Bir dostum
vardı...
Hər gün olmasa da hər ay, hər il yeni-yeni
insanlarla tanış oluruq. Günlər, aylar keçir. Zaman
dəyişir. Ayrılırsan. Heç özün də bilmədən
unudursan, yadlaşırsan, bəzən adını belə
yaddan çıxarırsan. Lakin elə insanlar da var ki, iş
yerlərini dəyişsən də, başqa-başqa yerlərdə
yaşasan da, onları unuda bilmirsən. Zaman-zaman
xatırlayırsan, gözün önünə gətirirsən.
Xəyalən danışırsan, dərdləşirsən.
Yaxşı ki, həyatda, cəmiyyətdə belə insanlar
var. Yoxsa həyatın mənası olmazdı. Həyat
cılızlaşardı. Həyatı, cəmiyyəti, bəşəriyyəti
yaşadan belə insanlardı...
Mənim də belə
nadir, möhtərəm, qeyrətli, namuslu, insanlığa
nümunə olan bir dostum vardı. Böyük Tanrı belə
insanları təkcə öz ailəsi, rayonu, şəhəri
üçün deyil, bütün ölkə
üçün yaradır, həyat verir, zəka, istedad,
qabiliyyət verir. Sonra da xalqın səadəti
üçün çalışmaqdan ötrü
ömür verir. Belə insanlardan biri də ölümündən
sonra da ölməzlik qazanan, Azərbaycan mətbuat tarixində
əbədi yeri olan Rəşid Mahmudovdur.
Rəşid Mahmudovla mən
1962-ci ildə dəniz qırağındakı köhnə
“İnturist” mehmanxanasının vestibülündə
tanış olmuşdum. Mehmanxanaya yenicə girmişdim.
Böyük türk şairi Nazim Hikmətin
yaşadığı otağı soruşmaq istəyirdim. Nazim
Hikmət dahi dramaturq Mirzə Fətəli Axundzadənin
yubileyində iştirak etmək üçün Bakıya gəlmişdi.
Tapşırıq almışdım ki, onu respublikada olan
günlərdə müşayiət edim.
Qəfildən ucaboylu,
yarlı-yaraşıqlı cavan bir adamın əlini
çiynimdə gördüm:
— Nazim Hikmətin
yanına getmək istəyirsən?
Mən:
— Bəli.
O:
— Gedək. Mən də
ora gedirəm. Tanış olaq, Rəşid Mahmudov.
Mən:
— Yasif Nəsirov.
Bax, bizim ilk
görüşümüz beləcə başladı. Sonradan
məlum olacaq ki, bu bir anlıq təmasla
tanıdığım insan həyatım boyu xeyirxahıma
çevriləcək...
İllər keçəcək.
İsmayıllı rayonunun Mican kəndindən çıxan
Rəşid Mahmudov özü üçün bir tərcümeyi-hal
yazacaq.
... Azərbaycan
Dövlət Unversitetinin
jurnalistika fakültəsinin
tələbəsi; həmin
universitetin aspirantı,
“Hümmət” təşkilatının
fəaliyyətini tədqiq
edən alim; “Kommunist” qəzetində məsul vəzifələrdə
çalışan; bir
neçə kitabın
və çoxsaylı
elmi, publisistik məqalələrin müəllifi; Azərbaycan
KP MK mətbuat, radio və televiziya bölməsinin müdiri;
Zaqatala RPK-nın birinci katibi; “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”nin), “Azərbaycan Kommunisti” — “Kommunist Azerbaydjana” jurnalının
baş redaktorları;
Azərbaycan Dövlət
Mətbuat Komitəsinin
sədri; Azərbaycan Respublikası Ali
Sovetinin (XIII,XI,X, XII çağırış)
deputatı və s. və i.a.
Əmək fəaliyyəti
dövründə iki
dəfə “Qırmızı
əmək bayrağı”
ordeni, “Rəşadətli
əməyə görə”
və “Əməkdə
fərqlənməyə görə”
medalları ilə təfliflər...
1969-cu ilin isti avqust günləri idi. Ailəm Kislovodskda dincəlirdi. Hazırlaşırdım ki, məzuniyyət götürüb uşaqların yanına gedim. Bir aydan artıq idi ki, Azərbaycan KP MK-nın birinci katibini işdən azad etmişdilər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri general Heydər Əliyev birinci katib seçilmişdi. Mərkəzi Komitənin növbədənkənar plenumu gözlənilirdi. Belə bir vaxtda respublika komsomol təşkilatının Mərkəzi Komitənin birinci katibi Elmira Qafarova məni yanına çağırdı.
— Məzuniyyətini ləğv
etdim, — dedi. — Sənə şad xəbər vermək istəyirəm. Dünən axşam Heydər
Əliyev zəng etmişdi. Sənin necə işçi
olmağınla maraqlandı.
Bu, bizim hamımız
üçün böyük
məsələdir. Göstəriş
verdi ki,
səni təcrübi
işdə yoxlayıb
partiyanın Mərkəzi
Komitəsinin təbliğat
və təşviqat şöbəsinə götürsünlər.
Deyilən vaxt Mərkəzi Komitədə oldum. Teymur müəllim məni qəbul etdi. Rəşid Mahmudovu çağırdı.
— Rayon qəzetlərinin bir aylıq nömrələrini verərsən Yasifə. Üç gün vaxtı var. Arayış hazırlasın. Sən də istiqamət ver.
Rəşid müəllimlə birlikdə onun iş otağına gəldik. Ayrıca kabinet verdilər. Başladım işləməyə. Vaxt gəlib çatmışdı. Hələ bir səhifə də yazmamışdım. Ancaq oxuyurdum. Həm də bərk həyəcan keçirirdim. Üçüncü gün Rəşid Mahmudov içəri girdi. Əhval-ruhiyyəsi yaxşı idi. Qəzetləri qabağımdan götürdü.
— Bəsdi oxuduğun, — dedi, — al bu arayışa diqqətlə bax. Qurtaran kimi gəl yanıma. Vaxt itirmə.
Oxudum. On ikinci səhifəyə çatanda öz imzamı görüb təəccübləndim. durub yanına getdim.
Soruşdu:
— Necədir, xoşun gəldimi?
Mən:
— Əladır. Lakin səhvən mənim soyadımı yazıblar.
Rəşid Mahmudov:
— Burda heç bir səhv yoxdur. Qol çək. Teymur müəllim gözləyir. Gülə-gülə əlavə etdi:
— Gələcəkdə sən də mənim əvəzimdən bir arayış yazarsan. Hesabı bərabərləşdirərik. İmza atmalı oldum.
Rəşid müəllim
mənim imzamın altından: “
— Nə tez Rəşid Mahmudovun stilində arayış yazmağı öyrəndin.
Mən qızardığımdan əlimi üzümə çəkdim. Daha başa düşə bilmədim ki, Teymur müəllim nəyə işarə edir.
Rəşid Mahmudov bax beləcə təmənnasız adam idi. Yaxşılığını heç kəsdən
əsirgəməzdi. İnsanların
əlindən tutardı.
Onlara çörək
verərdi. Əllərindəki
çörəyi almazdı.
Böyük Allah ona böyük ürək bağışlamışdı.
O, ömrü boyu bu ürəyin qanunlarını pozmadı.
Ona — Allahına, insanlara sadiq qaldı...
Rəşid Mahmudovla beş il bir
şöbədə çalışdıq.
Şahidi oldum ki, o, neçə-neçə insanları şərdən, xətadan,
bəladan qurtardı.
Haqqı tapdalanan adamlar onun yanına
qaçardılar. Ondan
kömək umardılar.
Çox sadə idi. Hamı ilə dil tapırdı,
daha doğrusu, hər kəslə öz dilində danışırdı. Biz
onun intellektual səviyyəsinə, ziyalılığına,
xoş rəftarına,
mehribanlığına heyran
idik. Rəşid müəllim öz üzərində olduqca çox çalışırdı,
işləyirdi. Böyük
mütaliə qabiliyyətinə
malik bir ziyalı idi.
O vaxtlar mədəniyyət şöbəsi
ayrıca fəaliyyət
göstərirdi. O isə
respubilka mətbuatına
rəhbərlik edirdi.
Qlavlitin işlərinə
nəzarət də onda idi. Bu
sahələr xüsusi
məsuliyyət və
diqqət tələb
edirdi. Elə bir gün olmazdı
ki, yazıçı
və şairlərdən
kimi isə onun iş otağında
görməyəsən. Süleyman
Rəhimov, Əli Vəliyev, Qasım Qasımzadə, Bəxtiyar
Vahabzadə, Mirzə İbrahimov, İmran Qasımov, Məmməd Arif və başqaları
tez-tez onunla görüşə gələrdilər.
Saatlarla fikir mübadiləsi edərdilər.
Yeni kitablarını bağışlardılar.
Gənc yazıçı
və şairlərin
əsərlərinin çap
edilməsinə, işıq
üzü görməsinə
xüsusi qayğı
göstərərdi.
Rəşid Mahmudov milli ruhlu insan
idi. Kiçik hisslərdən, duyğulardan uzaq idi. O,
böyük arzularla yaşayırdı. Sədaqətli dost, təmiz
insan idi. Bütün müsbət keyfiyyətləri
özündə cəmləşdirmişdi.
Həmişə deyərdi ki,
yaxşı dost, yaxşı insan — məlahətli, zərif
musiqiyə bənzər. Yanında olmayanda onun könül
oxşayan, ruh açan, qəlbini yaşamağa-yaratmağa səsləyən
sədası həmişə qulaqlarında qalar. Sənə
həmdərd, həmdəm, həmsirr olar, səni ovudar,
darıxmağa qoymaz..
Yaxşı dost möhkəm, sal
qayaya bənzər. Heç bir təzyiq, zamanın heç
bir tufanı onu yerindən tərpədə, sarsıda bilməz.
Sən həmişə onun dəyanəti ilə fəxr edərsən.
Çətinə, dara düşəndə ondan bir səngər
kimi, qüdrətli qala kimi istifadə edərsən. Ona
sığınarsan. Ona etibar edərsən. Qorxmazsan,
canını belə onun yolunda əsirgəməzsən...
Yaxşı dost elə bil nəhəng
ağaca bənzər ki, ayağı torpaqda, zirvəsi günəşdə.
Göylə yer arasında sənə çətir tutub, hər
cür od-alovdan, qar-çovğundan qoruyar. Buna görə də
deyirlər: “Yaxşı dost xəzinəyə bənzər”.
Bu xəzinənin bir açarı olmur ki, xəsis ev sahibi
kimi həmişə cibində gəzdirəsən. Bu xəzinənin
qapıları həqiqi dostların üzünə həmişə
taybatay açılır.
Yaxşı dost münbit, zəngin
torpağa bənzər. Torpaq heç zaman onun üstündə
yaşayıb-yaradanın kimliyini, əqidə sahibliyini
soruşmur, hamıya bir gözlə baxır. Zəhmət
çəkənə sirrini açır, dərdini onun
qulağına pıçıldayır, sərvətini ona bəxş
edir, onunla fəxr edir.
Ağac hər yerdə
ağacdır, barlısı var, barsızı var. Bulaq hər
yerdə buraqdır, istisi var, sərini var. Meşə hər
yerdə meşədir, qalını var, seyrəyi var. Dağ
hər yerdə dağdır, alçağı var,
hündürü var. İnsan hər yerdə insandır,
yaxşısı var, pisi var, mərdi var, namərdi var, dərini
var, dayazı var. İnsan o zaman insan olub ki, alicənab olub, mərd
olub, vətənpərvər olub, bir-birinə dost olub,
qardaş olub. Bu amal uğrunda vuruşub, əlləşib,
qan töküb, zəhməti, dostluğu əziz tutub, ona
sığınıb. “Tək əldən səs
çıxmaz” deyiblər. Tək adam tez məhv olar, batsa
xilas ola bilməz, sel-su onu yerindən tez oynadar, uçurar. Əsl
dostluq günəşə bənzər, heç kimə fərq
qaymadan şüasını hamıya səxavətlə
paylayar.
Böyük ürəklər,
insani ürəklər, həyata, işığa
bağlı ürəklər, gülləri, çiçəkləri,
ağacları, meşələri, dağları,
torpağı sevən ürəklər, təklik, tənhalıq
sevməmişlər. Böyük insanlar — Rəşid
Mahmudovlar da belə olmuşlar. Din ayrılığı, dil
ayrılığı heç zaman insanlığa —
dostluğa mane ola bilməmişdir. Həmişə gözəllik
qalib gəlib, dostluq qalib gəlib, həyat, məhəbbət
qalib gəlib. Dostluq və gözəllik! Gözəllik və
dostluq! Harada gözəllik varsa, orada mərdlik var, səadət
var, xoşbəxtlik var. Harada dostluq varsa, orada xeyir-bərəkət
var, məğlubedilməzlik var, həmfikirlik var,
mehribanlıq və birlik var.
Rəşid Mahmudov gündəlik
hərəkətlərində, yazdığı əsərlərində,
insanlara münasibətində bu birliyi, məslək
dostluğunu, qardaşlığını həmişə
yüksək qiymətləndirmişdir.
Rəşid Mahmudov sözün
yaxşı mənasında çox qəribə insan idi və
ömrünün axırına kimi də buna sadiq qaldı.
Dağılan dünyamız, dəyişilən cəmiyyətimiz,
insanların dönüklüyü, acgözlüyü, hərisliyi,
dünya malına həvəs onu öz yolundan — Allah yolundan
döndərə bilmədi. Öz insanlıq amalına xəyanət
etmədi. Yaxşı, firavan, xoşbəxt günlərlə
bərabər, ağır, məşəqqətli, çətin
günləri də oldu, o isə yenə də Rəşid
olaraq qaldı.
Rəşid Mahmudov əslən
İsmayıllı rayonundan idi. Lakin ölkəmizin müxtəlif
yerlərindən olan sağlam düşüncəli insanlar Rəşid
müəllimi ürəkdən sevir, ona arxalanır, onu
müdafiə edirdilər. Zaqatalalılar rayonlarında 7 ilə
yaxın RPK-nın birinci katibi işləmiş Rəşid
Mahmudovu öz doğmaları, can-ciyərləri bilirdilər.
Onu həmin rayondan Bakıya başqa işə keçirəndə
Mərkəzi Komitəyə dəstə-dəstə insanlar
axışıb xahişə gəldilər ki, onu Zaqataladan
aparmasınlar.
Rəşid Mahmudov insanlar
üçün bir işıq, bir ümid idi. Ədalət,
arzu mücəssəməsi idi. Rəşid Mahmudov təkcə
insanlar deyil, Allah tərəfindən də seçilən və
sevilən adam idi. Əsil-nəcabətinə məxsus, zəmanənin
ən gözəl dəyərlərini özündə cəmləşdirmiş
şəxsiyyət idi. Onunla münasibətlərimiz
zaman-zaman doğmalaşmış,
büllurlaşmışdır. O, təkcə mənim deyil,
çoxsaylı tanış və dostlarının qəlbində
sabah da, gələcəkdə də xeyirxah, nəcib, təvazökar,
karagələn, sadə, insani keyfiyyətlərini
özündə birləşdirən ictimai-siyasi xadim,
ziyalı kimi yaşayacaqdır.
Mənim belə mehriban, sədaqətli,
ədalətli, bacarıqlı təşkilatçı bir
dostum vardı. Onunla dostluğum həyatımı daha da
dolğun və mənalı etmişdir. Yadıma böyük
şairimiz Rəsul Rzanın bir essesi düşdü:
Bir dostumuz öldü,
Adamların
yaxşılarından idi.
Sözü, işi, arzuları ilə
İnsan idi.
Bu ölümə yerin
torpağı yandı.
Ağacın yarpağı
yandı.
Göynədi qəlbim
Duz basılmış yara kimi.
...Bir insan öldü,
Dünyada böyük qəlbinin
istisi qaldı.
İşıqlı fikri,
Mehriban hissi qaldı,
Yaşadı,
döyüşdü.
Qəlbində insanların
Kədərini, sevincini
daşıdı.
İndi İsmayıllı
dağlarının döşündə əbədiliyə
qovuşmuş bu İnsana — Rəşid Mahmudova təbiət
laylay çalır.
Qəni-qəni rəhmət! Onun
haqq dünyasında, Cənnəti-Əlada rahat uyumağa tam
haqqı var!..
Yasif NƏSİRLİ,
əməkdar incəsənət xadimi, yazıçı
Xalq qəzeti.- 2009.- 31 oktyabr.- S. 6.