Şamaxının təhsil tarixi haqqında dəyərli monoqrafiya

 

“Şamaxı - təhsil tarixi” adlı kitab işıq üzü görən yeni nəşrlər sırasındadır. Tədqiqatçı – filoloq, Azərbaycan Universitetinin dissertantı, ali dərəcəli müəllim Ədalət Məmmədov və əməkdar müəllim, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Viktor Əliyevin müəllifliyi ilə ərsəyə gələn bu kitab Azərbaycanın qədim elm, mədəniyyət, maarif mərkəzi, poeziya, sənət beşiyi olan, uzun əsrlər boyu Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxıya və onun təhsil tarixinə həsr olunmuş iri həcmli monoqrafiyadır. Burada Şamaxının təhsil tarixinin mənbələri və qaynaqları şərh olunur, açıqlanır.

Mahiyyət etibari ilə təhsil tarixinə həsr olunmuş bu kitabda Azərbaycanın mənəvi sərvətinin tərkib hissəsini təşkil edən ictimai-ədəbi mühitin formalaşmasında Şamaxının özünəməxsus yeri, əhalisinin yaşam tərzi və ümumiyyətlə, bir mədəni mərkəz kimi Şamaxının tarixi rolu əks olunmuşdur.

Ön sözünü Azərbaycan MEA-nın akademiki V.Məmmədəliyevin yazdığı bu kitab kifayət qədər geniş, əhatəli olan on altı fəsildən ibarətdir. Hər bir fəsil konkret başlığın mahiyyətinin açılmasına yönəlmiş, məzmunlu, tarixi faktlara əsaslanan monoqrafiya mətnləridir.

Kitabın ilk səhifələrində müxtəlif əsrlərdə, müxtəlif ölkələrin tarixi şəxsiyyətlərinin Şamaxı şəhəri haqqında fikirlərinin, eyni zamanda tarixi dönmələrdə Şamaxı şəhərinin yeri və rolunun öz əksini tapması xronoloji ardıcıllığın diqqətə çatdırılmasına hesablanmışdır.

“Şamaxı - qədim və məşhur şəhər” adlanan birinci fəsildə Şamaxı şəhərinin qədim tarixin daş yaddaşı olan yerli abidələrə, mənbə və qaynaqlara əsaslanan əzəmətli tarixi səhifələnərək, dəyərli çalarla oxuculara çatdırılır. Bu baxımdan cəmiyyətin formalaşması və inkişafında məktəb və təhsilin tarixi xidməti, tərəqqi və inkişafla daim vəhdətdə olması, hər bir tarixi nailiyyətin, kəşfin məhz məktəb və təhsildən bəhrələnməsi fikri əsaslandırılmışdır. Eləcə də qədim və erkən orta əsrlərdə Azərbaycanda Zərdüştlük dini, onun fəlsəfi-ədəbi abidə, pedaqoji fikir olması təsdiqlənərək “Zərdüşt məktəbləri”nin fəaliyyəti də dəyərincə işıqlandırılmışdır.

“Qədim yazı işarələrindən əlifbaya doğru”, “Kitabi-Dədə-Qorqud – möhtəşəm sənət abidəmiz”, “Orta əsrlərdə Azərbaycanın elmi-fəlsəfi və pedaqoji fikir tarixinə bir nəzər” adlı fəsillər də maraqlı, nadir məqamlardan xəbər verir. Burada Azərbaycan xalqının qədim zamanlardan bəri özünəməxsus mədəniyyət və pedaqoji fikir daşıyıcısı olması, ümumtürk ailəsinin üzvü kimi onun elm, bilik, fikir xəzinəsindən bəhrələnərək öz nadir töhfələri ilə bu xəzinəni daha da zənginləşdirməsi fikri önə çəkilir.

Azərbaycan renessansının ölməz nümayəndələri Xəqani, Nizami, Nəsimi, Füzuli kimi dahi və mütəfəkkir şairlərin öz humanist duyğularını, pedaqoji fikirlərini necə yüksək səviyyədə, sənətkarlıqla təqdim və təlqin etdikləri də qeyd olunan monoqrafiyada lazımınca təhlil edilmişdir.

“İslam və təhsil” adlanan VII fəsildə Şamaxı məktəb və mədrəsələrinin erkən orta əsrlərdən XIX əsrə qədər fəaliyyəti işıqlandırılmışdır.

Monoqrafiya səciyyəli kitabın ən parlaq səhifələrini əks etdirən “Rus – Azərbaycan məktəblərinin meydana gəlməsi və Şamaxı maarifpərvərləri” fəslində Azərbaycan məktəb və pedaqoji fikir tarixində olduqca önəmli yer tutan S.Ə.Şirvani, S.M.Qənizadə, H.Mahmudbəyov, Ə.Orucov, C.Ünsizadə, Qafur Rəşad və A.Çernyayevski haqqında dəyərli fikirlər söylənilir.

“XX əsrin başlanğıcında Şamaxıda ictimai-milli və ədəbi-bədii uğurların ifadəsi” adlı onuncu fəsildə M.Ə.Sabir, A.Səhhət, M.Hadi kimi böyük şairlərin xalqın maarifləndirilməsi sahəsindəki xidmətlərindən dəyərincə söhbət açılır. Burada həm də Azərbaycanda qadın təhsilinə və Şamaxıda ilk qız məktəbinin açılması məsələsinə toxunulur.

Kitabın XII fəsli “Azərbaycan Demokratik Respublikası dövründə maarif və məktəb” (1918-1920) adlanır ki, burada da bu dövrdə həyata keçirilmiş təhsil islahatlarının əhəmiyyəti geniş təhlil olunmuş, xüsusilə, Rusiya və Avropaya kadr ehtiyacları ilə bağlı göndərilən 100 nəfər tələbədən 5 nəfərinin şamaxılı olması ilə bağlı tədqiqat uğurlu nəticələri ilə diqqəti cəlb edir. Bu bölmədə yeni qurulmuş ADR-in təhsil islahatında böyük xidmətləri olan bir çox pedaqoqlarla yanaşı, şamaxılı M.Mahmudbəyov və C.Cəbrayılbəyli barədə də ətraflı məlumatlar verilmişdir.

Yeni dövrü əks etdirən “Yaxın tariximiz – 70 ildə sovet məktəbi” hissəsi ətraflı təhlil olunmuş, həmin mərhələyə obyektiv qiymət verilmiş, maraqlı fikirlər önə çəkilmişdir.

“Gözümüz önündə gördüklərimiz” bölməsində sovet dövrünün son illəri təhlil obyekti olmuş, qazanılan uğurlara müasirlik baxımından işıq salınmışdır.

Monoqrafiyada müstəqil, demokratik Azərbaycan Respublikasının təhsil islahatları, Şamaxının timsalında təhsilimizin bugünkü nailiyyətləri sadalanmış, geniş şərh olunmuşdur. Belə ki, Heydər Əliyev Fondunun 2004-cü ildən başlayaraq “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilmişdir. Şamaxı da unudulmamış, məhz bu cür xidmətlərdən bəhrələnmişdir. Şamaxı şəhərində yerləşən bütün ümumtəhsil məktəbləri, onların pedaqoji kadrları, qabaqcıl müəllimləri və əldə etdikləri nailiyyətlər kitabda əks olunmuşdur.

Monoqrafiya mövzu üzrə ilk təşəbbüs kimi ağır zəhmətin nəticəsidir. Düşünürəm ki, kitab dəyərli bir vəsait, mühüm tarixilik kəsb edən mötəbər bir mənbə kimi pedaqoji sahə mütəxəssislərinə, təhsil işçilərinə, həmçinin geniş oxucu auditoriyasına ünvanlanmışdır. Bu kitabdan elmi tədqiqatçılar, magistr, aspirant və dissertantlar da faydalana bilərlər.

 

 

Könül PİRVERDİYEVA

 

Xalq qəzeti.- 2009.- 3 sentyabr.- S. 10.