Məktəb zamanı gəlir...

 

Yeni dərs ili yaxınlaşmaqdadır. Ölkənin şəhər və rayonlarında, ayrı-ayrı təhsil ocaqlarında məktəb mövsümünə son hazırlıq işləri görülür. Yay tətili günlərində məktəblərdə təmir-abadlıq işləri aparılıb. Təhsil müəssisələrinə yeni inventar, avadanlıq, dərs ləvazimatı və dərsliklər alınır, kəm-kəsirlər aradan qaldırılır.Pedaqoji kollektivlərdə bu günlərdə ötən dərs ilinin mühüm yekunu olan ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri təhlil olunur, növbəti vəzifələr müəyyənləşdirilir. Yeni dərs ili qarşısında keçirilən ənənəvi rayon, şəhər konfransları startdadır. Bu günlərdə səfərdə olduğumuz Şirvan bölgəsi rayonlarında bütün bu işlərin gedişi ilə maraqlandıq. Kürdəmir, Ağdaş və Zərdab rayon təhsil şöbələri rəhbərlərinin verdikləri məlumatları oxucularımıza təqdim edirik.

 

 

Kürdəmir

 

Tacəddin NOVRUZOV, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri:

 

— Ölkəmizdə təhsil sahəsində həyata keçirilən əsaslı islahat, dövlət başçısı İlham Əliyevin milli təhsilimizin hərtərəfli inkişafına göstərdiyi ardıcıl diqqət və qayğı rayonumuzda da ciddi yeniləşmə, keyfiyyət dəyişikləri yaratmışdır. Təhsil sahəsində islahat proqramının müvəffəqiyyətlə həyata keçirilməsi məktəblərin maddi-tədris bazasının möhkəmləndirilməsi, onların müasir texniki təlim vasitələri, ixtisaslı pedaqoji kadrlarla təminatından çox asılıdır.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində rayonumuzda da yeni məktəb binaları, əlavə sinif otaqları tikilmiş, tədris müəssisələrində cari və əsaslı təmir aparılmışdır.

Son 5 ildə rayonda 280 sinif otağından ibarət 20 yeni məktəb binası və dərs korpusu tikilib istifadəyə verilmişdir. Bu da 5600 şagirdin bir növbədə oxumasına şərait yaratmışdır. Son illər yeni istifadəyə verilən məktəblərin hamısında istilik sistemləri quraşdırılmışdır.

Hazırda tədris müəssisələrinin yeni dərs ilinə hazırlığı başa çatdırılmışdır. Bu işdə pedaqoji kollektivlər, müəssisə və təşkilat rəhbərləri, kənd bələdiyyələri, valideyn şuraları yaxından iştirak etmişlər. Dövlət vəsaiti hesabına Kürdəmir şəhər 6 saylı, Dəyirmanlı və Böyük Kəngərli kənd məktəbləri, Heydər Əliyev Fondu hesabına şəhər 4 saylı, Yenikənd kənd məktəbləri üçün yeni binaların tikilib istifadəyə verilməsi, rayonda ən böyük tədris müəssisələri hesab edilən şəhər 1 və 2 saylı orta məktəblərdə istilik sistemlərinin quraşdırılması əsas uğurlarındandır. Şüşün kəndində dövlət vəsaiti hesabına tikilən 220 şagird yerlik məktəb binası yeni dərs ilində istifadəyə veriləcək.

Məktəb tikintisi sahəsində əldə edilmiş nailiyyətlərlə yanaşı, problemlərimiz də vardır. Rayonda 20 məktəbin tədris bazası indiki tələblərə cavab vermir. 12 məktəbdə əsaslı təmir işlərinin aparılmasına, 6 məktəbdə yeni sinif otaqlarının tikintisinə ehtiyac var. Bununla əlaqədar qəzalı vəziyyətdə və əsaslı təmirə ehtiyacı olan məktəblərin sənədləri hazırlanmış, rəhbər təşkilatlara təqdim olunmuşdur.

Müsbət hal kimi qeyd etməliyəm ki, rayon icra hakimiyyətinin əlaqədar təşkilatlarla həyata keçirdiyi tədbirlər nəticəsində rayonun tədris müəssisələri yeni dərs ilinə vaxtından qabaq hazırlanmışdır. Bütün təhsil müəssisələrində əsaslı və cari təmir işləri avqustun 20-dək başa çatdırılmışdır. Atakişili, Köhnəbazar, Topalhəsənli, E.Qurbanov, E.Zülfüqarov, Z.Əhmədov adına Şilyan, Cəyli, Sığırlı, Köhünlü, Beyi, Xınıslı, Ərəbqubalı kənd orta, Göl-Ərəb, Quşlar, Muğanlı əsas məktəblərinin pedaqoji kollektivləri yeni dərs ilinə hazırlıqda xüsusilə fərqlənmişlər. Bu günlərdə ötən dərs ilinin başlıca yekunları da təhlil edilir, uğurlara və nöqsanlara diqqət yetirilir.

Orta məktəb kursu üzrə buraxılış imtahanlarının yüksək səviyyədə və obyektiv keçirilməsini təmin etmək məqsədilə rayonun 4 ümumtəhsil məktəbində 5 imtahan mərkəzi yaradılmışdı. Şəhər 1 saylı məktəbdə 2 mərkəz, Şəhər 2,6 nömrəli və Köhnəbazar kənd orta məktəblərinin hər birində 1 mərkəz təşkil edilmişdi. Həmin mərkəzlərin hər bir otağında 18 nəfər şagird olmaqla 77 otaq ayrılmışdı. İmtahanlarda rayonun 43 orta məktəbinin XI sinifləri üzrə 1329 şagird iştirak etmişdi. 1329 şagirdin 1196 nəfəri (90,07 faiz) bütün fənlərdən müvəffəq qiymət almışdı.

Təhsil Nazirliyində buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş mətbuat konfransında nazir Misir Mərdanov yüksək nəticələr əldə etmiş rayonlarla yanaşı, Kürdəmir rayonunun adını da Bakı və Sumqayıt şəhərindən sonra xüsusi vurğulamışdır.

Ötən dərs ilində 15571 (99,1 faiz) şagird sinifdən-sinifə keçirilmiş, 1198 şagird orta təhsil haqqında attestat, 1865 nəfər şagird isə əsas təhsil üzrə şəhadətnamə almışdır. Rayon Təhsil Şöbəsi və məktəblərin pedaqoji kollektivləri keçən dərs ilində təhsilin məzmununun təkmilləşdirilməsinə, yeni kurrikulumlarının tətbiqi yolu ilə təlimin keyfiyyətini daha da yüksəldilməsinə, tədris prosesində müasir metod və vasitələrdən istifadə olunmasına, qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsinə, istedadlı uşaqlarla işin təşkilinə xüsusi diqqət yetirilmişlər.

Dərs ilinin əvvəlində rayonun ümumtəhsil məktəbləri və digər təlim-tərbiyə müəssisələrində müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil edilmişdi. İlin ən yaxşı müəllimi, ən yaxşı məktəbi, ən yaxşı məktəb direktoru, ən yaxşı şagirdi, ən yaxşı metodbirləşmə rəhbəri müsabiqələri keçirilmiş, qaliblərin rəğbətləndirilməsi təşkil edilmişdir.

Fənn olimpiyadalarının rayon turunda iştirak edən 444 şagirdin 61 nəfəri II turda iştirak etmək hüququ qazanmışlar. May ayında Bakı şəhərində keçirilən respublika turunda Xınıslı kənd orta məktəbinin XI sinif şagirdi Emil Cavadov Azərbaycan dili və ədəbiyyat fənni üzrə II yer, 2 nömrəli orta məktəbin X sinif şagirdi Nigar Kərimzadə fizika fənni üzrə IV yer, şəhər 3 nömrəli orta məktəbin X sinif şagirdi Səmid Məmmədli kimya fənni üzrə IV yer tutaraq yüksək bilik və bacarığa malik olduqlarını nümayiş etdirmişlər. Təhsil Nazirliyinin kollegiya iclasında rayonumuzun bu nailiyyəti də müsbət qiymətləndirilmişdir.

Məktəblərin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məzunların ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələrdir. Bu il Kürdəmirdən 536 nəfər (44,7 faiz) ali məktəblərə qəbul olmaq üçün tələbə qəbulu komissiyasına sənəd vermişdi. Burlardan 161 nəfəri ali məktəblərə, 75 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Şəhər 1, 2, 3, 5, 6 saylı, Köhnəbazar, Dəyirmanlı, Xınıslı, Bağman, Karrar kənd orta məktəblərinin məzunları yüksək bal toplayaraq ölkənin ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar.

Bu gün rayonumuzda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrində 3167 məktəbli müxtəlif dərnəklərdə öz istedad və qabiliyyətlərini inkişaf etdirirlər. Keçən il ən müasir tələblərə cavab verən yeni Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi, şəhər stadionunda aparılmış yenidənqurma işləri rayonda idmanın inkişafı üçün əlverişli şərait yaratmış, istedadlı gənclərin fiziki sağlamlığının təşkilində böyük imkanlar əldə edilmişdir. Elə bunun nəticəsidir ki, rayon məktəblilərinin idmanın ayrı-ayrı növləri üzrə əldə etdikləri nəticələr yaxşılaşmış, onlar rayon və respublika yarışlarında uğurlu nəticələr əldə etmişlər.

Rayonda müasir standartlara cavab verən şahmat məktəbinin tikilib istifadəyə verilməsi məktəblilərin şahmata olan marağını artırmışdır. İndi şahmatçılarımız zona və respublika yarışlarında müvəffəqiyyətlə çıxış edir, mükafatlara layiq yerləri tuturlar. Artıq ikinci ildir ki, şahmat üzrə zona birinciliyi yarışları rayonun şahmat məktəbinin bazasında keçirilir və bu yarışlarda bütün yaş qrupları üzrə gənc şahmatçılarımız öz ustalıqlarını nümayiş etdirirlər.

Rayonun 58 ümumtəhsil məktəbində – orta, 12 əsas və 3 ibtidai məktəbdə 17341 şagirdin təlim-tərbiyəsi ilə 1699 nəfər müəllim məşğul olur. Məktəb pedaqoji kollektivlərinin valideyin icrtimaiyyəti nümayəndələrinin, şəhər və kənd icra nümayəndələrinin birgə səyi nəticəsində məktəbyaşlı uşaqların təhsillə əhatə olunması və siniflərin komplektləşməsi də vaxtında başa çatdırılmışdır. Bu gün rayonun tədris müəssisələrinin hamısı müasir tipli kompyuterlərlə təmin olunmuşdur. Rayonun 3 məktəbində internet əlaqəsi yaratmaq üçün bütün lazımi şərait yaradılmışdır. Keçən dərs ilində bütün şagirdlər pulsuz dərsliklərlə təmin edilmiş, məktəblərə 433 adda 175190 nüsxə bədii ədəbiyyat verilmişdir. Qarşıdakı dərs ilində məktəblərin IX-XI sinifləri üçün müxtəlif adda 33273 nüsxə dərslik gətirilərək məktəblərə paylanmışdır.

 

 

Ağdaş

 

Lütvi PAŞAYEV, Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri:

 

— Qloballaşmanın vüsət aldığı, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “təhsil əsri” elan etmişdir. Respublikamızda da təhsilin beynəlxalq islahatlara uyğunlaşdırılması üçün son dövrdə xeyli iş görülmüşdür. Dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təhsilin inkişafına göstərdikləri müntəzəm diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə ciddi islahatların aparılması milli təhsilimizin yeniləşməsini təmin etmişdir.

Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün son illərdə 15-dən çox dövlət proqramı qəbul edilmişdir. Həmin proqramların reallaşdırılması nəticəsində infrastruktur müasirləşir, təhsil alanlar üçün bərabər imkanlar yaradılır, keyfiyyətin yaxşılaşdırılması və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Son illər yeni tikilmiş, əsaslı təmir olunmuş və yenidən qurulmuş məktəblərin sayı artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” bu il xüsusi sərəncam imzalamışdır.

Hazırda rayonumuzun 28 ümumtəhsil məktəbi qəzalı vəziyyətdə fəaliyyət göstərir. Bu məktəblər barədə sənədlər hazırlanaraq Təhsil və Fövqəladə Hallar nazirliklərinə təqdim edilmişdir. Bu il Qaradeyin və Yuxarı Ləki kəndlərində hər biri 360 yerlik yeni məktəb binaları tikilmişdir.

Təhsil Şöbəsinin tabeliyində 68 ümumtəhsil məktəbi, o cümlədən 41 orta, 9 ibtidai məktəb, 30 məktəbəqədər tərbiyə müəssisəsi, 5 məktəbdənkənar müəssisə, o cümlədən UGİM, Uşaq yaradıcılıq mərkəzi, Gənc texniklər stansiyası, Uşaq şahmat məktəbi və Ekoloji tərbiyə və təcrübəçilik mərkəzi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində ötən dərs ilində 15855 nəfər şagird təhsil almışdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 2260 nəfər müəllim məşğul olmuşdur. 30 məktəbəqədər tərbiyə müəssisəsində 67 qrup fəaliyyət göstərir. Bu qruplarda 1300 uşağın tərbiyəsi ilə 203 nəfər tərbiyəçi müəllim məşğul olur.

Kimya, fizika, biologiya, Azərbaycan tarixi fənlərinin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün Təhsil Nazirliyi tərəfindən rayon məktəblərinə 271 kompyuter diski göndərilmişdir.

2009-cu ildə məktəblilərin fənn olimpiadalarının yüksək səviyyədə keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Rayon turunda qalib gələn 9 nəfər şagird respublika fənn olimpiadasında iştirak etmişdir. S.Vurğun adına məktəbin X sinif şagirdi Rufanə Novruzlu biologiyadan, M.Şeyxzadə adına Gimnaziyanın IX sinif şagirdi Məmməd Səfərov, 8 saylı orta məktəbin XI sinif şagirdi Elsevər Məmmədov kimyadan həvəsləndirici yer tutmuşlar.

Bu il orta məktəbləri bitirən məzunlardan 561 nəfər ali məktəblərə ərizə vermişdi. Onlardan 205 nəfəri ali məktəblərə qəbul olmuş, 36 nəfər 500-dən yuxarı bal toplamışdır. Bu da keçən ilkindən 4 nəfər çoxdur. Rayonun IX siniflərini bitirən 1835 nəfər əsas təhsil haqqında şəhadətnamə almışdır.

Hazırda rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri aparılır. İyun ayında məktəb və məktəbəqədər tərbiyə müəssisə rəhbərlərinin seminar müşavirəsi keçirilmişdi. Görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, təhsil müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilmişdi. Bir sıra məktəblərdə (M.İsayev, 8 saylı M.Şeyxzadə adına gimnaziya, Ləki qəsəbə, Qolqəti, Dəhnəxəlil, Kükəl, Xosrov, Yenicə kənd orta və Gülbəndə kənd əsas) təmir işləri vaxtından əvvəl başa çatdırılmışdır. 11 məktəbdə istilik sistemləri və qazanxanalar yenidən qurulmuşdur. Məktəblərin qış mövsümündə istiliklə təmin olunması üçün tədbirlər görülür.

Məktəblərin inventar avadanlıqlarla təmin olunması məqsədilə 62850 manat məbləğində 500 parta, 30 yazı lövhəsi, 30 ədəd masa, 30 müəllim stulu gətirilərək məktəblərə paylanılmışdır.

V-XI sinif şagirdləri üçün 2009-2010-cu dərs ilində 31466 nüsxə dərslik gətirilmişdir. I-XI siniflərdə təhsil alan bütün şagirdlərin dərsliklərlə tam təmin edilməsi üçün Təhsil Nazirliyinin ayırdığı dərsliklər vaxtında şagirdlərə çatdırılacaq. Məktəb kitabxanalarına 18 adda 4000 nüsxə bədii və elmi ədəbiyyat verilmişdir.

Ölkəmizdə və rayonumuzda istedadlı uşaq və gənclərin üzə çıxarılması, onlara qayğı göstərilməsi daim diqqət mərkəzində saxlanılır.

“Məlumat bankı” yaradılmış, istedadlı şagirdlərə iş üzrə koordinator təyin edilmiş, yüksək bilik nümayiş etdirən və xüsusi bilik, bacarıq və qabiliyyətlərinə görə qruplaşdırılmışdır. Seçim aparılmış şagirdlər istedadların respublika seçim turunda müvəffəqiyyətlə iştirak etmiş və uğur qazanmışlar.

Dərs ili ərzində məktəblərə metodiki xidmətin yaxşılaşdırılması, fənlərin tədrisi keyfiyyətinin yüksəldilməsi, fənn kabinetlərinin və sinif otaqlarının zənginləşdirilməsi üçün əməli köməklik göstərilmişdir. 7 nəfər müəllimin qabaqcıl iş təcrübəsi Təhsilyanı Şura iclasında müzakirə edilərək bəyənilmiş və rayon müəllimləri arasında yayılması tövsiyə edilmişdir. 430 nəfər məktəb rəhbəri, müəllim və tərbiyəçi ixtisasartırma kurslarına və milli kurrikulumun tətbiqi ilə əlaqədar təşkil edilmiş treninqlərə cəlb edilmişdir. Yeni dərs ilində daha yüksək nəticələr qazanmaq üçün hazırlıq işlərini başa çatdırmışıq. İnanırıq ki, qarşıdakı ildə uğurlarımızı artırmağa nail olacağıq.

 

 

Zərdab

 

Nəsimi HÜSEYNOV, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri:

 

— Yeni dərs ilində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, təhsil müəssisələrinin fəallığının daha da artırılması yeni dərs ilinə hazırlığın vəziyyətindən çox asılıdır. Bütün bunları nəzərə alaraq ötən dərs ilinin sonundan başlayaraq pedaqoji kollektivlərin və təhsilə cəlb olunan şagirdlərin normal fəaliyyət göstərmələrinin təmin olunması, rayon ərazisində yaşayan məktəbyaşlı uşaqların bütünlüklə təhsilə cəlb edilməsi üçün xeyli iş görülmüşdür.

Dərs ilində rayonda 42 ümumtəhsil məktəbinin, o cümlədən 28 orta, 9 əsas, 5 ibtidai məktəbin, 19 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsinin fəaliyyət göstərəcəyi planlaşdırılmışdır. Rayonun 42 ümumtəhsil məktəbində 7678 nəfər şagirdin təhsil alacağı gözlənilir. Yeni dərs ilində rayonun I siniflərinə 684 nəfərin, ötən dərs ilində əsas təhsili başa vuranlardan 844 nəfərin X siniflərə qəbul olunması proqnozlaşdırılmışdır.

Ötən dərs ilində təhsil müəssisələrinin kadrlarla təminatı, müəllim kadrların ixtisasının artırılması və yenidən hazırlanması istiqamətində bir sıra işlər görülmüş, nəticədə kadrlara olan ehtiyacın bir hissəsi aradan qaldırılmışdır. İxtisaslı müəllim kadrlarına olan ehtiyacın tam ödənilməsi məqsədilə Təhsil Nazirliyinə ehtiyac barədə sifariş verilmişdi. Dərs ili ərəfəsində məktəblilərin dərsliklərlə təminatı diqqət mərkəzindədir. Əvvəlki illərdə verilmiş pulsuz dərsliklər hesabına rayonun hər bir məktəbində fond yaradılmış, onların qorunub səliqəli saxlanılmasına nəzarət gücləndirilmişdir. Cari dərs ili ərəfəsində I-XI siniflər üçün yeni nəşr olunan müxtəlif adda pulsuz dərsliklərin gətirilməsi təmin edilmişdir. Təhsil Nazirliyindən indiyədək 47 adda 17568 nüsxə pulsuz dərslik gətirilmiş və paylanmasına başlanmışdır.

Uzun illər şagirdlərin məktəbə vahid məktəbli formasında gəlmələrinin təmin edilməsi problem olaraq qalmaqda idi. Son illərdə rayonun ümumtəhsil məktəblərində bu problem aradan qaldırılmış, şagirdlərin vahid məktəbli geyimində dərsə gəlməsi təmin edilmişdir. Qarşıdan gələn yeni dərs ilində də məktəblilərin vahid geyim formasında məktəbə gəlmələri üçün hazırlıq işlərinə başlanılmışdır. Şəhid və valideyn himayəsindən məhrum olan şagirdlər pulsuz məktəbli forması və məktəbli ləvazimatı ilə təmin olunacaq.

Dərs ilinin çox hissəsinin payız-qışa düşdüyü nəzərə alınaraq qarşıdan gələn dərs ili ərəfəsində bu mövsümə hazırlıqla əlaqədar bir sıra işlər görülmüş, tədris müəssisələrinin normal fəaliyyəti üçün şərait yaradılmışdır. Ötən dərs ili ərzində tədris müəssisələrinə məxsus binaların dam örtüyündə mövcud nasazlıqlar aradan qaldırılmışdır. Növbəti payız-qış mövsümündə kənd məktəblərinə məxsus binaların qızdırılması üçün bu günədək 160 kvadratmetr odun tədarük edilmişdir. Zərdab şəhər məktəblərində istilik sistemlərinin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır. Məlikumudlu və Alıcanlı kənd orta məktəbinin binaları da qazanxana istilik sistemi ilə qızdırılacaq.

Təhsil müəssisələrinin maddi-texniki, tədris bazasının möhkəmləndirilməsi sahəsində mühüm işlər görülmüş və yeni dərs ilinə hazırlıq dövründə də davam etdirilmişdir. Bir sıra təhsil müəssisələrinə məxsus binalarda cari təmir işləri aparılmışdır. 4 ibtidai məktəb istisna olmaqla, rayon məktəbləri 182 müasir tipli kompyuterlərlə təmin edilmişdir.

2009-2010-cu dərs ili ərəfəsində rayon ərazisində yeni məktəb tikintisi və digər tədris müəssisələrinə məxsus bunalarda cari təmir işləri ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda Alıcanlı kəndində 360 yerlik məktəb binasının tikintisində son tamamlama işləri görülür. Yeni dərs ili ərəfəsində şəhər 2 saylı uşaq bağçasında 49607 manatlıq təmir işləri aparılmışdır. Çallı kənd orta məktəbində 13000 manatlıq, Əlibəyli kənd orta məktəbində 17000 manatlıq, Ağabağı kənd ibtidai məktəbində 1980 manatlıq, Çallı kənd uşaq bağçasında isə 1970 manatlıq təmir işləri aparılmışdır. May ayında Xanməmmədli kəndində ibtidai məktəb binası istifadəyə verilmişdir. Yeni dərs ilində Ciloavxanlı kənd ibtidai məktəbi də fəaliyyətə başlayacaq.

Yeni dərs ili ərəfəsində təhsil müəssisələrinin inventarla təmini məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. 246 dəst şagird partası, 150 lövhə və 276 müəllim stulu, 10 tennis stolu, 2 güləş döşəyi, 35 futbol və 195 voleybol toru, 250 futbol, 150 voleybol və 53 basketbol topları, idman avadanlığı, 14 “nootbuk” kompyuteri, 67 telefon aparatı alınaraq təhsil müəssisələrinə paylanmışdır.

Təhsil şöbəsi rayonda təhsilin səviyyəsinin daha da yaxşılaşdırılması, onun keyfiyyətcə yüksəldilməsi, təhsil həyatının bütün sahələri üzrə yüksək nəticələr əldə edilməsi məqsədilə bu dərs ilində daha səmərəli tədbirlər həyata keçirəcək.

 

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti .-2009.- 2 sentyabr.- S. 4.