Şəki: təhsil ocaqlarında ölkənin ümumi
inkişafına layiq uğurlar əldə edilir
İndi dəqiq tarixini bilməsəm də, bir
neçə ay əvvəl Şəkidən
hazırladığım qəzet materialında öz gələcək
yazılarımdan biri barədə “anons” vermişdim: “Şəki
ölkəmizin ən böyük kənd təsərrüfatı
rayonlarındandır”, “Şəki respublikanın sənaye
şəhərlərindən birinə çevrilir”, “Şəki
Azərbaycanın ən geniş imkanlara malik turizm mərkəzlərindən
biridir”. Bu gün isə bunların
sırasına “Şəki Azərbaycanın təhsil mərkəzlərindən
birinə çevrilir” ifadəsi də qoşulur.
İnşallah, gələn yazılarımızda
bütün bunlar barədə əhatəli söz
açacağıq. Söz vermişdim və sözümə
əməl etmək üçün Şəkiyə bu səfərimdə
neçə-neçə təhsil ocağında oldum, təşkil
edilən təntənəli tədbirlərdə iştirak
etdim.
Əvvəla ondan
başlayaq ki, yeni dərs ilinin ilk günü bu qədim
diyarın üç qədim yaşayış məskənində
– Kiçik Dəhnə, Dərəcənnətli və
Baş Köynük kəndlərində yeni məktəb
binaları tikilib istifadəyə verilib. Bu tədbirlərə
gedəndə şəhər icra hakimiyyəti
başçısının müavini, doğma Şəkisi
ilə həmişə fəxr edən, onun haqqında səmimi,
isti sözlər söyləyən Zərinə xanım
Cavadova dövlətin və rayon rəhbərliyinin təhsil
sisteminin inkişafına göstərdiyi qayğıdan, həyata
keçirilən tədbirlərdən çoxsaylı faktlar əsasında
geniş söz açdı: – Diqqət yetirin, – dedi. –
Kiçik Dəhnə kəndində 2 nömrəli orta məktəb
üçün inşa edilmiş 640 şagird yerlik yeni məktəb
binasının tikintisinə cəmi bir il üç ay əvvəl
– 2008-ci ilin may ayında başlanmışdı. Yəni, 15
aya bu boyda təhsil müəssisəsi tikilib istifadəyə
verilirsə, burada işin düzgün təşkil edilməsindən,
operativlikdən, inşaatçıların məsuliyyətindən
danışmağa söz qalmır. Bundan başqa Dərəcənnətli
kəndindəki 220 yerlik məktəbin təməli də
ötən ilin may ayında qoyulmuşdu. Baş Köynükdəki
orta məktəb binası 1929-cu ildə tikilmişdi. Demək
olar ki, bina tamamilə qəzalı vəziyyətdə idi. İndi
burada yeni tikilmiş binada 40 sinif otağı, fənn kabinələri,
laboratoriyalar, idman və akt zalları, kitabxana, bufet və digər
otaqlar var. Şagirdlərin
ixtiyarına 20 kompyuter dəsti verilib.
Həmsöhbətim əlavə
etdi ki, yeni tikilən məktəblərin hər
üçıündə müasir istilik sistemi
quraşdırılıb. Məktəb binalarının
açılış mərasimlərində Şəki
Şəhər İcra Hakimiyyətinin
başçısı Nazim İbrahimov və şəhər
təhsil şöbəsinin müdiri Firədun İbrahimov
Şəkinin təhsil sistemini əhatə edən daha
çox fakt və rəqəmlərdən söz
açdılar. Ancaq mən sentyabrın 15-də Şəki
Şəhər Təhsil Şöbəsinin uğurları, əldə
edilmiş nailiyyətlər barədə yazı
hazırlamadım. Çünki həmsöhbətim
maraqlı bir fikir söylədi: “Ayın sonlarında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil
işçilərinin bir qrupunun fəxri adlara layiq
görülməsi və medallarla təltif edilməsi
üçün sərəncam imzalayacaq. Yəqin ki,
onların arasında bizim Şəkidən də bir neçə
təhsil işçisinin adına rast gələcəyik. Ona
görə də bu yazını oktyabrda
hazırlamağınız daha münasib olardı”.
Razılaşdıq.
Oktyabrda bu yazını qələmə
almağımız Zərinə xanımın dediyi kimi
sözün həqiqi mənasında daha münasib oldu.
Çünki indiki həmsöhbətim Şəki Şəhər
Təhsil Şöbəsinin müdiri, pedaqoji elmlər doktoru,
əməkdar müəllim Firədun İbrahimovdur. Yəqin
ki, təqdimatdakı dəyişiklik hörmətli
oxucuların nəzərindən yayınmadı.
Yazının əvvəlində Firədun müəllimi sadəcə
təhsil şöbəsinin müdiri kimi təqdim
etmişdik. İndiki abzasda isə onun adının
qarşısına əməkdar müəllim adı əlavə
olunub. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sentyabrın 30-da imzaladığı “Azərbaycan
Respublikasında təhsilin inkişafında və təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində
xüsusi xidmətləri olan şəxslərə fəxri
adların verilməsi haqqında” sərəncama əsasən
fərqlənən təhsil işçilərindən biri də
Firədun İbrahimovdur. Amma, deyəsən burada yenə də
bir anonsa ehtiyac var. Çünki Firədun müəllimin əməkdar
müəllim fəxri adına layiq görülənədək
keçdiyi həyat yolu sözün həqiqi mənasında
ayrıca bir yazının mövzusudur. Bu təhsil fədaisi,
pedaqoji işin kamil təşkilatçılarından olan
insan dövlət başçısının sərəncamı
ilə müəllim üçün ən ali mükafat olan
fəxri ada layiq görüləndən sonra da özü barədə,
öz fəaliyyəti haqqında demək olar ki, heç nə
danışmaq istəmədi:
– Əgər mən bu məqamda
özümün müəllimlik fəaliyyətim barədə
söz açsam, onda belə çıxar ki, məhz bu fəxri
ada çatmaq üçün çalışmışam və
indi də arzuma çatmışam. Tanıyanlar və iş
yoldaşlarım yaxşı bilirlər ki, mən sadəcə
Azərbaycan müəlliminin üzərinə düşən
vəzifələri yerinə yetirməyə
çalışmışam, vəssalam. Şəki şəhərinin
və rayonumuzun təhsil işçiləri isə
sözün həqiqi mənasında daim böyük
uğurlar əldə ediblər. Xüsusən, son beş ildə
əldə etdiyimiz nailiyyətlər daha böyükdür.
Çünki 2004-cü ildən bəri Azərbaycan təhsilinə
dövlətimiz və dövlət başçımızla
yanaşı Heydər Əliyev Fondu da böyük
qayğı və diqqət göstərir. Belə ki, fondun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə
göstərdiyi qayğıdan Şəki təhsil sisteminə
də pay düşür. Biz o qayğını gündəlik
həyatımızda hiss edirik.
Yeni başlanmış dərs
ili barədə söhbət açarkən mütləq əvvəlki
dərs ilinin yekunlarına baxmaq ənənəsi mövcuddur.
Bu ənənəyə əməl edək. Ötən dərs
ilində Təhsil Nazirliyinin rayon təhsil şöbələrinin
qarşısında qoyduğu bütün vəzifələrin
öhdəsindən layiqincə gəlmişik. Buraya yeni məktəb
binalarının tikintisi, mövcud məktəblərin əsaslı
və cari təmiri, təhsilin maddi-texniki bazasının
möhkəmləndirilməsi, müəllimlərin müasir
standartlara cavab verəcək şəkildə təkmilləşdirilməsi,
kadrların seçilib yerləşdirilməsi, müəllim-şagird,
məktəb-valideyn, məktəb-ictimaiyyət münasibətlərinin
tələb olunan qaydalara əsasən yenidən qurulması,
məktəbəqədər təhsil müəssisələrində
informasiya-kommunikasiya texnologiyalarının daha geniş şəkildə
tətbiq edilməsi, istedadlı uşaqlarla işin təşkili,
hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi
və bir çox başqa məsələlər daxildir. Qətiyyətlə
deyə bilərəm ki, Şəki məktəblərində
bu vəzifələrin öhdəsindən layiqincə gələn
müəllimlər ordusu vardır. Biz bu işləri bir də
ona görə yüksək səviyyədə icra edə
bilirik ki, sadaladığım həmin vəzifələrin hər
birinin icrası üçün ayrıca Dövlət
Proqramı vardır. Cənab Prezident İlham Əliyev ölkənin
təhsil sisteminin inkişafını təmin etmək məqsədiylə
16 Dövlət Proqramı imzalamışdır. Həmin
proqramların icrası bizim öz işimizdə istənilən
uğurlara imza atmağımızı təmin edir.
Bir məsələni də qeyd
edim. Məlum olduğu kimi Respublika Nazirlər Kabinetinin təsdiq
etdiyi “Ümumtəhsil sistemində qiymətləndirmə
Konsepsiyası”na əsasən ölkənin bütün
ümumtəhsil məktəblərinin XI siniflərində
buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən,
mərkəzləşdirilmiş qaydada aparılır. Sonuncu
imtahanda şəkili onbirincilərin 81,3 faizi müvəffəqiyyət
əldə edib. Müqayisə üçün deyim ki,
respublika üzrə bu göstərici 77,5 faizdir. Bu fərq
bizim müəllimlərimizin il boyu çəkdiyi zəhmətin
nəticəsidir. Dörd məktəbimizin – Şəhər
7 saylı, Sarıca, Aydınbulaq və Çeşməli kənd
orta məktəblərinin buraxılış imtahanlarında
100 faizli nəticə göstərməsi isə xüsusilə
təqdir olunmalıdır. Eləcə də orta məktəbi
bu il bitirən məzunlarımızdan 366 nəfərin ali məktəb
tələbəsi adını qazanması – üstəlik əvvəlki
illərdəki məzunlarımızdan da 120 nəfəri
(360+120) bu il ali məktəbə qəbul olunub, həmin
abituriyentlərdən 22 nəfərin 600-dən, 73 nəfərin
isə 500-dən çox bal toplaması təqdirəlayiq nəticədir.
Hər il olduğu kimi bu il də
3 nəfər Şəki məktəblisi ABŞ Təhsil
Departamenti tərəfindən maliyyələşdirilən,
orta məktəb şagirdləri üçün təşkil
olunmuş FLEX (gənc liderlər mübadiləsi)
proqramının qalibi olub. Şəhər 8 nömrəli
orta məktəbin XI sinif şagirdləri Türkan Həsənova
və Orxan Yaşarlı, eləcə də şəhər
18 nömrəli orta məktəbin XI sinif şagirdi Mehman
İsmayıllı 2009-2010-cu dərs ilində 1 il müddətində
ABŞ-da pulsuz təhsil almaq hüququ qazanıblar.
Bir sözlə, məktəblərimizin,
müəllimlərimizin və şagirdlərimizin
uğurları çoxdur. Bu uğurların əldə edilməsində
ən böyük dayağımız Təhsil Nazirliyinin və
Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi
olub. Ancaq bütün bunlarla yanaşı həyata
keçirilməsi vacib olan bir sıra məsələlər
də vardır. Məsələn, 13 məktəbdə yeni məktəb
binasının, 12 məktəbdə əlavə sinif
otaqlarının, 7 məktəbdə idman zalının
tikintisi və 44 məktəbdə əsaslı təmir
aparılması Şəki təhsilinin növbəti
uğurlarına zəmin yaradar, inkişamıza stimul verərdi.
Əminik ki, nazirliyin və şəhər rəhbərliyinin
dəstəyi ilə həmin məsələləri də həll
edəcəyik.
...Respublikanın əməkdar müəllimi Firədun İbrahimov Şəki təhsilinin bu günü və sabahı barədə çoxsaylı faktlardan və rəqəmlərdən söz açdı. Mən həmin faktların cəmi bir neçəsini qələmə aldım. Əvvəla, hamısını yazmaq yer baxımından mümkün deyildi, ikinci də yuxarıda bir vəd vermişik axı... Daha doğrusu, anonsumuz olub. Əməl edəcəyik. Yaxşısı budur gözləyək...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 29 oktyabr.- S. 7.