İqtisadi potensialın insan
kapitalına çevrilməsi əsas prioritetlərdən
biridir
Müasir dünyada neftin və qazın strateji-iqtisadi əhəmiyyətinin
durmadan artması dünya dövlətlərinin karbohidrogen
ehtiyatları və nəqli marşrutları uğrunda
mübarizəsini gücləndirir. Hər bir ölkə
özünün enerji təhlükəsizliyini maksimum dərəcədə
təmin etməyə çalışır və bu sferaya
öz imkanları çərçivəsində
böyük maliyyə vəsaitləri ayırır. Odur ki,
neft biznesi də maksimum gəlirli bir sahəyə çevrilir
və neft ölkələrinə getdikcə daha çox gəlir
gətirir. Bu zaman neft gəlirlərinin ölkə
iqtisadiyyatının inkişafına qoyulması və gələcək
nəsillər üçün saxlanılması əsas
prioritetlərə çevrilir. Müasir Azərbaycanın
neft strategiyası da məhz bu məqsədlərə xidmət
edir.
Xəzərin neft ehtiyatları
1990-cı illərin
ortalarından başlayaraq, Xəzər regionu
özünün karbohidrogen ehtiyatlarına görə yenidən
dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzinə
çevrilmişdir. ABŞ-ın, Böyük Britaniyanın və
s. ölkələrin transmilli neft şirkətləri Xəzər
regionuna gəlmiş və onlarla neft sazişi
imzalanmışdır. İlkin variantda yalnız Azərbaycanla
imzalanmış “Əsrin müqaviləsi”nə on milyard dollar
sərmayə qoyuluşu nəzərdə tutulurdu. Qazaxıstanın
“Tengiz” layihəsinə isə iki dəfə çox, 20
milyard dollar sərmayə qoyulmalı idi. Son dövrlərdə
Xəzər hövzəsində “Şahdəniz”, “Kaşaqan”,
“Xvalın” kimi nəhəng neft-qaz yataqlarının
açılması, “Azəri - Çıraq - Günəşli”
meqastrukturunun böyük resurslara malik olması, ehtiyatda
yüzlərlə perspektivli strukturun qalması regiona
marağı daha da artırdı. Bakı - Tbilisi - Ceyhan və
Bakı - Tbilisi - Ərzurum boru kəmərlərinin çəkilməsi
isə regionu bütün dünyada neft-qaz biznesinin əsas mərkəzlərindən
birinə çevirdi.
Xəzər regionunun neft və qaz ehtiyatları haqqında ən optimist fikirlər ABŞ Enerji Departamentinə məxsusdur. Onların hesablamalarına görə, ehtimal olunan ehtiyatlar 200 milyard barrel, yəni 30 milyard ton həcmindədir .
ARDNŞ-in bir qrup
alimi Kür-Cənubi Xəzər hövzəsi üzrə
öz hesabatlarında 7 km-ə qədər 55,8 milyard ton
balans, 21,7 milyard ton hasil olunan, 10 km-ə qədər isə
67,0 milyard ton balans və 25,0 milyard ton hasil olunan ehtiyatlar
göstərmişlər. AMEA alimlərinin fikrincə, ehtiyatların ümumi həcmi
90 milyard tonu ötür, Azərbaycan üzrə isə bu rəqəm
27 milyard ton civarındadır. Hasil olunan ehtiyatların həcmi
ABŞ Enerji Departamentinin məlumatları ilə
üst-üstə düşür. Bütün bu məlumatları
analiz etdikdə, məlum olur ki, Xəzər regionu XXI əsrdə
dünyanın əsas neft ixracatçılarından biri ola,
hətta Yaxın Şərq və Sibirdən sonra
üçüncü yerə çıxa bilər.
Təsdiq olunmuş
məlumatlara görə, dünyanın neft
ehtiyatlarının (təxminən 150 milyard ton) 70 faizindən
çoxu Yaxın və Orta Şərq ödkələrində
(Səudiyyə Ərəbistanı, İraq, İran,
Küveyt, BƏƏ), 15,2 faizi Amerikada (Venesuela, Meksika,
ABŞ, Kanada, Braziliya) yerləşir. Üçüncü
yerdə 6,8 faizlə Afrika, dördüncü yerdə isə 5,6 faizlə
keçmiş SSRİ (de-fakto Rusiya) gəlir.
Göründüyü kimi, bu sırada Xəzər hövzəsi
1,3-2,6 faizlə yalnız beşinci yerə iddia edə bilər.
Buna görə də Xəzər nefti ətrafında
yaranmış qalmaqal ilk nəzərdən qəribə
görünür. Amma müəyyən məqamlara diqqət
yetirəndə məsələ aydın olur.
Neft-qaz regionunun strateji əhəmiyyəti
bir tərəfdən cəm olunan karbohidrogen
ehtiyatlarının həcmi-nəhəng və böyük
yataqların sayı ilə ölçüldüyü kimi,
digər tərəfdən regionun yerləşdiyi geosiyasi məkanla
ölçülür. Bu nöqteyi-nəzərdən,
bir neçə nəhəng yataqda cəm olunmuş
böyük ehtiyatlara malik (mütəxəssislərin fikrincə,
Xəzərətrafı ölkələrin neft idxalı
sürətlə artacaq və 2010-cu ildə 80 milyon tona
çatacaqdır), Avropa və Asiyanın bazarlarına eyni dərəcədə
yaxın olan Xəzər regionu əhəmiyyətli
strateji mövqeyə malikdir. Dünyanın aparıcı
ölkələrinin və transmilli neft şirkətlərinin
dəstəyi ilə regionda Bakı - Tbilisi - Ceyhan və
Bakı - Tbilisi - Ərzurum kimi nəhəng beynəlxalq lahiyələrin
reallaşması bunu bir daha təsdiq edir.
Əsrin müqaviləsi
Məlum olduğu
kimi, Qərbin aparıcı neft şirkətlərinin Xəzər
regionuna cəlb olunmasında Azərbaycan pioner olmuşdur.
1994-cü ilin sentyabrında ARDNŞ-lə xarici neft şirkətləri
(BP, Amoko, Ekson, LUKoyl və s.) arasında Xəzərin Azərbaycan
sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının müştərək işlənməsi
üzrə on milyard dollar dəyərində ilk müqavilə
imzalandı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən bu layihə “Əsrin
müqaviləsi” adlandırıldı. Layihənin həyata
keçirilməsi üçün Beynəlxalq Əməliyyat
Şirkəti yaradıldı.
Qeyd etmək
lazımdır ki, müstəqil Azərbaycanın neft
strategiyasının seçilməsində Heydər Əliyev
şəxsiyyətinin, fəhminin böyük rolu olmuşdur.
“Əsrin müqaviləsi”nin bağlandığı dövrdə
bu məsələyə baxış birmənalı deyildi. Bəzi müxalifyönlü
mütəxəssislər və iqtisadçılar “Əsrin
müqaviləsi”ndən sonra Azərbaycanın xarici şirkətlərlə
sazişlər bağlamasının əleyhinə idilər.
Onlar iddia edirdilər ki, Azərbaycan hökuməti gözləməli,
“Əsrin müqaviləsi”ndən gələn gəlirlərlə
başqa neft strukturlarını özü işləməlidir.
Azərbaycan neftçiləri isə başqa fikirdə idilər.
Onlar hesab edirdilər ki, neft strukturlarının işlənməsi
çox bahalı və riskli bir işdir, odur ki, Azərbaycan
xarici neft şirkətləri ilə sazişlər
bağlamalı, neft strukturlarını müştərək
işləməlidir. Ulu öndər Azərbaycan neftçilərini
dəstəklədi, “Əsrin müqaviləsi”ndən sonra
20-dən çox neft sazişi imzalandı və Milli Məclisdə
ratifikasiya olunaraq qanun statusu aldı.
Həmin dövrdə “Əsrin
müqavilə”sinin imzalanmasını Xəzəryanı
dövlətlərdən yalnız Qazaxıstan dəstəklədi.
Rusiya, İran və Türkmənistan isə Xəzərin
hüquqi statusunun təyin olunmamasını əsas gətirərək,
hövzədə karbohidrogen yataqlarının işlənməsinə
qarşı çıxırdılar. Müqavilənin
imzalandığı dövrdə Rusiyanın Xarici İşlər
Nazirliyi hətta Böyük Britaniyanın BP şirkətinə
etiraz notası da vermişdi.
Fikrimizcə, burda Xəzərin
hüquqi statusu haqqında qısa məlumat vermək yerinə
düşərdi. “Əsrin müqaviləsi”nin imzalandığı
dövrdə Xəzəryanı dövlətlərin Xəzərin
statusuna, deməli həm də müqaviləyə münasibəti
birmənalı deyildi. Azərbaycan və Qazaxıstan Xəzərin göl kimi -
orta xətt üzrə milli sektorlara bölünməsi
variantını dəstəkləyirdi. Bu variant beynəlxalq
normalara uyğun idi. Rusiya Xəzərin dəniz kimi, İran
isə beş bərabər hissəyə bölünməsini
təklif edirdi. Bu təkliflərin hər ikisi reallıqdan
uzaq olduğu kimi, beynəlxalq normalardan da uzaq idi. Türkmənistanın
isə əvvəldən Xəzərin hüquqi statusu ilə
əlaqədar müstəqil fikri yox idi. Ölkə
rəhbərliyi bu məsələdən daha çox siyasi
dividendlər əldə etmək məqsədi
güdürdü. Xəzəryanı dövlətlərin bu
fikir ayrılığı təbii ki, maraq
ayrılığından irəli gəlirdi. SSRİ-nin çökdüyü dövrdə Xəzərin
ən böyük neft yataqları Azərbaycanın və
Qazaxıstanın milli sektorlarında (“Azəri-Çıraq-Günəşli”
meqastrukturu, “Şahdəniz” qaz, “Tengiz”, və “Kaşaqan” neft
yataqları) açılmışdı. Rusiya və İran
sektorlarında isə kifayət qədər iri yataqlar məlum
deyildi. Əhalisi və ərazisi kiçik olan Türkmənistan
isə qaz ehtiyatlarına görə dünyanın
dördüncü ölkəsi idi. Odur ki, bu dövləti Xəzərin
hüquqi statusunun təyin olunması məsələsi o qədər
də narahat etmirdi.
Rusiyada bu məsələyə
konstruktiv münasibət 2000- ci ildə hakimiyyət dəyişikliyindən
və hakimiyyətə müasir düşüncəli yeni
qüvvələr gəldikdən sonra başladı. 2001-ci
ildə Rusiya Prezidenti Vladimir Putin Prezident Heydər Əliyevin
dəvəti ilə Azərbaycana rəsmi səfər etdi. Səfər
çərçivəsində 20-dən çox sənəd
imzalanmaqla yanaşı, Xəzərin dibinin milli sektorlara
bölünməsi, su səthinin ticarət və
qarşılıqlı əməkdaşlıq
baxımından ümumi istifadədə qalması ilə əlaqədar
Azərbaycanla Rusiya Federasiyası arasında “Birgə Bəyannamə”
imzalandı. Bu, Xəzərin statusu
problemində hər iki dövlətin mövqe
yaxınlığını rəsmi şəkildə əks
etdirən, prinsip etibarilə Azərbaycanın ilk gündən
dəstəklədiyi milli sektorlara bölünmə
ideyasının gerçəkləşməsinin əsasını
qoyan ilk rəsmi sənəd idi. Bu sənəd Rusiya və
Qazaxıstan, Rusiya və Azərbaycan, Azərbaycan və
Qazaxıstan, Qazaxıstan və Türkmənistan arasında
üçtərəfli sazişlərin imzalanmasına yol
açdı.
Hazırda Xəzərin hüquqi
statusunun təyin olunması istiqamətində
danışıqlar davam edir, amma dörd sahilyanı dövlətin
yaxınlaşması müşahidə olunsa da, İranın
mövqeyi dəyişməz qalır. Türkmənistan isə
prinsipcə Xəzərin dibinin orta xətt üzrə
bölünməsi variantını qəbul etsə də, Azərbaycana
qarşı “Azəri”, “Çıraq” və “Kəpəz”
yataqları ilə əlaqədar haqsız iddialar irəli
sürür. Türkmənistan rəsmiləri hətta məsələnin
BMT səviyyəsinə qaldırılmasını və Beynəlxalq
məhkəməyə çıxarılmasını təkid
edirlər. Azərbaycan tərəfi isə haqlı
olduğunu bildiyindən məsələnin istər
danışıqlar, istərsə də məhkəmə
yolu ilə həllinə hazırdır.
Bakı - Tbilisi - Ceyhan və Bakı - Tbilisi - Ərzurum
layihələri
“Əsrin müqaviləsi”ndən
sonra Azərbaycanın ən böyük beynəlxalq neft layihəsi
olan Bakı -Tbilisi - Ceyhan əsas ixrac neft kəmərinin təbii
ki, böyük iqtisadi və siyasi əhəmiyyəti var. Amma
əvvəl onun ümumbəşəri əhəmiyyətindən
danışmaq lazımdır. Məsələ ondadır ki, bəşər
inkişaf etdikcə, irəli getdikcə enerji təhlükəsizliyi
hər bir millətin, dövlətin əsas prioritetinə
çevrilir. I və II Dünya müharibələri
dünyanı yenidən bölüşdürmək, yeni
bazarlar əldə etmək üçün
başlanmışdısa, indi böyük və kiçik
müharibələr enerji mənbələrinə sahib olmaq
üçün aparılır. Hər bir
dövlət öz müstəqilliyini, xalqının gələcəyini
təmin etmək naminə daha çox karbohidrogen
ehtiyatlarına sahib olmaq istəyir. Əgər dövlətin
karbohidrogen ehtiyatları, Türkiyə və Gürcüstan
variantında olduğu kimi məhduddursa, enerji təhlükəsizliyi
millətin “ölüm-dirim” məsələsinə
çevrilir.
Azərbaycan
iqtidarı əsas ixrac neft kəmərinin Gürcüstan ərazisindən
keçməklə Türkiyənin Ceyhan limanına çəkilməsinə
nail olmuşdusa, bu, Gürcüstanın və Türkiyənin
müstəqilliyinə, qardaş xalqların gələcəyinə
verilən bir töhfə idi. Məlum olduğu kimi, kəmərin
layihəsinin müzakirə predmeti olduğu dövrdə Azərbaycan
müxalifəti kəmərin İran ərazisindən
keçməsində israr edir, Avropa ölkələri erməni
lobbisinin təsiri ilə Ermənistan variantını dəstəkləyirdi.
Rusiya isə bu layihənin iqtisadi yox, siyasi olmasında israr
edir, böyük neftin ixracı üçün öz kəmərlərini
təklif edirdi. Yalnız Heydər Əliyev
şəxsiyyətinin dəstəyi, ABŞ və Türkiyə
dövlətlərinin köməyi ilə
çoxlarının nağıl hesab etdiyi Bakı - Tbilisi -
Ceyhan layihəsi Gürcüstan və Türkiyə ərazisindən
keçməklə reallaşdı və qardaş Türkiyənin
və qonşu Gürcüstanın enerji təhlükəsizliyinin
əsası qoyuldu. BTC-nin iqtisadi əhəmiyyətinə gəlincə,
bunu görməmək və görüb təsdiq etməmək
mümkün deyil. Artıq Azərbaycan
60-cı illərdən çox — ildə 40 milyon ton neft
istehsal edir. 2009-cu ilin 9 ayı ərzində 37 milyon 876
min ton neft istehsal edilib ki, bunun da xeyli hissəsi “Əsrin
müqaviləsi”nin payına düşür. Bu
neftin üçdən ikisi məhz BTC vasitəsilə xarici
bazarlara çıxarılır. Bu qədər
nefti, məlum olduğu kimi, Şimal kəmərləri
(Bakı -
Bu yaxınlarda, Rusiya ilə Ukrayna arasında baş
verən “qaz müharibəsi”, bəzi ölkələrin
neft-qaz məsələsini siyasi alver vasitəsinə
çevirməsi enerji təhlükəsizliyinin ümumbəşəri
problem olduğunu bir daha sübut etdi. Odur
ki, yalnız Türkiyə və Gürcüstan deyil,
bütün Avropa Bakı -
Azərbaycanın qaz ehtiyatları son illərdə
“Şahdəniz” yatağının hesabına daha da zənginləşib.
Bu, böyük resurslara malik qaz və kondensat
yatağıdır. Hazırda bu yataq
gün ərzində 23 milyon kubmetr qaz və 6 min ton kondensat
verir. Bakı -
Beləliklə, beynəlxalq neft və qaz kəmərlərinin
Azərbaycana yalnız birbaşa (neft və qazın
satılması yolu ilə) gətirdiyi gəlirlər on milyard
dollarlarla ölçülür. Bundan
başqa, Azərbaycan tranzit ölkə hesab olunur və öz
neft-qazından başqa, Qazaxıstan neftinin və Türkmənistan
qazının Avropa bazarlarına ötürülməsindən
milyonlarla dollar qazanacaqdır. Eyni fikirləri
qardaş Türkiyə, qonşu Gürcüstan haqqında da
demək olar. Deməli, neft-qaz layihələri
ilk növbədə regionun iqtisadi cəhətdən
çiçəklənməsinə xidmət edən iqtisadi
bir layihədir. Amma beynəlxalq
müşahidəçilərin də təsdiq etdiyi kimi,
bunlar yalnız iqtisadi deyil, həm də siyasi layihələrdir.
Yuxarıda bu layihələrin regionda enerji təhlükəsizliyinin
təmin olunmasına xidmət etdiyini qeyd etdik. Müasir dünyada isə enerji təhlükəsizliyi
artıq yalnız iqtisadi amil deyil, - dünyanın gələcəyi
bu amillə təyin olunur, - siyasi, bəşəri amildir.
ABŞ Prezidenti Corc Buşun BTC-nin
açılış mərasimində dediyi kimi: “Bakı -
Dünyanın neft tarixi, müxtəlif ölkələrin təcrübəsi göstərir ki, bəzi hallarda neft ölkəyə, xalqlara rifah deyil, çətinliklər gətirir, sosial ədalətsizlik, gərginlik yaradır. Məsələn, dünyanın böyük neft ixracatçılarından olan Nigeriya və Venesuelada (təxminən 200 milyon ton) ildə adambaşına düşən gəlir min dolları keçmir. Onlardan az neft istehsal edən Norveçdə isə (hardasa 120 milyon ton), bu rəqəm 25 min dollara bərabərdir. Yəni, neft gəlirlərinin düzgün xərclənməsi, qeyri-neft sektorunun güclənməsi xalqın rifahına əhəmiyyətli təsir edir. Azərbaycan rəhbərliyi də bu məsələyə böyük diqqət yetirir, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsini özünün iqtisadi siyasətinin əsas prioritetlərindən biri hesab edir.
Azərbaycan yeni müstəqillik qazanmış və dinamik inkişaf edən bir ölkədir. Dünya təcrübəsi isə göstərir ki, böyük neft pullarının bütövlükdə iqtisadiyyata yönəldilməsi ölkənin iqtisadiyyatını çökdürə bilər. Yəni, yenicə inkişaf edən iqtisadiyyat bu pulları, sadəcə olaraq, “həzm edə” bilməz. Odur ki, neft gəlirləri banklarda, qiymətli kağızlarda yerləşdirilməli və elmi cəhətdən əsaslanmış şəkildə iqtisadiyyata yönəldilməlidir. Azərbaycanda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda uğurla fəaliyyət göstərən Dövlət Neft Fondunun işi bunun bariz nümunəsidir.
Azərbaycan regionlarının
sosial-iqtisadi inkişaf layihəsi
Bakı - Tbilisi - Ceyhan, Bakı -
Tbilisi - Ərzurum kimi beynəlxalq layihələr Azərbaycanın
dünyaya inteqrasiyasına xidmət etməklə bərabər,
həm də sosial-iqtisadi inkişafına xidmət edir. Azərbaycan
iqtisadiyyatının inkişafı, xüsusilə də
qeyri-neft sektorunun inkişafı bu gün Azərbaycanda həyata
keçirilən iqtisadi siyasətin əsas prioritetidir. Azərbaycanda
qeyri-neft sektorunun inkişafını təmin etmək üçün
birinci növbədə regionların inkişafına nail olmaq
lazım idi. Bunun üçün kənd təsərrüfatı
məhsulları istehsalının artırılması,
qeyri-neft sənayesi sahələrinin, o cümlədən emal
sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin
yaradılması, turizmin inkişafının təmin edilməsi,
məşğulluğun səviyyəsinin yüksəldilməsi,
bölgələrdə müasir tipli
elektrik stansiyalarının tikilməsi, yolların və
kommunikasiya xətlərinin yenidən qurulması,
sahibkarlığın inkişaf etdirilməsi istiqamətində
kompleks tədbirlərin görülməsi, regionlarda təhsil,
elm, səhiyyə sahələrinin inkişafının təmin
edilməsi kimi strateji məsələləri həll etmək
lazım idi. Bu məsələlər Prezident
İlham Əliyevin 2004-cü il fevralın 11-də
imzaladığı “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004 - 2008-ci illər) təsdiq edilməsi
haqqında” fərmanda öz əksini tapdı. Dövlət
Proqramı olduqca böyük və regionların
inkişafı üçün bütün zəruri məqamları
əks etdirən layihə idi.
Müstəqil Azərbaycan
Respublikasının tarixində ilk dəfə olaraq, bu layihədə
işlərin görüləcəyi regionun, rayonun, hətta
kəndin ünvanı, nəzərdə tutulan layihənin, həyata
keçiriləcək tədbirin adı, konkret vaxtı,
icrasına məsul olan təşkilatların ünvanı
göstərilmişdi.
Dövlət Proqramının icrası Prezident İlham Əliyevin
şəxsi nəzarətində idi. Bu məqsədlə
mütəmadi olaraq, respublikanın regionlarına səfərlər
edilir, problemlərin yerindəcə həll olunması
üçün tapşırıqlar verilirdi. Proqramın həyata
keçirilməsini sürətləndirmək
üçün Azərbaycan Prezidenti regionlar üzrə
ardıcıl olaraq əlavə tədbirlər planları
imzalayırdı.
Dövlət Proqramının
birinci hissəsinin həyata keçirildiyi 2004 - 2008-ci illər
ərzində ölkənin iqtisadi və sosial həyatında
dünyada analoqu olmayan nailiyyətlər əldə
olunmuşdur. Respublikada yüz minlərlə yeni iş yerləri
açılmış, ümumi daxili məhsul 40 faizə qədər
yüksəlmişdir. Həmin dövrdə Azərbaycan
iqtisadi göstəricilərinə görə bütün
dünyada birinci olmuşdur. 2009-cu ildən etibarən “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın 2-ci hissəsi həyata
keçirilir. Nəticələr də göz
qabağındadır: 2009-cu ildə ümumdünya maliyyə
böhranı ilə əlaqədar hətta qabaqcıl ölkələr
böyük ziyan çəksə də, bizim
iqtisadiyyatımız inkişaf etmiş, iqtisadi göstəricilər
yüksəlmiş, Azərbaycan dünyada böhrandan ən
az zərər çəkmiş ölkələrdən
biri olmuşdur.
Məlum olduğu kimi, Azərbaycan dünyada qaçqınların və məcburi köçkünlərin adambaşına düşən sayına görə ilk yerlərdən birini tutur. İşğalçı Ermənistanın qeyri-kostruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllini uzadır, nəticədə məcburi köçkünlərin doğma torpaqlarına qayıtması məsələsi də yubanır. Odur ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün regionlarda yeni qəsəbələrin və şəhərciklərin salınması Dövlət Proqramının əsas hədəflərindən birinə çevrilmişdir. Bu məqsədlə Neft Fondundan və dövlət büdcəsindən yüz milyon manatlarla vəsait ayrılmışdır. Nəticələr də göz qabağındadır, artıq Azərbaycanda çadır şəhərciklərində çətin şəraitdə yaşayan insanlar qalmamışdır, onlar hər cür şəraiti olan yeni qəsəbələrə köçürülmüşdür.
İqtisadi potensial insan
kapitalına çevrilir
Bu gün sivil
dünyada baş verən bütün mütərəqqi
proseslər - siyasi və iqtisadi islahatların paralel
keçirilməsi, müasir texnologiyaların və innovasiyaların
tətbiq edilməsi, demokratikləşmə, qloballaşma və
s. bir məqsədə — insanın azad və firavan
yaşamasına xidmət edir. Dəyişməkdə və
inkişaf etməkdə olan dünya bu məqsədlə
qarşıya yeni tələblər qoyur. Dünyaya inteqrasiya
etmək, qabaqcıl ölkələrlə birlikdə irəli
getmək istəyirsənsə, bu tələblərə əməl
etməlisən. Müasir dünyanın əldə
şüar olan tələblərindən biri də iqtisadi
potensialın insan kapitalına çevrilməsidir, yəni
iqtisadi potensialın bütünlüklə insana xidmət etməsidir,
gənc nəslin sağlam, savadlı, vicdanlı və vətənpərvər
yetişdirilməsinə yönəldilməsidir. Bəli,
məhz bu proses insanın azad və firavan
yaşamasını, varlı dövlət - varlı vətəndaş
tezisinin reallaşdırılmasını şərtləndirir.
Azərbaycanda da iqtisadi
potensialın insan kapitalına çevrilməsi qarşıda
duran əsas prioritetlərdən biri elan edilmişdir. Bu
gün ölkədə həyata keçirilən siyasətin
əsasında insan amili durur. Bu siyasət Azərbaycan vətəndaşlarının
sosial rifahının yüksəlməsinə, iqtisadi problemlərinin
həll olunmasına, hər bir insanın müasir səviyyədə
təhsil və səhiyyə imkanlarına malik olmasına xidmət
edir. Ulularımız deyir ki, sağlam bədəndə
sağlam ruh olar. Yalnız sağlam bədənli, sağlam
ruhlu insanın yüksək səviyyədə təhsil
alması və sözün əsl mənasında, vətəndaş
olması mümkündür. Azərbaycan Prezidenti də məhz
bu tezislərdən çıxış edir, ölkədə
təhsilin, səhiyyənin və idmanın inkişafına
mühüm əhəmiyyət verir.
Azərbaycan Prezidentinin təhsilə
diqqəti daim artır, təhsilin səviyyəsini, təhsil
alan gənclərin maddi vəziyyətini
yaxşılaşdırmaq məqsədi ilə konkret tədbirlər
həyata keçirilir. Təhsilə çəkilən
xərclər ilbəil artırılır. 2004-cü ildən
etibarən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı çərçivəsində
bütün ölkədə yeni məktəblərin
tikintisinə başlanmışdır. 2004 - 2008-ci illərdə
respublikanın müxtəlif bölgələrində
800-dən çox məktəb tikilmiş və təmir
olunmuş, müəllim və şagird kollektivlərinin
ixtiyarına verilmişdir. 2009-cu ildə maliyyə
böhranına baxmayaraq, bu proses davam etdirilmişdir.
2004-cü il avqustun 21-də qəbul
olunmuş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı”
Proqramına əsasən, dövlət gündüz ümumtəhsil
məktəblərinin kompyuter texnikası ilə təchizatı
davam edir. Məktəblərin İnternetə qoşulması
kənd və şəhər uşaqları üçün
bərabər şərait yaradır, onlara internet-olimpiadalarda
və müsabiqələrdə iştirak etməyə imkan
verir.
Ölkənin həyat səviyyəsini
xarakterizə edən və gələcəyini təmin edən
əsas göstəricilərdən biri də insanların
sağlamlığı və səhiyyənin
inkişafıdır. Azərbaycanda səhiyyənin
inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə
böyük əhəmiyyət verilir. 2005-ci ildən
başlayaraq, dövlət büdcəsindən səhiyyənin
inkişafına ayrılan vəsait hər il artır. Azərbaycanın
bütün regionlarında müasir normalara uyğun diaqnostika
mərkəzlərinin tikilməsi layihəsi həyata
keçirilir və bu layihələr Azərbaycan Prezidentinin
şəxsi nəzarətindədir.
Azərbaycanda təhsil, səhiyyə
ilə yanaşı, idmana qayğı da sürətlə
artır. Respublikamızda idmanla məşğul
olmaq üçün çox gözəl imkanlar
yaradılır. Ölkəmizin müxtəlif bölgələrində
müasir idman kompleksləri tikilib istifadəyə verilir.
10-dan çox idman kompleksi artıq fəaliyyətdədir.
20-yə qədər idman kompleksi isə tikilməlidir və
onların bəzilərinin tikintisi artıq
başlanmışdır. Prezident İlham Əliyev Azərbaycanın
hər bir bölgəsində müasir tipli idman komplekslərinin
tikiləcəyini elan etmişdir. Azərbaycanda
idmana dövlət səviyyəsində yüksək
qayğı idmanın sürətlə inkişaf etməsinə,
idmançılarımızın daha yüksək zirvələr
fəth etməsinə, olimpiya çempionu səviyyəsinə
yüksəlməsinə imkan yaradır. Ölkəmizdə
idmanın sürətli inkişafı, müasir idman
infrastrukturunun yaradılması,
idmançılarımızın parlaq qələbələri
beynəlxalq idman federasiyalarının da diqqətini cəlb
edir və Azərbaycan artıq dünya
çempionatlarının keçirildiyi bir ölkəyə
çevrilir.
Hazırda respublikamızda sosial
problemlərin həlli başlıca vəzifədir və
dövlət büdcəsi də sosial
yönümlüdür. Yalnız son illər ərzində
minlərlə yeni istehsal sahələri
yaradılmışdır ki, bu da yüz minlərlə yeni
iş yerinin açılması deməkdir. Respublikada minimum əmək
haqqı, pensiyalar və müavinətlər də mütəmadi
olaraq artırılır. Nəzərə alsaq
ki, gələcəkdə Azərbaycana neft sektorundan daha
böyük gəlirlər daxil olacaq, qeyri-neft sektoru da
uğurla inkişaf edəcək, deməli, Azərbaycanda əmək
haqları da yüksələcək və Avropa
standartlarına yaxınlaşacaqdır. Artıq
ölkədə bu proses gedir, Azərbaycanda həyata
keçirilən iqtisadi-sosial siyasət də insanların
firavan yaşamasına, fiziki və mənəvi
sağlamlığına, müasir dünya standartlarına
uyğun təhsil və səhiyyə imkanlarına malik
olmasına xidmət edir.
Qalib ARİF,
geologiya-mineralogiya elmləri
namizədi
Redaksiyadan: Məqalə
Himayədar Humanitar Tərəqqi İctimai Birliyi Oxfam-Novib Təşkilatının
maliyyə dəstəyi ilə həyata keçirdiyi “Neft gəlirləri,
ədalətli bölgü, yoxsulluğa son!” layihəsi
çərçivəsində jurnalist tədqiqatları
üzrə müsabiqəyə təqdim edilir.
Xalq qəzeti.- 2009.- 28 oktyabr.- S. 1-2.