Sönməyən ulduzlar” məclisində görüş

 

“Unudulmaqda olan və hal-hazırda maddi və mənəvi dəstəyə ehtiyac duyan mədəniyyət xadimlərinin səhnə həyatını yaşatmaq” adlı layihə çərçivəsində keçirilən “Sönməyən ulduzlar” assosiasiyasının növbəti tədbiri əməkdar mədəniyyət işçisi Cahangir Aslanoğlunun 90 illiyinə həsr olunmuşdur.

Azərbaycan Yaradıcılıq Fondunun layihə vasitəsilə həyata keçirdiyi iş Azərbaycan cəmiyyəti üçün aktualdır. Belə ki, keçid dövrü yaşayan Azərbaycanda həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də müəyyən problemlər olmuşdur. Bu problemlər həm obyektiv, həm də subyektiv cəhətdən bir sıra mədəniyyət xadimlərindən yan keçməmişdir. Uzun illər boyu mədəniyyətimizin inkişafında və təbliğində müstəsna xidmətləri olmuş, lakin indi maddi, psixoloji və mənəvi sıxıntılar keçirən və unudulmaq dərəcəsinə çatmış bir qism aktyorlar, müğənnilər, rejissorlar, ssenariçilər və başqaları müəyyən səbəblərə görə səhnədən uzaqlaşmış və hal-hazırda yenidən səhnəyə qayıtmaq ümidi ilə yaşayırlar. Məhz bu sıxıntılar və problemləri nəzərə alaraq fond onları 15 ildən artıqdır ki, öz ətrafına toplamışdır. Ümidləri hər yerdən kəsilən bu ahıl yaşlı sənətkarlar öz istəkləri ilə fondda “Sönməyən ulduzlar” assosiasiyası və eyni adlı teatr yaratmışlar.

Assosiasiyanın 50-dən artıq üzvü var. Bunlar aktyorlar, müğənnilər, rejissorlar, ssenariçilər və s. sənət adamlarıdır. Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” ictimai teatrının artıq öz repertuarı var. Fond müxtəlif sponsorların dəstəyi ilə bu teatrı yaşada bilir və bundan sonra da yaşatmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə yardımına ehtiyacı var. Belə olan halda görülən iş dövlətin mədəniyyət sahəsindəki siyasətinə dəstək ola bilər. Unudulmaqda olan ahıl yaşlı sənətkarlarımıza maddi-mənəvi dəstək verən, mədəniyyətin müxtəlif sahələrində çalışan gənclər isə böyük səhnə təcrübəsi olan bu sənətkarlardan onlarla tərəf müqabili kimi tamaşalarda iştirak edərkən dərs ala bilərlər. Nəticə etibarı ilə isə həmin unudulmaqda olan sənət adamları yenidən səhnə həyatı yaşamış və onların yaradıcılığına yeni impuls bəxş olunmuşdur.

Milli Yaradıcılıq Fondunun baş eksperti Zenfira Kadırova bildirir ki, hazırda “Sönməyən ulduzlar” assosiasiyası və “Sönməyən ulduzlar” teatrının üzvləri, ahıl yaşlı və unudulmaqda olan sənətkarlarımız haqqında kitab nəşri üzərində iş gedir. Kimlərdir bu tanınmış sənətkarlar: Oqtay Ağayev, Sara Qədimova, Məmməd Salmanov, Mustafa Süleymanov, Əlikram Hüseynov, Gülxar Həsənova, Töhfə Əliyeva, Leyla Bədirbəyli, Tükəzban İsmayılova, Cahangir Aslanoğlu, Azər Rzayev, Hafiz Fətullayev, Prezident təqaüdçüsü Firəngiz Əhmədova, Şəfiqə Qasımova, Prezident təqaüdçüsü Əlibaba Məmmədov, Prezident təqaüdçüsü Muxtar Maniyev, Prezident təqaüdçüsü Raziyə Şirinova, Zaur Əliyev, Prezident təqaüdçüsü Əminə Dilbazi, Rövzət Dəmirçizadə, Şəfiqə Hənifəyeva, Məmmədkamal Kazımov, Firuz Xudaverdiyev, Prezident təqaüdçüsü Roza Cəlilova. Kitabın müəllifi publisist Bəsti Əlibəylidir. Kitabda hər bir üzv haqqında oçerk, yaradıcılıqlarını əks etdirən fotoşəkillər toplanmışdır. Assosiasiyanın əsas məqsədlərindən biri də mütəmadi olaraq sənət adamları ilə görüşlər keçirilməsidir. Bu yolla unudulmaqda olan ulduzlarımız gənc nəslə və geniş oxucu kütləsinə xatırladılır. Bu kateqoriyadan olan mədəniyyət xadimlərinin müxtəlif məişət problemlərinin həllinə də yardım olunur.

 

 

Almaz ÜLVİ

 

Xalq qəzeti.-2009.- 1 sentyabr.- S. 6.