Masallı: Bura məskənidir gözəlliklərin

 

Ötən ildən dünya miqyasında başlanan iqtisadi böhran ən iri və aparıcı dövlətlərdə belə ciddi fəsadlar törətmiş, tanınmış şirkət və korporasiyalar müflisləşmiş, möhtəşəm layihələr, transmilli proqramlar yarımçıq qalmışdır. Maliyyə böhranının Azərbaycanda o qədər də hiss edilməməsi isə ölkəmizdə aparılan çox uğurlu iqtisadi siyasətin nəticəsidir. İyulun 22-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı qazanılan uğurların qanunauyğunluğunu əsaslandırmış, nailiyyətlərlə kifayətlənməməyi, sosial sahəni daha da inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur.

Ötən beş il üçün nəzərdə tutulmuş regional inkişaf Dövlət Proqramının yüksək səviyyədə icra edilməsi ölkəmizin tərəqqisində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu, tikinti-quruculuq işlərinə yeni vüsət verdi, yeni iş yerlərinin yaradılmasını təmin etdi. Bütün bu tədbirlərin davam etdirilməsi məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının 2009—2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırda icra olunmaqdadır. Yenə də bütün rayonlarımızda geniş miqyaslı tikinti-abadlıq işləri həyata keçirilir, sosial-mədəni siyasət davam etdirilir, infrastruktur yaxşılaşdırılır.

Son illərdə sürətli inkişaf yolu keçən rayonlarımızdan biri də Masallıdır. 200 minədək əhalisi olan bu rayonun mərkəzində, qəsəbə və kəndlərində aparılan abadlıq və tikinti-quruculuq işləri səngimək bilmir. Biz rayonda olarkən inkişafın davamlı xarakter aldığının bir daha şahidi olduq. Görüşüb söhbət etdiyimiz hər kəs fərəh və qürur hissi ilə bu barədə danışdı. Rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Cəmil Məmmədov isə bilavasitə məşğul olduğu işlərdən konkret faktlar əsasında söhbət açdı:

— Ölkəmizdə böyük quruculuq işləri görülür. İstər sənaye obyektlərinin, istərsə də yaşayış evlərinin tikinti sürəti MDB ölkələrinin demək olar ki, hamısından yüksəkdir. Bu da Azərbaycanın bugünkü inkişafından, iqtisadi qüdrətindən xəbər verir.

Rayonumuzun da bu inkişafda öz yeri var. Hər il neçə-neçə obyekt tikilir. Şəhərin abadlığına diqqət böyükdür. RİH başçısı Qəzənfər Ağayev inşa olunan hər bir tikintini nəzarətə götürür, onun keyfiyyətinə və vaxtında istifadəsinə qayğı ilə yanaşır. Hazırda rayonda bir neçə təhsil ocağı tikilir ki, onlar yeni dərs ilində məktəbliləri qoynuna alacaqdır. Dövlət vəsaiti ilə tikilən, hər biri 480 yerlik olan Banbaşı və Sığdaş orta məktəblərində son tamamlama işləri görülür. Hər iki məktəb yaraşığı, keyfiyyəti, müasir tələblərə cavab vermək üstünlüyü ilə seçilir. Hişkədərədə də 360 yerlik orta məktəb binası yeni dərs ilinə hazırdır. Fövqəladə Hallar Nazirliyinin vəsaiti ilə tikilmiş 220 yerlik Babaser kənd məktəbi də bu dərs ilində qapılarını uşaqların üzünə açacaqdır.

Mollaoba məktəbinin idman zalına ehtiyacı vardı. Bu barədə RİH başçısı göstəriş verdi. Artıq daxili imkanlar hesabına idman zalının tikintisinə başlanmışdır.

Bu il Masallıda ölkənin bir neçə böyük bankının filialı üçün yeni, yaraşıqlı bina tikilib. Yaxın vaxtlarda Talışxanov prospektində Respublika bankının açılışı oldu. “Zamin Bank” da yeni binaya köçdü. Heydər Əliyev prospektində Beynəlxalq bankın tikintisi davam edir.

Bakı—Astara şosesi kənarında, Seybətin ərazisində “Xoşbəxt mebel” ticarət obyekti də səhərimizə gözəllik gətirən tikilidir. Heydər Əliyev prospektindəki “Naz mebel” də yenicə istifadəyə verilib. Şəhərin inkişafı tikinti və abadlığın sürəti ilə ölçülür. Hazırda şəhərin Zərifə Əliyeva küçəsində şəhid ailələri, Qarabağ və Əfqanıstan müharibələri, Çernobıl qəzası əlilləri üçün tikilən 36 mənzilli, dördmərtəbəli yaşayış evində tamamlama işləri gedir.

Heydər Əliyev prospektində yeni yaraşıqlı ticarət obyektləri ünvan tapıb. Talışxanov prospektində istifadəyə verilən “İsmayıl” sarayında ticarət obyektləri və banket zalı yerləşir. Həmin sahə bir neçə müasir tikili hesabına simasını dəyişib, gözəlləşib.

“Qala bazarı” ticarət mərkəzində tikinti sürətlə davam edir. Gündən- günə genişlənən ticarət mərkəzində 59 birmərtəbəli, 9 ikimərtəbəli yeni, müasir tələblərə cavab verən obyektin inşası başa çatdırılmışdır.

Dövlət Sosial Müdafiə Fondu Masallı rayon şöbəsinin inzibati binası yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Şəhərdə ucaldılan ikinci doqquzmərtəbəli yaşayış evində də son tamamlama işləri gedir. Bəzi obyektlərdə isə əsaslı təmir aparılır ki, bu da abadlığın bir qoludur. Rayon mərkəzi xəstəxanasında yoluxucu xəstəliklər şöbəsi nəfis şəkildə təmir olunur. Ona qədər kommunal evin dam örtüyü yenisi ilə əvəz edilmişdir. Bu istiqamətdə işlər yenə də davam etdiriləcəkdir.

Mədəniyyət və turizm şöbəsinin mərkəzi kitabxanası və uşaq-incəsənət məktəbinin təmiri üçün də vəsait ayrılmışdır.

Abadlığın əsasını yol təşkil edir. Bu il şəhərin Sabir, Mehdi Hüseyn, Durna Əbilova, Səməd Vurğun küçələrində, Talışxanov prospektində 1,4 kilometr yola asfalt döşənmişdir. Daxili imkanlar hesabına Boradigah — Tüklə-Məmmədoba istiqamətində 1 kilometrdən çox yol asfaltlaşdırılmışdır. Boradigah qəsəbəsində 61 min manatlıq asfaltvurma işi görülmüşdür.

Rayonun tarixində builki qədər yaşıllıq salınmamışdı. Heydər Əliyev parkında, Şəhidlər Xiyabanında 4500 ədədə yaxın “Pavloniya” ağacı əkilmişdir. Yüksək oksigenburaxma qabiliyyətinə malik olan bu ağacların boyu 2-3 ildə 10-12 metr ucalır, çətirlidir. Bakı—Astara şose yolunun Masallı şəhərindən keçən hissəsində belə ağaclardan çox əkilmişdir. Şərəfə yolunda da yaşıllıqlar salınmışdır. Yusifli su anbarı yaxınlığında 4440 ədəd həmişəyaşıl ağac əkilmişdir. Ümumiyyətlə, bu il göstərdiyim ünvanlarda torpağa 17.800 ədəd həmişəyaşıl ting basdırılmışdır. Ötən illərdən fərqli olaraq bu il əkinlərə qayğı var, becərilir, suvarılır.

Viləşin sahilləri daxili imkanlar hesabına abadlaşdırılır. Çay dərinləşdirilir, sahilləri hamarlanır. Burada suyun səviyyəsi qaldırılacaq, kiçik şəlalələr yaradılacaq, sahillərdə ağaclar əkiləcək, yaşıllıq salınacaq, panoram gözoxşayan seyrəngahı xatırladacaq, şəhərimizdə yeni bir istirahət guşəsi yaranacaq. Burada əyləncə yerləri — karusellər və sair də olacaq.

Şəhərin təmizliyi isə hələ istənilən səviyyədə deyil. Sakinlər zibilləri hara gəldi atırlar. Bunun başqa səbəbi var. Şəhərdə beş bələdiyyə mövcud idi. Bu, əslində çətinlik yaradırdı. Onlar daötür-ötüroyunu ilə günahı bir-birinin üstünə atırdılar. Ölkə Prezidentinin sərəncamı ilə indi bələdiyyələr birləşəcək. Şübhə yoxdur ki, onda bu mühüm məsələ bələdiyyələrin doğma işinə çevriləcək.

Şəhərdə içməli su məsələsi , kanalizasiya sistemlərinin vəziyyəti düzəlir. Bu sahədə çatışmazlıqlar olsa da, görülmüş işlər çoxdur. Hər iki problem rayon rəhbərliyini həmişə narahat edirdi. Artıq şəhər içməli su problemindən xilas olub. Məhəllələrdə bulaqlar yaradılıb. Hər gün səhər saat 8-dən 10-a kimi şəhərə su verilir. Kəndlərdə içməli su problemi var. Həsənli su anbarının təmirinə başlanmışdır. Qarğalığa içməli su xətti çəkmək üçün artıq 2 kilometrlik torpaq qazılmışdır. Əkrivandan Göyəçöl, Qızılağac, Təzə Alvadı istiqamətlərinə su xətləri çəkilir. Kanalizasiyanın olmaması ekologiyaya, şəhərin səliqəsinə mənfi təsir göstərir. Ancaq demək olmaz ki, bu istiqamətdə görülmür. Çoxmərtəbəli binaların daxili xarici kanalizasiya sistemləri yenidən qurulub, 3,5 kilometrlik kanalizasiya xətti çəkilib. 250-yə yaxın ötürücü kanalizasiya quyusu tikilmiş, iki çirkab su anbarı yaradılmış, bir anbar əsaslı təmir edilmişdir. Dördmərtəbəli evlərin su kanalizasiya xətlərinin çəkilişi başa çatmaqdadır.

Rayonun elə bir kəndi yoxdur ki, orada abadlığa, səliqə-sahmana qayğı olmasın. Məktəblər tikilir, yollar hamarlanır, asfalt döşənir. Hər iki qəsəbədə yollar yaxşı vəziyyətə gətirilib, küçələr işıqlandırılır, yeni səkilər yaradılır.

Ərkivanın Bağlaküçə, Qızılaküçə Göllü məhəllələrinə gedən yolların asfaltlaşdırılması üçün 71 min manat vəsait nəzərdə tutulub. Şəhidlər parkının aşağı hissəsində səkilərin təmiri davam edir. Boradigahda son illərdə xeyli ticarət iaşə obyekti ünvan tapıb. Hazırda qəsəbədəki 2 saylı orta məktəbin cari təmiri davam etdirilir.

Bu il təbii fəlakətə məruz qalan Güllütəpə kəndi ərazisində 11 ailə üçün torpaq sahəsi ayrılmış, burada abad qəsəbə salınmış, beləliklə, torpaq sürüşməsindən zərər çəkmiş sakinlərin problemləri həll edilmişdir.

Yeni Dövlət Proqramı üzrə nəzərdə tutulan tədbirlərin ardıcıl icrası qarşıdakı illərdə Masallı rayonunun daha sürətli inkişafını təmin edəcəkdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2009.- 1 sentyabr.- S. 4.