Gələcəyimizi düşünməsək...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə 2009-cu il respublikamızda “Uşaq
ili” elan olunmuşdur. Bununla əlaqədar ölkəmizin
müxtəlif regionlarında və Bakıda bir sıra tədbirlər
keçirilir. Uşaqlara qayğı çərçivəsində
ən fəal işlər görən təşkilatlar
sırasında Heydər Əliyev Fondu xüsusi yer tutur. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili Mehriban Əliyevanın şəxsi təşəbbüsü
sayəsində Azərbaycanın hər yerində gələcək
nəslin sağlam böyüməsi, tərbiyəsi və təhsili
ilə bağlı mütəmadi tədbirlər həyata
keçirilir, yeni, müasir məktəb binaları tikilərək
istifadəyə verilir. Təsadüfi deyil ki, Mehriban
xanımın bu sahədə gördüyü işlər həm
ölkə səviyyəsində, həm də onun
hüdudlarından kənarda yüksək qiymətləndirilir.
Heydər Əliyev
Fondunun fəaliyyəti respublikada mövcud olan bir sıra təşkilatları
uşaqlara diqqət və qayğını artırmağa
istiqamətləndirib. Belə təşkilatlardan biri də
“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai
Birliyidir. Birlik öz işləriylə, keçirdiyi tədbirlərlə
“Uşaq ili”nə öz töhfələrini verməkdə
davam edir. Növbəti belə tədbirdə – “Xoşbəxtliyə
aparan yol...” adlı gecədə “Uşaqların Xoşbəxt
Gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Kərimova
öncə həyata keçirdiyi bütün xeyriyyə
işləri ilə onlara nümunə olan Mehriban Əliyevanın
xidmətlərini yüksək qiymətləndirdi. Qeyd etdi ki,
onlar diqqətdən uzaq qalan bəzi sahələrlə
bağlı layihələr həyata keçirmişlər. Bu
sırada ürək qüsuru olan uşaqlar, dul qadınlar,
körpələr evi özünəməxsus yer tutur.
Birliyin sədrinin fikrincə,
məhz Azərbaycanın birinci xanımının xeyirxah təşəbbüsləri
onları cəmiyyətin qayğıdan uzaq olan təbəqəsinə
yardım göstərməyə ruhlandırıb. “Xoşbəxtliyə
aparan yol...” adlı tədbirin də keçirilməsinin əsas
məqsədi iştirakçılarda xüsusi qayğıya
və yardıma ehtiyacı olanlara qarşı mərhəmət
hissi oyatmaq, onlara köməklik göstərilməsinə
vasitəçi olmaq idi. Tədbirdə 7 yaşlı balaca rəssamın
və ürək qüsurlu uşağın rəsmlərinin
hərracı keçirildi və əldə edilən gəlir
ürək qüsurlu uşaqların əməliyyat
olunmasına sərf ediləcək.
N.Kərimova onu da
vurğuladı ki, onlar Ukraynadan olan həkimlər briqadası
– Kiyevdəki müasir “Ürək” klinikasının baş həkimi
Boris Todurov, klinikanın reanimasiya şöbəsinin rəhbəri
Aleksandr Dovqan və Lyudmila Mixaylovna ilə yaxından əməkdaşlıq
edirlər. Məhz
bunun nəticəsidir ki, avqust-sentyabr ayı ərzində 89 nəfər
ürək qüsuru olan uşaq əməliyyat olunmuşdur.
Bunlardan da 18 nəfəri məhz Ukraynada əməliyyat
keçmişdir. Boris Todurov Kiyevə gedərkən
özü ilə bərabər təcili ürək əməliyyatına
ehtiyac duyan 1 körpəni aparmışdı və 29 oktyabr
tarixində həmin körpə üzərində uğurlu əməliyyat
həyata keçirildi. Noyabrın 4-də isə daha 4 nəfərin
Kiyevə göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu sahəyə
diqqətin artmasında “Uşaqların Xoşbəxt Gələcəyi”
İctimai Birliyinin təsisçisi Səbinə Rəhimovanın
çox böyük rolu vardır. Səbinə xanım belə
düşünür ki, uşaqlara qayğı onlara maliyyə
yardımından tutmuş mənəvi dəstəyə qədər
bütün sahələri əhatə etməlidir. Xüsusən,
indiki gənc nəsil müasir dövrün zərərli vərdişlərindən
uzaqlaşaraq gələcəyimiz olan uşaqların
qorunması istiqamətində görülən işlərdə
fəal iştirak etməlidirlər.
Nərgiz Kərimova
hesab edir ki, onun həyatını tamamlayan qayğıya
ehtiyacı olan insanlara yardım əlini uzatmaq və xeyriyyə
işləri ilə məşğul olmaqdır.O, qeyd edir ki,
bu iş olmasaydı, onun həyatının da mənası
olmazdı. Onlar gələcəkdə xeyriyyə sahəsində
daha iri layihələr həyata keçirmək, ehtiyacı olan insanların
problemləri ilə daha yaxından maraqlanmaq fikrindədirlər.
“Uşaqların sağlam və xoşbəxt gələcəyi
naminə hər kəs əlindən gələn
yardımı əsirgəməməlidir. Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın xeyriyyəçilik
fəaliyyəti, xüsusən də qayğıya ehtiyacı
olan uşaqlara göstərdiyi ana nəvazişi bizim
üçün örnəkdir. Bundan başqa, xeyriyyəçilik
həm də hər bir insanın, müsəlmanın vətəndaşlıq
borcudur. Biz ailəmizdə aldığımız tərbiyənin
təsiri altında 4 il ərzində öz gücümüz
hesabına bir çox xeyriyyə işləri həyata
keçirmişik.
“Mən də, Səbinə də
öz valideynlərimizə bizi bu ruhda tərbiyə etdikləri
üçün dərin minnətdarlığımızı
bildiririk, onların əllərindən öpürük. Bu
işdə məqsədimiz odur ki, dövlətin uşaqlara
qayğı siyasətində bizim də müəyyən
rolumuz olsun” – deyən İctimai Birliyin sədri artıq bu sahədə
çox böyük işlər görməyə nail olduqlarını
vurğulayır.
Qeyd edək ki, cari
ildə əsası qoyulan “Uşaqların Xoşbəxt Gələcəyi”
İctimai Birliyi uşaqların sağlamlıq və sosial
ehtiyaclarını qarşılamaq üçün xəstəxanalar,
klinikalar, sağlamlıq və reabilitasiya mərkəzləri
ilə sıx əməkdaşlıq edir. Təşkilat cəmiyyətdə
tez-tez rast gəlinən, sosial güvənc və ailə
qayğısından məhrum olmuş, qayğıya və
müdafiəyə ehtiyacı olan, qeyri-sağlam mühitdə
çalışdırılan, küçədə
yaşayan və işləyən, tibbi qüsuru olan, təhsil
almağa ehtiyacı olan, bir sözlə, gələcəkdə
sağlam və xoşbəxt həyatı təhlükə
altında olan uşaqların təhsil və mədəniyyət,
sağlamlıq və ictimai fəaliyyətindəki
ehtiyaclarını müəyyənləşdirib layihələr
hazırlayır və həyata keçirməyə
çalışır.
Bu baxımdan oktyabrın 24-də
Gömrük Xəstəxanasında keçirilən tədbiri
xüsusi qeyd etmək olar. Tədbirdə uşaqların
sağlamlığı ilə bağlı mühazirələr
oxunub. Mərasimdə iştirak edən Kiyev
müasir “Ürək” klinikasının baş həkimi Boris
Todurov 52 uşağı müayinə etmişdir. Ümumiyyətlə
isə müayinə edilən bütün uşaqlar təşkilat
tərəfindən siyahıya alınıb və onlara
mütəmadi olaraq hər cür yardım edilir. Nərgiz
Kərimova həmçinin bildirir ki, onların əməkdaşlıq
etdiyi xarici tərəfdaşlar tək Ukrayna deyil, İctimai
Birlik iranlı tərəfdaşları ilə də əlaqələr
yaradıb və birgə proqramlar həyata keçirmək
niyyətindədir.
2008-2009-cu illər ərzində
“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai
Birliyi bir çox tədbir təşkil edib və bu zaman
yüzlərlə uşağa, dul qadına və körpələr
evinə yardımlar göstərilib. Onların bəzilərini
diqqətə çatdırırıq.
Bu il sentyabrın 16-da Ramazan
ayı ərəfəsində təşkilat kar uşaqlar
üçün 3 saylı respublika xüsusi internat məktəbində
olub, uşaqlarla görüşüb, bayram süfrəsi təşkil
edib. Ramazan bayramı münasibətilə Bakı SOS Uşaq
Kəndində uşaqlarla görüş keçirilib, onlara
iftar süfrəsi açılıb. Eyni zamanda, onların su
problemi həll olunub, müasir istilik sistemi
quraşdırılıb, avtobus alınıb. Bununla
yanaşı, 7 uşağın illik təhsil haqqı ödənilib.
Kiyevdə “Ürək” mərkəzində
əməliyyat olunmuş uşaqlar reabilitasiya olunmaq
üçün Heydər Əliyev Fondu tərəfindən təmir-tikinti
və abadlıq işləri aparılmış “Şirin”
uşaq bağçasının nəzdindəki “Məslək”
istirahət düşərgəsində yerləşdirilib.
Bundan başqa, uşaq evləri və internat məktəbləri
arasında rəqs müsabiqəsini də həyata
keçirilən layihələr sırasına daxil etmək
olar.
“Uşaq ili” çərçivəsində
1 İyun Uşaqların Müdafiə Günü münasibətilə
təşkil olunan xeyriyyə gecəsində müxtəlif
beynəlxalq və yerli təşkilatların nümayəndələri,
millət vəkilləri, dövlət qurumlarının rəsmiləri
iştirak ediblər. Onlar fiziki və əqli cəhətdən
qüsuru olan uşaqlar üçün mütəmadi qaydada
bu tip tədbirlərin keçirilməsini vacib saymaqla
yanaşı bu təbəqənin həmişə diqqətə
ehtiyacı olduğunu vurğulayıblar, “Uşaqların
Xoşbəxt Gələcəyi” İctimai Birliyinin
gördüyü işləri isə yüksək qiymətləndiriblər.
Birliyin yardım göstərdiyi insanlar tək uşaqlar deyil,
övladları tərəfindən atılan və Qocalar evində
yaşamaq məcburiyyətində qalan ağsaqqal və
ağbirçəklər də bu qayğıdan kənar
qalmırlar. Təşkilatın üzvləri Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qocalar evində
bayram süfrəsi təşkil edib, onlara hədiyyələr
təqdim ediblər. Doğrudan da, övladları tərəfindən
valideyn qayğısı görməyən qocalara belə bir
sevincin bəxş olunması hər birimiz üçün mənəvi
borcdur.
Bu gün uşaq
evləri, təlim-tərbiyə mərkəzləri ilə
birgə uşaqlar üçün sağlıq və sosial
xidmət sahələri açmaq və onlara yardım etmək,
uşaqların tibbi müayinəsini həyata keçirmək
hər bir Azərbaycan vətəndaşının insani borcu olmalıdır.
“Uşaqların Xoşbəxt Gələcəyi” bu müqəddəs
vəzifəni başa düşür və bütün fəaliyyətini
onun yerinə yetirilməsi üzərində qurur. Elə yüzlərlə ürək qüsuru,
böyrək çatışmazlığı, uşaq
siribral iflici və digər xəstəliklərdən əziyyət
çəkən və sağlamlığa qovuşmaq
üçün maddi imkanı olmayan uşaqların əməliyyat
və ya müalicələrinin həyata keçirilməsi bu
deyilənlərin bariz nümunəsidir.
Nərgiz xanımın sözlərinə
görə, indiki dövrdə təhsil hər bir
uşağın formalaşmasının əsasını təşkil
edir. Ona görə də uşaqlara təhsil
verməklə yanaşıı, onların öz
imkanlarını, bacarıqlarını üzə
çıxarmasına köməklik etmək lazımdır.
Çünki bu gün istedadı və qabiliyyəti üzə
çıxarılan və inkişaf etdirilən uşaq gələcəkdə
uyğun peşə sahibi olmaq imkanını qazanacaq. Bu
da bizim cəmiyyətə, millətə ən böyük
xeyrimiz, töhfəmiz olacaq. Buna isə təkcə
“Uşaqların Xoşbəxt Gələcəyi” kimi təşkilatlar,
həm də biznes adamları, mesenatlar, maliyyə qurumları,
beynəlxalq uşaq təşkilatları can
atmalıdırlar. Çünki həmişə deyildiyi kimi,
uşaqlar bizim gələcəyimiz, bizim sevincimizdir. Biz də
onların üzündə hər zaman bu sevinci görmək
üçün əlimizdən gələni əsirgəməməliyik.
Mahir QABİLOĞLU
Xalq qəzeti.- 2009.- 31 oktyabr.- S. 6.