Neft və
qaz hasilatına diqqət artırılır
2009-cu ilin doqquz ayında ARDNŞ üzrə 6,9 milyon
ton neft və 5,6 milyard kubmetr qaz hasil edilmişdir
Dövlət Neft Şirkəti tərəfindən
neft hasilatında əldə olunmuş sabitliyin qorunub
saxlanması, eləcə də qaz istehsalının
artırılması istiqamətində ilin əvvəlindən
etibarən mühüm tədbirlər həyata
keçirilmişdir. Neft sənayesinin maddi-texniki
bazasının gücləndirilməsi, təchizatla
bağlı əvvəlki illərdə müşahidə
olunan çətinliklərin tam aradan qaldırılması və
s. tədbirlərin iqtisadi səmərəsi getdikcə
artır. Məhz bunun nəticəsidir ki, son illər Dövlət
Neft Şirkəti üzrə neft və qaz hasilatına dair
proqnoz tapşırıqları bir qayda olaraq vaxtından əvvəl
və artıqlaması ilə yerinə yetirilir.
Ölkə neftçiləri
2009-cu ilin doqquz ayının tapşırıqlarına da
artıqlaması ilə əməl etmişlər. Dövlət
Neft Şirkətinin socar.az saytının məlumatına
görə, hesabat dövründə ARDNŞ üzrə qaz
kondensatı da daxil olmaqla 6 milyon 848,65 min ton neft hasil
olunmuşdur. Yanvar-sentyabr ayları ərzində
çıxarılmış ümumi neftin 5 milyon 463,64 min
tonu “Azneft” İstehsalat Birliyinin tabeliyində olan neft və
qazçıxarma idarələrinin payına
düşmüşdür.
Dövlət Neft
Şirkətinin ölkəmizdə fəaliyyət göstərən
xarici tərəfdaşları ilə birgə həyata
keçirdiyi layihələrin də iqtisadi səmərəsi
aybaay, ilbəil artır. Ötən 15 ildə mütərəqqi
texnologiyaların tətbiqi, infrastrukturun yeniləşdirilməsi
və həyata keçirilən digər tədbirlər neft
hasilatının əhəmiyyətli dərəcədə
artmasına səbəb olmuşdur. Qurudakı yataqların
istismarını həyata keçirən müştərək
müəssisələr və əməliyyat şirkətləri
tərəfindən, eləcə də Dövlət Neft
Şirkətinin “Azəri — Çıraq — Günəşli”
və “Şahdəniz” layihələri üzrə payı
çərçivəsində ilin doqquz ayı ərzində
1 milyon 385 min ton neft və qaz kondensatı hasil edilmişdir. Bundan
əlavə, hesabat dövrü ərzində müştərək
müəssisələr və əməliyyat şirkətlərindən
alınan yerli bazar nefti 237,86 min ton təşkil etmişdir.
2009-cu ilin yanvar-sentyabr
aylarında Dövlət Neft Şirkəti üzrə emala 4
milyon 541 min ton neft təhvil verilmişdir. Hesabat dövründə
şirkətin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi tərəfindən Azərbaycandan xaricə 2
milyon 440 min ton neft ixrac olunmuşdur.
Ölkəmizdə qaz
hasilatının artırılmsı istiqamətində tədbirlər
də uğurla davam etdirilmişdir. Dövlət Neft Şirkəti
tərəfindən yeni qaz proqramının uğurla
reallaşdırılması, yığım-nəql sisteminin
təkmilləşdirilməsi, yeni quyuların qazılıb
istismara verilməsi nəticəsində ölkədə əvvəlki
illərdə müşahidə olunan qaz böhranının
qarşısı tamamilə alınmışdır. Hətta
son zamanlar Dövlət Neft Şirkəti üzrə qaz
hasilatı iki dəfəyə yaxın artmışdır ki,
bu da əhalinin və iqtisadiyyatın “mavi yanacaq”la təminatının
xeyli yaxşılaşdırılmasına imkan
yaratmışdır.
Təsadüfi deyil ki,
son illər təbii qazla təchizatın
yaxşılaşdırılması sahəsində
görülmüş işlərin nəticəsi olaraq 13
illik fasilədən sonra Naxçıvan Muxtar Respubilkasına
“mavi yanacağın” verilməsi bərpa olunmuş, Lerik,
Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri,
Ağcabədi, Beyləqan rayonları və Ağdam rayonunun
Quzanlı qəsəbəsinin, eləcə də ölkənin
bir sıra kənd və qəsəbələrinin
qazlaşdırılması başa
çatdırılmışdır.
Ölkənin “mavi
yanacağa” olan tələbatının ödənilməsi,
eləcə də ixrac imkanlarının genişləndlirilməsi
qaz hasilatının daha da artırılmasını tələb
edir. Məhz buna görədir ki, son zamanlar bu istiqamətdə
həyata keçirilən tədbirlər getdikcə intensiv
xarakter alır. 2009-cu ilin doqquz ayında Dövlət Neft
Şirkəti üzrə 5 milyard 557,88 milyon kubmetr qaz hasil
olunmuşdur. Hesabat dövründə çıxarılan
ümumi qazın 5 milyard 175 milyon kubmetri “Azneft” İstehsalat
Birliyinin tabeliyində olan neft və qaxçıxarma idarələrinin
payına düşmüşdür.
“Şahdəniz” layihəsi
çərçivəsində ARDNŞ-in qaz payı isə
383,81 milyon kubmetr təşkil etmişdir. “Azəri—Çıraq—Günəşli”
layihəsinin uğurla reallaşdırılması neftlə
yanaşı, səmt qazı istehsalının da ilbəil
artırılmasına imkan yaradır. 2009-cu ilin yanvar-sentyabr
aylarında adı çəkilən layihə üzrə
Dövlət Neft Şirkətinə əvəzsiz olaraq 2
milyard 984,56 milyon kubmetr qaz təhvil verilmişdir. Bundan əlavə,
hesabat dövründə “Şahdəniz” layihəsinin
iştirakçıları tərəfindən ARDNŞ-ə
satılan qazın həcmi 459,67 milyon kubmetr, müştərək
müəssisələr və əməliyyat şirkətlərindən
qəbul edilən qaz isə təqribən 50 milyon kubmetr təşkil
etmişdir.
İlin əvvəlindən
ötən dövr ərzində qazın təhvili planı
üzrə də yüksək göstəricilər qeydə
alınmışdır. Belə ki, yanvar-sentyabr aylarında
dövlətə 7 milyard 713,45 milyon kubmetr qaz təhvil
verilmişdir ki, bunun da 7 milyard 5,18 milyon kubmetri daxili bazarda
satılmışdır. Həmin qazın isə 3 milyard
110,67 milyon kubmetri yerli istehlakçıların “mavi
yanacağa” olan tələbatının ödənilməsi
üçün “Azəriqaz” İstehsalat Birliyinə təhvil
verilmişdir. Ölkənin istilik elektrik stansiyalarının
normal fəaliyyətinin təminatı üçün “Azərenerji”
Açıq Səhmdar Cəmiyyətinə isə bu dövrdə
3 milyard 327,94 milyon kubmetr qaz satılmışdır. Yanvar-sentyabr
aylarında Dövlət Neft Şirkəti tərəfindən
xaricə satılmış “mavi yanacağın” həcmi
708,27 milyon kubmetr təşkil etmişdir.
Dövlət Neft
Şirkətində neft hasilatında sabitliyi qorumaq, həmçinin
qaz istehsalını artırmaq məqsədilə bir sıra
texniki və geoloji tədbirlərə, eləcə də cari
və əsaslı təmir işlərinə xüsusi diqqət
yetirilir. Onu da deyək ki, bu sahədə həyata keçirilən
tədbirlərin keyfiyyətinə daha çox diqqət
yetirildiyindən onların iqtisadi səmərəsi aybaay, ilbəil
artır. Quyuların sabit rejimlə işləməsini təmin
etmək məqsədilə yeraltı təmirlərin sayı
xeyli artırılmış, fəaliyyətsiz fondda olan
quyuların əsaslı təmirdən sonra istismara
qaytarılması işləri bir qədər də intensivləşdirilmişdir.
Bu baxımdan ölkəmizin neft-qaz sənayesində xüsusi
əhəmiyyətə malik olan “Günəşli”
yatağında da ciddi işlər həyata keçirilir. Belə
ki, bu yaxınlarda adı çəkilən yataqdakı 8-ci dərin
dəniz özülündən daha bir quyu əsaslı təmirdən
sonra istismara qaytarılmışdır.
Xatırladaq ki, quyu Balaxanı lay dəstəsinin VI horizontundan sutkada 150 min kubmetr qaz verir. 2007-ci ilin may ayından istismarda olan 162 saylı quyudan indiyədək 393 milyon kubmetr qaz və 11 min tondan çox kondensat hasil edilmişdir. 60 illik yubileyini qeyd etməyə hazırlaşan “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi “Palçıq Pulpilləsi” yatağındakı 1146 saylı özüldən qazılmış 1325 saylı quyu da bu günlərdə tikintidən sonra istismara daxil edilmişdir. “Qala - 2” lay dəstəsində qazılmış həmin quyu sutkada 18 ton neft verir.
Neft və qaz hasilatında digər vacib amillərdən biri də qazma işlərinin intensivliyindən asılıdır. Bu baxımdan şirkətin Kompleks Qazma İşləri Trestinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bütövlükdə isə 2009-cu ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə 131 min 581 metr qazma işi həyata keçirilmişdir. Bu da qazmadan alınan yeni quyuların sayının artmasına səbəb olmuşdur. Yeri gəlmişkən, trestin “Qobustan” Kəşfiyyat Qazma İşləri İdarəsi paytaxtdan xeyli uzaqda yerləşən “Cəfərli” yatağında da qazma işlərini uğurla davam etdirir.
Hazırda burada layihə dərinliyi 4050 metr olan 35 nömrəli quyunun qazıntısı tamamlanmaq üzrədir. Quyunun noyabr ayının əvvəllərində sutkalıq 30 ton neft hasilatı ilə istismara verilməsi nəzərdə tutulur. Yataqda eyni layihə dərinliyinə malik 39 nömrəli quyunun qazıntısının ilin sonunadək başa çatdırılması planlaşdırılır. Geoloqların hesablamalarına görə, bu quyudan da sutkada təqribən 30 ton neft çıxarmaq mümkün olacaq. Bundan əlavə, “Cəfərli” yatağında bu günlərdə qazıntısına başlanılmış quyu isə 2010-cu illərin əvvəllərində istismara daxil ediləcək.
Göründüyü kimi, kəşfiyyat və istismar qazmasının həcminin ilbəil artması yeni neft və qaz ehtiyatlarının aşkara çıxarılmasına, eləcə də onların hasilatına geniş imkanlar yaradır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 31 oktyabr.- S. 5.