Regional inkişafın yeni hüdudları
Ölkəmizin sosial-iqtisadi inkişafı ilə
bağlı cari ilin 9 ayında qazanılmış uğurlar,
qarşıdakı ayların həllivacib məsələləri
bu günlərdə bölgələrdə keçirilən
müzakirə və diskusiyaların başlıca
mövzusudur. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin respublikanın 9
aylıq sosial-iqtisadi yekunlarına həsr olunan iclasında
söylənmiş mülahizələrin, qarşıya
qoyulmuş vəzifələrin müzakirəsi ümumi
inkişaf prosesində işgüzarlığı, adamlarda sabaha
inam hissini artırmışdır. Zərdab, Kürdəmir,
Laçın və Goranboy rayonlarında keçirilən
toplantılarda da ölkədə qazanılmış ciddi
uğurların fonunda bu bölgələrdə əldə
olunmuş nailiyyətlər, görülən işlər təhlil
olundu, son rübü də yüksək göstəricilərlə
başa vurmaq əzmi ifadə olundu.
Zərdab
Ümumrayon
toplantısında Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan uğurlu quruculuq işlərindən ətraflı
söz açan Zərdab Rayon İcra Hakimiyyətinin
başçısı Lütfəli Babayev bildirdi ki, ilin 9
ayında rayon iqtisadiyyatının bütün sahələrində
müsbət irəliləyişlər baş vermişdir. Makroiqtisadi
göstəricilər rayonun həm iqtisadi, həm də sosial
sahələrinin daha dinamik və sürətlə inkişaf
etdiyini göstərir. İstehsalın həcmi artmış,
xidmət sahələrinin fəaliyyəti genişləndirilmiş,
əhalinin gəlirləri xeyli yüksəlmişdir.
İlin əvvəlindən
iqtisadiyyatın əsas sahələrinə 42 milyon 516 min
manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə fiziki həcm
indeksi 105 faiz təşkil etmişdir. Məhsul və xidmətlərin
69,1 faizi kənd təsərrüfatının, 18,3 faizi ticarət
və xidmət sahələrinin, 9 faizi tikintinin, 1,8 faizi sənayenin,
1,3 faizi nəqliyyatın, 0,5 faizi poçt və rabitə xidmətlərinin
payına düşmüşdür. Ötən ilin
müvafiq dövrünə nisbətən ümumi artım 2
milyon 736 min manat və ya 0,9 faiz təşkil etmişdir. 9 ayda
rayonda 196 daimi iş yeri yaradılmışdır. Yerli
büdcə əhəmiyyətli dərəcədə
artmışdır.
Rayonda çoxsaylı
müasir tipli ticarət və ictimai iaşə obyektləri
tikilib istifadəyə verilmişdir. Ticarət şəbəkəsində
25 milyon 810 min manatlıq və ya əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 5,7 faiz çox istehlak
malları satılmışdır. Adambaşına
düşən birgünlük əmtəə dövriyyəsi
2,73 manat olmuşdur. Əhaliyə göstərilən pullu
xidmətlərin həcmi 5 milyon 336 min manat və ya ötən
illə müqayisədə 1 milyon 769 min manat çox
olmuşdur.
Kənd təsərrüfatında
da 9 ayda müsbət irəliləyişlər baş
vermiş, məhsul istehsalı üçün münbit
şərait yaradılmışdır. Hazırda
əkin altında 33971 hektar torpaq sahəsi var ki, bu da 2008-ci ilə
nisbətən 2482 hektar çoxdur. 189 hektarda kartof, 243 hektarda
tərəvəz, 290 hektarda bostan, 13 hektarda
qarğıdalı əkilmişdir. 19163 hektar payızlıq
taxıl sahəsindən 40486 ton buğda, 11896 ton arpa olmaqla
52382 ton məhsul istehsal edilmişdir. Hər hektardan 27,3
sentner taxıl toplanmış, məhsul istehsalı ötən
ildən 12255 ton çox olmuşdur. Rayonda adambaşına
orta hesabla 774 kiloqram buğda düşür ki, bu da respublika
üzrə ən yüksək göstərici hesab olunur. Bu
rekord göstəricidə dövlətin istehsalçılara
yanacaq və motor yağlarına görə subsidiyalar verməsinin
xüsusi rolu olmuşdur. İndiyədək 103304 ton qaba yem,
3228 ton kartof, 3399 ton tərəvəz, 8026 ton bostan məhsulu
istehsal edilmişdir. Hazırda məhsul toplanışı
davam edir.
Torpaqların münbitliyinin
artırılması üçün pay torpaqlarına 8 min
tondan çox üzvü gübrə verilmişdir. “Aqrolizinq”
ASC-nin Zərdab filialı mülkiyyətçilərə 143
ton azot gübrəsi satmış, onları herbsidlərlə
təmin etmişdir. Mütəxəssislər məhsul
istehsalçıları ilə görüşlər
keçirmiş, onlara bitkiçilik məhsulları
istehsalının intensiv artırılmasına nail olmaq
üçün tarladaxili növbəli əkin sisteminin tətbiq
edilməsi, yerli əkin sisteminə uyğun olaraq sələf
bitkilərin düzgün seçilməsi barədə
məsləhətlər vermişlər.
Həyətyanı torpaq sahələrindəki
471 hektar bağlardan 296 ton meyvə və 31 ton üzüm
istehsal edilmişdir. Taxılçıları yüksək
reproduksiyalı toxum materialı ilə təmin etmək məqsədilə
rayonda 16 özəl toxumçuluq təsərrüfatı
yaradılmış, ötən payız 770 hektar sahədə
yüksək reproduksiyalı arpa və buğda toxumu əkilmişdi.
Bu il 2111 ton toxum istehsal edilmiş, məhsuldarlıq 33,3 sentner
— rayon göstəricisindən 6,1 sentner çox olmuşdur.
İri mal 784 baş artaraq 52469-a,
qoyun-keçilər 2464 baş artaraq 106090-a, quşlar isə
3500 baş artaraq 173500-ə çatmışdır. Keçən
ilə nisbətən ət istehsalı 16,2 ton artaraq 2491,
süd 195 ton artaraq 16127 ton, yumurta 76 min ədəd artaraq 5
milyon 840 min olmuşdur. Yun istehsalı 157,8 ton olmuşdur ki, bu
da keçən ilə nisbətən 3,4 ton çoxdur.
Dövlət Proqramında Zərdab
rayonunda suvarma-drenaj şəbəkələrinin bərpası
və yenidən qurulması işlərinə
başlanmış və indiyədək 1 milyon 470 min
manatlıq iş görülmüşdür.
Kür
çayı boyunca Sarıqaya kəndi ərazisində 300 metr
məsafədə bəndin yeri dəyişdirilmiş, Lələağacı
kənd ərazisində 500 metr məsafədə yeni
mühafizə bəndi tikilmiş, Əlibəyli kəndi ərazisində
400 metr məsafədə bəndin yamacı əsaslı təmir
olunmuşdur. Həmin
bəndlərdə qayakəsmə işləri
aparılmış, Sarıqaya kəndi ərazisində beton
sahilbərkitmə işləri görülmüşdür.
Siləyli, Alıcanlı kəndləri ərazisində
Türyançay çayının sol-sağ sahilində 20
kilometr məsafədə çayın məcrası təmizlənmiş
və bəndlər təmir edilmişdir. Bu ilin
sentyabr-oktyabr aylarında yağan leysan
yağışları, Kür, Türyançay və
Göyçay çaylarında suyun səviyyəsinin normadan
artıq qalxması ilə əlaqədar görülən bəndbərkitmə
işləri nəticəsində rayonda kənd təsərrüfatına
və əhalinə heç bir ziyan dəyməmişdir.
Başçı daha sonra
vurğuladı ki, 2009—2013-cü illəri əhatə edəcək
Dövlət Proqramında növbəti 5 ildə Zərdab
rayonunda analoqu olmayan işlərin görülməsi planlaşdırılmışdır.
Sənaye və kənd təsərrüfatı
istehsalının genişləndirilməsi, yol təsərrüfatı
və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı,
rabitə, su və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, meliorasiya və
irriqasiya, səhiyyə, mədəniyyət, idman və təhsil
müəssisələrinin inkişafı və yenidənqurulması
ilə bağlı tədbirlər nəzərdə
tutulmuşdur. Bu diqqət və qayğıya görə zərdablılar
ölkə başçısı İlham Əliyevə dərin
minnətdarlığını bildirirlər.
Başçı
payız-qış mövsümünə hazırlıqla
bağlı həyata keçirilən tədbirlərdən, əhalinin
zəruri ehtiyaclarının dolğun ödənilməsi
üçün görülən işlərdən də ətraflı
söz açdı. Natiq bildirdi ki, abadlıq-quruculuq işlərinin
də həcmi və sürəti artmış, sosial-mədəni sahələrdə
sevindirici uğurlar qazanılmışdır.
Məruzə və
çıxışlarda mövcud nöqsanlara da toxunuldu, həllivacib
məsələlərə diqqət yetirildi. Toplantıda
rayon ictimaiyyətinin yekdil rəyi belə ifadə olundu: zərdablılar
respublikamızda hərtərəfli yüksəliş
üçün yaradılmış şəraitdən
bacarıqla istifadə edərək qarşıdakı aylarda
da ciddi uğurlar qazanacaq, 2009-cu ili yüksək göstəricilərlə
başa vuracaqlar.
Kürdəmir
Rayon fəallarının
9 aylıq sosial-iqtisadi inkişafın yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
toplantısında qazanılmış uğurlar və
növbəti hədəflər diqqət mərkəzində
oldu. Kürdəmir Rayon İcra Hakimiyyətinin
başçısı Fəxrəddin Məlikov hesabat mfəruzəsində
9 ayın iqtisadi göstəricilərindən və əhaliyə
göstərilən xidmətlərdən ətraflı
söz açdı. O bildirdi ki, 2009—2013-cü illərdə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı üzrə rayonda kənd təsərrüfatı
məhsullarının istehsalının genişləndirilməsi,
yerli əhəmiyyətli avtomobil yollarının təmiri,
körpülərin tikintisi, küçələrin
asfaltlaşdırılması, elektrik şəbəkəsinin
yenidən qurulması, qaz təchizatının
yaxşılaşdırılması, su təchizatının,
kanalizasiya sisteminin yenidən qurulması və
meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi
nəzərdə tutulmuşdur.
Ötən müddətdə
iqtisadiyyatın yüksəldilməsi, aqrar sektorda məhsuldarlığın
artırılması, istehsalda sənaye həcminin gücləndirilməsi,
yeni iş yerlərinin açılması rayon icra hakimiyyətinin
diqqət mərkəzində olmuşdur. Doqquz ayda 397 yeni
iş yeri açılmışdır ki, bunun da 257-si
daimidir. İlin əvvəlindən sənaye müəssisələrində
16 milyon 63 min manatlıq və ya 2008-ci ilin müvafiq
dövründən 34,4 faiz çox məhsul istehsal edilmiş
və xidmətlər göstərilmişdir. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə ümumi
daxili məhsul istehsalı 13,5 faiz olmuşdur. ÜDM-nin 75
faizi istehsal sahələrində — 12,7 faizi sənayedə, 12,2
faizi inşaat kompleksində, 50,1 faizi kənd təsərrüfatında
yaradılmışdır.
Elektrik enerjisi, təbii
qaz, içməli su ilə təminatın
yaxşılaşdırılması məqsədilə bir
sıra təxirəsalınmaz tədbirlər həyata
keçirilmişdir. 9 transformator yarımstansiyası əsaslı
təmir olunmuşdur. 15 transformatorda əsaslı, 24-də isə
cari təmir aparılmışdır. Təbii qazla təminatın
yaxşılaşdırılması sahəsində də bir
sıra tədbirlər həyata keçirilmişdir.
Xırdapay kəndi ərazisində 350 metr qaz xətti işlək
vəziyyətə gətirilmişdir. Kürdəmir şəhərinin
M.Hadi və A.Şakir küçəsində,
Sığırlı və Xırdapay kəndində qaz tənzimləyicisi
quraşdırılmışdır. Sığırlı kəndində
1200 metr, Şıxımlı kəndində isə 50 metr qaz
xətti çəkilmişdir. 631 yeni qaz sayğacı
quraşdırılmış, abonentlərin sayı 8098-ə
çatdırılmışdır. Rayonun magistral su xətlərində,
eləcə də şəbəkədaxilində itkinin
qarşısını almaq məqsədi ilə bir sıra tədbirlər
görülmüşdür. I və II
Külüllü—Kürdəmir mərkəzi su xətlərində,
su qülləsində təmir işləri
aparılmışdır. Kəndlərin
içməli su təchizatı ilə bağlı məqsədyönlü
işlər aparılır. Şüşün, Sovla,
Köhünlü, Carlı, Beyi, Mollakənd,
Şıxımlı, Pirili, Muradxan kəndlərində modul
tipli sutəmizləyici qurğular tikilmiş, 95 bulaq inşa
edilmişdir. “bp” şirkətinin maliyyə dəstəyi ilə
Sığırlı, Karrar, Karrar qəsəbə, Çöhranlı,
Atakişili kəndlərində də sutəmizləyici
qurğular işə salınmışdır.
Bütövlükdə bu qurğular 15 min nəfərdən
çox əhalini içməli su ilə təmir edir.
Başçı daha sonra qeyd etdi ki, fermerlər bu il 35 min 583 hektardan 67 min 496 ton taxıl toplamışlar. Bu əvvəlki ilə nisbətən 7 min ton çoxdur. Mal-qaranın sayı ilbəil artmaqdadır. İri malın sayı 60649 başa, qoyunların sayı 124735 başa çatmışdır. Ötən ilə nisbətən iri mal 1742 baş, qoyun-keçilər isə 1000 baş artmışdır. İlin əvvəlindən 206 min sentner süd, 10 milyon 72 min ədəd yumurta istehsal edilmişdir.
Əkin sahələrinin suvarma
suyu ilə təchizatını yaxşılaşdırmaq və
torpaqların münbitliyini artırmaq üçün
mühüm işlər aparılır. Daxili
imkanlar hesabına Qarasu kəndində 7 kilometr,
Sığırlı kəndində isə 6 kilometr yeni torpaq
kanallar çəkilmişdir. Ümumilikdə, 74 kilometr yeni
torpaq kanal çəkilmiş, 1700 kilometrdən çox kanal
lildən təmizlənmişdir. 7 nasos kompleksi və 45
hidrotexniki qurğu quraşdırılmışdır. 32
kilometr suaparıcı latok, 220 kilometr beton kanal, 450-dən
çox hidrotexniki qurğu təmir olunmuşdur.
Dövlət Proqramına uyğun olaraq, Muradxan kəndində 10 otaqlı, Qarasaqqal kəndində isə 5 otaqlı həkim məntəqələri əhalinin istifadəsinə verilmişdir. Rayon icra hakimiyyətinin məktəb tikintiləri ilə bağlı qaldırdığı məsələlər müsbət həllini tapır. Yeni məktəb binalarının tikintisi, əsaslı təmir edilməsi müvəffəqiyyətlə davam etdirilir. Şüşün kənd orta məktəbinin 220 şagird yerlik yeni binası tikilərək sentyabr ayında istifadəyə verilmişdir.
Son illərdə rayonda
tikinti-abadlıq və yenidənqurma istiqamətində
ardıcıl və məqsədyönlü iş
aparılmış və nəticədə xeyli obyektin
tikintisi tamamlanmışdır. Bu il Maliyyə İdarəsinin
yeni, inzibati binası istifadəyə verilmişdir. Avtomagistralların kənarlarında yerləşən
ərazilərin müasir tələblər səviyyəsində
abadlaşdırılması məqsədi ilə tədbirlər
planı hazırlanmış, obyektlərin əsaslı təmir
işləri gündəlik nəzarətə
götürülmüşdür.
Başçı sonda bildirdi ki,
Kürdəmirlilər sabitliyin qorunması, iqtisadiyyatın
inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması üçün
bütün qüvvə və səylərini bundan sonra da əsirgəməyəcəklər.
Laçın
Laçınlılar da
ümumrayon toplantısında ilin əvvəlindən bəri
qazanılmış uğurlara, keçilmiş yola nəzər
saldılar, Prezident İlham Əliyevin qarşıya
qoyduğu vəzifələri geniş müzakirə etdilər.
Laçın Rayon İcra Hakimiyyətinin
başçısı Ramiz Cəbrayılov hesabat məruzəsi
ilə çıxış etdi. O bildirir ki, ötən
dövr rayonun icra strukturlarının yerləşdiyi
Taxtakörpü qəsəbəsində və məcburi
köçkünlərin sıx məskunlaşdığı
digər ərazilərdə xeyli işlər
görülmüş, sakinlərin yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində bir
çox tədbirlər həyata keçirilmişdir. 9 ayda
respublikanın 38 rayon və şəhərində 117 səyyar
qəbul keçirilmiş, 1313 məcburi köçkün qəbul
edilmişdir. Qaldırılmış problemlər dərindən
təhlil edilərək müvafiq tədbirlər planı
hazırlanmışdır. 906 məsələ müsbət
həll olunmuş, bəzi müraciətlərlə
bağlı aidiyyəti orqanlar qarşısında məsələ
qaldırılmışdır.
Hesabat dövründə
Taxtakörpü qəsəbəsi və məcburi
köçkünlərin sıx məskunlaşdıqları
digər ərazilərdə 2,3 milyon manat dəyərində
abadlıq, tikinti-quraşdırma işləri
görülmüşdür. Bu, ötən ilin müvafiq
dövrü ilə müqayisədə 419 min manat və ya 22
faiz çoxdur. Taxtakörpü qəsəbəsində
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi,
Əhalinin Sosial Müdafiəsi və Məşğulluq mərkəzləri
üçün yeni inzibati binalar tikilmişdir. Taxtakörpü
qəsəbəsində qənnadı, çörəkbişirmə,
dülgər sexləri, ticarət və ictimai iaşə
müəssisələri istifadəyə verilmiş, 50 məcburi
köçkünə iş yeri açılmışdır.
Taxtakörpüdə və
respublikanın digər ərazilərində məskunlaşmış
məcburi köçkünlərin elektrik enerjisi ilə
bağlı problemlərinin həll olunması məqsədilə
3 transformator qupraşdırılmış, 9,5 kilometr elektrik
xətti yenisi ilə əvəz olunmuşdur. Daxili imkanlar
hesabına 33 transformator, 25 kilometr elektrik hava xətləri əsaslı
və cari təmir edilmiş, 28 dayaq yenisi ilə əvəz
olunmuşdur.
Taxtakörpü ərazisində
müvəqqəti məskunlaşmış məcburi
köçkünlərin təsərrüfat suyuna olan tələbatının
ödənilməsi məqsədilə zəruri işlər
görülmüş, 36 kilometr kanal lildən təmizlənmişdir.
Taxtakörpü ərazisində içməli su təminatının
yaxşılaşdırılması məqsədilə 1840
metr xətt yenisi ilə əvəz olunmuş, 2 nasos
stansiyasında əsaslı təmir işləri
aparılmışdır. Mişni, Alxaslı,
Qarıqışlaq və Qarakeçdi obalarında modul sutəmizləyici
qurğuların quraşdırılması nəzərdə
tutulur.
55 saylı Yol istismar
İdarəsi Taxtakörpü ərazisində 6 kilometr
çınqıl örtüklü yolu təmir etmiş, ərazidəki
avtomobil yolunun 60 kilometr hissəsində cari təmir işləri
həyata keçirilmişdir. Taxtakörpüdə
küçə və meydanlarda 4750 kvadratmetr sahəyə
asfalt örtük salınmışdır.
9 ay ərzində
imkansız 1490 nəfər məcburi köçkünə
rayon icra hakimiyyəti maddi kömək göstərmişdir. Qızıl
Aypara Cəmiyyəti 400 ailəyə ərzaq
bağlamaları çatdırmış, həmkarlar təşkilatları
215 ailəyə yardım etmişdir. “Dünyaya Baxış”
Beynəlxalq Humanitar Təşkilatı Taxtakörpü ərazisində
məskunlaşmış 1500 ailəyə uşaq
paltarları vermişdir. Vergilər Nazirliyi bayram ərəfələrində
Taxtakörpü ərazisindəki bütün ailələrə
ərzaq paylamışdır.
Taxtakörpü ərazisində
telefon rabitəsindən və internet xidmətlərindən
istifadənin yaxşılaşdırılması məqsədilə
Ağcabədi – Taxtakörpü fibro-optik kabelin çəkilişinə
başlanılmışdır. Yanvar ayından “Kapital Bank”
Açıq Səhmdar Cəmiyyətinin Laçın rayon
filialı fəaliyyətə başlamışdır.
2008-ci ildə 3026
hektar sahədən 9532,6 ton taxıl əldə olunmuşdur
ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən
405 ton çoxdur. 1098 nəfərə yanacaq və motor
yağlarına görə kompensasiyaların verilməsi təmin
olunmuşdur.
Taxtakörpü ərazisindəki fermer və imkanlı şəxslərin
verdiyi 36 ton taxıl 17 rayonda məskunlaşmış 700-dən
artıq imkansız və şəhid ailələrinə
paylanılmışdır.
Başçı
daha sonra qeyd etdi ki, bu il təhsil sahəsində də xeyli tədbirlər
görülmüş, ümumtəhsil məktəblərində
təhsilin keyfiyyətinin
yaxşılaşdırılması üçün ciddi
addımlar atılmışdır. 19 məktəbdə
büdcə vəsaiti hesabına əsaslı və cari təmir
işləri
görülmüş, 39 məktəb zəruri inventar və
avadanlıqlarla təmin olunmuşdur. Bərdə rayonunda fəaliyyət
göstərən 127 nömrəli Texniki Peşə Məktəbində
təmir işləri görülmüşdür. Maddi-texniki
bazanın möhkəmləndirilməsi, əmək
intizamının gücləndirilməsi üçün
lazımi tədbirlər həyata keçirilmişdir.
Başçı
daha sonra dedi ki, qarşıda duran əsas vəzifələr
Taxtakörpü ərazisində qamış evlərdə məskunlaşmış
3400 məcburi köçkün ailəsi üçün,
istismar müddəti başa çatmış fin qəsəbəsinin
yerində yeni qəsəbələrin salınmasının
sürətləndirilməsidir. Ərazidə torpaqların
şoranlaşmasının qarşısının
alınaraq yararlı hala gətirilməsi üçün
meliorasiya tədbirlərinin davam etdirilməsi və
işsizliyin aradan qaldırılması üçün
müəyyən istehsal sexləri yaradılmalıdır.
Məruzə və
çıxışlarda mövcud nöqsanlar da gündəmə
gətirildi, onların ən qısa müddətdə aradan
qaldırılması zəruriliyi vurğulandı. Bildirildi
ki, dövlət başçısının məcburi
köçkünlərin vəziyyətlərinin
yaxşılaşdırılması, problemlərinin həlli
ilə
bağlı qarşıya qoyduğu vəzifələr təxirə
salınmadan həyata keçirilməli, məsul şəxslərin
cavabdehliyi artırılmalıdır.
Goranboy
Rayon fəallarının,
idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə keçirilən toplantıda 2009-cu ilin
9 ayının başlıca yekunlarına nəzər
salındı. Uğurları qoruyub saxlamaq və artırmaq
yolları araşdırıldı.
Goranboy Rayon İcra
Hakimiyyətinin başçısı Nizaməddin Quliyev
hesabat məruzəsində bildirdi ki, respublikamızda
olduğu kimi, rayonda da bütün sahələrdə sürətli
inkişaf gedir.
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
abadlıq-quruculuq işləri, əhalinin içməli və
suvarma suyuna olan tələbatının daha da
yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi,
təhsil, səhiyyə, mədəniyyət sahəsində
maddi-texniki bazanın möhkəmləndirilməsi, sənayenin inkişaf etdirilməsi
ilə bağlı bir sıra məsələlər nəzərdə
tutulmuşdur.
İlin sonunadək Rus Borisi kəndində
180 şagird yerlik məktəb binasının tikintisinə
başlanacaq. Növbəti illərdə Mərkəzi Xəstəxana
təmir ediləcək, avadanlıq və inventarla təchiz
olunacaq. Gigiyena və Epidemiologiya Mərkəzi, Əzizbəyov,
Qaradağlı, Muzdurlar, Aşağı Ağcakənd həkim
məntəqəsi, Balakürd, Qasımbəyli, Yeniyol,
Hacallı, Qaramusalı və Qırıxlı tibb məntəqəsi,
17 kənddə sahə baytarlıq məntəqəsi
üçün inzibatı binalar tikiləcək. İlin
sonunadək Goranboy şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə
başlanacaq.
İlin ötən
doqquz ayında rayon iqtisadiyyatının bütün sahələrində
dinamik artım müşahidə edilmişdir. Ötən ilin
müvafiq dövrünə nisbətdə ümumi məhsul
buraxılışı 5,7 milyon manat artaraq, 111,5 milyon manata,
adambaşına düşən gəlir isə 15 manat artaraq
1157 manata çatmışdır. Əhalinin bütün mənbələrdən
pul gəlirləri 112,1 milyon manat təşkil etmişdir ki,
bu da ötən ilin müvafiq dövrünə nisbətdə
2,4 milyon manat çoxdur. Adambaşına düşən gəlir
1163,9 manat, orta aylıq nominal əmək haqqı isə 185,3
manat təşkil etmişdir.
Son aylarda rayonun bütün
problemləri bir daha təhlil edilmiş, həlli vacib məsələlər
önə çəkilmişdir. Bütün
yaşayış məntəqələrində aparılan
tikinti-təmir, abadlıq və quruculuq işləri keyfiyyətcə
yeni mərhələyə keçmişdir. Goranboy şəhərinin
Gəncə istiqamtindən çıxışda 1300
kvadratmetr əraziyə yaşıl ot örtüyü
salınmış, 600 metr piyada yolunun tikintisinə
başlanılmışdır. C.Cabbarlı küçəsində
çirkab suları axıdılan kanallara dəmir borular
salınmış, səkilərin kənarına 2400 kubmetr
torpaq tökülmüşdür. V.Bayramov
küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsidəki
2 mərtəbəli binanın ətrafında, Tarix Muzeyinin
daxilində və ətrafında geniş tikinti-abadlıq
işlərinə, Polis Şöbəsinin həyətinə
müasir üslubda hasarın tikintisinə
başlanmışdır.
Heydər Əliyev prospektində
qaz xətləri səliqəyə salınmış,
V.Bayramov küçəsində 1500 metr piyada yolunun tikintisinə
başlanılmışdır. Şəhərin görkəminə
xələl gətirən 2 inzibati binanın dam
örtüyü dəyişdirilmişdir. Goran—Goranboy istiqamətindəki
yolun müasir üslubda tikintisi üçün layihə sənədləri
hazırlanmışdır. Quruculuq işlərinə digər
yaşayış məntəqələrində də
başlanmışdır.
Goranboy şəhərinə
Qızılhacılı tərəfdən girişdə
ümumi görünüşə xələl gətirən
elektrik yarımstansiyası 500 metr kənarda yenidən
quraşdırılmışdır. Qızılhacılı
qəsəbəsində yol kənarı çınqıl
örtüklə təmir edilmişdir. Qəsəbə
daxilində geniş abadlıq, quruculuq işlərinə
başlanılmışdır. Cinli Boluslu kəndində
abadlıq-quruculuq işləri davam etdirilir. Xan Qərvənd
kəndində qaz xətləri qaydaya salınmışdır.
Kəndə Tərtər istiqamətində girişdə
geniş abadlıq işləri aparılır. Balakürd kəndində
şəhidlərin xatirəsinə ucaldılmış abidənin
ətrafında abadlıq işləri
aparılmışdır. Dəliməmmədli şəhərində
Bakı—Qazax yolunda gedən yolun sağ və sol tərəfində
təmir işləri görülmüş, 3 küçəyə
çınqıl tökülərək
hamarlanmışdır.
Baxçakürd kəndində də
yollara çınqıl tökülmüş,
hamarlanmışdır. İki dəfə Sosialist Əməyi
Qəhrəmanı Bəsti Bağırovun büstü təmir
edilmiş, ətrafı
abadlaşdırılmışdır. Ağamalıoğlu—Dəliməmmədli
avtomobil yolunun asfalt örtüyü təmir edilmiş, yol kənarında
çınqıl tökülərək
hamarlanmışdır. Kənddə təbii qaz verilməsi məqsədi
ilə iş davam edir. Nadirkənd kəndi ərazisində
nümayəndəliyin inzibati binasının dam
örtüyü dəyişdirilmişdir.
Rəhimli, Tatarlı, Qazanbuluq, Nərimanlı,
Kələk, Xoylu, Tap Qaraqoyunlu, Qaşaltı Qaraqoyunlu,
Hazırəhmədli, Quşçular, Dəyirmanlar, Alpoud,
EKO qəsəbəsi və digər yaşayış məntəqələrində
genişmiqyaslı abadlıq-quruculuq işlərinə
başlanmışdır. Bütün bu işlər
yaşayış məntəqələrinə səliqə-sahman,
adamlara ruh yüksəkliyi, qurub-yaratmaq həvəsi gətirir.
Toplantıda bildirildi ki, rayonun
sosial-iqtisadi sahədə uğurlarını artırmaq
üçün dövlət yardımından və daxili
potensialdan bundan sonra da səmərəli istifadə olunacaq,
goranboylular ilin son rübünü də samballı nailiyyətlərlə
başa vuracaqlar.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 28 oktyabr.- S. 5.