Ömrün kamillik çağı
Akademik İsa Həbibbəyli Azərbaycan elmi və ədəbi-ictimai
mühitində özünəməxsus yeri, xüsusi çəkisi
olan görkəmli alimdir. Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Naxçıvan
Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi, millət
vəkili kimi onun gördüyü işlərin miqyası
heyrətamiz dərəcədə böyük və
genişdir. O, ulu öndər Heydər Əliyev ideallarına
dönməz sədaqətin canlı simvoludur. İ.Həbibbəyli
xalqını və millətini sevən, yüksək dövlətçilik
duyğusuna malik əqidəli vətəndaş və
ziyalıdır.
60 sənəlik şərəfli
bir ömrün 45 ilini Azərbaycan ədəbiyyatı və
nəzəri-estetik fikrimizin problemlərinin tədqiqi və
araşdırılmasına həsr etmiş akademik İ.Həbibbəyli
özünü fədakarcasına elmə həsr etməyin
ibrətli bir nümunəsidir. Onun həyatı
çağdaş gənclik üçün millətə və
dövlətə, elmə və milli mədəniyyətə,
əslə, kökə və nəcabətə ziyalı
ehtiramının timsalı olmağa layiqdir. İsa müəllim
fədakar tədqiqatçı alim, zəhmətkeş və
xeyirxah bir ziyalı taleyini yaşayıb, keçmişimizi
qorumaq, gələcəyimizi qurmaq naminə dünyanın
müxtəlif arxivlərində inadkar axtarışlar
apara-apara 1964-2009-cu illərdə–45 il ərzində Azərbaycan
elminə 35 kitab, 12 biblioqrafik göstərici, 13 tərtib məcmuəsi,
500-ə yaxın elmi-nəzəri, tənqidi-publisistik məqalə
bəxş etmişdir.
Hər bir
yaradıcı şəxsiyyətin və alimin əsərləri
onun ömür yolu, taleyi ilə sıx bağlı olur. Akademik
İ.Həbibbəylinin çoxcəhətli
yaradıcılığını təhlil etməzdən
öncə onun ömür salnaməsinin bəzi məqamlarına
nəzər salaq.
İ.Həbibbəyli 16 oktyabr 1949-cu ildə qədim diyarımız ulu Naxçıvanın Şərur bölgəsinin etimoloji mənası “erkən dan yeri” olan Danzik obasında 50 ildən artıq müəllimlik edən, sayılıb-seçilən ziyalı Əkbər Əlibəy oğlunun ailəsində dünyaya gəlib. 1966-cı ildə Oğlanqala kənd orta məktəbini bitirib. 8-ci sinifdə oxuyarkən “Pambıqçı uşaqlar” adlı ilk məqaləsi “Azərbaycan pioneri” qəzetində dərc olunub. Dərc uğurlu olub, onun məqalə və şeirləri “Azərbaycan gəncləri”, “Şərq qapısı”, “İşıqlı yol” qəzetlərinə yol açıb.
Beləliklə
də hələ orta məktəb illərindən İ.Həbibbəyli
ağ kağızla üz-üzə
oturmağın şərəfini və məsuliyyətini
yaşamağa başlayıb. 1967-ci ildə o, Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Naxçıvan filialının filologiya
fakültəsinə daxil olur. Çalışqan və fəal tələbə
kimi institutun tələbə elmi cəmiyyətinin sədri
seçilir, Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində
tələbə elmi konfrans və simpoziumlarında məruzələr
oxuyur, respublika mətbuatında məqalə və şeirləri
dərc olunur.
Hər bir insanın taleyini həll
edən xoş bir məqam olur. Belə bir məqam
İsanı 1970-ci ildə haqlayır. “Elm
günləri”ndə iştirak etmək üçün
Naxçıvana gəlmiş akademik Məmməd Cəfər
İsanı görüb bəyənir və onu elm yoluna
istiqamətləndirir. 1973-cü ildə İ.Həbibbəyli
akademik M.Cəfərin müdir olduğu “Ədəbiyyat nəzəriyyəsi”
şöbəsi üzrə akademiyanın Nizami adına
Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasına daxil olur. Beləliklə də İ.Həbibbəylinin alimlik
həyatı başlanır, o, öz istedadı, tədqiqatçılıq
bacarığı, zəhmətkeşliyi və əlbəttə
ünsiyyət mədəniyyəti sayəsində: 1980-ci il
martın 14-də “XX əsrin əvvəlləri Azərbaycan
romantik lirikası” mövzusunda namizədlik, 1996-cı il
martın 15-də “Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” mövzusunda doktorluq
dissertasiyaları müdafiə edir, 2001-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
2003-cü ildə isə həqiqi üzvü seçilir...
Deyəsən, ümumiyyətlə mart ayı İsa müəllimə
düşür. O, namizədlik dissertasiyasını martın
14-də, doktorluğu isə martın 15-də müdafiə
edir.
İ.Həbibbəyli 1975-ci ildən
taleyini Naxçıvan Dövlət Universiteti ilə bağlamışdır.
Burada o, adi müəllimlikdən rektor səviyyəsinə qədər
böyük bir elmi-pedoqoji təşkilatçılıq yolu
keçmişdir. Belə ki, İ.Həbibbəyli 34 ildir ki, həm
də bir pedaqoq kimi Azərbaycan ədəbiyyatının tədrisi
və təbliği ilə məşğuldur. O, tələbələrin
təkcə rəhbəri yox, həm də sevimli müəllimidir.
Gənc nəslin milli ruhda, dövlətçilik əqidəsində,
elmə maraq dairəsində yetişməsi və
formalaşması sahəsində akademik İ.Həbibbəylinin
xidmətləri çox böyükdür.
İ.Həbibbəyli
onlarla aspiranta rəhbərlik etmiş, Naxçıvan Dövlət
Universitetinin Dissertasiya Şurasının sədri kimi 1997-ci
ildən gənc alimlər yetişdirib böyük elmə
xeyir-dua vermiş, 1995-ci ildə Naxçıvanda “Atatürk
Araşdırma Mərkəzi” yaratmış və ona rəhbərlik
etmişdir.
İ.Həbibbəyli beynəlxalq
miqyasda böyük nüfuza malik olan bir alimdir. Onun xarici
ölkələrdə müxtəlif toplantılarda etdiyi məruzələrin
təkcə siyahısını yazsaq həcmi bir məqaləyə
bərabər olacaq. Həmin məruzələrin təkcə
sayı yox, həm də sanbalı olduqca böyük və
müstəqil bir tədqiqatın mövzusudur. Akademik İ.Həbibbəylinin
nüfuzlu bir rektor kimi gördüyü elmi və pedaqoji-təşkilati
işlər öz miqyasına, dərin məzmununa görə
heyrət doğurur. Naxçıvanın qədim
tarixinə və möhtəşəm quruculuq sayəsində
tərəqqi edən müasir ictimai həyatına dərindən
bağlı olan İ.Həbibbəyli maarifpərvər sələfləri
kimi bu dünyada elm və təhsilin, mədəni həyatın
dünya səviyyəsinə çatmasına ürəkdən
xidmət göstərir.
Akademik İ.Həbibbəyli ədəbiyyatşünas-alim,
maarifçi-pedaqoq və ictimai xadim kimi üç
böyük istiqamətdə çoxcəhətli
yaradıcılıq işi aparır. O, tədqiq
etdiyi böyük maarifçilərin – C.Məmmədquluzadənin,
M.T.Sidqinin, F.Köçərlinin, Ü.Hacıbəylinin və
s. ənənələrini şərəf və ləyaqətlə
yeni zamanın ruhuna, tarixi-mədəni tələblərinə
uyğun olaraq davam etdirmişdir.
Onun filoloji fikrimizə gətirdiyi
yenilikləri qeyd etməzdən əvvəl bir məsələyə
də toxunmalıyıq. “Naxçıvan seçmə kursu”
(1996), “Naxçıvan Universiteti. Türkiyə,
Ərzurum, Atatürk Universiteti” (1992), “Naxçıvan
Dövlət Universiteti” (salnamə) (1998), “Naxçıvan
diyarının mineral suları” (2000), “Naxçıvan
diyarının dərman bitkiləri” (2000), “Naxçıvan
diyarının faydalı qazıntıları” (2000),
“Naxçıvan Dövlət Universiteti” (2001) və s. kimi əsərləri
bizə onu deməyə imkan verir ki, İ.Həbibbəyli
həm də Naxçıvanşünas alimdir. 1980-ci ildə
uğurla müdafiə etdiyi namisədlik dissertasiyası əsasında
1984-cü ildə İ.Həbibbəylinin “Romantik lirikanın
imkanları” monoqrafiyası çap olunur. Bu əsər buna qədər
80-dən artıq elmi-publisistik məqalənin müəllifi
olan alimin ilk kitabı idi. Beləliklə, XX əsrin 80-ci illərində
o, elm aləminə artıq tanınmış ədəbiyyatşünas
kimi daxil olur. Kitab XX əsr romantiklərinin lirikasının
poetik xüsusiyyətlərindən bəhs edir və İsa Həbibbəyli
Məmməd Cəfər müəllimin yolunu davam etdirir. Amma
nədənsə, o, romantizmşünaslıq istiqamətində
getmədi. Böyük ədib, Azərbaycan tənqidi
realizminin banisi Cəlil Məmmədquluzadənin həyatı,
yaradıcılığı və mühitinin öyrənilməsinin
səhifələri alimi maqnit kimi özünə çəkirdi.
Namizədlik
dissertasiyasının müdafiəsindən cəmi iki il
sonra, 1982-ci ildə Nizami adına Ədəbiyyat
İnstitutunun Elmi Şurası İ.Həbibbəyli
üçün “Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri” adlı doktorluq dissertasiyası mövzusunu təsdiq
etdi.
Buradan da onun
realizmşünaslıq istiqamətində
axtarışları başlandı. İsa elmlər doktoru
olmağa tələsmədi, bu dörd il ərzində inadla
axtarışlar apardı, demək olar ki, arxivlərdən
Mirzə Cəlil haqqında bütün sənədləri və
onun itmiş əsərlərini tapıb üzə
çıxardı.
Mirzə Cəlilin “Ər”adlı 4 pərdəli pyesi, “Lənət”
və “Oyunbazlar” adlı səhnəcikləri məhz onun
axtarışları sayəsində ədəbi ictimaiyyətə
məlum oldu. O, təkcə Mirzə Cəlilin irsi ilə məşğul
olmamış, müasirləri haqqında külli miqdarda
faktlar və materiallar toplayıb tədqiq, təsnif və nəşr
etdirmişdir. Və ən başlıcası onun böyük
vətəndaşlığı sayəsində C. Məmmədquluzadənin
oğlu Ənvər, nəvələri Nitət, Teymur və
İrena Süleymani haqqında məlumat əldə
edilmiş, İsa müəllim İranda onlarla
görüşmüşdür.
Əlbəttə, Mirzə Cəlil
haqqında 1936-cı ildə ilk monoqrafiya yazmış Əli
Nazimdən (Nəzmidən) tutmuş, XX əsrin sonlarına qədər
onlarla ciddi əsər yazılmışdır. Lakin, İ.Həbibbəylinin
tədqiqatının orijinallığı bunda idi ki, onun
fundamental monoqrafiyasında ilk dəfə MÜHİT
özü sadəcə faktların məcmusu kimi yox, ELMI
PROBLEM, nəzəri-estetik kateqoriya kimi qoyulurdu. Bu, realizm
mühiti idi. Əlbəttə, ortada böyük
realizmşünas Yaşar Qarayevin “Azərbaycan realizminin mərhələləri”
adlı fundamental monoqrafiyası var idi.
İsa müəllim bu nəzəriyyəni
bir az da dərinləşdirdi. Mirzə Cəlil realizm
mühitini yaradan müasirləri ilə bütün ilgilərin
kontekstində təqdim olunurdu. Bu kitabda əhatə olunmuş
minlərlə faktı oxuyanda onları axtarıb tapan, eyni ədəbi-tarixi
müstəvidə təqdim etməyi bacaran təfəkkürün
ümumiləşdirmə məharətinə heyrət etməyə
bilmirsən.
İ.Həbibbəylinin “Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri” əsəri
1997-ci ildə Bakıda, iki il sonra isə Moskvada rus dilində
çap olundu və təkcə Azərbaycan
oxucularının yox, həm də dünya rusdilli oxucusunun sərvətinə
çevrildi.
Akademik İ.Həbibbəyli təkcə
ədəbiyyat tarixçisi və tədqiqatçısı
deyil. O, həm də nəzəriyyəçi alimdir. Buna əmin
olmaq üçün onun “Ədəbiyyat nəzəriyyəsi”
dərsliyini və son zamanlar ədəbiyyatın mahiyyəti
və janrlar haqqında yazdığı fundamental məqalələrini
oxumaq kifayətdir.
O, canlı ədəbi
prosesi həssaslıqla izləyən, XX əsrin ədəbi
hadisələrinə ciddi elmi münasibət bəsləyən,
həm ədəbiyyat tarixçisi, həm də nəzəriyyəçi
və tənqidçi kimi öz mövqeyini ortaya
qoymağı bacaran fikir adamıdır.
Əsrin sonunda–1999-cu ildə
İ.Həbibəylinin iki dəyərli monoqrafiyası çap
olundu: “Xalq şairi Məmməd Araz” və “Ustad Məmmədhüseyn
Şəhriyar”. Bunlar İsaya qəlbən, ruhən ən
yaxın qüdrətli sənətkarlar idi. Bu monoqrafiyalarda o,
artıq şeirşünas kimi, poetika nəzəriyyəçisi
kimi diqqəti cəlb edir. Xüsusilə,
M.Şəhriyar haqqında yazdığı kitablarda, o
cümlədən 2000-ci və 2002-ci illərdə Tehranda iki
dəfə nəşr olunmuş “Şəhriyar
dünyası”nda o, şairin mühitini kontekstoloji səviyyədə
nəzərə alsa da, diqqəti daha çox həm
M.Arazın, həm də M.Şəhriyarın bədii fəlsəfi
novatorluğuna yönəldir. “Şairdən yazmaq onun
poetikasını açmaqdır” qənaəti üstündə
köklənir. İ.Həbibəyli həm M.Arazı, həm
də M.Şəhriyarı XX əsrdə totalitar rejimlərdə
milli-mənəvi yaddaşı oyadan şairlər kimi
araşdırmaya cəlb edir, şairin tarixi əhəmiyyəti
onun bədii poetik imkanları ilə ölçülür.
O, professional bir tənqidçi ədası ilə XX əsrin
iki böyük milli şairinin dillər əzbəri olmuş
məşhur şeirlərini analitik təhlilin predmetinə
çevirməyə nail olur.
Tarixiliklə
müasirliyin, ideya axtarışları ilə poetik
tapıntıların vəhdəti İ.Həbibəylinin tənqidçi
üslubunun məğzini və mahiyyətini təşkil
edir. İsa müəllim filoloji fikrimizdə az işlənilmiş
biblioqrafiyaşünaslıq və tərtibçi-mətnşünaslıq
sahələrində də nüfuzlu mütəxəssis sayılır. Bu sahədə o,
ustadı AMEA-nın müxbir üzvi Ə.Mirəhmədov ənənələrini
davam etdirir. Bu baxımdan onun “Cəlil Məmmədquluzadənin
həyatı və yaradıcılığının əsas
tarixləri”, “Mirzə Ələkbər Sabirin həyatı və
yaradıcılığının əsas tarixləri”,
“Naxçıvan Dövlət Universitetinin yetirmələri”,
“Məmməd Araz” (Tərcümeyi hal), “Akademik Yusif Məmmədəliyevin
həyatı və ictimai elmi fəaliyyətinin əsas tarixləri”
və başqa biblioqrafiyaları, “Müasirləri Abbas Zamanov
haqqında”, M.Araza həsr olunmuş “Millilik və bəşərilik”,
“Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma”,
Cəlil Məmmədquluzadənin bir neçə nəşr
edilmiş əsərləri, Məmməd Tağı Sidqi. “Əsərləri”,
Məhəmmədhüseyn Şəhriyar. “Seçilmiş əsərləri”,
Abbas Zamanov. “Seçilmiş əsərləri” akademik İ.Həbibəylinin
tərtibi, ön sözü, şərhləri ilə ədəbi
ictimaiyyətə təqdim olunub. Bu əsərlər onun mətnşünas
alim kimi gördüyü işlərin mahiyyətini və
miqyasını əks etdirir.
Akademik İsa Həbibəyli
milli filoloci fikrimizi dünya standartları səviyyəsinə
qaldırmaq üçün fundamental axtarışlar aparan,
milli mənəvi taleyimizin qeyrətli təəsübkeşi,
yüksək idrak və nəcabət sahibi olan görkəmli
Azərbaycan alimidir.
Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,
AMEA Mərkəzi Elmi
Kitabxanasının
direktoru, filologiya elmləri namizədi
Xalq qəzeti.- 2009.- 28 oktyabr.- S. 6.