“Xalq qəzeti” - 90

 

Milli jurnalistikamızın avanqardı

 

Nəşr etdirdiyim kitablarda, yazdığım məqalələrdə, verdiyim müsahibələrdə iftixar hissilə qeyd etmişəm ki, mənim qırx illik jurnalistlik fəaliyyətimin on bir ili “Xalq qəzeti”ndə — (keçmiş “Kommunist” qəzetində) keçib. Bu illər mənim sonrakı taleyimi müəyyənləşdirib. Universitet təhsili öz yerində, bu qəzetin redaksiyası mənim üçün əsl yaradıcılıq meydanına çevrilib, sıravi müxbirlikdən redaktor müavinliyinədək inkişaf yolu keçmişəm. Odur ki, indi sevimli qəzetimin 90 illik yubileyini xoş xatirələrlə, öyünclə qarşılayıram.

“Kommunist”in səhifələrində ilk dəfə imzam düz 40 il əvvəl, 1969-cu ildə görünüb. Qəzetdə nisbətən irihəcmli yazılarım isə 1971-1973-cü illərdə, hərbi müxbir olduğum vaxtlarda dərc olunub. O zaman heç ağlıma da gətirməzdim ki, vaxt gələcək, respublikanın bir nömrəli mətbuat orqanında çalışacağam.

Məni bu qəzetə 1980-ci ildə o zamankı redaktor Rəşid Mahmudov dəvət etmişdi. Redaksiya heyətinin yığıncağında hansı şöbədə işləyəcəyim müzakirə olunarkən fikir ayrılığı yaranmışdı. O zaman “İdman” qəzetində çalışdığıma görə çoxları elə bilirdi ki, mən yalnız futboldan, digər idman yarışlarından yaza bilərəm. Amma suallara cavab verərkən bildirdim ki, mənim üçün mövzu məhdudiyyəti yoxdur. Təbliğat və təşviqat şöbəsinin müdiri Telman Heydərov mənə daha böyük qayğı ilə yanaşdı və beləliklə, 1980-ci il aprelin 1-dən onun şöbəsinin müxbiri oldum.

Kollektivə tez uyğunlaşdım. Hiss edirdim ki, böyük bir məktəbə düşmüşəm. Bu məktəbin Adil Cavadlı, Rəfail Nağıyev, Alp Ağamirov, Hüseynqulu Xanlarov, Telman Heydərov, Hidayət Zeynalov, Kazım Ələkbərov, Xudu İskəndərov, Mahmud Abbasov, Həsən Cabbarzadə, Firdovsi Zamanov, Firudin Rəsulov, Əfqan Əskərov, Musa Əliyev, Əşrəf Hacıyev kimi müəllimləri var. Redaksiya, sanki nəhəng qaynar qazan idi. Belə bir qəzetdə işləməklə görkəmli adamlarla görüşmək, ünsiyyətdə olmaq imkanı qazanmışdım. Qara Qarayev, Rəşid Behbudov, Mirzə İbrahimov, Tahir Salahov, Toğrul Nərimanbəyov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Şamama Həsənova, Çingiz Aytmatov, Oljas Süleymenov... Bu görkəmli şəxsiyyətlərlə görüşlər məni mənəvi cəhətdən zənginləşdirmişdi. Üstəlik, Moskva, Volqoqrad, Bryansk, Brest, Tallin, Kaunas və başqa şəhərlərdə keçirilən jurnalistlərin ümumittifaq seminar-müşavirəsində Azərbaycan Respublikasının baş qəzetinin müxbiri kimi təmsil etməyim dünyagörüşümün genişlənməsində mühüm rol oynamışdı. Hər yeni səfər yeni yazı, oxucularla yeni görüş demək idi. 1985-ci il kollektivimiz üçün uğurlu oldu. İlk dəfə olaraq qəzetimiz Ümumittifaq müsabiqəsinin qalibi adına layiq görüldü. Bu müsabiqə faşizm üzərində böyük qələbənin 40 illiyi münasibətilə keçirilmişdi. Telman Heydərovun başçılığı ilə bizim şöbə müharibə veteranları ilə sıx əlaqə saxlayır, geniş materiallar hazırlayırdı. Bu yazılar ictimaiyyət arasında böyük əks-səda doğurmuşdu. Mən müsabiqədə iştirak etmək təklifini irəli sürəndə redaktorumuz Rəşid Mahmudov etiraz etməsə də, bu məsələyə bir qədər inamsız yanaşdı: “Ay oğul, Moskvada Azərbaycan dilində çıxan qəzeti oxuyan kimdir ki, bizə mükafat da versinlər?” Şöbə müdiri Telman Heydərov isə mənə inam verdi. Dərc olunan materiallardan ibarət bir albom hazırladım, məqalələrin rus dilində annotasiyasını yazdım. Redaktordan təqdimat məktubunu alıb Moskvaya yola düşdüm. Sov. İKP MK-da, SSRİ Müdafiə Nazirliyində, SSRİ OADKYC MK-da yüksək vəzifəli şəxslərlə, generallarla görüşdüm. 1985-ci il Mayın 9-da müsabiqənin nəticələri elan olundu. Həmin gün hamı bizi təbrik edirdi, qəzetimiz müsabiqənin laureatı idi. Üstəlik, mənə SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatını da vermişdilər. Redaksiyaya pul mükafatı da ayrılmışdı.

Əlipənah Bayramovla birgə siyasi tədbirlərdən reportajlar, hesabatlar yazır, “dəyirmi stol” görüşləri təşkil edirdik. Sonradan Hidayət Zeynalovun başçılıq etdiyi xəbərlər şöbəsinə keçdim. Bu şöbədə mövzu genişliyi var idi. Bir qayda olaraq bayram nömrələrinin, tematik səhifələrin hazırlanmasını da Hidayət Zeynalova tapşırırdılar.

Səksəninci illərin ortalarında qəzetimizdə əsl yaradıcılıq ab-havası yaradılmışdı. Redaksiyada gəncləşdirmə siyasəti uğurla başa çatdırılmışdı. İlham Rəhimli, Möhbəddin Səməd, Rəşid Rüstəmov, Əlipənah Bayramovla yanaşı, indi redaksiyada Ziyəddin Sultanov, Famil Abbasov, Flora Sadıqova, Şakir Yaqubov, Şahmar Əkbərzadə, Akif Qəhrəmanov, Akif Cabbarlı, Vaqif Səmədov, Ağaqulu Niftəliyev, Qüdrət Piriyev, Tahir Rüstəmov, Ruslan Rəfizadə, Rusvat Bayramov, Bəxtiyar Sadıqov, Elman Qədirov, Hidayət Elvüsal, Araz Qurbanov, Zülfüqar Rüfətoğlu, Rafiq Hacıyev kimi gənc və istedadlı qələm sahibləri də çalışırdılar. Onlar qəzetə yeni nəfəs, çeşidli mövzular gətirmişdilər.

600-700 min nüsxə tirajla çıxan qəzet oxucuların rəğbətini qazanmışdı. Redaksiyaya göndərilən oxucu məktublarının sayı 50-60 mini keçmişdi. Hər gün şöbələrə qucaq-qucaq məktub gəlirdi. Hər bir məktubun arxasında bir insan taleyi dayandığı üçün onların hamısı diqqətlə oxunur, müəlliflərə cavab yazılırdı, ciddi məsələlər araşdırılırdı. Bugünkü qəzetçilər bunun nə demək olduğunu təsəvvürə belə gətirə bilməzlər.

“Kommunist” təkcə qəzet deyil, milli jurnalistikamızın avanqardı idi. O, ictimai fikri formalaşdıran, Azərbaycan dilinin və mədəniyyətinin keşiyində dayanan, tariximizi təbliğ edən, mənəviyyatımızı yad təsirlərdən qoruyan müqəddəs bir ocaq, ciddi bir mərkəz idi. Adil Cavadlının, Cəlil Xəlilovun, Rəfail Nağıyevin, Şamil Şahməmmədovun, İsaxan Ömərovun, Akif Qəhrəmanovun hər sözün, hər ifadənin üstündə necə əsdiklərinin canlı şahidi olmuşam. Sovet rejimi dağılanda, haqlı olaraq, “Kommunist”in adını “Xalq qəzeti” qoydular. Çünki bu nəşr, həqiqətən, xalqın qəzeti olub.

“Kommunist”lik əksər hallarda qəzetimizin yalnız adında olub. 1919-cu ildən üzü bəri bu qəzetdə yüzlərlə, minlərlə yazı dərc edilib ki, onları bu gün də uğurlu jurnalist materialı kimi gənc müəlliflərə nümunə ola bilər.

Qəzetin tarixindəki seçilən məqamlardan danışarkən, təbii ki, bu il avqustun 4-də 20 yaşını qeyd etdiyimiz “Səhər” qəzetinin adını çəkməyə bilmərəm. Müstəqil Azərbaycan jurnalistikasının ilk qaranquşu olan “Səhər” 1989-cu ildə “Kommunist”in iqtisadi əlavəsi kimi nəşrə başlayıb. Təbii ki, o zaman qəzet açmaq indiki kimi asan məsələ deyildi. Heç Azərbaycan KP MK-ya da belə bir səlahiyyət verilməmişdi. Bunun üçün Sov. İKP MK-nın birbaşa razılığı tələb olunurdu. O zaman Azərbaycanın iqtisadi dirçəlişi ilə bağlı şüarlar səslənir, təkliflər irəli sürülürdü. Qəzetimizin həftəlik əlavəsini buraxmaq zərurəti yaranmışdı. Redaktor Cəmil Əlibəyov Mərkəzi Komitə qarşısında məsələ qaldırdı. Gözlədiyimiz kimi oldu: bizə yeni qəzet buraxmağa icazə vermədilər.

1989-cu ilin aprelində isə Azərbaycan KP MK-nın qərarı çıxdı ki, iqtisadi məsələlərə diqqəti artırmaq üçün “Kommunist” qəzetinin həftədə bir dəfə 6 səhifə həcmində çıxmasına icazə verilsin. İki səhifəlik iqtisadi materialların hazırlanması redaktor müavini kimi mənə tapşırıldı...

Lakin iş belə gətirdi ki, “Səhər” adlı ayrıca qəzet ərsəyə gəldi. “Kommunist”in iqtisadi əlavəsi kimi “Səhər”in 37 nömrəsi nəşr olundu. Bəxtiyar Sadıqovun, Akif Qəhrəmanovun, Tahir Aydınoğlunun, Elman Qədirovun, Zülfüqar Rüfətoğlunun, Hidayət Elvüsalın, Araz Qurbanovun bu həftəlik nəşrdəki yazıları maraqla qarşılanırdı. “Səhər” yüksək tirajla nəşr olunsa da günortayadək satılıb qurtarırdı. Məndə mətbuat yayımı idarəsinin 1990-cı ilə dair arayışı var. Orada “Səhər”in Laçında 17.000, Kəlbəcərdə 14.500, Şuşada 11.200 abunəçisi olduğu göstərilib.

“Səhər”in adı çəkiləndə, ilk növbədə 1990-cı ilin 20 Yanvar qırğını yada düşür. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, o vaxt əməkdaşlarımız, sözün həqiqi mənasında, jurnalistika qəhrəmanlığı göstərdilər. Təbii ki, cinayətkar əməllərdə Kommunist Partiyasının günahlandırıldığı bir vaxtda “Kommunist” adlı qəzet çıxa bilməzdi. Amma biz öz sözümüzü deməli, mövqeyimizi bildirməli, informasiya blokadasını yarmalı, əsl həqiqəti həm öz xalqımıza, həm də dünya xalqlarına çatdırmalıydıq. Rəfail Nağıyevin, Şakir Yaqubovun peşəkarlığı, vətəndaşlıq mövqeyi, jurnalist yoldaşlarımızın, texniki işçilərimizin fədakarlığı sayəsində istədiyimizə nail olduq. “Səhər” iki milyon tirajla nəşr edilib əhaliyə pulsuz paylandı, dərdli xalqımızın yarasına məlhəm oldu. O illəri xatırlayanda bölgə müxbirlərimiz Əhməd İsayev, Sadıq Qarayev, Əli İldırımoğlu, Telman Əliyev, Rafiq Həsənov, Sərdar Əliyev, Valeh Musayev, Bariz Əsədov, Ələsgər Cabbarov və başqaları ilə gəzdiyim kəndlər, şəhərlər, görüşdüyüm adamlar yadıma düşür. Qarabağ bölgəsinin xüsusi müxbiri Ziyəddin Sultanovla Xankəndinin, Şuşanın, Kəlbəcərin, Laçının, Ağdamın, Xocalının ən ağır günlərində bölgəyə səfərlərimizi, yazdığımız məqalələri xatırlayıram.

“Kommunist” qəzetində mənim dörd redaktorum olub: Rəşid Mahmudov, Ramiz Əhmədov, Cəmil Əlibəyov, Tofiq Rüstəmov. Redaktor müavinləri Rəfail Nağıyevi və Şamil Şahməmmədovu da həmişə özümə rəhbər bilmiş, onlardan qəzetçiliyin bir çox sirlərini öyrənmişəm.

Katibliyi, haqlı olaraq, redaksiyanın döyünən ürəyi hesab edirlər. Mən bir müddət katiblikdə çalışmış, məsul katibimiz Alp Ağamirovu əvəz etmişəm. Hər gün ünsiyyətdə olduğum xalq rəssamı Hüseyn Əliyevi, Zahir Adiloğlunu, Yevgeni Astanini, bu gün də yorulmaq bilmədən çalışan fotomüxbirlərimiz Cahangir İbadovu və Fərman Bağırovu, yaxın köməkçilərimiz İsaq Əmənullayevi, Rafiq Hacıyevi, Dilman Musayevi, Feyzi Fərəcullayevi, korrektorlarımız Validə Mahmudovanı, Adil Ağayevi, Firudin Əhmədovu, linotipçimiz Niftəli Ələskərovu, metranpajlarımız Xanlar Əliyevi, Arif Rzayevi, Tahir Əhmədovu və başqalarını ehtiramla xatırlayıram. Redaksiyanın qadın əməkdaşları Tamara Əliyevanı, Firuzə Nağıyevanı, Raya Nəsibovanı, Məryəm Həsənzadəni, Zümrüd Bağırovanı, Cahan Vəzirovanı, Svetlana Şıxəliyevanı, Sədaqət Muradovanı, gözəl-göyçək, qayğıkeş köməkçilərimiz Gülüstanı, Elmiranı, Ulduzu, Pərini, Naziləni, Könülü, Rəsmiyyəni, Təranəni, Afəti, Çiçəyi... necə unutmaq olar?

Çalışdım ki, yubiley günlərində daha çox adamın adını çəkim. Yubiley sevincindən hamıya pay düşməlidir. Onların buna haqqı var. “Xalq qəzeti” həmişə ən yaradıcı qüvvələri birləşdirib. Biz böyük, köklü, nüfuzlu bir ailənin üzvləriyik. Bu ailə bu gün də yaşayır, təcrübəli mətbuat işçisi, respublikanın əməkdar jurnalisti Həsən Həsənovun rəhbərliyi ilə yeni uğurlar qazanır, xalqa sözlə xidmətini davam etdirir. Qəzetin bugünkü kollektivini, veteranlarını əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edirəm, redaksiyaya yeni uğurlar diləyirəm.

 

 

Məzahir SÜLEYMANZADƏ

 

Xalq qəzeti.-2009.- 3 sentyabr.- S. 9.