İtirilmiş şöhrətə doğru

 

Saatlıda taxılçılığın inkişafı üçün hər cür şərait yaradılıb

 

Əkin-biçin mövsümü, demək olar ki, tamamlanmaq üzrədir. Yerlərdə əldə edilmiş nəticələr, məhsul bolluğunun doğurduğu sevinc hissləri çəkilmiş əziyyətləri, gərginliyi asanlıqla unutdurur. Bütün bunları torpağa bağlı saatlılıların ünvanına da şamil etmək olar. Məlumdur ki, Saatlı rayonu əkinçilikdə həmişə ən ön sıralarda olub. Rayonun ərazisi 118047 hektardır.

Torpağın 53344 hektarı dövlət mülkiyyətində, 20900 hektarı bələdiyyə mülkiyyətində, 43800 hektarı isə xüsusi mülkiyyətindədir. Rayon üzrə kənd təsərrüfatına yararlı torpaqların cəmi 105319 hektardır. 54735 hektar torpaq sahəsi suvarma kanalları ilə əhatə olunmuşdur. Həmçinin 14000 hektar sahə mexaniki üsullarla suvarılır. Bunlar rayonun torpaq xəritəsi barədə təsəvvür yaratmaq üçün, zənnimcə, kifayət edər. Ancaq bu, birmənalı şəkildə belədir ki, Saatlı rayonu taxılçılığın inkişafında müstəsna əhəmiyyətə malik rayondur, bir sözlə, burada bu sahənin uzun illərin təcrübəsinə söykənən ənənəsi və bazası vardır.

Düzdür, ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəlində bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr, uğurlar məlum səbəblərdən səngidi və sürətli tənəzzül dövrü başladı. Lakin 1993-cü ildən sonra ölkədəki böhranın qarşısının alınması, dövlətçiliyin möhkəmlənməsi bütün sahələrdə olduğu kimi, taxılçılığın da inkişaf mərhələsi üçün əlverişli şərait yaratdı. Bölgələrdə, xüsusilə də Saatlı kimi rayonlarda bu sahə yenidən dirçəldildi. Əlbəttə, bəzən rəsmi statistika dəqiq təsəvvür yaratmaq üçün daha faydalıdır.

Təkcə son iki ilin müqayisəsini aparsaq, fərq, inkişaf açıq-aşkar görünər. 2008-ci ildə 21644 hektar sahədə (19403 hektarda buğda, 2241 hektarda arpa) taxıl əkilmiş 74843 ton (bir hektardan 38,6 sentner) buğda, 6071 ton (bir hektardan 27,1 sentner) arpa yığılmış, bir hektarın ümumi məhsuldarlığı isə 37,4 sentner təşkil etmişdir. Cari — 2009-cu ildə 26377 hektar sahədə taxıl əklimişdir ki, bunun da 23770 hektarı taxıl, 2607 hektarı arpadır. Sahələrdən 93707 ton buğda (bir hektardan 39,4 sentner), 7855 ton arpa, ümumiyyətlə isə 101562 ton məhsul yığılmış, ümumi məhsuldarlıq 38,5 sentner olmuşdur. Fərq də göz qabağındadır: 2009-cu ildə 2008-ci ilə nisbətən 4733 hektar çox sahədə taxıl əkilmiş, 20638 ton çox məhsul yığılmış, ümumi məhsuldarlıq isə 1,1 sentner çox olmuşdur.

Yerli mütəxəssislər və bu sahə ilə yaxından bağlılığı olanlar haqlı olaraq belə hesab edirlər ki, bu il bir hektar sahədən 39,5 sentner məhsul istehsal edilməsini şərtləndirən əsas amillərdən biri də şübhəsiz, yüksək reproduksiyalı toxumların — “Əzəmətli”, “Nurlu”, “Əkinçi”, “Bezos”, “Qiymətli”, “Aqrolizinq” ASC-nin xətti ilə rayona gətirilmiş “Pamyat”, “Batko” və “Moskviç” kimi növlərin əkilməsidir.

Mütəxəssislər artıq bir faktı da dəqiqləşdiriblər: bu gün rayonda taxılın maya dəyəri 308 manata başa gəlir. Bunun da nəticəsində istehsalçı bir hektar taxıldan 235,20 manat gəlir əldə edə bilir.

Hazırda rayonda 9731 nəfər istehsalçıya 47746,4 hektar əkin sahəsi üçün 1909856 manat yardım hesablanmışdır. Həmçinin “Aqrolizinq” ASC-nin xətti ilə fermerlərə güzəştli qiymətə 1300 tona yaxın azot, 250 ton fosfor gübrəsi verilmişdir.

Bütün bunları dövlət başçısı İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramına uyğun olaraq ən gərəkli addımlar hesab edən Xanhüseyn Əhmədov, Sədafər Hüseynov, Aslan Nəsirov və Xanım Babayeva ümumilikdə rayon fermerlərinin fikirlərini ifadə edərək bildirdilər ki, bu gün taxıl əkib-becərmək və ondan gəlir əldə edib yaxşı güzəran qurmaq üçün hər cür imkan var, bu imkanı möhtərəm İlham Əliyev yaradıb. Biz isə bundan bəhrələnərək həm taxıl bolluğunu, həm maddi rifahımızı, həm də Saatlı rayonunun taxılçılıqla bağlı keçmiş şöhrətini bütünlüklə özünə qaytarmalıyıq.

... Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov söhbət əsasında xüsusi vurğuladı ki, Saatlı taxılçılıqda xeyli uğurlar qazanmışdır ki, bu uğurların da təməli ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə — ötən əsrin yetmişinci illərinin əvvəlində qoyulmuşdur. Bu gün saatlılıların yenidən bu sahəyə diqqət yetirmələri fərəhləndirici haldır. Çünki burada taxılçılığın inkişafı üçün baza da var, təcrübə də. Möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi qayğısını da nəzərə alanda keçmiş şöhrəti yenidən qazanmaq, daha da irəli getmək üçün heç bir problem, əngəl qalmır. Bizim istədiyimiz də elə budur: yeni-yeni nailiyyətlər, uğurlar qazanaq və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəmizi verək.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti .-2009.- 3 sentyabr.- S. 9.