Azərbaycan musiqili komediyası – 100
Bu sadə həqiqətdir ki, böyük şəhərlərə gələn qonaqlar ilk növbədə həmin yerin teatrları, muzeyləri, tarixi abidələri ilə daha çox maraqlanırlar. İslam Mədəniyyətinin Paytazxtı elan olunmuş (2009) Bakımızda da belə abidələr çoxdur və bu şəhərə gələnlər onun tarixi abidələrinə, gözəl binalarına heyran olurlar. İçərişəhər, tarix muzeyi, İstiqlal küçəsində cərgələnmiş yaraşıqlı binalar, Opera Teatrı və onlarla belə milli arxitektura nümunələri şəhərimizin gözəlliyini qat-qat artırır.
Belə memarlıq nümunələrindən biri də Dövlət Musiqili Komediya Teatrıdır. Azərbaycan musiqili komediyasının bir əsr tarixi vardır.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı respublikanın ən böyük musiqili teatrlarındandır. Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəyovdur. Onun 1909-cu ildə yazdığı “Ər və arvad” musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur. Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” (1911), “Arşın mal alan” (1913) musiqili komediyaları oynanıldı. İnqilaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun “Əlli yaşında cavan”, “Evliykən subay”, M.Kazımovskinin “Molla Cəbi”, “Vurhavur” musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur. Bu tamaşaların yaradılmasında H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və başqalarının mühüm rolu olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra milli teatrın inkişafı üçün geniş imkanlar yarandı.
1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil musiqili komediya teatrı (Azərbaycan və rus bölmələri ilə) təşkil edildi və teatr 1938-ci ilin sentyabr ayından rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu almışdır. 1939-cu ildə ilk Azərbaycan Sovet musiqili komediyası “Beş manatlıq gəlin” (S.Rüstəmov), “Ər və arvad”, “Evliykən subay”, sonralar isə “Toy kimindir?” (A.Məşədibəyov), “Qızıl gül” (S.Hacıbəyov), teatrın rus bölməsində isə “Mavi mazurka” (F.Leqar), “Arşın mal alan” (Ü.Hacıbəyov), “Sirk kraliçası” (İ.Kalman), ”Malinovkada toy” (B.Aleksandrov) və.s. tamaşaya qoyulmuşdur.
1940-cı illərdə teatrın repertuarı F.Əmirovun “Ürəkçalanlar” (1944) və “Gözün aydın” (1946), Ü.Hacıbəyovun “Arşın mal alan” (1945), “O olmasın bu olsun” (1946), S.Rüstəmovun “Durna” (1947), S.Ələsgərovun “Ulduz” (1948) operettaları ilə zənginləşdi.
Bir müddət fasilədən sonra, 1956-cı ildə teatr yenidən fəaliyyətə başladı. 1956-1970-ci illərdə teatrda “Qızılaxtaranlar” (T.Quliyev), “Ev bizim, sirr bizim” (Ş.Axundova), “Qayınana” (Z.Bağırov), “Hacı Qara” (V.Adıgözəlov, R.Mustafayev), “Hacı Kərimin Aya səyahəti” (A.Rzayev), “Səndən mənə yar olmaz” (Ə.Abbasov), “Altı qızın biri Pəri” (T.Bakıxanov, H.Məmmədov), “Bir dəqiqə” (H.Məmmədov). Rus bölməsində isə “Sevastopol valsı” (K.Cistov), “Yüz şeytan və bir qız” (T.Xrennikov), “Silva” (İ.Kalman), “Kuba, məhəbbətim mənim” (R.Hacıyev) və s. tamaşaya qoyulmuşdur.
Repertuarda gürcü müəlliflərinə də geniş yer verilmişdir. “Keto və Kote” (V.Dolidze), “Tbilisi haqqında mahnı” (Ş.Milorava) və s. 70 -ci illərdə teatrın səhnəsində “Nazxanım naz eləyir” (H.Əliverdibəyov), “Hicran” (E.Sabitoğlu), “Həmişəxanım” (S.Ələsgərov), “Təzə gəlin” (C.Cahangirov), rus bölməsində isə “Sabahın xeyir, Ella” (T.Quliyev), “Qafqazlı qardaşqızı” (R.Hacıyev), “Bütün ərlər yaxşıdır” (H.Xanməmmədov), “Nevada dedektiv” (K.Rıçkov) və s. tamaşaya qoyulmuşdur. Müxtəlif illərdə teatrda rejissorlardan A.M.Şərifzadə, H.Əliyev, H.İsmayılov, S.Dadaşov, Ş.Bədəlbəyli, Əliheydər Ələkbərov və başqaları, aktyorlardan Bülbül, H.Hacıbababəyov, A.Terequlova, Ə.Qəmərlinski, E.Axundova, D.Şaraplı, C.Talışinskaya, H.Mironova, A.Cavadov, Ə.Anatollu, Ə.Qafarlı, K.Kərimov, M.Kələntərli, L.Abdullayev, İ.Hüseynov, B.Səfəroğlu, Alleqrov, dirijorlardan C.Hacıbəyov, S.Ələsgərov, K.Abbasov, rəssamlardan Ə.Abbasov, H.Mustafayev, F.Qusak və başqaları işləmişlər.
Bundan sonra teatr daha geniş fəaliyyət göstərmək imkanı qazanır və bir-birinin dalınca yeni-yeni tamaşalar hazırlayır: “Beş manatlıq gəlin”, “Toy kimindir?”, “Qızıl gül”, “Tələbələrin kələyi”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Aşıq Qərib”, “Gözün aydın”, “Məhəbbət gülü”, daha sonra “Ulduz”, “Olmadı elə, oldu belə”, “Qayınana”, “Milyonçunun dilənçi oğlu”, “Ləpələr”, “Keto və Kote”, “Hicran”, “Nazxanım naz eləyir”, “Durna”, “Qızıl axtaranlar”, “Nənəmin şahlıq quşu”, “Axırı yaxşı olar”, “Dağlar qoynunda” və onlarla başqa tamaşaları qeyd etmək olar. “Qayınana” tamaşası onlar arasında xüsusi olaraq fərqlənmişdir. Bu tamaşada baş rolu Nəsibə xanım Zeynalova ifa edirdi.
Teatr bu illərdə Ü.Hacıbəyov, S.Hacıbəyov, R.Hacıyev, Z.Hacıbəyov, F.Əmirov, S.Ələsgərov, A.Məlikov, E.Sabitoğlu, S.Rüstəmov, T.Quliyev, V.Adıgözəlov, K.Mirişli, C.Cahangirov, Ə.Abbasov, R.Mustafayev və s. kimi görkəmli bəstəkarlar M.Əlizadə, M.Mərdanov, H.Muxtarov, S.Rəhman, Ş.Qurbanov, M.Şamxalov, Ə.Kürçaylı, S.Rüstəm, R.Zəka, A.İsgəndərov, R.Əhmədzadə kimi görkəmli libretto müəllifləri ilə sıx əməkdaşlıq etmişdir.
Bu illərdə tetarda bir çox görkəmli sənətkarlar fəaliyyət göstərmişdir. M.Vəlixanlı, A.Cavadov, Ə.Səfayi, Ə.Şirvanski, L.Abdullayev, S.Ağabəyov, M.Kələntərli, Ə.Qafarlı, N.Zeynalova, B.Səfəroğlu, H.Bağırov, S.Aslan, M.Əhmədov və başqalarının adlarını çəkmək olar. Aktyor truppası ilə yanaşı böyük sənətkarlar – H.İsmayılov, N.Şərifov, Ş.Bədəlbəyli kimi rejissorlar, S.Ələsgərov, S.Hacıbəyov, K.Abbasov, T.Qəniyev kimi dirijorlar və digər yaradıcı şəxslər Musiqili Komediya Teatrının və bütövlükdə Azərbaycan milli teatrının və milli mədəniyyətin inkişafı istiqamətində misilsiz xidmətlər göstərərək teatrı yaşatmış və inkişaf etdirmişlər.
1988-1998-ci
illərdə teatrın binasının olmaması və
respublikada baş verən ictimai-siyasi hadisələr, həmçinin
Qarabağ hadisələri teatr kollektivinin
yaradıcılığına bir qədər təsir etsə
də, şəxsən teatr özünün yeni inkişaf mərhələsinə
qədəm qoydu. Yaradıcı kollektiv bərpa olundu,
maraqlı və zəngin repertuar formalaşdı. Ulu öndər
Heydər Əliyevin sayəsində teatrın müasir tələblərə
cavab verən yeni binası özünə qaytarıldı. Bu, teatrın inkişafına
böyük təkan verdi. Kollektiv bir-birinin ardınca yeni-yeni
tamaşalar hazırlayaraq repertuarını zənginləşdirməyə
başladı. “O olmasın bu olsun”, “Nəğməli
Könül”, “Səhnədə məhəbbət”, “Hələlik”,
“Hərənin öz ulduzu”, “On min dollarlıq keyf”, “Dəli
dünya”, “Bir saatlıq xəlifəlik”, “Bankir adaxlı”, “Məhəbbət
oyunu”, “Əlin cibində olsun”, “Məsmə xala
dayımdır”, “Talelər qovuşanda”, “Volqalı canan”, rus
bölməsində “Maritsa”, “Silva”, “Şən dul qadın”,
“Nümunəvi Siqan”, “Çılğın Qaskonyalı” və
s. Yaradıcı kollektiv bu illərdə yeni tamaşalar
hazırlamaqla yanaşı cəbhə bölgələrində,
hərbi hissələrdə, hospitallarda, əlil uşaqlar və
qocalar evlərində görüşlər keçirib, bir
çox xeyriyyə konsertlərində rəsmi və ictimai tədbirlərdə
yüksək profesionallıqla çıxışlar edibdir.
İndi teatrın həm Azərbaycan,
həm də rus bölmələrində zəngin
repertuarı formalaşmış, işgüzar və
professional sənətçilər yorulmaq bilmədən əzmlə
çalışırlar. Hazırda teatr böyük
Üzeyirin “Arşın mal alan” tamaşasını hazırlayır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti .- 2009.- 2 sentyabr.- S. 6.