Milli parklar təbiəti mühafizə və elmi-tədqiqat
əhəmiyyəti daşıyan ərazilərdir
Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim mədəniyyətə, Avropada ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən biri olaraq fövqəladə əhəmiyyətli təbii irsə malikdir.
Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranmışdır.
Hazırda respublikamızın ərazisində 6 Milli Park, 13 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir.
Milli Parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən onlar haqqında bəzi məlumat əldə etdik. Məlumatda qeyd olunur ki, akademik Həsən Əliyev adına Ordubad Milli Parkı 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. Ərazisinin çox hissəsi dağlıqdır. Ordubad Milli Parkı zəngin bioloji müxtəlifliyə malikdir. Burada Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş 58(35 onurğalı və 23 həşərat) heyvan və 39 bitki növü vardır. Milli Parkın ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərindən Asiya bəbirini, dağ qoyunu-muflonu, bezoar keçini, Avropa tüvüyünü, ağ quyruq dəniz qartalını, berkutu, bəzgəyi göstərmək olar. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Qaradağ, Salyan, Neftçala rayonlarının inzibati ərazisinin 54374 hektarında yaradılan Şirvan Milli Parkı yarımsəhra landşafta malikdir. Ərazinin 4000 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır (turac, bəzgək, dovdaq, qu quşları və s.). Məməlilərdən ceyran faunanın əsasını təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində Ağ-göl dövlət təbiət qoruğu və Ağ-göl dövlət təbiət yasaqlığının bazasında 17924 hektar ərazidə Ağ-göl Milli Parkı yaradılmışdır. 2003-cü il iyulun 5-də respublika Prezidenti onun yaradılması ilə bağlı xüsusi sərəncam imzalamışdır. Ağ-göl Kür-Araz ovalığının Mil düzənliyində yerləşir, yarımsəhra landşafta malikdir, respublika ərazisində quşların ən vacib qışlama və yuvalama yeri olduğu üçün “ornitoloji sahə” də adlandırıla bilər. Buranın ornitoloji faunası çox zəngindir. 140-dan çox quş növlərinə rast gəlmək olar, onlardan 89 növü bilavasitə yuva salan quşlardır. (Sultan toyuğu, ərsindimdik, qu quşları, fitçi və mərmər cürələr, bəzgək və s.) Ağ-gölün əsas mühafizə obyektləri köçəri, su ətrafı və su quşlarının kütləvi yuva salma və qışlama yerləri olan su-bataqlıq ekoloji sistemləridir. Ağ-göl YUNESKO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerləri haqqında” Konvensiyasının siyahısına daxil edilmişdir.
2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Lənkəran və Astara rayonlarının inzibati ərazisində 21435 hektar sahədə yaradılmış digər Milli Park isə Hikrandır. Burada üçüncü dövrün qədim relikt və endemik bitki növləri qorunur. Azərbaycanda yayılan 435 ağac və kol növünün 150-si Hirkan meşələrindədir. Meşələrdə Azərbaycanın “Qırmızı kitabı”na düşmüş Hirkan şümşadı, dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, İpək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, qızılağac və s., heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və sairə vardır. Hirkan meşələrinin YUNESKO- nun Təbii və Mədəni İrs Siyahısına daxil edilməsi üçün elmi cəhətdən əsaslandırılmış sənədlər tərtib olunaraq, YUNESKO-nun Katibliyinə təqdim edilmişdir.
Altıağac Milli Parkı 2004-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazisinin 11035 hektarında yaradılmışdır. Milli Parkın ərazisinin 90,5%-ni enliyarpaq meşələr təşkil edir. Əsas ağac növləri palıd, Qafqaz vələsi, Şərq fıstığı, adi göyüş, ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlar məskunlaşmışdır.
Abşeron Milli Parkı isə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli 622 nömrəli sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında Bakı şəhərinin Əzizbəyov rayonunun inzibati ərazisinin 783 hektarlıq sahəsində yaradılmışdır.
Abşeron Dövlət Təbiət Yasaqlığı 1969-cu ilin iyul ayında ərazidə məskunlaşmış ceyranın, Xəzər suitisinin və su quşlarının qorunub saxlanılması məqsədilə yaradılmışdır. Ərazidə yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Burada bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır, bitkilər ərazinin su və duzluluq rejiminə uyğun olaraq dəyişir. Dəniz sahilində qum bitkiləri (42,6 %), cığlıqamışlı və paz otlu çəmənliklər (13,2%), birillik şoran otları (5,2 %) və s. yayılmışdır. Efemerlər də erkən yazda nisbətən yaxşı inkişaf edir. Buranın quru ərazisində heyvanlardan ceyran, çaqqal, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qara, ağgöz qara ördəklər, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozçası və s. köçəri quşlar məskən salmışlar.
Abşeron Milli Parkının yaradılması həmin ərazidə nadir təbiət komplekslərinin və obyektlərinin, xüsusən pərayaqlı heyvanların yeganə nümayəndəsi olan Xəzər suitisinin daha çox yayıldığı arealda, ceyranların, həmçinin su bataqlıq quşlarının qorunub saxlanılmasına və bərpasına imkan yaradacaqdır. Abşeron Milli Parkının yaradılması eyni zamanda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitə diqqət və qayğının artırılması, yeni ekoloji şüurun formalaşması sahəsində aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə yaradılan Milli Parklar təbiətin mühafizəsində, bioloji müxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayırlar.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti .-2009.- 1 sentyabr.- S. 5.