Dünyanın tanınmış tibb tədqiqatçıları
Azərbaycana gələcəklər
Bakıda 3-cü Avrasiya klinik
mikrobiologiya, immunologiya və infeksion xəstəliklər
konqresi keçiriləcəkdir
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin iqtisadi kapitalı insan kapitalına yönəltmək çağırışları və bu istiqamətdə yeritdiyi siyasət, imzaladığı dövlət proqramları Azərbaycanı nəinki regionda lider dövlətə, eləcə də elm, təhsil, səhiyyə, mədəniyyət və idman mərkəzinə çevirmişdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsləri və həyata keçirdiyi çoxsaylı proqramlar ölkəmizin elm və mədəniyyət mərkəzi kimi tanınmasında xüsusilə rol oynamışdır. Təsadüfi deyildir ki Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycanın müxtəlif elm sahələrinə aid beynəlxalq konqres və simpoziumlara, idman yarışlarına, musiqi müsabiqələrinə və digər mədəni tədbirlərə ev sahibliyi etməsi son illərdə artıq ənənə halını almışdır.
Ölkədə hökm sürən siyasi sabitlik və sürətli iqtisadi inkişaf sayəsində elmimiz dünya elminə inteqrasiya etməkdədir. Möhtərəm Prezidentimizin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramın”dan yararlanan istedadlı gənclərimiz dünyanın qabaqcıl elm və təhsil mərkəzlərində yüksək ixtisaslı mütəxəssis kimi yetişməklə yanaşı, gələcəkdə ölkəmizin təhsil müəssisələrinin həmin mərkəzlərlə işbirliyi qurmasında mühüm rol oynayacaqlar.
Bütün sahələrdə olduğu kimi, ölkəmizin səhiyyə sistemində də həyata keçirilən uğurlu islahatlar inkişafın ən mühüm göstəricilərindən olan tibbi xidmətin keyfiyyətini dəfələrlə yüksəltmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Azərbaycanın bütün bölgələrində ən müasir tələblərə cavab verən yeni tibb müəssisələrinin açılması möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahəyə yanaşdığı həssaslığın və göstərdiyi qayğının ən bariz nümunəsidir. Dövlət başçısının səhiyyə islahatlarına dair imzaladığı sərəncam və proqramlar və bunların həyata keçirilməsi istiqamətində səhiyyə naziri cənab Oqtay Şirəliyevin uğurlu fəaliyyəti sayəsində respublikamız keçmiş SSRİ məkanında ən müasir tibb mərkəzlərinə malikdir. Artıq bu gün ölkəmizin ucqar regionlarında belə ən müasir cərrahi əməliyyatları və tibbi manipulyasiyaları həyata keçirmək üçün lazım olan hər şərait vardır.
Səhiyyə
sisteminin inkişafında ən mühüm məsələlərdən
biri kadr hazırlığıdır. Müasir maddi-texniki
bazaya malik səhiyyə sistemi ilə ayaqlaşa bilən
müasir elm və təcrübəyə yiyələnmiş
tibb mütəxəssislərinin hazırlanması çox
vacibdir. Bu baxımdan Azərbaycanın yeganə ali tibb təhsili
müəssisəsi olan Azərbaycan Dövlət Tibb
Universitetində (ATU) son illər bir sıra islahatlar həyata
keçirilir. ATU-da təhsilin səviyyəsinə mənfi təsir
göstərən ən mühüm məsələlərdən
biri universitet klinikasının olmaması idi. Möhtərəm
Prezidentimizin bu sahəyə göstərdiyi qayğı da
çox gecikmədi. Cənab İlham Əliyevin ATU-nun
kollektivi ilə birlikdə təməlini qoyduğu Tədris-Terapevtik
Klinika bu yaxınlarda açılacaq. Cərrahi Klinikada da
sürətli inşaat işləri aparılır. Bunlara qədər
isə ATU-nun rektoru akademik Əhliman Əmiraslanovun Azərbaycan
Prezidentinin tibbi təhsilə qayğısından bəhrələnən
fəaliyyəti sayəsində universitetin stomatoloji və
onkoloji klinikaları açılmış, ölkə əhalisinə
yüksək ixtisaslı tibbi xidmət göstərir. İnanırıq ki, yaxın gələcəkdə
ATU-nun klinikaları dünyanın ən inkişaf etmiş
tibb mərkəzinə çevriləcəkdir.
ATU-da klinik bölmələrlə
yanaşı, təbabətin əsasını təşkil
edən nəzəri tibb sahələrinin inkişafına da
xüsusi diqqət yetirilir. Nəzəri kafedraların
maddi-texniki bazası gündən-günə güclənməkdədir.
Dünyanın ən qabaqcıl tibbi təhsil mərkəzlərində
nəzəri və klinik bölmələr işbirliyi əsasında
fəaliyyət göstərir. Son illər ATU-da da bu amilə
diqqət yetirilmiş, universitet tarixində ilk dəfə
olaraq mikrobiologiya və immunologiya, biokimya və histologiya
kafedralarının nəzdində klinik laboratoriyalar fəaliyyətə
başlamışdır. Universitet klinikaları açıldıqdan
sonra nəzəri və klinik mütəxəssislər
arasında əməkdaşlıq da təbii olaraq güclənəcək,
bu isə tibbi təhsilin keyfiyyətində əsaslı
dönüş yaradacaqdır. İnanırıq ki,
yetişdirdiyi məzunları Türkiyədə TUS (tibbdə
uzmanlıq imtahanı) kimi çox çətin imtahanda on
altı min nəfər arasında 1-ci və 2-ci yerləri
tutan ATU, ölkə başçısının diqqət və
qayğısı sayəsində tamamilə yeni keyfiyyət və
müasir sima ilə dünyanın tibbi təhsil müəsisələri
arasında da seçiləcəkdir.
ATU-da son illər beynəlxalq əlaqələr
çox sürətlə inkişaf etmişdir. Artıq 4
ildir ki, universitetin 3,4 və 5-ci kurslarının əlaçı
tələbələri istehsalat təcrübəsini
Türkiyənin və digər ölkələrin universitet
klinikalarında keçirlər. Universitetin əməkdaşları
mütəmadi olaraq xarici ölkələrdə təkmilləşmə
kursları keçir, təcrübə mübadiləsi
aparırlar. Bir sıra kafedralar xarici universitetlərin
müvafiq bölmələri ilə birlikdə ortaq elmi-tədqiqatlar
üzərində çalışır. Son illər ATU
tarixində başqa bir yenilik-ingilis dilli təhsil sektorunun
açılması universitetin beynəlxalq əlaqələrini
daha da gücləndirmişdir. 1998-ci ildə ümummilli
liderimiz Heydər Əliyevin açdığı ATU-nun 550 nəfərlik
möhtəşəm konqres zalı son illər bir sıra
beynəlxalq konqreslərə ev sahibliyi etmişdir. Yeri gəlmişkən,
mən özümü xoşbəxt sayıram ki, hələ
tələbə ikən bu zalın açılış mərasimində
aparıcı kimi iştirak etmişəm. Burada keçirilən
beynəlxalq konqreslər Azərbaycan həkimlərinə
öz təcrübə və elmi-tədqiqatlarını
xarici həmkarları ilə bölüşməyə,
onların təcrübələrindən yararlanmağa, ATU-nu
tanıtmağa və elmi əlaqələr qurmağa imkan
vermişdir. Bu il oktyabrın 1-dən 4-dək ATU daha bir beynəlxalq
konqresin – 3-cü Avrasiya klinik mikrobiologiya, immunologiya və
infeksion xəstəliklər konqresinin (EACİD)
açılışına ev sahibliyi edəcəkdir.
“İrəli” İctimai Birliyinin
dəstəyi ilə, Qara dəniz Klinik Mikrobiologiya və
İnfeksion Xəstəliklər Dərnəyi (Türkiyə)
və Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar
İctimai Birliyinin birgə təşkil edəcəyi 3-cü
EACİD konqresinin ölkəmizdə keçirilməsi məmnunluq
və qürur hissi yaradır. Bu elmi konqres yerli tədqiqatçılarla
digər ölkələrdən beynəlxalq
iştirakçıları bir araya gətirmək məqsədini
daşıyır. Konqres tibb sahəsində yeni olmasına
baxmayaraq böyük əks-səda doğurmuşdur. Belə
ki, üç il əvvəl 1-ci Beynəlxalq Orta Asiya infeksion
xəstəliklər konqresi adı ilə Bişkek şəhərində,
keçən il Almatıda təşkil edilmişdir. Bu
konqreslərin işində ATU-nun mikrobiologiya və
İmmunologiya kafedrasının əməkdaşları da
yaxından iştirak etmişlər. Almaatadakı ikinci konqresdə
bizim 3-cü konqresin Bakıda keçirilməsi barədə
təkliflərimiz alqışlarla qarşılandı və
belə bir qərar qəbul edildi.
Konqresin təşkilat komitəsi Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin və tibb elminin beynəlxalq inteqrasiyası istiqamətində yürütdüyü siyasətin həyata keçirilməsindəki yorulmaz və uğurlu fəaliyyətlərini nəzərə alaraq səhiyyə naziri Oqtay Şirəliyevi və ATU-nun rektoru cənab Əhliman Əmiraslanovu 3-cü EACİD konqresinin fəxri prezidentləri elan etmişdir. Konqresin prezidentləri isə Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin sədri, ATU-nun mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Zakir Qarayev və Qara dəniz Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Dərnəyinin (Türkiyə) sədri, Ondokuz Mayıs Universitetinin Klinik Mikrobiologiya və İnfeksion xəstəliklər kafedrasının müdiri, professor Hakan Ləbləbicioğludur. Yeri gəlmişkən, göstərdiyi təşkilati dəstəyə görə “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlıya təşəkkürümüzü bildiririk. Konqres çərçivəsində Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Dərnəyi Antibiotik Siyasəti İşçi Qrupu ilə birlikdə kurs da planlaşdırılır. Kursun əsas mövzusu “Improving Antimicrobial prescribing of Surgical Prophylaxis/Antibiotic use in the ICU” olacaqdır. İnteraktiv kursda avropalı mütəxəssislərin təcrübələri dinləniləcəkdir. Bundan başqa, “İrəli” İctimai Birliyinin köməyi ilə AİDS/HİV, hepatitlər, donuz qripi kimi aktual infeksion xəstəliklər mövzularında türkiyəli və yerli mütəxəssislərin seminarlarıı da planlaşdırılır. Konqres Azərbaycan qonaqpərvərliyini görmək və nəzəri-klinik araşdırmalarda son inkişafı izləmək imkanı yaradır. Klinik mikrobiologiya, immunologiya və infeksion xəstəliklər sahəsindəki tədqiqatçıların qarşısında eyni, ümumi hədəf dayanır: infeksion xəstəliklərin yayılıma təhlükəsini anlamaq və mübarizə aparmaq. Belə konqreslərin, məlumat mübadilələrinin və iş birliklərinin ölkəmizdə infeksion xəstəliklərlə mübarizədə müvəffəqiyyət gətirəcəyinə ümid edirik.
Konqresin işinə daxil ediləcək başlıca mövzular – klinik-mikrobioloji diaqnostikada yeniliklər, inkişaf etməkdə olan ölkələrdə antibiotiklərin istifadəsi və antimikrobial rezistentlik, metisillinə davamlı stafilokoklar (MRSA), çoxsaylı dərmanlara davamlı patogenlərin aşkar olunmasında müşahidə, xəstəxana infeksiyaları, nozokomial infeksiyaların kontrol proqramları, bakterial və parazitar infeksiyalar, cərrahi infeksiyalar, vərəm, viral hepatitlər, sterilizasiya, dezinfeksiya, molekulyar diaqnoz üsulları və infeksion xəstəliklərindən qorunma və s. aktual məsələlərdir.
Ramin BAYRAMOV
Xalq qəzeti.- 2009.- 2 sentyabr.- S. 5.