyil, başqaları gələcək, lakin o xoşbəxt anlarımızla qırılmaz
surətdə bağlı
olan günlər bir daha qayıtmayacaqdır.
Musiqiyə sonsuz sadiq Orfeyin səsi
xatirələrimizdə, qəlbimizdə
əbədi səslənəcəkdir".
Geniş ekranda Müslüm Maqomayevin video kadrları nümayiş etdirilir, onun ifasında mahnılar səslənirdi.
Toplaşanlar milyonların
qəlbini fəth etmiş “Sən mənim melodiyamsan” mahnısını ayaq üstə dinləmişlər.
Royal arxasında bəstəkar Aleksandra Paxmutova əyləşmişdi.
Onun digər məşhur mahnıları,
teatr kompozisiyaları və hətta “Bremen musiqiçiləri” cizgi filmindən mahnılar tamaşaçılar
tərəfindən hərarətlə
qarşılanmışdır. Maqomayevin memuarlarından parçalar oxunmuşdur.
Səhnədən klassik və müasir musiqi, o cümlədən
əfsanəvi həmvətənimizin
çox sevdiyi italyan ariya və
mahnıları səslənirdi.
Onları təkcə
məşhur Rusiya və Azərbaycan opera müğənniləri
deyil, həm də gənc estrada müğənniləri
ifa etmişlər.
Dahi müğənniyə
həsr etdiyi mahnısını ifa edən gənc Emin Ağalarovu isə ailə arxivində saxlanılan videoçəkiliş vasitəsilə
Müslüm Maqomayev özü təqdim etmişdir. O, royal arxasında oturaraq hələ uşaqlıqdan
tanıdığı istedadlı
və perspektivli gənci təqdim edir.
Konsertdə azərbaycanlı
ifaçılar Elçin
Əzimov, Dinara Əliyeva, Samir Cəfərov, Rusiya müğənniləri Nikolay
Baskov, İosif Kobzon, Yevgeni Nesterenko, Paata Burçuladze iştirak etmişlər. Larisa Dolina, Tamara Qverdsiteri, Filipp Kerkorov, Dima Bilan, Valeriya, Valeri Sütkin, “Kvatro” ansamblı da Müslüm Maqomayevin xatirəsini anmışlar. Rusiya Dövlət Televiziyası
və Radiosu Simfonik Orkestri, Pyatnitski adına xor və rəqs
ansamblı da çıxış etmişdir.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Müslüm Maqomayevin xanımı Tamara Sinyavskaya, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin
rəhbəri Leyla Əliyeva, “Krokus” qrupunun başçısı
Araz Ağalarov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Azərbaycan Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov, Rusiya dövlət hakimiyyəti
və ictimaiyyətinin
nümayəndələri konsertdə
olmuşlar.
Konsertin sonunda Araz Ağalarov səhnəyə qalxaraq dostu və görkəmli
müğənni Müslüm
Maqomayevin xatirəsi önündə baş əymişdir. Sonra konsert salonunun həndəvərində atəşfəşanlıq
təşkil olunmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Xalq qəzeti.- 2009.- 27 oktyabr.- S. 3.