Qərb enerji
dialoqunda Azərbaycanın
rolunu yüksək qiymətləndirir
Azərbaycanın Qərblə münasibətləri sürətlə inkişaf edir. Son zamanlar isə Qərbin marağı durmadan artır. Belə yüksək səviyyədə maraq göstərilməsinin konkret səbəbləri var. Zəngin karbohidrogen yataqlarına malik olması, əlverişli strateji mövqeyi və Qərb dəyərlərini paylaşması Azərbaycanın Qərb ölkələrinin diqqət mərkəzində qalmasına şərait yaradır. Təsadüfi deyil ki, Qərbin nüfuzlu strateji araşdırma mərkəzləri Azərbaycanı Qərb ilə Şərq arasında enerji dialoqunda vacib rol oynayan ölkə kimi qiymətləndirirlər. Son illər Avrasiya materikində baş vermiş mühüm geosiyasi və geoiqtisadi hadisələr də Qərbin ölkəmizlə yüksək səviyyəli əlaqələr saxlamasına əsas verir.
Bu gün heç kimə sirr deyil ki, Xəzər hövzəsi regionunda cərəyan edən hadisələr aparıcı dövlətlərin diqqət mərkəzindədir. Son zamanlar Xəzər hövzəsi ölkələrində neft və qaz yataqlarının istismarında baş vermiş böyük dəyişikliklər, xüsusilə də Azərbaycanın karbohidrogen resurslarının Qərbə daşınmasında əldə etdiyi nailiyyətlər regiona olan marağı daha da artırır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Qərbin diqqətindən yayınmır. Bu gün Qərb alternativ enerji dəhlizlərinin yaradılmasında maraqlıdır və Azərbaycan neft və qazının Qərbə daşınmasını dəstəkləməklə belə bir dəhlizin reallaşmasının nə qədər vacib olduğunu nümayiş etdirir.
Əlbəttə, Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir. Bununla belə qeyd olunmalıdır ki, belə bir yüksək əməkdaşlıq əlaqələrinin yaranmasında Azərbaycan tərəfi böyük rol oymamışdır. Məhz Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılmışdır.
Azərbaycanın regional müstəvidə cərəyan edən istər siyasi, istərsə də iqtisadi proseslərə müsbət təsir göstərməsi faktı artıq heç kim tərəfindən şübhə altına alınmır. Cənubi Qafqazın böyük dövləti kimi Azərbaycan regional enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən Qərb dəyərlərinin müdafiə olunmasında əvəzolunmaz rol oynayır. Bu fakt artıq danılmazdır ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir iqtisadi layihənin reallaşdırılması mümkün deyil. Unikal coğrafi mövqeyə və zəngin karbohidrogen mənbələrinə malik olması ölkəmizin regionda mövqelərini xeyli gücləndirmişdir. Son zamanlar dünyanın siyasi dairələrinin müzakirə mövzusuna çevrilən “Nabukko” layihəsinin reallaşdırılması ətrafında aparılan danışıqlarda da bu fakt çılpaqlığıyla özünü biruzə verir.
Alternativ enerji dəhlizlərinin artırılmasında həddən artıq maraqlı olan Qərb “Nabukko” layihəsinə böyük ümid bəsləyir və bu məsələdə Azərbaycanın oynayacağı rolu yüksək qiymətləndirir. ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Moninqstarın verdiyi “ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirir” bəyanatı da bunu bir daha təsdiqləyir. Cənab Moninqstarın Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, rəsmi Vaşinqton ABŞ-Azərbaycan dövlətləri arasında yaranmış etibarlı tərəfdaşlıq münasibətlərinin inkişafında və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır, Azərbaycan neftinin və qazının Qərb bazarlarına çıxması istiqamətində atılan addımları dəstəkləyir və bunu vacib amil sayır.
Ümumiyyətlə, ABŞ ilə Azərbaycan arasında energetika sahəsində yaranmış əməkdaşlıq əlaqələri dönməz xarakter almışdır və iki ölkə arasında bir sıra vacib sahələri əhatə edən məsələlərlə bağlı fəal dialoq aparılır. 2001-ci ildən Azərbaycan terrorizmlə mübarizədə ABŞ-ın etibarlı müttəfiqi kimi tanınır. Təsadüfi deyil ki, hazırda azərbaycanlı hərbi qulluqçular İraqda sabitliyin bərpası prosesində yaxından iştirak edirlər. Artıq 8 ildir Azərbaycan əsgərləri amerikalılarla birlikdə İraqda təhlükəsizliyi qorumaqda yardımçı olurlar. Eyni sözləri Əfqanıstan barədə də demək olar. Əfqanıstanda da azərbaycanlı əsgərlər antiterror koalisiyanın tərkibində sabitliyin qorunmasında iştirak edirlər.
Bu faktlar Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir. Bununla bağlı amerikalı siyasətçilər dəfələrlə bildirmişlər ki, Azərbaycan dünyanın strateji mühüm regionlarında Birləşmiş Ştatların əsas müttəfiqlərindən biridir. Əslində amerikalıların belə deməyə kifayət qədər əsasları var. Məhz Əfqanıstanda antiterror əməliyyatları zamanı Azərbaycan hava məkanını NATO təyyarələrinin “üzünə” açmışdı. NATO ekspertləri də o zaman etiraf etmişdilər ki, Azərbaycanın bu addımı Əfqanıstan əməliyyatının ugurla başa çatmasında böyük rol oynamışdır. Bu əlaqələr bu gün də inkişaf edir və Azərbaycan istər beynəlxalq təhlükəsizliyin, istərsə də beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında Qərb tərəfdaşları ilə sıx əməkdaşlıq edir. Regional iqtisadi və siyasi proseslərin xarakteri və dinamikası da göstərir ki, uğurla davam etdirilən enerji dialoqu Qərb-Azərbaycan münasibətlərinin daha da güclənməsinə şərait yaradacaq.
Səbuhi MƏMMƏDOV
Xalq qəzeti.- 2009.- 1 sentyabr.- S. 4.